Məhkəmə qərarları › İş №1(012)-810/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-810/2025

12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-810/2025 12.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1977-ci ildə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə fərdi evdə kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı 1) daxil edilmiş, bir ədəd şəffaf selofan bükümdə 0,680 qram çəkidə, qəhvəyi rəngli, toz şəkilli spesifik iyə malik, kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib Abşeron rayonu Mehdiabad qəsəbəsi Nəsimi küçəsinə daşımış və üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 11:12-də Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində piyada hərəkət edərkən saxlanılıb, orada videoçəkilişlə həmin gün saat 11:12-dən 11:20-dək üzəri yoxlanılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin 0,680 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixində üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitədən istifadə etməmişdir. Mehdiabad 34, X11 küçəsinə gətirilmiş, orada cibinə narkotik vasitə qoyub ona məxsus olmasını deməsini bildirmişlər. Ona polis əməkdaşları işgəncə etmişdilər, döymüşdülər. Orada kameralar da var. İşgəncə verilməsi ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) də müraciət etmişdir. Heç bir günahı yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Lakin, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Mehdiabad qəsəbəsində yeni məhəllədə ailəsi ilə birlikdə kirayə yaşayır. Heç bir yerdə işləmir. Küçələrdə metal və plastik materillar, həmçinin şüşə qabların tullantılarını toplayaraq satmaqla dolanır. Bildirmişdir ki, təxminən bir həftədir ki, narkotik vasitə heroin istifadə edir və narkotik vasitəni fərqli şəxslərdən alır. Belə ki, xx.xx.2025- ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Mehdibad qəsəbəsi ərazisində olan zaman təsadüfən tandığı, lakin adını bilmədiyi şəxslə rastlaşmışdır. Söhbət əsnasında həmin şəxs ona 20 manat müqabilində narkotik vasitə heroin təşkil edə biləcəyini bildirmiş və o, həmin şəxslə razılaşmışdır. Həmin şəxs ondan uzaqlaşaraq getmiş və orada gözləməyini bildirmişdir. Təxminən 15-20 dəqiqə sonra həmin şəxs geri qaydaraq bir bükümdə narkotik vasitə olan heroin gətirərək ona vermiş və o, qarşılığında həmin şəxsə 20 manat pul vermişdir. Daha sonra o, oradan uzaqlaşıb Abşeron rayonu, Mehdiabad qəsəbəsində küçələri gəzib ətrafda metal tullantılar axtarmağa başlamışdır. Həmin gün saat 11:12 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində piyada gəzərkən polis əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu, bununla bağlı onlarda əməliyyat məlumatının olduğunu bildirmişdirlər. Daha sonra onun üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Üzərinə baxış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynində olan qara rəngli, cins şalvarın sağ yan cibindən 01 ədəd şəfaf sellofana bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin narkotik vasitə heroin qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalanaraq təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. O, bildirmişdir ki, həmin narkotik vasitəni həmin gün yəni xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu Mehdiabad Polis bölməsinə aparmış və orada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağdam rayonu Qiyaslı kəndində qeydiyyatda olmaqla, Abşeron rayon Mehdiabad qəsəbəsi, yeni məhəllə, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və Narkotik vasitələrin istifadəsi, üzərində daşıması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə 21 yanvar 2025- ci il tarixdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin Mehdiabad PB-nin rəisi Ceyhun Qasımov tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmişdir. Mehdiabad PB-nin əməliyyat müvəkkilli polis kapitanı Şahid2 və Mehdiabad PB-nin əməliyyat müvəkkilli polis kiçik leytenantı X4 həmin qrupa üzv təyin olunmuşdur. Həmin gün, yəni 21yanvar 2025-ci il tarixdə saat 11:12-də qrup iştirakçıları ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində piyada hərəkət edərkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışdırlar və özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib video çəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparacağı bildirilmişdir. Təqsirləndirilən şəxs heç bir etriraz etmədən onlarla razılaşmışdır. Fikrət Gülməmmədovdan üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş sellofan bükümdə olan qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılmış, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən qablaşdırma imzalanmışdır. Bundan sonra Fikrət Gülməmmədov həmin kütlənin ona məxsus olduğunu, həmin narkotik vasitəni həmin gün, saat 10 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində təsadüfən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat pul ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış bitdikdən sonra X3 RPİ-nin Mehdiabad PB-nin inzibati binasına aparılmış və orada müdafiəçi ilə təmin edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Fikrət Gülməmmədovun üzərindən götürülmüş predmet olan zərflərə baxış keçirilmişdir və yenidən kağız zərfdə qablaşdırılaraq ekspertiza təyin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad Polis bölməsinin əməliyyat-müvəkkili polis kapitanı Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. -Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla surəti təqdim edilmişdir. - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 6/318 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazıları olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd polietilen paketdə təmiz çəkisi 0,680 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 0,680 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,630 qramdır. (Aparılmış tədqiqatın dəyəri-80 manat) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 452 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakib hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. -Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılan zamanı onun üzərindən bir büküm şəffaf rəngli sellofana bükülmüş içərisində kristal formada olan narkotik vasitə olan heroin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə olan Heroin götürülmüşdür. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025 il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 145 M 2 H 1,2,6; 215; 38 AR maddələrilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci ildə cəzasınən sonu ilə azad edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1; 228.1; 228-4; 315-1; 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellayasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli qırarı ilə azadlıqdan məhrum etmə cəzası 02 ilə endirilmiş, xx.xx.2015-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 04 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2015-ci ildə cəz amüddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən hğkm dəyişdirilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 177.2.4; 66.5; 66.3-cü maddələri ilə 03 il 10 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2018-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli qanununa əsasən cəzası 04 il 07 aya endirilmiş, xx.xx.2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, xx.xx.2018-ci ildə Azərbaycan Respubliakıs Ali Məhkəməsinin qərarı ilə Bakı Apellyasiyasının xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmiş, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 177.2.4-cü maddələri ilə cəza müddəti 04 il 02 aya endirilmiş, Cinayət Məcəlləsinin 66.5 və 66.3-cü maddələrinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 04 ay 18 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu ildə cəzanı çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmış, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli höklmü ilə 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 67.1; 76.6.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 76.6.3; 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. -Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokol, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə keçirilməsi haqqında protokol, ekspertiza rəyi işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. -Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,680 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,630 qram narkotik vasitə heroin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. -Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması, işgəncə verilərək törətdiyi əməli etiraf etməsinə məcbur qalması barədə Azərbaycan Respublikasının İnsaq Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciəti əsasında toplanmış 11/198C-25 saylı araşdırma materialı nəzərdən keçirilmiş, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Mehdiabad PB-nin şöbəsinin əməkdaşlar tərəfindən döyülməsi, işgəncələrə məruz qalması təsdiqini tapmadığından CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının məlumatlandırılmasının məqsədə müvafiq olması qərara alınmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, saxlanılan zaman üzərində Narkotik vasitə olmaması ilə bağlı dediklərini onun özünümüdafiə kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan təqdim olunan əşyaya baxış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçinin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişlə həyata keçirilməsi, vəkillə konfidensial görüşünün təmin edilməsi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarında verdiyi ifadəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı onun vəkillə konfidensial görüşündə və ya müvafiq orqanlara şikayətlə müraciət etməmişdir. Əksinə videogörüntüdən də müəyyən edilir ki, o, könüllü olaraq cibində saxladığı bükümü çıxarıb, təqdim etmişdir. Narkotik vasitənin ona məxsus olmasını şübhə altına alan hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. İş üzrə şahidlərin verdiyi ifadələr dolayısı ilə təqsirləndirilən şəxsin özünün ifadəsi ilə də təsdiq olunur. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxs əksinə məhkəmə iclasında dindirilmiş şahidlar yalan ifadə verməyə görə qanunvericlikdə nəzərədə tutulmuş qaydada məsuliyyət daşıdıqları barədə xəbərdar edilmişlər, daha sonra onların ifadələri alınmışdır. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq şahidlər Şahid1 və Şahid2 cinayət əməlini Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair verdikləri ifadələr iş materialları ilə uyğunluq təşkil etmişdir. Təqsirləndirilən şəxsə şahidlərə sual vermək imkanı yaradılsa da, onlar tərəfindən verilən ifadələrin həqiqətə uyğun olmasına şübhə yaradan hallar müəyyən edilməmiş, sübutun mötəbərliyinə əsaslı şübhələr yaranmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi şahidlərin ifadəsi, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs az ağır cinayətlər törətdiyinə görə əvvəlki iki hökm üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarına görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətlərin təhlükəli residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlərin törətməsini, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olmadığından, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan –xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə 80 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,630 qram olan narkotik vasitə-heroin məhv edilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi1 iclaslarda iştirak etdiyi 11 saata görə 121 (bir yüz iyirmi bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına, Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi2 iclaslarda iştirak etdiyi 05 saata görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə “qətimkan tədbiri“ ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə zalından həbs olunsun, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın, cəzaçəkməsinin əvvəli məhkəmə zalından həbs olunduğu vaxtdan yəni, xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 80 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,630 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi1 iclaslarda iştirak etdiyi 11 saata görə 121 (bir yüz iyirmi bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına, Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi2 iclaslarda iştirak etdiyi 05 saata görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar