Məhkəmə qərarları › İş №1(012)-806/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-806/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-806/2024 23.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: X2 iştirakı ilə xx xxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilərək,hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən X5 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 fevral 2024-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 20-ci məhəllədəki 2 nömrəli binanın birinci mərtəbəsində yerləşən “Game Zone-777” adlı oyun zalına, yəni binaya plastik pəncərəni sıxıb açmaqla, qanunsuz daxil olaraq, oradan hər biri 210 manat olmaqla cəmi 840 manat dəyərində 4 ədəd “Playstation-3”, 1 ədəd 475 manat dəyərində “Playstation-4” oyun aparatlarını, hər biri 15 manat olmaqla cəmi 90 manat dəyərində 6 ədəd idarəetmə pultlarını və 100 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1505 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 fevral 2024-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 20-ci məhəllədəki 2 nömrəli binanın birinci mərtəbəsində yerləşən “Game Zone-777” adlı oyun zalına, yəni binaya plastik pəncərəni sıxıb açmaqla, binaya qanunsuz daxil olaraq, oradan hər biri 210 manat olmaqla cəmi 1680 manat dəyərində 8 ədəd “Playstation-3” oyun aparatlarını, hər biri 15 manat olmaqla cəmi 375 manat dəyərində 25 ədəd idarəetmə pultlarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2055 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən X5 ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, o, ailə vəziyyəti və işsiz olması ilə əlaqədar maddi sıxıntılar keçirdiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Onun ağlına əvvəllər bir neçə dəfə oyun oynadığı “Game Zone-777” oyun zalından oyun aparatlarını oğurlayıb, sataraq pul əldə etmək fikri gəlmişdir. O, düşündüklərini həyata keçirmək üçün 04 fevral 2024-cü il tarixdə gecə saat təxminən 04 radələrində taksi ilə oyun zalı olan yerə getmişdir. Taksini yola saldıqdan sonra zalın giriş qapısının sol tərəfindəki plastik pəncərəyə yaxınlaşıb ətrafa nəzər salmış və heç kimin olmadığını görüb əli ilə zərbə ilə vuraraq həmin pəncərəni açmışdır. Pəncərədən zala daxil olaraq, oyun aparatlarını və bir neçə pultu torbaya yığmış, həmçinin masanın üstündə olan pulları da götürmüş, lakin başqa torba tapmadığı üçün orda olan aparatların çox hissəsini götürə bilməmişdir. Əvvəl götürdüklərini çıxarıb geri qayıtmaq istəsə də, bunun riskli olduğunu fikirləşib geri qayıtmamışdır. Əşyaları satmaq üçün elan vermiş şəxslərlə əlaqə saxlayıb 3 ədədini biri 150 manatdan Elxan adlı şəxsə satmış, iki ədədini isə yaşadığı evə apararaq gizlətmişdir. Əldə etdiyi vəsaiti şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonra evdə saxladığı iki ədəd oyun aparatını satmaq üçün alıcı axtarsa da tapa bilməmişdir. 14 fevral 2024-cü il tarixdə təxminən gecə 05 saatlarında radələrində yenidən həmin “Game Zone-777” oyun zalına gedərək, eyni üsulla pəncərədən içəriyə daxil olub oradan 8 ədəd “Playstation-3” oyun aparatını və 25 ədəd idarəetmə pultunu 2 ədəd sellofan torbaya qoyaraq, həmin pəncərədən çölə çıxmışdır. O, həmin yerdən bir qədər uzaqlaşaraq, taksiyə minib Xırdalan dairəsindəki həmin kafeyə getmiş və yenə oğurladığı əşyaları satmaq üçün internet sosial şəbəkəsində elan vermiş adamların nömrələrinə zəng etmişdir. Hazırda nömrəsini xatırlamadığı şəxs ona həmin aparatları almaq istədiyini bildirərək, Bakı şəhəri Nərimanov rayonu ərazisindəki 5 nömrəli xəstəxananın qarşısında görüşməyə razılaşmış və təxminən saat 10 radələrində deyilən ərazidə görüşmüşlər. Aparatları satmaq üçüb görüşdüyü şəxs həmin mallara baxaraq, oğurluq olub-olmadığını soruşduqda, o malların özünə məxsus olduğunu söyləmişdir. Həmin alıcı ondan 5 ədəd «Playstation 3» oyun aparatını və 5 ədəd oyun idarəetmə pultunu 750 manata almışdır. Bir neçə müddət sonra o, yenidən həmin şəxslə əlaqə saxlayaraq, əlində başqa oyun aparatları olmasını bildirərək, almasını təklif etdikdə sonuncu onun təklifini qəbul edərək, əvvəlləcədən təyin etdikləri yerdə görüşmüşlər. O, əlində olan 1 ədəd «Playstation 4», 4 ədəd «Playstation 3» oyun aparatlarını və 5 ədəd oyun idarəetmə pultunu 1050 manata sataraq, yenidən Xırdalan şəhərində qayıtmışdır. O, əldə etdiyi həmin pulları bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa özündə qalan oğurladığı pultları tanımadığı şəxslərə sataraq, əldə etdiyi həmin pulları da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurluq əməlini törədən zaman tək olmuş, həmin vaxt ətrafda heç kim olmamışdır. Sonda törətdiyi əməldən peşman olduğunu, oğurluq əməlini maddi imkansızlıqdan törətməsini, zərər çəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 6 il olar ki, Xırdalan şəhəri Qalubiyyə küçəsi, 20-ci məhəllə, 2 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət qeyri-yaşayış sahəsini icarəyə götürüb “Game Zone 777” adı altında kompyuter oyun zalı təşkil edərək, fəaliyyətə başlamışdır. Həmin zalda 12 ədəd “Playstation-3” və 1 ədəd “Playstation-4” oyun aparatları vardır. O, həmin oyun zalını hər gün saat 12 radələrində açaraq, gecə saat 12 radələrində bağlayır. 04 fevral 2024-cü il tarixdə həmin oyun zalını açmağa gələn zaman giriş qapısından solda yerləşən plastik pəncərənin açıq olduğunu gördükdə oyun zalından oğurluq olduğunu düşünərək, dərhal içəriyə girmiş və oradakı oyun aparatlarından 4 ədəd “Playstation-3”, 1 ədəd “Playstation- 4” oyun aparatlarının, 6 ədəd idarəetmə pultunun və kassada saxladığı 100 manat məbləğində nəğd pulun oğurlandığını güman edərək, mobil telefonu ilə DİN-nin 102 zəng xidmətinə bu barədə məlumat vermişdir. Oğurlanmış əşyaların qiymətinin təxminən ümumilikdə 2000 manat məbləğində oduğunu bildirmiş, sonradan əmlakların qiyməti 1505 manat müəyyən olunmuşdur. Baş vermiş hadisədə Təqsirləndirilən şəxs təxminən 6-7 ay əvvəldən oyun zalına gələn müştəri kimi tanımışdır. Təqsirləndirilən şəxs ilk əvvəllər onun işlətdiyi həmin oyun zalına hərdənbir gəlsə də sonralar yəni, oğurluq olan ərəfələrdə demək olar ki, hər gün gəlmişdir. Bundan sonra eyni hadisə bir daha təkrarlanaraq, 14 fevral 2024-cü il tarixdə gecə saatlarında onun işlətdiyi oyun zalından eyni üsulla, yəni pəncərəni açmaqla 8 ədəd “Playstation-3” oyun aparatı və 25 ədəd idarəetmə pultu oğurlanmışdır. Sonradan oğurlanmış əmlaklarıın qiyməti 2055 manat müəyyən edilmişdir. Ona ümumilikdə dəymiş 3560 manat ziyan tam ödənildiyindən təqsirləndirilən, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini və səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid1 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, əvvəllər Bakı şəhəri Yasamal rayonu ərazisində kompyuter oyun zalı işlətmiş, buna görə də kompyuter oyunlarından və oyun aparatlarından anlayışı vardır. Təxminən 3 il olar ki, internet sosial şəbəkəsində elan verməklə “Playstation” oyun aparatlarının alqı-satqı ilə məşğul olur, buna görə ***-***-**-** mobil telefon nömrəsini internet sosila şəbəkəsinin “Tap.az” və “Lalafo” saytlarına yerləşdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində sonradan adının Zərbəlizadə Şamil olduğunu bildiyi cavan oğlan mobil telefonuna zəng edib, 3 ədəd “Playstation-3” və 1 ədəd “Playstation-4” oyun aparatını satmaq istədiyini bildirmişdir. O da bu işlə məşğul olduğunu və yalnız “Playstation-3” aparatlarını almaq istədiyini söyləmişdir. Şamildən həmin aparatları neçiyə alacağını soruşmuş, sonuncu da hər birini 150 manata alacağını bildirmişdir. O da razılaşdıqdan sonra onlar həmin günü Masazır qəsəbəsində “Brilyant” şadlıq sarayının qarşısında görüşmüşlər. Şamil əlindəki sellofan torbada olan cəmi 3 ədəd “Playstation-3” oyun aparatlarını və 06 ədəd idarəetmə pultu gətirmişdir. Şamilin gətirdiyi həmin aparatlara baxıb razılaşdıqları kimi hər birinə 150 manat pul verə biləcəyini söyləmiş və Şamildən həmin aparatların oğurluq olub-olmadığını soruşmuşdur. Şamil də həmin aparatların özünə məxsus oyun zalının bağladığına görə aparatları satdığını bildirmişdir. Bundan sonra o, Şamildən şəxsiyyət vəsiqəsini istəmişdir. Şamil də vəsiqəsinin fotoşəklini Vatsap xidməti ilə onun mobil telefonuna göndərmişdir. Bundan sonra Şamildən həmin aparatları və idarəetmə pultlarını alıb, sonuncuya 450 manat pul vermiş, həmin yerə getdiyi taksi ilə də geri qayıtmışdır. Bir neçə gün sonra Şamil yenə ona zəng edib satmaq istədiyi əlavə oyun aparatı olduğunu söyləmişdir. O da Şamildən aldığı aparatları sata bilmədiyini deyib əlavə aparat almaq istəmədiyini bildirmişdir. O, Şamilin həmin aparatları oğurlayıb ona satdığını bilməmiş, çünki sonuncu həmin aparatları özünə məxsus kompyuter oyun zalı bağlandığına görə satdığını demiş və şəxsiyyət vəsiqəsinin şəklini də ona göndərmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, o, əvvəllər Bakı şəhərində müxtəlif kompyuter oyun zallarında ofisiant kimi işləmişdir. Buna görə də kompyuter oyunlarından və oyun aparatlarından anlayışı vardır. Təxminən 1 il olar ki, internet sosial şəbəkəsində elan verməklə “Playstation” oyun aparatlarının alqı-satqı ilə məşğul olur, buna görə ***-***- **-** mobil telefon nömrəsini internet sosial şəbəkəsinin “Tap.az” və “Lalafo” saytlarına yerləşdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində sonradan adının Zərbəlizadə Şamil olduğunu bildiyi cavan oğlan mobil telefonuna zəng edib, 6 ədəd “Playstation-3” oyun aparatını satmaq istədiyini bildirmişdir. O da bu işlə məşğul olduğunu və almaq istədiyini söyləmişdir. Şamil həmin aparatları neçiyə alacağını soruşmuşdur. O da hər birini 150 manata alacağını bildirmişdir. Şamil də razılaşdıqdan sonra onlar həmin günü Masazır qəsəbəsində “Brilyant” şadlıq sarayının qarşısında görüşmüşlər. Şamil əlindəki idman çantasında və sellofan torbada olan cəmi 6 ədəd “Playstation-3” oyun aparatlarını və hər bir oyun aparatına 1 ədəd idarəetmə pultu gətirmişdir. O, Şamilin gətirdiyi həmin aparatlara baxıb razılaşdıqları kimi hər birinə 150 manat pul verə biləcəyini söyləmiş və Şamildən şəxsiyyət vəsiqəsini istəmişdir. Şamil də vəsiqəsinin fotoşəklini Vatsap xidməti ilə onun mobil telefonuna göndərmişdir. Bundan sonra Şamil həmin aparatlardan 1 ədədini özü oynamaq üçün götürmüş və 5 ədədini idarəetmə pultu ilə birlikdə ona vermişdir. O da Şamilə cəmi 750 manat pul vermiş, həmin yerə getdiyi taksi ilə də geri qayıtmışdır. Bir neçə gün ərzində həmin aparatlarını bir az baha qiymətə hazırda mobil nömrələrini xatırlamadığı şəxslərə Bakı şəhərində müxtəlif ünvanlarda satmışdır. Təxminən 1 həftə sonra həmin Şamil yenə ona zəng edib, cəmi 1250 manata satmaq istədiyi əlavə 5 ədəd oyun aparatı olduğunu söyləmişdir. O da baha olduğunu söyləmiş və Şamilə 1000 manat pul verə biləcəyini bildirmişdir. Şamil də 1050 manat verməyini söyləmişdir. O da razılaşdıqdan sonra onlar Bakı şəhəri, Nərimanov rayonu 5 nömrəli xəstəxananın yanında görüşmüşlər. Şamil əlindəki 2 ədəd sellofan torbada gətirdiyi 4 ədəd “Playstation-3” və 1 ədəd “Playstation-4” oyun aparatlarını və 4-5 ədəd idarəetmə pultunu ona göstərmişdir. O, həmin aparatlara baxıb 1050 manat verib aparatların və pultların hamısını Şamildən alıb oradan yaşadığı ünvana getmişdir. Həmin aparatları da bir neçə gün ərzində ona zəng edən alıcılara satmışdır. O, Şamilin həmin aparatları oğurlayıb ona satdığını bilməmiş, çünki Şamil həmin aparatları özünə məxsus kompyuter oyun zalı bağlandığına görə satdığını demiş və şəxsiyyət vəsiqəsinin şəklini də ona göndərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 26 fevral 2024-cü il tarixli protokoldan görünür ki, X5 CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 26 fevral 2024-cü il tarixdə, saat 20:00 dəqiqədə tutulmuşdur. - “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Abşeron rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 4(012)-199/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 26 fevral 2024-cü il tarixdən hesablanmaqla X2 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. - «X4» MMC-nin 17 aprel 2024-cü il tarixli 65/1 saylı əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, təqdim olunan 03 ədəd «Playstation-3» oyun aparatının 2024-cü ilin fevral ayına olan pərakəndə satış qiyməti 630 manat, 06 ədəd idarəetmə pultunun qiyməti 90 manat olmaqla, həmin əşyaların ümumilikdə dəyəri 720 manat, istifadə olunmuş 01 ədəd «Playstation-4» oyun aparatının nəzəri hesablama yolu ilə 2024-cü ilin fevral ayına olan pərakəndə satış qiyməti isə 475 manat məbləğində müəyyən edilir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 09 may 2024-cü il tarixli tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdır. - Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş ərizədən görünür ki, X2 valideynləri tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. Məhkəmədə müəyyən olunur ki, X5 04 fevral 2024-cu il tarixdə oyun aparatlarını oğurlamaq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus oyun zalına getmiş, lakin oyun apratlarının bir hissəsini çıxarsa da, qalan hissəsini çıxarmağa imkanı olmamış, təxminən 10 gün müddət keçdikdən sonra əməlini davam etdirmək niyyəti ilə həmin ünvana gedərək qalan oyun aparatlarını da eyni üsulla talamışdır. Belə olan halda ibtidai istintaq tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilərkən düzgün tövsif edilməmişdir. Belə ki, X5 oyun zalına gedərkən birinci dəfə əldə etdiyi 5 ədəd oyun aparatından 03 ədədini satsa da 02 ədədinin onda qaldığı halda yenidən həmin ünvana gedərək, yenidən oğurluq etməsi onda oğurluq etmə niyyətinin yenidən formalaşması kimi deyil, əvvəlki niyyətini başa çatdırmaq kimi qiymətləndirilməlidir. Bundan başqa o da nəzərə alınmalıdır ki, oğurluq edilən məkan əvvəlcədən təqsirləndirilən şəxsə məlum olmuş, bir müddət sakitlik yaranmasını gözlədikdən sonra əməlini davam etdirmişdir. Son olaraq birinci əməlin törədilməsi ilə ikinci əməlin törədilməsinə qədər keçən müddətin az müddət olması da, X2 əməlinin davam edən cinayət olmasını təsdiq edir. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X2 əməlində cinayətin “təkrarlığı” əlaməti mövcud olmadığından və həmin əməl "davam edən cinayət" olaraq qiymətləndirildiyindən ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham xaric edilməlidir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, X5 tərəfindən ittihamda qeyd olunan CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə X2 zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödənilərək, barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə X3 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, X2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2ını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, X2 məhkəməyədək icraat dövründə tutularaq həbsdə saxladnıldığı 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. X5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq dərhal məhkəmə zalından həbsdən azad olunmalı, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X3 qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham xaric olunsun. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X2 məhkəməyədək icraat dövründə tutulduğu həbsdə olduğu 06 ay 27 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X3 oğlunun üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X2 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. X2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar