Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-8/2021 20.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi oğlunun iştirakları ilə, xx.xx.1966-cı ildə Türkmənistan Respublikasının Krasnovodsk Vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10.07.2017-ci il tarixdə saat 16 radələrində yaşaığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evində qeyrirəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında Əfqanın mütamadi olaraq spirtli içki qəbul edib evə sərxoş vəziyyətdə gəlib səbəbsiz olaraq onunla mübahisələr etməsi ilə bağlı şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla və sillə ilə bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu əli ilə kənara itələmiş, Zərərçəkmiş şəxs aldığı zərbənin təsirindən yıxılaraq orada olan stola oradan da üz üstə yerə dəyməklə -sağ gözün ağlı qişasına qansızma ilə müşayət olunan sağ gözətrafı yumşaq toxumaları, eləcədə sağ almacıq nahiyyəsinin qançır şişkimlik halında əzilməsi, sol göz alt qapağından gözaltı nahiyyəyə keçən qançırı, təpə nahiyyəsinin sağ yarısının sıyrığı, döş qəfəsinin sol yarısının İX qabırğanın qapalı yerini dəyişən sınığı ilə müşayət olunan yumşaq toxumaların geniş həcmli qançır şişkinlik halında əziyindən ibarət və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır bədən xəsarətləri almışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ev 13b, mənzil 8-də tək yaşayır. Onun əsl adı İntizar olsa da, onu tanıyan qohum və tanışları ona Təhminə adı ilə müraciət etmişlər. Qardaşı oğlu Şahid1 da mütəmadi olaraq onun yaşadığı evə gəlib onunla birlikdə qalmışdır. Zərərçəkmiş şəxs onun və qardaşı oğlu Şahid1 barəsində DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə etdiyi şikayət müraciətləri ilə yenidən tanış olmuşdur. Bununla bağlı bildirmişdir ki, həmin işlə bağlı keçən il, yəni 2017-ci il tarixdə araşdırma aparılmış və Əfqanın şikayətinin olmaması ilə əlaqədar olaraq həmin material müstəntiq Əsqər Kazımov tərəfindən 25 avqust 2017-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. O, Bildirmişdir ki, Əfqanla 2016-ci ilin dekabr ayının ortalarında Bakı şəhərində tanış olmuşdur. Təxminən 1 il bundan əvvəl Əfqanla münasibətləri dost kimi olsa da, sonradan hər ikisinin razılığı ilə qeyri-rəsmi olaraq ərarvad münasibətində yaşamağa başlamışlar. Əfqan ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evində qalmaqla hərdən bir Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən evlərinə gedib gəlmişdir. Əfqanla bir müddət yaşadıqdan sonra Əfqanın spirtli içki qəbul etməsi üstündə aralarında mübahisələr baş verməyə başlamışdır. Daha sonra mütəmadi olaraq Əfqan onu səbəbsiz yerə nəlayiq söyüşlərlə söyüb təhqir etmişdir. O da Əfqandan ayrılmaq istədiyini dəfələrlə bildirsə də Əfqan ondan ayrılmayacağını, ayrılacağı təqdirdə isə özünə qəsd edəcəyi ilə onu qorxutmuşdur. 09 iyul 2017-ci il tarixdə Əfqan yenə də evə sərxoş vəziyyətdə gəlmiş və onunla səbəbsiz yerə mübahisə etməyə başlamışdır. O, Əfqanın evdən çıxıb getməsini tələb etmiş Əfqan da bundan sonra çıxıb getmişdir. 10 iyul 2017-ci il tarixdə Əfqan onun mobil telefonuna zəng edib onların evinə gələcəyini demiş və gəlib onu öldürəcəyi ilə sözlə hədələmişdir. Həmin vaxt Saleh də onun yanında olmuşdur. Əfqan Salehə zəng edib Salehi də telefonda hədələyərək öldürəcəyini demişdir. Bundan təxminən 1 saat keçdikdən sonra Əfqan onun yaşadığı evə gələrək yenə də onun ünvanına nəlayiq söyüşlər işlətməyə başlamışdır. Həmin vaxt Əfqan yenə də spirtli içki qəbul etmişdir. Uca səslə danışdığı üçün Saleh Əfqana öz iradını bildirmişdir ki, “ucadan danımasın, qonşulardan ayıbdır”. Əfqan isə Salehə məhəl qoymaraq öz hərəkətlərini davam etdirmiş, uca səslə onun ünvanına nəlayiq ifadələr işlətmişdir. Saleh Əfqan sərxoş olduğu üçün evdən çıxıb getmişdir. Saleh getdikdən 3-5 dəqiqə sonra Əfqan yenə də ona küçə söyüşləri deməyə başlamış və onun üzərinə gələrək onu vurmaq istəyərkən o da yumruqla Əfqanın sifət nahiyəsindən vurmuşdur. Əfqan yenə də onun üzərinə gələrək ona əl-qol atarkən o da bir dəfə də sillə ilə Əfqanın sifətindən vuraraq kənara itələmişdir. Həmin vaxt Əfqan orada olan stola dəymişdir. Bundan sonra Əfqan sərxoş vəziyyətdə olduğu üçün və evdən getmədiyinə görə o, həmin ərazinin polis sahə rəisi Bəybala müəllimə zəng edib təcili ünvanına gəlməsini xahiş etmişdir. Eyni zamanda bundn sonra Salehə də zəng edib Əfqanla dalaşdığını və bunula bağlı polis əməkdaşlarına məlumat verdiyini demişdir. Təxminən 5-6 dəqiqədən sonra Bəybala müəllim və qardaşı oğlu Şahid1 onun evinə gəlmişlər. Bəybala onun evinə daxil olanda artıq Əfqan ondan kənarda dayanmışdır. Həmin vaxt başqa bir polis avtomaşını gəlmiş və Əfqanı özləri ilə aparmışlar. O və qardaşı oğlu Saleh də Bəybala müəllimin avtomaşını ilə Abşeron rayon polis idarəsinə gəlmişlər. O, əlavə olaraq Bildirmişdir ki, Əfqan şikayətində guya Salehin də onu döydüyünü və xəsarət yetirdiyini bildirmişdir, Əfqan yalan deyir ona həmin xəsarətləri o, yetirmiş və həmin vaxtı Saleh orada olmamışdır. Məhkənə istintaqında Zərərçəkmiş şəxs elan olunmuş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, 10 iyul 2017-ci il tarixdə döyülərək xəsarət alması ilə bağlı Abşeron rayon polis idarəsində aparılan araşdırmanın nəticəsindən narazı olmuşdur. Onunla qeyrirəsmi ər-arvad kimi yaşadığı arvadı Təqsirləndirilən şəxs 10 iyul 2017-ci il tarixdə onu mobil telefonuna zəng edərək barışmaq üçün Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi evinə çağırmışdır. O, həmin evə gəldikdə İntizarın qardaşı oğlu Saleh də həmin evdə olmuşdur. O, İntizarla söhbət edərkən Saleh evdə olan pərdənin arxasından çıxaraq heç bir səbəb və əsas olmadan arxadan onun boğazından tutmuşdur. Həmin vaxt İntizar onu söyüb təhqir etmiş Saleh də yumruq və təpiklə onun baş və boyun nahiyyələrindən vurmağa başlamışdır. Həmin vaxt o, heç bir hərəkət edə bilməmişdir. İntizar da onun bədəninə vurmağa başlamışdır. Bundan sonra onun huşu başından çıxmış və yerə yıxılmışdır. Bir neçə dəqiqədən sonra ayılmış və həmin vaxt İntizar mobil telefon vasitəsi ilə sahə rəisi Bəybala müəllimə zəng edərək polislələ bir yerdə evinə gəlməsini istəmişdir. Bir neçə dəqiqədən sonra sahə rəisi Bəybala həmin evə gəlmişdir.Bəybala onu oraya gəlmiş polis maşını ilə Abşeron rayon polis idarəsinə gətirmişdir. O da polis idarəsində İntizar və Saleh tərəfindən döyülməsi ilə bağlı ərizə yazaraq şikayət etmişdir.Onun müraciəti ilə bağlı Abşeron rayon polis idarəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram vurmaqla bildirmişdir ki, məhkəmə iclasında iştirak edə bilmir, iştirakı olmadan işə baxılmasını xahiş edir, istintaqda verdiyi ifadəni təsdiq edir və bildirir ki, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqında zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 13b, mənzil 8-də tək yaşayır. Bibisinin əsl adı İntizar olsa da bütün qohumlar və tanışlar uşaqlıqdan bibisinə Təhminə adı ilə müraciət etmişlər. Bildirmişdir ki, 2016-cı ildə bibisi İntizar Məmmədov ilə Zərərçəkmiş şəxs Bakı şəhərində tanış olmuşlar və 8 aydır ki, qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar. Əfqanla onun əvvəllər münasibəti həmişə normal olmuş, lakin 09 iyul 2017-ci il tarixdə Əfqan içkili olduğu üçün bibisi İntizarla söz-söhbət yaranmışdır. Həmin vaxtı Əfqan bibisi İntizarı nəlayiq sözlərlə söyüb təhqir etmiş, bibisi də Əfqanı evindən qovmuşdur. Bundan sonra 10 iyul 2017-ci il tarixdə Əfqan onun mobil telefonuna zəng edərək onlara gəlib bibisi İntizarı və onu öldürəcəyi ilə hədələməyə başlamışdır. Həmin günü Əfqan ona zəng edəndən təxminən 1 saat sonra içkili vəziyyətdə bibisinin evinə gəlib bibisi İntizarla mübahisə etməyə başlamışdır. Həmin vaxt o da evdə olmuş, bibisi İntizar Əfqana demişdir ki, "Salehdən ayıbdır", Əfqan bibisi İntizarın sözlərinə heç bir məhəl qoymamış, bu vaxtı o, Əfqana və bibisi İntizara demişdir ki, "ayıbdır qonşular səsinizi eşidir". Sonra o, evdən çıxıb getmişdir. Evdən getdikdən bir qədər sonra bibisi Təqsirləndirilən şəxs onun telefonuna zəng edib bildirmişdir ki, Əfqanla o, getdikdən sonra dava-dalaş edib və bu barədə polis əməkdaşlarına da məlumat vermişdir. Bibisi onun evə gəlməsini xahiş etmiş və o, bundan sonra yenidən bibisinin yaşadığı evə qayıtmışdır. Evin yaxınlığında sahə rəisi Bəybala müəllimi görmüş və Bəybala ilə bir yerdə bibisinin telefon zəngindən sonra gəldiyini başa düşmüşdür. Bəybala ilə birlikdə bibisinin evinə daxil olmuşlar. Artıq Əfqanla bibisi sakitləşmişlər. Əfqan evdə oturuqlu vəziyyətdə olmuş, bibisi isə əsəbi halda Əfqanın ona qarşı etdiklərini danışmışdır. Bundan sonra polis əməkdaşları gəlmişlər və Əfqanı öz xidməti maşınları ilə aparmışlar. O, və bibisi Təqsirləndirilən şəxs da Bəybala müəllimin avtomaşını ilə polis idarəsinə getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin sahə rəisi vəzifəsində işləyir, polis mayorudur. 10.07.2017-ci il tarixdə işdə xidmətdə olduğu zaman xidməti ərazisində yəni Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçədə yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs adlı qadın onun telefonuma zəng edərək şikayətçi olduğu X2 evinə gələrək münaqişə saldığını bildirdikfən sonra o, dərhal həmin ünvana getmişdir. Orada olan zaman İntizarla Əfqan evin içərisində, Saleh adlı şəxsin isə evin həyətində olduğunu görmüşdür. O, evə girəndə Əfqan adlı şəxsin üst başını qan içində görmüş və Əfqandan nə baş verdiyini soruşduqda Əfqan bildirmişdir ki,"İntizar yumruq və sillə ilə onu döymüşdür". O, tez PPX-nin avtopatrul maşınını çağırıb Zərərçəkmiş şəxs avtopatrul maşınına mindirib, İntizarla Salehi isə öz avtomaşınına mindirb Abşeron rayon polis idarəsinə gətirib növbətçi hissəyə təhvil vermişdir. Bildirmişdir ki, o, Təqsirləndirilən şəxs evinə gedərkən artıq dava-dalaş bitdiyi üçün o, hadisənin necə baş verməsini görməmişdir. O, hadisə yerinə gedərkən Zərərçəkmiş şəxs deməsindən sonra bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döymüşdür. Təqsirləndirilən şəxs da etiraf edərək bildirmişdir ki, yumruq və sillə ilə Zərərçəkmiş şəxs vurmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş tibbi ekspertizasının 28.07.2018-ci il tarixli, 33 Ə saylı rəyindən görünür ki, 28.07.2018-ci il tarixli 33 Ə saylı rəyindən müəyyən edilir ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-sağ gözün ağlı qişasına qansızma ilə müşayət olunan sağ gözətrafı yumşaq toxumaları, eləcədə sağ almacıq nahiyyəsinin qançır şişkinlik halında əzilməsi, sol göz alt qapağından gözaltı nahiyyəyə keçən qançırı, təpə nahiyyəsinin sağ yarısının sıyrığı, döş qəfəsinin sol yarısının İX qabırğanın qapalı yerini dəyişən sınığı ilə müşayət olunan yumşaq toxumaların geniş həcmli qançır şişkinlik halında əziyi bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 10.07.2018-ci il tarixdə dava-dalaş zamanı ağac parçası və yumruq zərbələri ilə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. 13.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs H.Əliyev adına Beynəlxalq hava Limanında saxlanılaraq Abşeron rayon polis idarəsinə təhvil verilmiş və eyni gündə məhkəməyə təqdim edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti məhkəmə istintaqı zamanı Abşeron rayon vəlik bürosunun müdafiəçisi vəkil Müdafiəçi 15 saat göstərdiyi hüquqi yardıma görə 90 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti məhkəmə istintaqı zamanı Abşeron rayon vəlik bürosunun müdafiəçisi vəkil Müdafiəçi 15 saat göstərdiyi hüquqi yardıma görə 90 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB**********2300206123, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-8/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-8/2021
20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver