Məhkəmə qərarları › İş №1(012)-806/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-806/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-806/2025 05.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi iştirakları ilə, xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsindən 20 manat pul müqabilində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 (bir) ədəd bükümdə çəkisi 0,630 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron-2 yaşayış kompleksi ünvanında daşımış və üzərində saxlamış, 21 yanvar 2025-ci il tarixdə saat 02:07 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin ünvanda saxlanılıb həmin tarixdə saat 02:07-dən saat 02:10-dək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin bir bükümdə 0,630 qram çəkidə psixorop maddə metamfetamin əynində olan şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayır. Uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri,Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində olduğu zaman bir nəfərlə tanış olmuş və həmin şəxsində onun kimi narkotik vasitə istifadəçisi olduğunu öyrənmiş, ondan üzərində narkotik vasitə olub-olmaması barədə maraqlanmışdır. Həmin şəxs isə üzərində bir büküm psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni 20 manata satdığını bildirmiş, onunla qiymət barədə razılaşaraq pulu ona vermiş və əvəzində həmin psixotrop maddəni bir bükümdə ondan almışdır. Bundan sonra həmin psixotrop maddəni şəxsi istifadəsi üçün cibinə qoymuşdur. 21 yanvar 2025-ci il tarixdə saat 02:07-də radələrində Abşeron Xırdalan şəhəri, Kristal Abşeron 2 yaşayış kompleksinin yaxınlığında olan zaman mülki geyimli şəxslər videoçəkilişlə yanına yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları olduqlarını bildirdikdən sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Üzərində qanunla qadağan olunmuş hər hansı maddə və ya predmet olub-olmadığını bildirmişlər. O da əynində olan şalvarın sağ yan cibindən Yasamal rayonu ərazisindən aldığı bir ədəd bükümdə psixotrop maddəni çıxarıb təqdim etmiş, aşkar edilmiş psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmişdir. O və digər iştirakçılar imzalarla təsdiq etmişlər. Bundan sonra onu Abşeron rayon polis idarəsinə aparmışlar. O, əldə etdiyi psixotrop maddədən istifadə etməmişdir. Psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, bu barədə kiminsə məlumatı olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Sonda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxs qismində Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və müvafiq əməliyyat qrupunun yaradılmasına icazə verilməsi məqsədi ilə şöbə rəhbərliyinə raportla məruzə edilmişdir. Müvafiq icazə verildikdən sonra Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektorları,polis kiçik serjantı Şahid2, polis baş serjantı Şahid3 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Həmin gün, yəni 21 yanvar 2025-ci il tarixdə, saat 02:07-də Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-2” yaşayış kompleksində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edəndən sonra videoçəkilişlə sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Sonra paltarında, əşyalarında və ya bədədnində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı əşya olub-olmaması, əgər vardırsa təqdim etməsi təklif edilmşdir. Bu təklifdən sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs özündə olan 01 ədəd sellofana bükülmüş bükülünü təqdim etmiş və içərisində olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş psixotrop maddəni 20 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsəindən tanımadığı şəxsdən 20 manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilməmişdir. Həmin yerdə müvafiq sənədləşmə üçün şərait olmadığından Təqsirləndirilən şəxs müvafiq hərəkətlərin icrası üçün Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Abşeron RPİ-nə gəlmişdir. Əməliyyat çəkilişi ilə əlaqədar protokol tərtib edilmiş və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan və ya polis bölməsinə gətirilən zaman ona qarşı heç bir pisixi və ya fiziki təsir olmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə şahidlər Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkilləri, polis serjantları Şahid2 və Yaqubov X3 Kamil Elçin oğlu ilə eyni məzmunlu ifadə verərək, onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs həmin günü saat 03:05 radələrində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli, 6/296 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “... Azərbaycan Respublikası DİN Zərflər üçün № 56...” dairəvi möhür əksləri olan bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi-0,630 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,630 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,580 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir; - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Şəxsin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və başqa qətimkan tədbiri seçilməsi haqqında” 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi haqqında Abşeron RPİ-nin İstntaq Şöbəsinin müstəntiqi Gündüz Haxızadənin 22 yanvar 2025-ci il tarixli vəsatəti təmin edilməmişdir. - “Qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilmə haqqında” 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 234.1, 93.1.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə də, Azərbaycan Respublikasının CM-nin 18-ci maddəsinə əsasən onun əməli cinayətlərin residivini yaratmır və CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. - Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X7 17 aprel 2025-ci il tarixli, 2158 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu əticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Sübutların qiymətləndirilməsi” haqqında 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, həmin protokola əlavə edilmiş 01 ədəd DVD formatlı kompakt disk və ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması barədə xx.xx.2025-ci il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin kütlə bükümü götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə olan ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetamini Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisində tanımadığı şəxsdən almışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan metamfetamini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntüylə, ekspert rəyi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində cinayət törədilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, Məhkumluq götürülmüş və ya ödənmişsə, hökmün giriş hissəsində əvvəlki məhkumluq barədə məlumat əks etdirilməməlidir. Məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir Məhkəmə Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici və ağırlaşdırıcı halların olmaması, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza yalnız törədilmiş əmələ görə cəzalandırma funksiyası daşımır, eyni zamanda gələcəkdə belə əməllərin qarşısını almaq məqsədi daşıyan tərbiyəedici və çəkindirici tədbirdir. Hər hansı bir yüngülləşdirici hal olmadan, yalnız təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini əsas gətirərək təqsirləndirilən şəxsə qarşı adekvat olmayan azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın tətbiqi bu cür pozuntuların təkrar baş verməsinə və cəmiyyətdə arzuolunmaz presedentlərin yaranmasına səbəb ola bilər. Belə hallarda isə cəzanın fərdiləşdirilməsi prinsipinə əməl olunmaqla, aşağı həddə azadlıqdan məhrum etmə kimi daha sərt cəzanın tətbiqi həm cəmiyyətə, həm də konkret şəxsə qarşı effektiv çəkindirici təsir göstərəcək və onun islah olunmasına, gələcəkdə onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda əsas rol oynayacaqdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki olaraq məhkəməyədət icraat dövründə tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 05 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 17 aprel 2025-ci il tarixli, 2158 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,580 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 20 saatın hər iş saatının 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 220 manat məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: ““““““““““Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 05 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,580 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 220 (iki yüz iyirmi) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar