Məhkəmə qərarları › İş №1(012)-801/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-801/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-801/2023 05.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi vəkil X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X3 iştirakı ilə xx xxxxxx 1991-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, məhkumluğu olmayan, Samux rayonu, Samux şəhəri, 28 may küçəsi, ev 1-də qeydiyyatda olan və Abşeron rayonu, Məhəmmədli kəndi, fərdi evdə kirayə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə saat 00:30-da alkoqol sərxoşluğu vəziyyətində kirayə yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz evdə aralarında ailə münaqişəsi zəmnində yaranmış mübahisə zamanı rəsmi nigahda olan arvadı Zərərçəkmiş şəxs üz nahiyyəsindən bir neçə dəfə əli ilə vuraraq, ona sol gözün ağlı qışasına qansızma ilə müşayiət olunan sol göz orbitası, burunun sol beli və sol almacıq nahiyyələrinini əhatə edən sahənin dərialtı hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Samux rayonu, Samux şəhəri, 28 may küçəsi, ev 1-də qeydiyyatda olsa da hazırda Abşeron rayonu, Məhəmmədli kəndi, fərdi evdə kirayə yaşay, ancaq hər iki valideni və qardaşı Samux rayonunda, bacısı isə Türkiyyə Respublikasında yaşayır, hazırda Abşeron rayonu ərazisində yerləşən «Dəmir» sexində gündəlik 20 manata fəhlə işləyir. Bundan başqa o, göstərmişdir ki, 2014-cü ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və həmin nicahdan onların üç övladı dünyaya gəlmiş, əvvəllər övladları ilə birlikdəMəhəmmədli kəndində kirayə yaşamış, 2023-cü ilin may ayında Nuranə ilə münasibətləri pozulmuş və bir neçə dəfə aralarında sözlə ailə daxili mübahisələr olmuş, bunun səbəbi isə bir neçə dəfə evə içkili vəziyyətdə gəlməsi olmuşdur. Eləcə də o, göstərmişdir ki, sonuncu dəfə 20 may 2023-cü il tarixə keçən gecə saat 00:30-da Nuranə ilə birgə kirayədə yaşadığları Abşeron rayonu, Digah qəsəbəsindəki yenə də içkili vəziyyətdə gəlmiş, bu zaman Nuranə ondan haradan gəldiyini soruşduqda, ona kafedə olduğunu və dostları ilə birlikdə yeyibiçdiyini bildirmiş, bu zaman Nuranə üzərinə qışqırararaq onu təhqir etməyə başlamış, niyə içki içdikdən sonra evə gəldiyini demiş, həmin vaxt aralarında yaranmış mübahisə zamanı sillə ilə bir-iki dəfə Nuranənin üz nahiyyəsindən vurmuş və Nuranə ağlayaraq digər otağa keçmiş, gecəni öz otağında yatmış, səhər tezdən isə evdən çıxıb işinə getmiş, bundan sonra Nuranənin onun barəsində şikayət etməsini eşidib-bilmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Hacıqbul rayonu, Muğan dairəsi, Muğan qəsəbəsində qeydiyyatda olsa da hazırda dörd övladı ilə birlkidə Abşeron rayonu, Digah qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz evdə kirayə yaşayır, anasını rəhmətə getmiş, atası isə Laçın rayonunda fəhlə işləmiş, qardaşı isə Abşeron rayonu Qobu kəndində yaşamış, heç bir yerdə işləmir, evdar qadındır, övladlari heç bir məktəbdə oxumur. Bundan başqa o, göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ikinci dəfə ailə həyatı qurmuş, birinci ailə həyatı qurduğu şəxsdən ayrılmış və birinci nigahından bir qızı, ikinci nigahından isə, yəni Təqsirləndirilən şəxs isə üç övladı dünyaya gəlmiş, Zaminlə 2014-cü ildə ailə həyatı qurmuş və onlar övladları ilə birlikdə Abşeron rayonu, Digah qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz evdə kirayə yaşamış, Zamiq müxtəlif yerlərdə fəhlə işləmiş, lakin son zamanlar ailəyə baxmamış, bu səbəbdən atasından aldığı pulla uşaqlarını dolandırmış və evin kirayə pulunu vermişdir. Eləcə də o, göstərmişdir ki, Zamin içki düşgünü olmaqla hər gün evə sərxoş gəlmiş və onu döymüş, lakin ailəsi dağılmasın deyə susmuş və döyüldükdə Zamindən şikayət etməmiş, son zamanlar isə Zaminin hərəkətlərindən yorulmuşdur. Daha sonra o, göstərmişdir ki, sonuncu dəfə 20 may 2023-cü il tarixə keçən gecə saat 00:30-da evdə olmuş, həmin vaxtı uşaqlar yatmış, bu zaman Zamin evə daxil olmuş və həddindən artıq sərxoş vəziyyətdə olmuş, həmin vaxt Zaminin su içdiyini görərək kənarda dayanıb onun hərəkətlərini izləmiş, bunu görən Zamin ona «niyə belə baxığını» demiş, ancaq ona heç bir söz deməmiş, sonra Zamin üzərinə gələrək sillə ilə bir neçə dəfə sifət nahiyyəsindən vurub ona xəsarətlər yetirmiş, bundan sonra isə öz otağına keçərək yatmış, səhəri günü, yəni 20 may 2023-cü il tarixdə Mehdiabad PB-nə gedərək şikayət ərizəsi ilə müraciət etmiş, hazırda da Zamindən boşanmaq üçün Hacıqabul Rayon Məhkəməsinə müraciət etmiş və orada boşanma işlərinə baxılsa da yekin qətnamə qəbul edilməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin 20 may 2023-cü il tarixli, 984 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədən səthində sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası və burunun sol beli və sol almacıq nahiyələrini əhatə edən sahənin dərialtı hematoması kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə şəxsin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən yaranmışdır, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi məhkəməsinin 02 avqust 2013cü il tarixli hökmü ilə Azəbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 dekabr 2013-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 03 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliyin tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməli; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və və barəsində olan cinayət işi üzrə icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar