Məhkəmə qərarları › İş №1(012)-809/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-809/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-809/2024 09.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan , "Su Və X3 İnstitutu" PHŞ-də texnik vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25 aprel 2024-cü il tarixdə saat 08 radələrində yaşadığı ünvan 3 ünvanda yaşayan qardaşı X2 arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşayış qaydalarına riayət edilməməsi ilə bağlı aralarında yaranmış fikir ayrılığı, narazılıq səbəbindən sonuncunun ona şifahi iradlar bildirməsindən əsəbiləşib mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əl, dırnaqları ilə sonuncunun sifət, boğaz nahiyələrini cırmaqlayıb, boğazından tutub sıxaraq, sifət, qulaq, baş, əl, qol və bədəninin digər nahiyələrinə əl, sillə zərbələri vurmaqla Zərərçəkmiş şəxs üzün sağ gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının qançır, şişkinliyi, gözün ağlı qişasına qansızma, boyun nahiyəsinin ön və sol yan səthlərinin qançırı, sıyrıqları, burun nahiyəsinin, üst dodağın sıyrıqları, sol qulaq seyvanın qançır, şişkinliyi, sol əlin arxa səthinin sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən evdə o, atası, qardaşı, qardaşı X2 arvadı Zərərçəkmiş şəxs birlikdə yaşayırlar. xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda Ramilə ilə onun arasında yaşadığı mənzildə məişət işləri mövzusunda sözlə mübahisələri olmuş, lakin həmin mübahisə dava-dalaşa çevrilməmişdir. xx.xx.2024cü il tarixdə atası və qardaşı işə getmiş, o də işə getməyə tələsib evdə hazırlaşarmağa başlamışdır. Həmişə Zərərçəkmiş şəxs hamıdan sonra yuxudan oyandığı halda, həmin günü o işə getməmiş, yuxudan oyanmış və həmin vaxt onun nəsə planlaşdırdığını anlamışdır. Saat 08 radələrində Ramilə evdə öz-özünə danışaraq onun və ailə üzvlərinin ünvanına xoşagəlməz sözlər deyib hərdən də ona söz ataraq əsəbiləşdirməyə çalışmışdır. Bundan əlavə Ramilə evdə istəyirdi ki, onu dediyi kimi hamı hərəkət etsin, guya evdə əsas odur. O, dəfələrlə Ramiləyə sakit olmasını desə də Ramilə ona məhəl qoymamış, onun otağının qarşısına gələrək ünvanına təhqiramiz ifadələr işlətmişdir. Artıq əsəbilərini saxlaya bilməmış və Zərərçəkmiş şəxs üzərinə gedərək əlləri ilə saçından tutmuş, sonra isə onun sifət və boğaz nahiyələrini cırmaqlayaraq xəsarət yetirmişdir. Sonra isə əli ilə Ramilənin sinəsindən itələyib evdən çıxıb işə getmişdir. İşdən evə gəldikdən sonra bilmişdir ki, Ramilə onun barəsində polisə şikayət etmişdir. Onun Zərərçəkmiş şəxs ilə münaqişələri yaşadığı mənzilin içində baş verdiyini, həmin vaxt yanlarında başqa heç kimin olmadığını, münaqişənin təxminən 10-15 dəqiqə davam etdiyini, əslində Ramilənin də ona xəsarət yetirdiyini, sadəcə olaraq özünün şikayət etmədiyini, zərərçəkmişlə nə qədər cəhd etsələr də barışmadıqlarını, əvvəllər məhkumluğunun olmamasını və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun verdiyi ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin verdiyi ifadə ilə, ekspertiza rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs baldızıdır. O, əri, qayınatası və baldızı Təqsirləndirilən şəxs eyni mənzildə yaşayırlar. Hadisədən bir neçə vaxt əvvəl ailə məişət mövzusunda Şəbnəmlə onun arasında sözlə mübahisələri olmuş, mübahisələrin əksəriyyəri mənzildə Şəbnəmin göstərişlərini onun mütləq icra etməyi anlayışından yaranmışdır. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində yuxudan oyanmış, həmin vaxt Şəbnəm mənzildə olmuşdur. O, Şəbnəmə hansı səbəbdən onunla mübahisələr etməsini və kimə güvənməsini soruşmuş, bu zəmində aralarında mübahisə başlamışdır. Mübahisə zamanı Şəbnəm onun üzərinə gəlib əli, dırnaqları ilə onun sifətini cırmaqlamış, boğazından tutub sıxaraq sifətinə, qollarının müxtəlif yerlərinə dəfələrlə sillə zərbələri vuraraq onu döymüşdür. Daha sonra işə tələsməsi səbəbindən Şəbnəm evdən çıxıb getmişdir. Münaqişələri yaşadığı mənzilin içində baş verməklə təxminən 15-20 dəqiqə davam etmiş, həmin vaxt evdə kənar şəxs olmamışdır. Münaqişə zamanı Təqsirləndirilən şəxs vuraraq ona hər hansı bir xəsarət yetirməmişdir. Həmin vaxt ona heç bir formada maddi ziyan dəymədiyini göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanunauyğun cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 818 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – üzün sağ gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının qançır, şişkinliyi, gözün ağlı qişasına qansızma, boyun nahiyəsinin ön və sol yan səthlərinin qançırı, sıyrıqları, burun nahiyəsinin, üst dodağın sıyrıqları, sol qulaq seyvanın qançır, şişkinliyi, sol əlin arxa səthinin sıyrığıküt əşyanın (əşyaların) təsirindən müayinədən bir neçə saat əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlir vədərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. -“Zərərçəkmiş şəxs qismində tanınma” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs Su və X3 İnstitutu PHŞ-də texniki vəzifədə işləyir və aylıq 550 manat əmək haqqı alır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşirən eyni zamanda Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə zərərçəkmiş şəxslə barışığa gəlməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməlidir və cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi cəmi 20 iyirmi saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, qazancından 10% dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar