Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-812/2024 24.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuş olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, “Saray Palace” şadlıq sarayında baş tutmuş kiçik toy məclisində iştirak edib həmin şadlıq sarayının foyesində ona sərxoş vəziyyətdə yaxınlaşan xx.xx.1989-cu il təvəllüdlü Şahid2 ilə şadlıq sarayının qarşısında – Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının yaxınlığında söhbət edən zaman onlara həmin məclisdə sonuncu ilə bir masada əyləşməklə iştirak etmiş, sərxoş vəziyyətdə olan Abşeron rayonu Saray qəsəbəsində yaşayan xx.xx.1989-cu il təvəllüdlü Şahid1 və xx.xx.1978-ci il təvəllüdlü X17 da yaxınlaşdıqda sonuncu gələn şəxslər ictimai yerdə, ətrafda çoxsaylı insanların toplaşmasına baxmayaraq onunla nümayişkaranə şəkildə qərəzli davranıb öz təşəbbüsləri ilə qəsəbədə “nüfuz sahibləri” olduqlarını bəyan edib onu sözlü mübahisəyə cəlb edən zaman Şahid2 də həmin şəxslərlə birgə mövqedən çıxış edib ağır söyüşlərlə müşayiət olunan zorakılıq nümayiş etdirərək ona hücum etmiş, bu hücum zamanı Şahid2 istintaqa məlum olmayan kəsici-deşici xassəyə malik alətdən istifadə edərək ona döş qəfəsinin sağ yarısının döş boşluğuna sirayət edərək plevranı zədələyən və pnevmotoraksa səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, Şahid1 istintaq zamanı götürülmüş, zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli, deşici kəsici xassəyə malik soyuq silah hesab olunan ov bıçağından istifadə etməklə ona döş qəfəsinin sağ yarısının daxilə keçməyən bir ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik, Rəşad Əbilov isə tiyəsinin uzunluğu 91 mm, dəstəyinin uzunluğu 120 mm olan, ümumi təyinatlı qatlanan tipli, deşici kəsici xassəyə malik soyuq silah hesab olunan ov bıçağından istifadə etməklə ona sağ bazunun səthi kəsilmiş yarası kimi sağlamlığa zərərvurmayan xəsarət yetirmələri səbəbindən, bu xəsarətlər nəticəsində üz-gözünü qan bürüməsindən və ağır söyüşlərlə təhqir olunması nəticəsində 2008-ci ildə erməni hərbi birləşmələrinin açdığı atəş nəticəsində Qarabağ bölgəsində şəhid olmuş və bu hadisədən sonra yoxluğunu mənəvi olaraq həmişə hiss etmiş qardaşı X1 gözünün qabağına gəlməsi, bununla da, qarşısında olan şəxslər, o cümlədən zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və əxlaqsız hərəkətlər nəticəsində psixi-emosional durumunda stress amilinin təsiri nəticəsində həyəcan, gərginlik əmələ gəlmiş, həssaslıq səviyyəsi yüksəlmiş, davranışı üzərində iradi nəzarəti zəifləmiş, qəflətən baş vermiş güclü həyəcan vəziyyətində - fizioloji affekt halında üzərində gəzdirdiyi, istintaqa məlum olmayan bıçaqdan istifadə edərək hər üç şəxsin qanunsuz əməllərinə qarşılıq göstərib, bu zaman Rəşad Əbilovun döş qəfəsindən və sol əlindən xəsarətlər yetirməklə sonuncunun ürək kisəsinin, ürəyin sol mədəciyinin və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol iç hissəsinin döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası nəticəsində inkişaf etmiş kəskin daxili və xarici qanitirmədən ölümünə səbəb olan döş qəfəsinin ön səthinin sol iç hissəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarət, həmçinin sol əlin kəsilmiş yarası kimi sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarət yetirməklə sonuncunu qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını, şəhid ailəsi olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 2016-cı ildə Gülsüm Əliyeva ilə ailə həyatı qurmuş, bu nikahdan onların iki oğulları (2017-ci il təvəllüdlü Murad və 2019-cu il təvəllüdlü Fariz) dünyaya gəlmişdir. ünvan 1 ünvanında atası Fariz, anası Aidə və onun ailəsi birlikdə yaşamışlar. X3 25 aprel 2008-ci ildə hərbi xidmətdə olarkən Tərtər rayonunda şəhid olmuşdur. Ayaqqabı sexi vardır, həmçinin mal-qara alveri ilə də məşğul olmuşdur. Atası və anası hər ikisi pensiyaçıdır, arvadı isə evdar qadındır. 29 sentyabr 2023-cü il tarixdə Saray qəsəbə sakini, qonşuları Elgünün oğlunun kiçik toy məclisinə dəvətli olmuşdur. Həmin məclis Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının qarşısında yerləşən “Saray Palace” şadlıq sarayında baş tutmuşdur. Saat 19 radələrində həmin tədbirə getmiş və spirtli içki qəbul etməmişdir. Saat 21 radələrində həmin məclisdə meyxana başlamışdır. Meyxana başladıqdan az müddət sonra saat 22 radələrində qohumu Ramili meyxanaya qulaq asmaq üçün çağırmaq məqsədi ilə foyeyə çıxmışdır. Bu zaman foyedə Saray qəsəbə sakini elə də yaxından tanımadığı Araz qoluna girmiş və onu restorandan çıxararaq orada olan parkın yanına gətirmişdir. Arazın onunla danışığının tonundan sonuncunun sərxoş olduğunu bilmişdir. Belə ki, Araz tez-tez “necəsən, nə var nə yox” demişdir. Araz bir şeyi 2-3 dəfə soruşmuşdur. Elə bu vaxt Saray qəsəbəsində yaşayan Rəşad və Seymur adlı şəxslər də onlara yaxınlaşmışlar. Rəşad və Seymurun yerişlərindən və hərəkətlərindən sonuncunların da sərxoş olduğunu bilmişdir. Rəşad Araza heç bir səbəb olmadan onu göstərək nə baş verdiyini əsəbi şəkildə soruşmuşdur. Araza əgər söhbət etmək istəyirlərsə sabah söhbət etmələrini demişdir. Elə bu zaman Araz Saray qəsəbə sakini Abdulla adlı şəxsi tanıyıbtanımadığını soruşduqda o, Araza Abdullanın sadəcə adını eşitdiyini və sonuncunu tanımadığını bildirmişdir. Bundan sonra Seymur onun sinəsindən əli ilə vuraraq “Sən Abdullaya tay ola bilməzsən” demişdir. Bundan sonra birinci olaraq Araz bıçaq çıxararaq sağ çiynindən xəsarət yetirmiş, bu zaman sol əli ilə sağ çiynindən yaranın üstündən tutmuşdur, daha sonra Seymur da sinəsindən bıçaqla, sonra isə Rəşad əlindəki bıçaqla sağ dirsəyindən xəsarət yetirmişdir. Bu xəsarətlərdən sonra əlini çiynindən çəkmişdir. Bundan sonra Arazın yetirdiyi xəsarətin nəticəsində üzünə qan fışqırmış və üz-gözünü qan bürümüşdür. Elə bu vaxt onlardan kimsə onun ölü-dirisinə söymüşdür. Bu zaman 2008-ci ildə şəhid olan qardaşı Murad onun gözünün qabağına gəlmişdir. Bu söyüşdən sonra üzərində gəzdirdiyi bıçağı çıxarmışdır. Bundan sonra olan hadisələr isə yadında qalmamışdır. Bir də dostu Ramilin onu silkələməsindən özünə gəlmişdir. Həmin vaxt bıçaq əlindən yerə düşmüşdür. Ramil “Mürvət sən neynədin?” demişdir. Ramil bunu dedikdən sonra elə bil ayılmış və yerdən bıçağı götürmüşdür. Ramil onu tutaraq avtomobilə mindirmişdir. Bundan sonra avtomobildə olarkən Ramil ona “3 nəfər şəxs səni bıçaqladı, sən də onları bıçaqladın, onlardan biri deyəsən öldü” demişdir. Bundan sonra hansı hadisəni törətdiyini Ramilin deməyindən bilmişdir. Ramil onu Sumqayıt TTYX-ya aparmışdır. Yolda olarkən üzərində olan bıçağı Saray qəsəbəsi ərazisində atmışdır. Bir neçə gün xəstəxanada müalicə almış və sağaldıqdan sonra həbs edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində hadisə zamanı istifadə etdiyi bıçağı işdə olarkən meyvə, çörək doğramaq üçün istifadə etdiyini və həmişə üzərində olduğunu bildirmişdir. Saray qəsəbə sakinləri Şahid1, Şahid2 və X17 ilə qeyd edilən yerdə mübahisə yaranması, bu mübahisə nəticəsində həmin şəxslər tərəfindən ona xəsarətlər yetirilməsi, bu zaman onun da həmin şəxslərin hər üçünə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi və bu xəsarətlər nəticəsində Rəşad Əbilovun hadisə yerində ölməsi tam düzdür. Bütün bunları Ramilin deməyindən bilmişdir. Həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X19 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını,məhkəmə iclaslarını iştirakı olmadan davam etdirilməsini və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X19 ifadəsində göstərmişdir ki, 29 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Abşeron RİHB-nın Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında Saray qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirilən 1978-ci il təvəllüdlü X17 qardaşı olmuşdur. Qardaşının ailəsi ilə onun ailəsi eyni həyətdə yaşamışlar. Qardaşı əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2023-cü ilin fevral ayında cəzasını çəkib bitirib azadlığa çıxmışdır. Qardaşı polisə müqavimət göstərdiyi üçün həbs olunmuşdur. Qardaşı 2001-ci ildə X7 ilə ailə həyatı qurmuş, bu nikahdan Sevil və qardaşının 3 övladı (Gülü, Nəzrin və Firuz) dünyaya gəlmişdir. Qardaşı fərdi əməklə məşğul olaraq ailəsini dolandırmışdır. Qardaşı o qədər də mübahisəyə, davaya meyilli adam olmamış, sakittəbiətli biri olmuşdur. 29 sentyabr 2023-cü il tarixdə qardaşı Saray qəsəbə sakini Elgün adlı şəxsin oğlunun kiçik toy mərasimində iştirak etməli imiş. Saat 22 radələrində evdə olarkən qardaşı iştirak edən məclisdə bıçaqlanma olduğunu və qardaşının Sumqayıt TTY Xəstəxanasına aparıldığını öyrənmişdir. Tez evdən çıxıb oraya getmişdir. Oraya çatdıqda qardaşının artıq öldüyünü öyrənmişdir. Daha sonra qardaşının Saray qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən qətlə yerildiyini öyrənmişdir. Mürvəti tanımamış, qardaşı ilə aralarında olan mübahisə barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, ustalıq edərək ailəsini dolandırır. Təxminən 11-12 il Rusiya və Qazaxıstanda ustalıq etmişdir. Sonuncu dəfə Azərbaycana 06 sentyabr 2023-cü ildə qayıtmışdır. 2017-ci ildə X5 ilə ailə həyatı qurmuş, bu nikahdan 2018-ci il təvəllüdlü Rəsul və 2021-ci il təvəllüdlü Cahid adlı oğulları dünyaya gəlmişdir. Ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Şahid2 və X11 Saray qəsəbə sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, onlarla heç biri ilə ədavət və düşmənçiliyi olmamışdır. 29 sentyabr 2023-cü il tarixdə tanışı, Saray qəsəbə sakini Elgünün oğlunun kiçik toyuna dəvətli olduğundan saat 19 radələrdində məclisin keçirildiyi Saray qəsəbə icra nümayəndəliyinin qarşısında yerləşən Saray Palace şadlıq sarayına getmişdir. Orada toy sahibinin göstərməsi ilə Rəşad və Arazla bir stolda əyləşmiş və birlikdə spirtli içki (araq) qəbul etmişlər. Məclisdə hər hansı bir dava və ya münaqişə olmamışdır. Saat təxminən 21:30 radələrində pul yazıldıqdan sonra restorandan çıxanda təxminən 20 metr aralıda Arazı və sonradan adının Mürvət olduğunu bildiyi oğlanı mübahisə edən zaman görmüşdür. Onlara yaxınlaşmış və Araz və Mürvət arasında söhbət olduğunu görmüşdür. Araza getmək istədiyini bildirmiş. Araz “iki dəqiqə söhbət edib gəlirəm” demişdir. Bundan sonra onlardan aralanmışdır. Onlar arasında hansı söhbətin getdiyini bilməmişdir. Elə bu vaxt Rəşad restorandan çıxıb yaxınlaşmış və ondan Arazgili göstərək "Nolub orda?” demişdir. Cavabında “Dəqiq bilmirəm, nəsə söhbət edirlər, Araz indi gəlir” demişdir. Bu sözündən sonra Rəşad onların yanına getmişdir. O da Rəşadın arxasınca onlara yaxınlaşmışdır. Mürvət Rəşadın kim olduğunu soruşduqda Araz “dostum Rəşaddı” deyə cavab vermişdir. Rəşad problemin nə olduğunu soruşduqda Mürvət Rəşada “sənlik deyil” deyə cavab vermişdir. Bundan sonra Mürvət və Rəşad arasında mübahisə başlamışdır. Onların arasına girərək ayırmağa çalışmışdır. Mürvət onun kim olduğunu soruşduqda kimsə onu göstərərək “Bu da Abdullanın əmisi oğludur” demişdir. Əmisi oğlu təxminən 4 il əvvəl narkotik maddə gəzdirdiyi üçün tutulmuşdur. Onlardan Abdullanın bu söhbətə nə aidiyyəti olduğunu soruşsa da bu sualına konkret cavab verən olmamışdır. Rəşad Mürvətə “sən Abdullanı tanımırsan, Abdullanı tanımayan özünü tanımır” demişdir. Elə bu zaman mübahisə başlamışdır, həmin vaxt kimsə Araza “bıçaq lazım deyil” demişdir. Amma nə Mürvətin, nə Arazın, nə də Rəşadın əlində bıçaq görməmişdir. Həm qaranlıq olduğu üçün, həm də içkili olduğu üçün hadisəni tam xatırlaya bilmir. Kimin kimə vurduğunu görməmişdir. Elə bu zaman toydan çıxan adamlar da onların yanlarına yaxınlaşmış və orada xeyli adam yığılmışdır. Mürvət birdən yanlarından uzaqlaşmışdır. Rəşadı orada görmədiyi üçün Mürvətin Rəşadın arxasınca getdiyini zənn etmişdir. Mürvətin arxasınca getmişdir ki, Rəşadı ondan qorusun. Mürvət Oba market tərəfə getmiş, o da sonucnunun arxasınca getmişdir. Birdən Mürvət geri dönmüş və ona yaxınlaşmışdır. Elə bu zaman kimsə Rəşadın yaxınlıqda olduğunu demişdir. Dəhal ordan geri dönmüş və səs gələn tərəfə getmişdir. Elə bu zaman geri baxdıqda Mürvətin kiminsə maşınına mindiyini görmüşdür. Bu vaxt sağ əlindən və sinəsinin sağ hissəsindən xəsarət aldığını və qan axdığını görmüşdür. Bu xəsarətləri hansı vəziyyətdə aldığını bilməmişdir. Rəşad Saray qəsəbə icra nümayəndəliyinin inzibati binasının düz qarşısında ağzı üstə uzanmışdır. Orda olan insanlardan bir neçə nəfər Rəşadı götürərək xəstəxanaya aparmışlar. Arazı orda göməmişdir. Onu da toyda iştirak edən tanımadığı bir neçə nəfər götürərək maşınla Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparmışlar. Orda ilkin tibbi yardım göstərilmiş, yaralarına sarğı qoyulmuş və xəstəxanadan çıxaraq polis əməkdaşları ilə birlikdə X22 gəlmişdir.Şahid1 ifadəsində hadisənin bir dəqiqədən az çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs kimin xəsarət yetirdiyini görməsə də, ona Mürvət tərəfindən xəsarət yetirildiyini zənn etdiyini qeyd etmişdir. Heç kimin əlində bıçaq görməmişdir, çünki hava həm qaranlıq olmuş, həm də özü içkili olmuşdur. Üzərində açılıb-bağlanan bıçaq olmuşdur. Hadisə zamanı həmin bıçaqdan istifadə etməmiş, onunla heç kimə xəsarət yetirməmiş, həmin bıçağı polis əməkdaşlarına xəstəxanada təqdim etmişdir. Bıçağı tikinti sahəsində işlədiyinə görə işi ilə əlaqədar gəzdirmiş, yəni həmişə üzərində bıçaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həm uzaq qohumu, həm də dostudur. 29 sentyabr 2023-cü il tarixdə Saray qəsəbə sakini Elgün adlı şəxsin oğlunun kiçik toy mərasimi olmuş və onu Mürvət həmin toya aparmışdır. Toy “Saray Palace” restoranına olmuşdur. Həmin restoran Saray qəsəbə inzibati ərazi dairəsəninin inzibati binasının qarşısında yerləşir. O və Mürvət toya gedəndə saat 19 radələri olmuşdur. Bir neçə saat həmin məclisdə iştirak etmişdir. Nə o, nə də Mürvət spirtli içki qəbul etməmişdir. Təxminən saat 22 radələrində restorandan çıxıb qarşıda olan parkın yanında durmuşdur. Bu zaman Mürvət ona yaxınlaşmış və meyxanaya qulaq asmaq üçün onun içəri aparmaq istəmişdir. O isə meyxanaya qulaq asmadığını Mürvətə demişdir. O və Mürvət həmin vaxt restoranın qarşısında olmuşlar. Həmin zaman qohumu Anar adlı şəxs də o və Mürvətlə birlikdə olmuşdur. Bu zaman restorandan sonradan adının Araz olduğunu bildiyi Saray qəsəbə sakini şəxs çıxmış və Mürvətin qoluna girib “bir dəqiqə səni olar?” deyib Mürvəti parkın içinə aparmışdır. O da Mürvəti tək qoymamaq üçün sonuncunun və Arazın arxasınca getmişdir. Mürvət və Araz arasında olan söhbət heç də problemli olmamışdır. Elə bu zaman Saray qəsəbə sakinləri sonradan adlarının Seymur və Rəşad olduğunu bildiyi şəxslər də Mürvətgilə yaxınlaşmışdır. Bu zaman Seymur Mürvətin sinəsinə əli ilə vura-vura “sən Abdullaya tay ola bilməzsən” demişdir. Bundan sonra ara qızışmış və Araz cibindən bıçaq çıxarıb sağ əlində saxlamışdır. Seymur bir dəfə də Mürvətin sinəsinə vuranda Mürvət Seymurla danışan zaman Araz bıçaqla sağ çiyin nahiyəsindən boğaza yaxın hissədən vurmuşdur. Bu zaman Mürvət sol əli ilə yaralandığı yeri tutarkən Seymur bıçaqla Mürvətin sinəsindən xəsarət yetirmişdir. Rəşad da bundan sonra əlində bıçaq Mürvətin üstünə gedərək qolundan xəsarət yetirmişdir. Bu zaman kimsə Mürvətin ünvanına ağır söyüşlər, yəni ölüdiri söyüşü ifadə etmişdir. Mürvət bundan sonra əlini cibinə salaraq bıçaq çıxarmış və hər üç şəxsə bıçaqla xəsarət yetirməyə başlamışdır. Bu anda Mürvətin həm sağlığını qorumaq, həm də etdiyi hərəkətin qarşısını almaq üçün Mürvətin qarşısına keçmiş və digər şəxsləri Mürvətdən aralamağa çalışmışdır. Həmin vaxt səs-küyə toydan da bəzi adamlar gəlmişlər. Həmin şəxsləri Mürvətdən uzaqlaşdırıb yenidən arxaya dönüb Mürvət tərəfə gedəndə sonuncunu əlində bıçaq səkinin üzərində oturmuş vəziyyətdə görmüşdür. Mürvətə yaxınlaşıb “Mürvət sən neynədin” deyib sonuncunu əlləri ilə silkələmişdir. Mürvət onun etdiyi hərəkətdən elə bil ayılmış və əlindəki bıçaq yerə düşmüşdür. Mürvətin qanaxmadan öləcəyindən ehtiyat edib sonuncunu xəstəxanaya aparmaq üçün tez Anarın avtomobilinə tərəf aparmışdır. Mürvət onun silkələməsindən sonra sanki ayılmışdır. Mürvəti aparanda sonuncu istifadə etdiyi bıçağı götürmüşdür. Anarla Mürvəti tez Sumqayıt TTYX-ya çatdırmaq üçün avtomobili işə salmışlar. Yolda olarkən Mürvət ondan nə baş verdiyini soruşduqda hadisəni Mürvətə danışmışdır. Belə ki, Seymur, Araz və Rəşadın Mürvətə xəsarət yetirdiyini, bundan sonra isə sonuncunun həmin şəxslərə xəsarət yetirdiyini demişdir. Bundan sonra Mürvət hadisəni bilmişdir. Mürvəti xəstəxanaya çatdırmışlar. Bir neçə gün Mürvət xəstəxanada qalmışdır. Sağaldıqdan sonra isə həbs edilmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.1989-cu ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuşdur. Evlidir, 7 yaşlı 1 oğlan övladı vardır. Rəsmi olaraq "xxxx" MMC-də sürücü işləyir. Təxminən 1 il yarım bundan öncə Nərimanov rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum olunmuş, lakin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilmişdir. Psixi xəstəliyi və ya psixoloji problemi yoxdur. Heç vaxt narkotik vasitə qəbul etməmişdir, arabir spirtli içki qəbul edir. xx.xx.2023cü il tarixdə həmkəndlisi Elgün adlı şəxsin oğlunun sünnət toyu məclisi olmuşdur. Həmin məclisə da dəvətli olmuş, saat təxminən 18 radələrində dostu və qonşusu Rəşad Əbilovla birgə həmin məclisin keçirildiyi, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Saray Palace” restoranına getmişlər. Bundan təxminən yarım saat sonra digər dostu Şahid1 da məclisə gəlmişdir. Rəşadla və Seymurla münasibətləri çox yaxşıdır, sonuncularla dostluq münasibətləri vardır və tez-tez görüşürlər. Rəşad bir neçə ay qabaq azadlığa çıxmış, yəni məhkumluq həyatı yaşamışdır. Seymur da həmçinin məhkumluq həyatı yaşamış, belə ki, sonuncu Qazaxıstanda bir müddət əvvəl cinayət törətmişdir. Məclisdə o, Seymur və Rəşad eyni masa arxasında əyləşmişlər. Masa arxasında, həmçinin meyxanaçılar və bir neçə həmkəndlisi də əyləşmişdir. O və dostları masa arxasında əyləşdikdən bir neçə dəqiqə sonra həmkəndlisi Mürvət dostları ilə birgə məclisə gəlmiş və onlardan kənar masada oturmuşdur. Mürvət də Saray qəsəbəsində yaşasa da sonuncu ilə yaxın məsafələrdə qalmamış, Mürvətlə isti münasibəti olmasa da, salam-sağolu olmuşdur. Toyda o, Seymur və Rəşad hər biri təxminən 200 qram həcmində araq qəbul etmişlər. Toyda Mürvət və yanındakı şəxslərlə hər hansı mübahisə və ünsiyyətləri olmamışdır. Təxminən 22 radələrində restorandan çölə çıxmış, həmin zaman Mürvət restoranın qarşısında tək dayanmışdır. Mürvətə yaxınlaşıb salamlaşmış və söhbət etmək lazım olduğunu bildirib sonuncu ilə birgə biraz kənara çəkilmişdir. Mürvətə “Məni səndən maraqlanıblar, sən demisən ki “narmalni” oğlandı” demiş, Mürvət isə “Nə var, onu da demişəm” cavabını vermişdir. Təxminən 1 il öncə avtomobil alğı-satqısı məsələsi ilə bağlı qarşı tərəf, yəni maşını satan Mürvətin tanışı kimi sonuncudan onun necə biri olduğunu soruşmuş, Mürvət onun barəsində “yaxşı oğlandır” sözünü işlətmişdir. Elə bu zaman dostu Rəşad o və Mürvətin yanına gəlmişdir. Həmçinin Rəşadın yanında tanımadığı şəxslər də olmuşdur. Rəşad və digərlərinin onun Mürvətlə hər hansı məsələni aydınlaşdırmaq üçün “söhbət” etdiklərini fikirləşib oraya toplaşdıqlarını düşünmüşdür. Rəşad bu zaman Mürvətə nə isə demiş, sonuncu da “Mən səninlə söhbət etmirəm, səni də tanımıram”demişdir. Rəşad içkinin təsirindən əsəbləşib “Sən məni tanımırsan?”, “bəs Abdullanı da tanımırsan?” suallarını vermişdir. Mürvət isə “Səni tanımıram, Abdullahı isə tanıyıram” demişdir. Abdullah Seymurun əmisi oğlu, Rəşadın da dostudur, hazırda həbsdədir. Elə bu zaman mübahisənin təzyiqi yüksəlmiş və Mürvətlə Rəşad arasında anlaşılmazlıq yaranmışdır. Bir də görmüşdür ki, anidən ətrafdakı adamların sayı çoxalmış və səs-küy artmışdır. Elə bu zaman onun sol qoluna bıçaqla zərbə dəymiş və qolundan qan açılmışdır. Həmin xəsarəti ona Mürvət yetirmişdir. Lakin Mürvətin üzərində həmin zaman bıçaq görməmişdir. Bunun ardınca sağ cibindən dəmir predmet çıxarmış, həmin predmeti çox zaman üzərində gəzdirmiş və yaşadığı evin həyətindən götürmüşdür. Həmin predmetin uzunluğu təxminən 9 sm olmuş, bıçağın tiyəsi formasında və gümüşü rəngli olmuşdur. Ara qarışdıqda özünü müdafiə etmək üçün həmin predmeti çıxarmışdır, bu zamandan Mürvətin tanışı olan bir şəxs düz onun yanında olmuş, ona müdaxilə etmək istəmiş, o isə həmin şəxsə “Tez burdan çəkil” demişdir. Dərhal həmin dəmir predmetlə Mürvətin bədəninin ön hissəsinə kəsik atmış və xəsarət yetirmişdir. Bundan sonra ara qarışdığından kimin kimə xəsarət yetirdiyini görməmişdir, yalnızca kiminsə “Rəşad, Rəşad” deyə qışqırdığını bilmişdir. Rəşadın arxada üzü üstə yerdə uzandığını və üzərində qan ləkələri olduğunu görmüşdür. Rəşada kim tərəfindən xəsarət yetirildiyini görməsə də, lakin mübahisənin qarşı tərəfi Mürvət olduğundan başa düşmüşdür ki, Rəşada yəqin ki, Mürvət bıçaq atmışdır. Bundan sonra özü də xəsarət alıb halsız vəziyyətdə olduğundan Rəşadın xəstəxanaya çatdırılmasından iştirak etmədən ərazini tez tərk edib taksi ilə yaşadığı evə gəlmişdir. Evdə özünə tibbi yardım göstərmiş, qanaxmanı dayandırmış və üzərinə yod sürtmüşdür, sarğı ilə bağlamışdır. Növbəti gün biraz özünə gəldikdən sonra X22 getmək qərarına gəlmiş və xx.xx.2023-cü il tarixdə həmin bölməyə gedərək təslim olmuşdur. Sonra öyrənmişdir ki, mübahisə zamanı Rəşad aldığı xəsarətdən ölmüş, Seymur da həmçinin xəsarət almışdır. Şahid2 ifadəsində Abşeron rayonu, Saray qəsəbə sakini Təqsirləndirilən şəxs ilə onun arasında əvvəllər dava-dalaş və mübahisə olmadığını, sadəcə salam-sağolları olduğunu bildirmişdir. Mürvətin yanında yalnız 1 nəfər Saray qəsəbə sakini görmüş, lakin adını bilməmişdir. Ümumiyyətlə, ətrafda adam çox olduğundan dəqiq deyə bilməmişdir ki, həmin adamlardan hansı adam Mürvətin yaxını olmuşdur, yaxud sonuncunun tərəfində olan şəxs olmuşdur. Mübahisə zamanı aralarında söyüş olmamışdır. Mübahisənin yaranmasının ilk məqamı mərhum Rəşadın içkili vəziyyətdə Mürvətə “Sən məni tanıyırsan?” sualını verməsi, Mürvətin isə “Tanımıram” deyib ardınca “Mən Arazla danışıram, sənlə yox” ifadəsini işlətməsi olmuşdur. Mürvətlə birgə kənara çəkilib söhbət etmiş, lakin bu söhbət adi formada olmuş və mübahisə ilə nəticələnməmişdir. Yəni Mürvəti hər hansı məsələni aydınlaşdırmaq üçün “söhbət”ə çağırmamışdır. Seymurun öz ifadəsində dediklərinə gəldikdə isə, yəni sonuncunun o və Mürvətin yanına gələrək Mürvətin sinəsinə vuraraq “Sən Abdullaya tay ola bilməzsən” deməsini xatırlamamış, belə söz eşitməmişdir. Abdulla ilə bağlı söhbəti Rəşad açmış və X16 barəsində soruşmuşdur. Şahid3 ifadəsində göstərdiyi, yəni ilk xəsarəti onun Təqsirləndirilən şəxs üzərində olan açılıb-qatlanan bıçaqla sonuncunun sinə nahiyəsindən yetirməsi tam yalan olduğunu bildirmişdir. Onun üzərində hadisə zamanı açılıb-qatlanan bıçaq deyil, tiyə formalı dəmir predmet olmuşdur. İlk xəsarəti o, Təqsirləndirilən şəxs yox, sonuncu ona yetirmişdir. Təqsirləndirilən şəxs sonuncunun ona xəsarət yetirməsindən sonra həmin dəmir predmetlə kəsiklər atmışdır. Seymurun Mürvətə, yaxud Mürvətin Seymura xəsarətlər yetirməsini görməmişdir. Onun mübahisə zamanı Təqsirləndirilən şəxs üzərindəki tiyə formalı dəmir predmetlə kəsiklər atıb xəsarət yetirməkdə məqsədi özünü müdafiə etmək olmuş, çünki ara qarışmışdır. Məqsədi Mürvəti öldürmək olmamışdır. Hadisə zamanı sol qolundan bıçaq xəsarəti almış və bu xəsarəti mübahisə zamanı Mürvət ona yetirmişdir. O, toyda təxminən 200 qram həcmində spirtli içki araq qəbul etmişdir. Lakin ümumiyyətlə, narkotik vasitə, psixotrop maddə istifadəçisi deyildir. Hadisə zamanı onun üzərində tünd göy rəngli cins şalvar, habelə qara uzunqol düyməli köynək olmuşdur. Həmin paltarları evə gəldikdən sonra üzəri də qan olduğu üçün kəsib çöldə zibilliyə atmışdır. Hadisə zamanı istifadə etdiyi həmin dəmir predmeti də hadisədən dərhal sonra zibilliyə atmışdır. Saxlanılan zaman və ya polis bölməsində olarkən Abşeron RPİ polis əməkdaşları tərəfindən döyülməmiş, yaxud hər hansı formada fiziki və psixi zor tətbiq edilməsinə məruz qalmamışdır. Törətdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli 2154 nömrəli rəyindən görünür ki, Şahid2 almış olduğu xəsarət – sol bazunun cərrahi tikişə ehtiyacı olan kəsilmiş yarası iti kənara malik kəisic-deşici əşyanın (alətin) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin götsərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli 2155 nömrəli rəyindən görünür ki, Şahid1 almış olduğu xəsarətlər – döş qəfəsinin daxilə nüfuz etməyən bir ədəd kəsilmişdeşilmiş yarası, eləcə də sağ əlin bir ədəd kəsilmiş yarası iti kəsici-deşici xarakterə malik əşyanın (alətin) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs(lər) tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə həm ayrı-ayırlıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan saölamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Məhkəmə tibb ekspertinin xx.xx.2023-cü il tarixli 2199 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər – döş qəfəsinin sağ yarısının döş boşluğuna sirayət edərək plevranı zədələyən və sol tərəfli pnevmotoraksa səbəb olmuş bir ədəd və döş boşluğuna sirayət etməyən bir ədəd kəsilmiş-deşilmiş yaraları, eləcə də sağ bazunun bir ədəd kəsilmiş yarası iti kəsici-deşici xarakterə malik əşyanın (alətin) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs (lər) tərəfindən bıçaqla vurulma nəticəsində yarana bilərdilər. Qeyd olunan xəsarətlərdən: döş qəfəsinin sağ yarısının döş boşluğuna sirayət edərək plevranı zədələyən və sol tərəfli pnevmotoraksa səbəb olmuş bir ədəd kəsilmişdeşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir; döş qəfəsinin sağ yarısının daxilə keçməyən bir ədəd kəsilmiş-deşilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir; sağ bazunun səthi kəsilmiş yarası sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli 143 nömrəli rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər – döş qəfəsinin ön səthinin sol iç hissəsinin döş boşluğuna nüfuz edən, ürək kisəsini, ürəyi və sol ağciyəri zədələyən, üəryin tamponadasına, daxili və xarici qanitirməyə səbəb olmuş bir ədəd kəsilmiş-deşilmiş yarası və sol əlin kəsilmiş yarası kəsici-deşici xarakterə malik əşyanın(alətin) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlərdən: döş qəfəsinin ön səthinin sol iç hissəsinin döş boşluğuna nüfuz edən, ürək kisəsini, ürəyi və sol ağciyəri zədələyən, daxili və xarici qanitirməyə səbəb olmuş bir ədəd kəsimiş-deşilmiş yarası kəsici-deşici əşyanın (alətin) bir zərbəsi nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyəyə ölümündən az əvvəl kəsici-deşici əşya (alət) ilə, ola bilsin bıçaqla vurulma zamanı əmələ gələ bilərdi, həyati xüsusiyyətlərə malik olmaqla ölümlə bilavasitə səbəbli əlaqəsi vardır və dərəcəsinə görə həyat üçün təhlükəli olan AĞİR zərərvurmanın əlamətlərinə malikdir. Sol əlin kəsilmiş yarası kəsici-deşici xarakterə malik əşyanın (alətin) təsirindən mərhumun ölümündən az əvvəl törənmişdir, həyati xüsusiyyətlərə malik olmaqla ölümlə səbəbli əlaqəsi yoxdur və YÜNGÜL zərərvumanın əlamətlərinə malikdir. X2 ölümünə səbəb – ürək kisəsinin, ürəyin sol mədəciyinin və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol iç hissəsinin döş boşluğuna nüfuz edənkəsilmiş-deşilmiş yarası inkişaf etmiş kəskin daxili və xarici qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhumun ölümü onun meyitxanadakı müayinəsindən (xx.xx.2023-cü il saat 10:30) 12-16 saat əvvəl baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 1,3%-dir və bu da cədvəl üzrə YÜNGÜL dərəcəli sərxoşluğa aid edilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiain, pirazalon, 1, 4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 829/2023-MTBŞ saylı rəyindən görünür ki, X8 ABO sistemi üzrə qan qrupu – Abeta(H)/İİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – Oalfabeta(İ), Şahid1 ABO sistemi üzrə qan qrupu – Balfa/İİİ/, Şahid2 ABO sistemi üzrə qan qrupu – Balfa/İİİ/ (portallarından çıxarışın kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş hadiəs yerindən götürülmüş 01 ədəd bıçaq, 03 ədəd çubuqlu tampon, Şahid1 məxsus alt mayka, köynək, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, jilet, R.Əbilova məxsus şalvar, alt mayka, və köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda R.Əbilova məxsus şalvar, alt mayka və köynək və 3 saylı çubuqlu tampob üzərindəki ləkələrdə “A” və “H” antigenləri, alt mayka və köynək üzərindəki ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X12 məxsus ola bilər. Hadisə yerindən götürülmüş bıçaq, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, jilet üzərindəki ləkələrdə “H” antigeni, köynək üzərindəki ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfa, beta /İ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. 1,2 saylı çubuqlu tampon, Şahid1 məxsus alt mayka və köynək üzərindəki ləkələrdə isə “B” və “H” antigenləri, alt mayka üzərindəki ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Balfa (H)/İİİ/ qruplu şəxsə, o cümlədən Şahid1 və ya Şahid2 məxsus ola bilər, əgər onların qanında müşayiətçi H antigeni varsa. Qanın qarışıq olduğu halında isə ləkələrdə Oalfa,beta(İ) qruplu Təqsirləndirilən şəxs da qarışmış qanının olması mümkündür. Tədqiqata təqdim olunan R.Əbilova məxsus trusik üzərində qana şübhəli ləkələr, Şahid1 təqdim etdiyi bıçaq üzərində isə qan aşkar olunmadı. Məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 613/2023-MTKŞ saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş X12 məxsus köynək və maykanın ön hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişdir. Köynək və maykada aşkar olunmuş deşilmiş-kəsiş zədənin eskpertizaya təqdim edilmiş 1 №-li bıçağın tiyəsinə oxşar konstruktiv xüsusiyyətlərə malik bıçaqların tiyəsinin təsirindən törənə bilərdi. R.F.Əbilova məxsus şalvar və tuman üzərində hər hansı bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus köynək və maykanın ön hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və qabırğaları nahamar olan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişdir. Köynək və maykada aşkar olunmuş. Deşilmiş-kəsilmiş zədənin eskpertizaya təqdim edilmiş 2 №-li bıçağın tiyəsinə oxşar konstruktiv xüsusiyyətlə malik bıçaqların tiyəsinin təsirindən törənə bilərdi. Şahid1 məxsus köynəyin sağ qolunun arxa hissəsində 2 ədəd düymənin öz müvafiq yerində olmaması və cırılmış zədə aşkar edildi. Bu zədə və düymələrin olmaması köynəyin müvafiq nahiyəsinə fiziki güc tətbiq edərək gərilib-dartılma nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin ön sağ yarımhissəsində 01 (bir) ədəd, sağ qolun arxa hissəsində 05(beş) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və qabırğalara nahamar olan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gəlmişlər. Köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin eskpertizaya təqdim edilmiş 2 №-li bıçağın tiyəsinə oxşar konstruktiv xüsusiyyətlərə malik bıçaqların tiyəsinin təsirindən törənə bilərdi. Təqsirləndirilən şəxs köynəyinin ön hisssəsində cırılmış zədə aşkar edildi. Bu zədə köynəyin müvafiq nahiyəsinə fiziki güc tətbiq edərək gərilib-dartılma nəticəsində əmələ gəlmişdir. Təqsirləndirilən şəxs məxsus şalvar və gödəkçə üzərində hər hansı bir zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Təqdim olunmuş bıçaqların üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1078 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqətti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçillik, həssaslıq, emosionallıq kimi fərdi-psixi xüsuiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli intellektual imkanları norma daxilindədir. Təqsirləndirilən şəxs cinayət hadisədi baş verən zaman fizioloji affekt vəziyyətində olmuşdur. Belə ki, yaranmış situasiya onun üçün affektogen olmaqla, qıcıqlandırıcıya qarşı yüksək həssaslıq yaratmış, reaksiyası dərinləşmiş, qısa müddət ərzində güclü emosional yaşantı “affektiv partlayış”la nəticələnmişdir. Həmin vaxt davranışı impulsiv olmuş, situasiyanı adekvat qavrayıb, şəraiti obyektiv qiymətləndirə bilməmiş, stress faktorun güclü təsiri nəticəsində qəflətən baş vermiş güclü həyəcan vəziyyətində - fizioloji affekt halında olmuşdur. Təkrar məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1276 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində səmimilik, emosionallıq, həssaslıq müəyyən edilir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik müşahidə olunmadı. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı psixi-emosional durumunda stress amilinin təsiri nəticəsində həyəcan, gərginlik əmələ gəlmiş, həssaslıq səviyyəsi yüksəlmiş, davranışı üzərində iradi nəzarəti zəifləmiş, qəflətən baş vermiş güclü həyəcan vəziyyətində - fizioloji affekt halında olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələblərdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. X17 isə əvvəllər Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 03 il, 04 ay, 01 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 02 il sınaq müddəti ilə şərti məhkum edilmişdir. Yenə Abşeron rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il, 04 ay, 11 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X13 arasında xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlanmış, bu nikahdan xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X15 doğulmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarını iştirakı olmadan davam etdirilməsini və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli cinayət işinə əlavə edilmiş hadisə yerinə və meyitə baxış protokolları, özünün təqsirləndirilən şəxs qismində istintaqa verdiyi etirafedici ifadələri, şahid ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2154 nömrəli, xx.xx.2023-cü il tarixli 2155 nömrəli, xx.xx.2023-cü il tarixli 2199 nömrəli, xx.xx.2023-cü il tarixli 143 nömrəli, məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 829/2023-MTBŞ saylı, məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 613/2023-MTKŞ saylı, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1078 saylı, təkrar məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1276 saylı rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi və himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən, tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1 maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, iş və yaşayış yerlərini nəzərə alaraq Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəyə minənədək bu qətimkan tədbiri qüvvədə saxlanmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus qara rəngli, bel kəmər hissəsində “ZAROREO” sözü yazılmış şalvar, qara rəngli, iç etiketində “Nina Messi” sözləri yazılmış köynək, qara rəngli, qabağında üç ədəd düyməsi olan, iç etiketində “KARAKUL” sözü yazılmış jilet; Şahid1 məxsus qara rəngli, iç etiketində “Massiomo Dutti” sözləri yazılmış köynək, iç etiketində “Berrak” sözü yazılmış ağ rəngli mayka; X12 məxsus tünd göy rəngli, belində kəməri olan, iç etiketində “MAYBACH” sözü yazılmış şalvar, qara rəngli, iç etiketində “Berrak” sözü yazılmış mayka, qara rəngli, iç etiketində “PORT” sözü yazılmış köynək və qara rəngli alt paltarı (trusik); hadisə yerindən pambıq tampon vasitəsi ilə götürülmüş 03 ədəd nümunə; 02 ədəd bıçaq hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 122.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 01 (bir) il 02 (iki) ay 19 (on doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablamaqla, 02 (iki) il 05 (beş) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, üzərində qəti olaraq 04 (dörd) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, iş və yaşayış yerlərini nəzərə alaraq Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus qara rəngli, bel kəmər hissəsində “ZAROREO” sözü yazılmış şalvar, qara rəngli, iç etiketində “Nina Messi” sözləri yazılmış köynək, qara rəngli, qabağında üç ədəd düyməsi olan, iç etiketində “KARAKUL” sözü yazılmış jilet; Şahid1 məxsus qara rəngli, iç etiketində “Massiomo Dutti” sözləri yazılmış köynək, iç etiketində “Berrak” sözü yazılmış ağ rəngli mayka; X12 məxsus tünd göy rəngli, belində kəməri olan, iç etiketində “MAYBACH” sözü yazılmış şalvar, qara rəngli, iç etiketində “Berrak” sözü yazılmış mayka, qara rəngli, iç etiketində “PORT” sözü yazılmış köynək və qara rəngli alt paltarı (trusik); hadisə yerindən pambıq tampon vasitəsi ilə götürülmüş 03 ədəd nümunə; 02 ədəd bıçaq hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Prokurorluğuna və Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-812/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-812/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver