Məhkəmə qərarları › İş №1(012)-816/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-816/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-816/2025 10.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Pirməmmədzadə Vüsal Əliş oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq 10 manat müqabilində xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixiotrop maddələrin siyahısı»na (Siyahı1) daxil edilmiş, bir ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,622 qram olan kustar üsulla hazırlanmış psixiotrop maddə metamfetamini əldə edib Abşeron rayonu, Qobu qəsəbəsi, Bəhruz Əhmədov küçəsinə daşımış və üzərində saxlamış, 04 fevral 2025ci il tarixdə Abşeron rayonu Qobu polis bölməsinin əməkdaşları tərəfindən Qobu qəsəbəsi, Bəhruz Əhmədov küçəsində piyada hərəkət edən zaman saxlanılaraq orada həmin gün saat 22:30-dan 22:40-a kimi üzəri yoxlanılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən həmin 0,622 qram çəkidə psixiotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Abşeron rayonu Qobu qəsəbəsi, Bəhruz Əhmədov küçəsində olduğu zaman ona polis əməkdaşları yaxınlaşıb, özlərini təqdim edib onu saxlamış və daha sonradan saxlanma səbəbini izah edərək ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub olmaması soruşulmuş, bundan sonra o, üzərində metamfetamin (patı) adlanan maddənin olduğunu bildirib, könüllü olaraq qara rəngli cins şalvarının sağ yan cibindən içərisində metamfetamin (patı) olan sellofan bükülünü təqdim etmiş, əlavə olaraq polis əməkdaşları üzərinə yəni əynindəki paltarlara və ayaqqabılarına baxış keçirmiş və üzərindən hər hansı digər qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, polis əməkdaşları videoçəkilişlə onun təqdim etdiyi metamfetamin (patı) adlanan maddəyə baxış keçirib, həmin maddəni ağ zərfdə qablaşdırıb, möhürləmiş, həmin zərfin üzəri imzalarla təsdiq olunmuş, sonradan polis əməkdaşları üzərindən aşkar olunmuş maddənin haradan əldə etdiyini soruşmuş, həmin zaman o, patı adlanan maddəni Binəqədi rayonu, Biləcəri qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manata alıb, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, bundan sonra polis əməkdaşları onu Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Sonda törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, himayəsində 02 azyaşlı uşağının olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamış, xx.xx.2025-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, “İsmayıl” adlı şəxs Abşeron rayonu, ərazisində narkotik maddələrdən və psixotrop maddələrdən istifadə edir və satışı ilə məşğul olur, daxil olmuş əməliyyat məlumatı bölmənin rəhbərliyinə raportla məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və “İsmayıl” adlı şəxsin cinayət əməlini ifşa etmək məqsədi ilə üç nəfər polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra xx.xx.2025-ci il tarxidə saat 22:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi Bəhruz Əhmədov küçəsində bir nəfər xarici görünüşcə “İsmayıl” adlı şəxsə oxşar şəxsin hərəkət etdiyini görüb, həmin şəxsə yaxınlaşmış, həmin şəxsə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, həmin şəxsin də özünü təqdim etməyini xahiş etmiş, bundan sonra həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmiş və bundan sonra həmin şəxsin üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığı soruşulmuş və olduğu halda həmin əşyanı könüllü olaraq təqdim etmək təklif olunmuş, bundan sonra həmin şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü təqdim edərək, həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, və həmin psixotrop maddəni özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin psixotrop maddəni saxlanılmamışdan əvvəl Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata əldə edib, üzərində saxladığını bildirmiş, daha sonra onun üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı ondan hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş büküm zərfə qoyularaq qablaşıdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunub, möhürlənmiş, həmin büküm isə ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində yoxlama aparılan zaman, Qobu PB-nə dəvət olunduqda və PB-də olduğu müddətdə ona qarşı heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili Şahid2 və Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, Şahid1 digər Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 05 fevral 2025-ci il tarixdə, saat 01:30 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2025-ci il tarixli 6/503 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ”yazıları olan bir ədəd zərfin içərisində 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,622 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixiotrop maddə- metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi – 0,622 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,572 qramdır. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir; - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, Seymur Məmmədovun 06 fevral 2025-ci il tarixli vəsatəti təmin edilməmişdir. - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi barədə” 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, qalıq çəkisi – 0,572 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 aprel 2025-ci il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X2 haqqında 19 mart 2025-ci il tarixli, 1702 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardər. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “Sübutların qiymətləndirilməsi” haqqında 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, həmin protokola əlavə edilmiş 02 ədəd DVD formatlı kompakt disk və ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. - “AzeMis” elektron informasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatları”-na dair göndərilmiş sorğudan müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı övladları vardır. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 04 fevral 2025-ci il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdə saat 22:30 dəqiqədə ünvan 2 ünvanında saxlanılmışdır. Üstünün yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri verməsi təklif edildi. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş və psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz üzərindən aşkar edilmiş psixotrop maddəni Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində almışdır. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan bir ədəd ağ rəngli zərfə və video görüntüyə baxış keçirildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edildi. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürləndi. Daha sonra əməliyyat tədbiri zamanı çəkilmiş video görüntüyə mobil telefon vasitəsilə baxış keçirildi. Görüntülərdə təhqiqata təqdim olunan metamfetaminə bənzər kütlənin Təqsirləndirilən şəxs aşkar olunması öz əksini tapmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metafetamin əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, həmçinin məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş hər iki DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edildi. Eyni zamanda Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, özünü təqsirli bilməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və 4 gün müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X2 haqqında 19 mart 2025-ci il tarixli, 1702 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,572 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 10 saatının hər iş saatının 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 110 manat məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla, cəmi 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qanuni qüvvəsini alan vaxtadək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Abşeron RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından qalan ümumi çəkisi 0,572 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İşdə olan 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 10 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 110 (bir yüz on) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar