Məhkəmə qərarları › İş №1(012)-813/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-813/2024

25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-813/2024 25.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1995-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Resublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün xeyli miqdarda 20 manat müqabilində bir ədəd şəffaf selofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 0,488 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Saray qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 17 aprel 2024-cü il tarixdə, saat 20:00 radələrində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində “Saray Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında saxlanılaraq, Saray polis bölməsinin inzibati binasına gətirilmiş və həmin gün saat 20:45dən saat 20:53-ə kimi orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan yan cibindən həmin bir ədəd şəffaf selofan bükümdə, çəkisi 0,488 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə əvvəlki məhkəmə prosesində özünü təqsili bilsə də, sonradan özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. Lakin saxlanıldığı gün onun üzərində narkotik vasitə və ya digər qanunsuz əşya və ya predmet olmamışdır. Belə ki, ittiham aktında onun 17 aprel 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində “Saray Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında saxlanıldığı qeyd olunsa da, hadisə ittiham aktında qeyd edildiyi kimi baş verməmişdir. Belə ki, dəqiq xatırlamadığı tarixdə, təxminən axşam saatlarında o, müvəqqəti yaşadığı Kristal Abşeron yaşayış kompleksində evdə olarkən polis əməkdaşları onun yaşadığı evə daxil olaraq, Sumqayıtda hansısa oğurluq hadisəsi ilə əlaqdar kimisə axtardıqlarını bildirmişdirlər. Polis əməkdaşları onun şəxsiyyətini müəyyən etdikdən sonra əvvəllər dəfələrlə məhkumluğunun olmasını görüb ona onlarla bölməyə getməli olduğunu bildirmişlər. O, bölməyə gəlmiş və orada olarkən polis əməkdaşları masanın üzərinə içərisində narkotik olan büküm qoymuş və boynuna almağı ona təkid etmişlər. O isə bunu qəbul etmədikdə, ona daha ağır maddə ilə ittiham irəli sürəcəklərini dediklərinə görə məcbur qalaraq, polis əməkdaşları ilə razılaşaraq, ona deyilənləri boynuna almalı olmuşdur. Hətta narkotik maddənin çəkisinin çox olmasından qorxduğu üçün tələb etmişdir ki, həmin maddə qablaşdırılmamışdan öncə çəkisi müəyyən edilsin. Verilən suallara cavabında bildirdi ki, nə saxlanılan vaxt, nə də idarədə ona qarşı fiziki zor tətbiq edilməmiş, lakin ona bildirilmişdir ki, deyilənləri etməsə, ona verilmiş narkotik vasitənin özünə aid olduğunu bildirməsə daha ciddi əməllərlə ittiham ediləcəkdir. Vəkilinə bu barədə məlumat verməmiş, narkotik vasitənin miqdarını az olduğuna güman etmişdir ki, yüngül cəza ilə məsələ həll olar. Ona görə də istəməmişdir ki, polis əməkdaşları ilə arasında problemi olsun. Narkotik vasitənin ona kim tərəfindən verildiyini və kimin onu etirafa məcbur etdiyini xatırlamadığını bildirdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini iş materialları və digər sübutlarla müqaisəli tədqiq edərək hesab edir ki, onun özünü təqsirli bilməyərək, ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, baş vermiş hadisəyədək Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, o, 17 aprel 2024-cü il tarixdə, təxminən axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində narkotik vasitə qəbulu ilə məşğul olması, hazırda Saray qəsəbəsində “Saray Petrol” yanacaq doldurma məntəqəsinin yanında olması və üzərində narkotik vasitə olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Saray polis bölməsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra digər əməkdaş Şahid2 ilə birlikdə Saray qəsəbəsinə “Saray Petrol” yanacaq doldurma məntəqəsinin yanına getmiş və orada yolun kənarında gözləyən şəxsə yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını və üzərində narkotik vasitə olması barədə məlumatlarının olduğunu bildirib, polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə bölməyə gəlmiş və oradakı xidməti otaqlardan birində ona videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirərək, ilk öncə hüquq və vəzifələri izah edilmiş, daha sonra üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki cins şalvarın yan cibindən 01 ədəd şəffaf selofan bükümdə kütləni təqdim edərək, həmin kütlənin narkotik vasitə hesab edilən heroin olmasını, özü istifadə etmək üçün Sumqayıt şəhər, Corat qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alıb özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da protokolda yazılanların doğru olduğunu imzasıyla təsdiq etmişdir. Bundan əlavə Şahid1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron RPİ-nin Saray CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 digər şahid Abşeron RPİ-nin Saray CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

2. “Şübhəli şəxsin tutulması haqqında” 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:15 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 17 aprel 2024-cü il tarixdən, saat 18:30-dan hesablanmışdır;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 18 aprel 2024-cü il tarixli, 3-16-16-2-6/2088 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 246”-li dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza” ad, soyad və imzalar qeyd edilmiş 01 ədəd zərfdəki oğlunun üzərindən götürülmüş (imza) Cavadov Rəvan”... yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,488 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,488 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,438 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir;

4. “Cinayət işinin başlanması haqqında” 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla icraata qəbul edilmişdir;

5. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

6. Abşeron rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 4(012)-344/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;

7. “Cinayət işi üzrə maddi sübut qismində tanınma” haqqında 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarlş keçirilərkən götürülmüş və ekspertizadan sonra 1 ədəd kağız zərfdə qablaşdırılmış ümumi təmiz çəkisi 0,438 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir;

8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 haqqında 06 may 2024-cü il tarixli, 2992 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 may 2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 dekabr 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 iyul 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, bundan sonra Hacıqabul rayon Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 7(002)-242/2017 saylı, qərarı ilə cəzadan şərti olaraq 06 (altı) ay 01 (bir) gün vaxtından əvvəl azad edilmiş, 26 yanvar 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra yenidən cinayət əməli törətmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş cəza 30 avqust 2019-cu il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarı ilə 04 il 06 ay müddətə endirilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar cəzadan azad olunmuşdur. Son olaraq Yevlax rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 7(007)-1133/2023 saylı, qərarı ilə cəzadan şərti olaraq 28 (iyirmi səkkiz) gün vaxtından əvvəl azad edilmişdir.

10. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 22 may 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,438 qram qalmış narkotik vasitə olan heroinin maddi sübut qismində tanınaraq saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən çəkilmiş 01 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilməsinin nəzərə alınması, Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videoçəkiliş görüntüləri olan bir ədəd ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı disk iş üzrə maddi sübut qismində tanınmaqla cinayət işinə əlavə edilmiş və iş üzrə məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizalarının rəyi sübut kimi qiymətləndirilmişdir.

Şəxsi axtarış və götürmə aparılması barədə 17 aprel 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdə, sonuncu əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində 01 (bir) ədəd sellofan bükümü təqdim edərək, həmin bükümün içərisində olan kütlənin narkotik vasitə-kakos olmasını, həmin narkotik vasitəni 17 aprel 2024-cü il tarixdə, təxminən saat 17 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata alaraq üzərində gəzdirməsini bildirmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda sonradan özünü təqsirli bilməməsinə dair ifadəsini digər sübutlarla müqaisə edərək hesab edir ki, onun ifadəsi inandırıcı olmamaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçinin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişlə həyata keçirilməsi, vəkillə konfidensial görüşünün təmin edilməsi, həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılan zaman məhkəmədə özünü təqsirli bilməsi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı onun vəkillə konfidensial görüşündə və ya müvafiq orqanlara şikayətlə müraciət etməmişdir. Həmçinin o, məhkəmədə verdiyi ifadəsində qeyd etmişdir ki, narkotik maddənin çəkisinin müəyyən edilməsini tələb etmişdir, belə şəraitdə onun həmin narkotik vasitənin opna məxsus olmaması barədə vəkilinə daha sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, va məhkəmə nəzarəti qaydasında işə baxan hakimə məlumat verməsi üçün real imkanı olmuşdur. Əksinə videogörüntüdən də müəyyən edilir ki, o, könüllü olaraq cibində saxladığı bükümü çıxarıb təqdim etmişdir. Narkotik vasitənin ona məxsus olmasını şübhə alıtına alan hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilmədiyindən onun məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs sonuncu dəfə Yexlax rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 7(007)-1133/2023 saylı, qərarı ilə cəzadan şərti olaraq 28 (iyirmi səkkiz) gün vaxtından əvvəl azad edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2017-ci il tarixli hökmü qəbul edilən zaman ağır cinayət olsa da, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilməklə, əməl az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Təqsirləndirlən şəxsin həmin hökm üzrə yaranmış məhkumluğundan 02 il müddətin keçməsi 17 aprel 2024-cü il tarixdə törədilmiş əməl zamanı həmin hökmün nəzərə alınmasını istisna edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlin törədərkən məhkumluğun ödənilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddət keçmədən yəni, 17 aprel 2024-cü il tarixdə yenidən qəsdən cinayət törətmişdir. Beləliklə Təqsirləndirilən şəxs hazırki cinayəti törədərkən məhkumluğu ödənilməmişdir, bu hal isə öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən əvvəllər də azadlıqdan məhrum etmə cəzasına məhkum olunub bundan nəticə çıxarmayaraq yenidən qəsdən cinayət törətməsini, əməldə cinayətlərin residivi olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 17 aprel 2024-cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 ekspert komissiyasının 06 may 2024-cü il tarixli, 2992 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış – 0,438 qram narkotik vasoitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 0,438 qram narkotik vasoitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar