Məhkəmə qərarları › İş №1(012)-8/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-8/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-8/2020 22.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1974-cü ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş, Şuşa rayonu, Sarıbaba kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, fərdi yaşayış evində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25.06.208-ci il tarixdə saat 17 radələrində, Abşeron rayonu, Masazır qəsəbəsi, Şok marketin yaxınlığında kirayə yaşadığı evdə ondan gizlin işlətdiyi mobil telefona baxdığına görə aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sifət nahiyyəsindən əli ilə qəsdən vuraraq, ona sağ əng sümüyünün yerdəyişməyən sınığı, sağ gözün ağıl qişasına qansızma ilə müşayət olunan sağ gözətrafı yumşaq toxumaların sağ üst və alt göz qapaqlarının sağ almacıq nahiyyələrini əhatə edən qançırşişkinliyi, sağ almacıq nahiyyəsinin bayır səthinin və sağ əlin sıyrıqından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs arvadıdır. Birgə nikahdan bir övladları vardır. Xəyalə ilə münasibətləri əvvəllər yaxşı olsa da sonradan qısqanclıq səbəbindən münasibətləri pişləşmişdir. xx.xx.2018-ci il tarixdə Mərdakən qəsəbəsində yaşayan bacısıgilə getmişdir. Yeznəsinin səhəti pis olduğundan həmin günü bacısıgildə qzlmalı olmuşdur. Mobil telefonu yaxşı işləmədiyinə görə evə bu barədə məlumat verə bilməmişdir. Hətta həmin gün evə gələ bilmədiyi üçün Xəyalə DİN-in 102 xidmətinə zəng vuraraq, onun itkin düşməsi barədə məlumat vermişdir. xx.xx.2018-ci il tarixdə saat 17 radələrində evə gəlmiş, daha sonra Xəyalə də evə gəlmişdir. Xəyaləyə DİN-in 102 xidmətinə zəng etməsinə iradını bildirərkən, Xəyalə iş yerində ondan xəbərsiz işlətdiyi mobl telefonun kimə məxsus olduğunu və kimlə danışdığını soruşmuşdur. Həmin vaxt Xəyalənin ondan icazəsiz iş yerinə gedib, mobil telefonu götürməsi səbəbindən aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Xəyalənin mobil telefonda olan sms-ləri oxuduğuna görə əli ilə Xəyalənin sifət nahiyyəsindən bir dəfə vurmuşdur. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2016-cı il tarixdə rəsmi nikaha bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan bir övladları olmuşdur. xx.xx.2018-ci il tarixdə Faiq gecə olmasına baxmayaraq, evə gəlməməsindən narahat olmuş, onun istifadəsində olan mobil telefona dəfələrlə zəng etmişdir. Zəng çatmadığına görə xx.xx.2018-ci il tarixdə DİN-in 102 xidmətinə zəng vuraraq, Faiqin itməsi barədə məlumat vermişdir. Bir qədər sonra Faiqin qohumlarıgilə getməsi ona məlum olmuşdur. xx.xx.2018-ci il tarixdə saat 17 radələrində yaşadığı evə gələrkən, Faiqin evdə olduğunu görmüşdür. Faiq onun itkin düşməsi barədə məlumat verməsinə ona öz iradını bildirmişdir. Daha sonra Faiqlə ondan xəbərsiz işlətdiyi mobil telefonu işlədiyi ət dükanında saxlaması barədə söhbət edərkən aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Faiq mobil telefonda olan sms-ləri oxuduğuna görə əsəbiləşərək, onun sağ göz nahiyyəsindən əli ilə vurmuşdur. Buna görə də Faiqdən Abşeron rayon polis idarəsinə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli 1264 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində aşkar edilmiş xəsarətlər - sağ əng sümüyünün yerdəyişməyən sınığı, sağ gözün ağıl qişasına qansızma ilə müşayət olunan sağ gözətrafı yumşaq toxumaların sağ üst və alt göz qapaqlarının sağ almacıq nahiyyəsi ilə əhatə olunmaqla qançır-şişkinliyi, sağ almacıq nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ dirsək oynağı nahiyyəsinin bayır səthinin və sağ əlin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2018-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli biliniərək, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 04 ay 21 gün müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində həbs etmənin əvvəli tutulduğu andan hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Abşeron rayon Pİ-in xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in Komvoy Toboru tərəfindən Rusiya Federasiyasının səlahiyyətli nümayəndələrindən qəbul edilərək 03 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş, notariat kontorunda təsdiq edilmişərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalı və məhkəmə zalında həbsdən azad edilməlidir. Bundan başqa, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunsun və məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar