Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-818/2025 14.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 5 oktyabr 1983-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” Yaşayış Kompleksi, bina 21, mənzil 90 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yekun Protokola əsasən Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il saat 21 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 21, mənzil 90 ünvanında ona növbəti dəfə evə sərxoş vəziyyətdə gəlməsinə görə irad bildirən arvadı Zərərçəkmiş şəxs əsəbiləşdikdə həmin səbəbdən ailə daxili münasibətlər zəmnində aralarında yaranmış narazılıq üstündə mübahisə baş verərkən həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib əl, yumruq zərbələri ilə qəsdən sonuncunun sifət, baş, çiyin, qol və bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsinin bazu oynağını əhatə edən geniş sahəli şişkinlik halında qançırı bazu oynağında hərəkət məhdudluğu ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəmə baxışı iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə ilkin olaraq təqsirli olmadığını bildirməklə, istintaqda verdiyi ifdəsini təsdiq etdiyini qeyd edərək, məhkəmə iclasında elan olunmasını xahiş etdi. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilmiş, ibtidai araşdırma dövründə verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə 2010-cu ildə ailə həyatı qurmuş, birgə nigahdan iki övladı vardır. 03 aprel 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evə sərxoş vəziyyətdə gəldiyi üçün arvadı Durna ona sözlə irad bildirmiş, bu səbəbdən aralarında mübahisələri yaranmışdır. Mübahisə zamanı əsəbiləşərək, Durnanın üzərinə getmiş və yumruqla sifətinə, başına, qollarına bir neçə dəfə zərbə vuraraq xəsarət yetirmişdir. Baş vermiş mübahisə 2-3 dəqiqə davam etməklə, həmin vaxt evdə kənar şəxsin olmamış və mübahisəyə ətrafdan kimsə şahid olmamışdır. Bundan əlavə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq özünü təqsirli bilməmək məsələsinə aydınlıq gətirərək qeyd etdi ki, həqiqətən Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı, o, sonuncuya müxtəlif xəsarətlər yetirmişdir və ilkin ifadəsində bildirdikləri doğrudur. Lakin o, bunu qəsdən etməmişdir, içkili olduğu zaman ona bildirilən iradlar onda əsəb yaratmış, özünü idarə edə bilmədiyi üçün bu hallar baş vermişdir. Ona görə də özünü təqsirli bilmir. Əməlindən peşman olmasını, dəfələrlə zərərçəkmiş şəxslə barışmaq üçün cəhd etsə də barışığa nail ola bilmədiyini bildirməklə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şikayət vermiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Anarla 2010-cu ildə ailə həyatı qurmuş, birgə nigahdan iki övladı var. 03 aprel 2024-cü il tarixdə, saat 21 radələrində evdə olarkən həyat yoldaşı Anar spirtli içki qəbul edib sərxoş vəziyyətdə evə gəldikdən sonra ona sözlə irad bildirmiş və bu səbəbdən aralarında mübahisələri yaranmışdır. Mübahisə zamanı Anar onun üzərinə gələrək yumruqla sifətinə, başına, çiyninə, qollarına və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq xəsarət yetirmişdir. Bundan sonra o Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə gəlib bu barədə şikayət ərizəsi yazmışdır. Baş vermiş mübahisənin 2-3 dəqiqə davam etdiyini, həmin vaxt evdə kənar şəxsin olmadığını və mübahisəni kənar şəxsin görmədiyini bildirmişdir. Sonda əlavə olaraq, Təqsirləndirilən şəxs əvvəllər də bu cür hərəkətlərə yol verdiyini, nəticə çıxarmağa söz versə də, dəyişmədiyini, yenə də, davamlı olaraq spirtli içkilər qəbul etdiyini bildirərək, övladlarına görə şikayətçi olmadığını, lakin barışmadığını da, bildirməklə ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:
1. “Məhkəməyədək sadələşdirilmiş icraat açılması və icraata qəbul edilməsi barədə” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmış və araşdırılma aparılması üçün icraata qəbul olunmuşdur;
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 canlı şəxsin ekspertizasının 14 aprel 2025-ci il tarixli, 739 saylı ekspert rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər–sağ çiyin nahiyəsinin bazu oynağını əhatə edən geniş sahəli şişkinlik halında qançırı bazu oynağında hərəkət məhdudluluğu ilə küt əşya (əşyaların) təsirindən törənmişdir, həmin xəsarətlərin qərarda göstərilən şəraitdə, yəni 03 aprel 2025-ci il tarixdə insan bədəninin hissələrinin (əl, yumruq, ayaq və sair) əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir;
3. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur;
5. Sübutların qiymətləndirilməsi” haqqında 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs qəsdən yüngül xəsarət yetirməsi ilə bağlı məhkəməyədək sadələşdirilmiş icraat işi qüvvədə saxlanılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə yekun protokol tərtib edilməli, sonuncunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulan cinayət təqibinin başlanması rədd edilmiş, məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanmış dindirmə prtokolları, ekspert rəyi və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü kimi hesab edilmişdir;
6. Abşeron rayon Məhkəməsinin 1(012)-818/2024 saylı, 02 iyun 2025-ci il tarixli qərara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş ehtimal olunan cinayət əməlinin törədədilməsi istinad olunan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir;
7. “Axtarışda olan şəxsin tutulması” haqqında 02 iyul 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 06 iyul 2025-ci il tarixdə saxlanılaraq, məhkəməyə təqdim edilmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ya cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, eləcə də zərərçəkmiş şəxslə barışmaq üçün cəhdlərininin formal olmasını, həmçinin əməlindən peşaman olmasını bildirməsinə baxmayaraq əməlinə tənqidi yanaşmamasını, baş vermiş hadisədə özünə haqq qazandırmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 20:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” Yaşayış Kompleksi, bina 21, mənzil 90 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək barədə əlavə vəzifə qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 165 (bir yüz altmış beş) manat məbləğində vəsait müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 20:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” Yaşayış Kompleksi, bina 21, mənzil 90 ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun, üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 15 (on beş) saat hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 165 (bir yüz altmış beş) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov