Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-823/2025 28.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Lənkəran rayonu, Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, milliyətcə azərbaycanlı, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, orta təhsilli, subay, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, xx.xx.2025-ci il tarixdə barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-itifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs bankdan sərfəli şərtlərlə 60000 manat məbləğində kredit almasına köməklik göstərəcəyini bildirərək yalandan vəd verib aldadaraq sonuncudan 2024-cü ilin iyun ayının əvvəlində Bakı şəhəri, Nsəimi rayonu ərazisində “Şamaxinka” deyilən ərazidə Moskva prospekti, 84 saylı binanın qarşısında 1000 manat, 05 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığın ünvanda olarkən “Leobanka” aid olan kartından onun “Respublika Banka” aid kart hesabına göndərdiyi 350 manat, 10 iyun 2024-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar metrostansiyasındakı “milliön” apartından göndərdiyi 2000 manat və 13 iyun 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində yerləşən “Al marketindəki” “Emanat” aparatından göndərdiyi 150 manat, vahid niyyətlə cəmi 3500 manat pulunu alıb ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2024-cü ilin iyun ayında tanımışdır. O, həmin vaxtlar Abşeron rayonu, Masazır kəndində, “Qurtuluş-93” yaşayış massivində kirayədə yaşamışdır. 2024-cü ilin iyun ayının əvvəllərində axşam vaxtı, təxminən saat 20 radələrində tanışı, Xırdalan şəhəri, H. Əliyev prospektində yaşayan Şahid ona zəng edib evinə çağırmış, o, Nərgizin evinə gəlmişdir. Orada Nərgiz onu Zərərçəkmiş şəxs ilə tanış etmiş və bildirmişdir ki, Mətanəta Lənkəran rayon sakini Fail adlı şəxs pul borcludur, onu axtarır, tapa bilmir. Mətanət xahiş etmişdir ki, Faili tapmaqda ona kömək etsin. Mətanət Failin mobil nömrəsini ona vermiş, o, Failə zəng edib onunla danışmış və Mətanətla onu danışdırmışdır. Fail Mətanətın pulunu hissə-hissə ödəyəcəyinə söz vermişdir. Bundan sonra Mətanətla münasibətləri yaranmışdır. 2024-cü ilin iyun ayının əvvəllərində Mətanət onunla telefonda danışarkən, söhbət zamanı demişdir ki, evini kreditlə alıb, lakin kreditini ödəyə bilmir. Mətanət həmin vaxt 8,000 manat kredit almaq istədiyini bildirmişdir. Mətanət qeyd etmişdir ki, həmin evi ipoteka kreditinə salıb ödənişi yüngülləşdirmək istəyir. O, Mətanəta demişdir ki, kredit almaqda tanışı Mingəçevir şəhərindən olan X1 edə bilər, lakin bunun üçün təxminən 3,500 manat pul lazım olacaqdır. Mətanət həmin məbləği verməyə razılaşmışdır. 2024-cü ilin iyun ayında Bakı şəhəri, “Samaxinka” deyilan ərazidə Mətanətla görüşmüş, Mətanət ona öz şəxsiyyət vəsiqəsinin surətini və 1,000 manat pulu orada vermişdir. Pulu alarkən yanlarında başqa şəxslər olmamışdır. Mətanət onun kart hesabına yadda saxlamadığı tarixlərdə əlavə olaraq cəmi 2,500 manat pul göndərmişdir. Matanətin kredit almasında kömək edə bilməmiş, ona görə də Mətanətın ona sərfəli şərtlərlə kredit götürməsinə kömək etməsi üçün verdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs İlkin Mammadov izahat və ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs aldığı 3,500 manat pulun 3,400 manatını sonuncuya sərfəli şərtlərlə kredit almasında kömək edəcəyini vəd etmiş tanışı X3 vermişdir. Yusif Yusifov vədinə əməl etmədiyi üçün onu aldadığını bildirmiş, bu barədə Sumqayıt şəhər Polis İdarəsinə və Mingəçevir şəhər Polis Şöbəsinə şikayət etmişdir. Lakin həmin xüsusat istintaq sənədləri ilə təsdiq olunmadığı üçün İlkin Mammadov əlavə dindirilmə zamanı göstərmişdir ki, Zərərçəkmiş şəxs qarşı həmin cinayəti tək törətmişdir. Zərərçəkmiş şəxs doğrudan da kredit almasında kömək etmək istəmiş, bu məqsədlə əlverişli şərtlərlə kredit almaqda kömək edə biləcək şəxslər tapmış, həmin şəxslərə pul verərək Zərərçəkmiş şəxs kredit alması məsələsini həll etmək istəmişdir. Bu məqsədlə ondan bir neçə dəfə cəmi 3,500 manat pul almış, lakin sonradan Zərərçəkmiş şəxs işini həll edə bilməmiş və ondan aldığı 3,500 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs aldığı pulu X3 verdiyi barədə özünü müdafiə etmək üçün istintaqa yalan məlumat vermişdir. Banklardan kredit almaqda kömək edə bilən bir nəfər Yusif adlı şəxsin mövcudluğunu eşitmiş, lakin onun soyadını və ata adını bilmirmişdir. Yusifov soyadını və Abdürrahman ata adını özündən yalan məlumat olaraq göstərmişdir. O, Yusif adlı şəxs barəsində nə Sumqayıt şəhər Polis İdarəsinə, nə də Mingəçevir şəhər Polis Şöbəsinə şikayət etməmişdir. Zərərçəkmiş şəxs olan borcunu maddi imkanı olmadığı üçün qaytara bilməmişdir, lakin ondan aldığı 3,500 manat pulu Zərərçəkmiş şəxs tam şəkildə ödəyəcəyini bildirmişdir. Hazırda ziyanlığı tam olaraq ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə onu həyat yoldaşı Nərgiz tanış edib. Belə ki, o, Abşeron rayonu, Saray qəsəbəsində “Jasmin Park” layihəsi əsasında "xxxx" MTK-nin tikdiyi yeni yaşayış binasının 3-cü mərtəbəsində, 3-cü blokda, 25 saylı bir otaqlı mənzili 2022-ci ilin fevral ayında daxili kredit əsasında almış, həmin mənzili almaq üçün ilkin olaraq MTK-ya 6,000 manat ödəmişdir. Mənzilin dəyəri olaraq ayda 675 manat kredit ödəyirmiş. Krediti ödəməkdə çətinlik çəkdiyi üçün banklardan aşağı faizlə kredit götürüb, mənzilin haqqı olaraq MTK-ya olan borcunu ödəmək istəmişdir. Bu məqsədlə ona aşağı faizlə kredit almaqda kömək edə biləcək şəxs axtarmışdır. İşlədiyi "xxxx" MMC-də satış meneceri olaraq şirkətin istehsal etdiyi qabları satmaqla məşğul olarkən müştərisi olan Nərgiz adlı qadınla söhbət zamanı aşağı faizlə kredit götürmək istədiyini demiş, o zaman tanışı İlkin adlı şəxsin belə işlərdə vətəndaşlara kömək edə biləcəyini demişdir. Odur ki, 2024-cü ilin yaz aylarında Nərgiz öz yaşadığı Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən binanın mənzilində onu Təqsirləndirilən şəxsla tanış etmişdir. Nərgizin evində o, İlkinə bildirmişdir ki, “Yasmin Park” yaşayış massivində aldığı mənzilin aylıq kreditini ödəməkdə çətinlik çəkir. Odur ki, aşağı faizlə bankdan kredit alıb borcunu ödəmək istədiyini demiş və bu işdə ona kömək etməsini İlkindən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, bu işdə ona kömək edə biləcək tanışları var. Demişdir ki, onların vasitəsi ilə 4 faizlə kredit ala bilər. Eyni zamanda Təqsirləndirilən şəxs ona demişdir ki, şəxsiyyət vəsiqəsinin surətini 3,500 manat pulla birlikdə ona versin ki, aşağı faizlə kredit düzəltsin. İlkinə bildirmişdir ki, 3,500 manat pulu birlikdə verə bilməz, buna imkanı yoxdur, həmin məbləği hissə-hissə verə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmışdır. 2024-cü ilin iyun ayının əvvəllərində o, Təqsirləndirilən şəxsla Bakı şəhəri, Nəsimi rayonu ərazisində «Şamaxinka» deyilən yerdə, Moskva prospekti, bina 84-ün qarşısında görüşmüşdür. Onun yanında tanımadığı bir nəfər, orta yaşlarında, alçaqboylu, dolu bədənli kişi olmuşdur. Orada o, şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə İlkinə 1,000 manat pul vermişdir. Bir daha əlavə etmişdir ki, qalan pulu da hissəhissə verəcəkdir. Bundan sonra 5 iyun 2024-cü il tarixdə özünə məxsus «Leobanka» aid olan kartdan Təqsirləndirilən şəxs ona göndərdiyi Respublika Banka aid kart nömrəsinə 350 manat pul göndərmişdir. Bundan sonra 10 iyun 2024-cü il tarixdə eyni qaydada İlkinin kart hesabına Bakı şəhəri, “20 Yanvar” metrosunun içərisindəki “MilliÖn” aparatı ilə 2,000 manat pul göndərmişdir. Bundan başqa 13 iyun 2024-cü il tarixdə yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, H. Əliyev prospektində olan «Al” marketdəki “Emanat” terminal aparatından 150 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs söz vermişdir ki, bir ay ərzində onun işini həll edərək ona 60,000 manat 4 faizlə kredit almaqda kömək edəcəkdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs bu günə kimi ona kredit düzəltməmiş və ondan aldığı 3,500 manat pulunu qaytarmamışdır. O, X6 adlı şəxsi tanımamış, onun adını əvvəllər eşitməyib. Təqsirləndirilən şəxs, Yusif Yusifovun ona kömək edəcəyi barədə heç vaxt ona bildirməmişdir. İlkinlə onun arasında Yusif barədə heç bir söhbət olmamışdır. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanlığı tamamilə ödəmişdir, aralarında barışıq əldə olunmuşdur. Təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid ifadəsində bildirmişdir ki, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olsa da, bir neçə ildir ki, ünvan 2 ünvanında kirayədə yaşayır. Təqsirləndirilən şəxs ilə qohumluğu və ədavəti yoxdur, lakin onu həmkəndlisi kimi yaxından tanıyır və onunla səmimi münasibətləri vardır. Zərərçəkmiş şəxs isə təxminən üç ildir ki, tanıyır. Mətanət qab-qacaq və elektron əşyaların səyyar satışı ilə məşğul olduğuna görə ondan dəfələrlə qab-qacaq və elektron əşyalar almışdır. Mətanətdən əşyalar alarkən, o, satdığı əşyaları ünvanlara gətirib vermişdir. Ona da satdığı əşyaları kirayədə yaşadığı mənzildə vermişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla o, tanış etməmişdir. Lakin kirayədə yaşadığı qeyd olunan ünvanda onlar təsadüfən görüşüb tanış olmuşlar. Belə ki, 2024-cü ilin yaz aylarında İlkin onun evində olarkən, Mətanət onun evinə qonaq gəlmişdir. Onlar hər ikisi onun evində olarkən söhbət edərək tanış olmuşlar. Bir neçə aydan sonra İlkin onun evinə qonaq gəldikdə, stolun üzərinə qoyduğu sənədlərin içində Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətini görmüşdür. Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin nə üçün onda olması barədə İlkindən soruşduqda, İlkin bildirmişdir ki, Mətanət ondan bir məsələnin həlli üçün kömək etməsini xahiş edib. İlkindən Mətanətə hansı işin həllinə kömək etməsi barədə soruşduqda, İlkin demişdir ki, işi həll edəndən sonra deyəcəkdir. İlkin onun evindən getdikdən sonra o, Mətanətə zəng etmiş və onun şəxsiyyət vəsiqəsinin kserosurətini İlkinin sənədlərinin arasında gördüyünü demişdir. Mətanət bildirmişdir ki, yaşadığı evi kreditlə almış, krediti ödəyə bilmədiyinə görə mənziltikinti kooperativi ödəmə faizlərini qaldırmışdır. İlkin ona söz vermişdir ki, mənzilin kreditinin faizlərini aşağı saldıracaq və əvvəlki aylarda ödədiyi məbləğdə ödəniş etməklə krediti ödəyəcəkdir. Mətanətdən İlkinə bu işin həlli üçün pul verib-vermədiyi barədə soruşduqda, Mətanət İlkinə 3500 manat pul verdiyini söyləmişdir. O, Mətanətə bildirmişdir ki, İlkinə nahaq pul vermişdir. Bu zaman Mətanət soruşmuşdur ki, İlkin ona verdiyi sözü tutar, yoxsa yox? O, demişdir ki, kişidir, söz veribsə yəqin ki, tutar. Bu zaman Mətanət ağlamağa başlamışdır. O, Mətanəti sakitləşdirmişdir. Sonradan Mətanət ona dəfələrlə zəng edib xahiş etmişdir ki, İlkinə desin, onun telefon zənglərinə cavab versin. O da bu barədə İlkinə dəfələrlə xəbər vermiş və ondan xahiş etmişdir ki, Mətanətin pulunu qaytarsın. Qeyd etdiyi kimi, Mətanət onun evində İlkinlə tanış olmuşdur. Söhbət zamanı X9 rayonundan olduğunu bildikdə, Fail adlı şəxsin ona pul borcu olduğunu, lakin Faili tapa bilmədiyini söyləmiş və Faili tapmaqda ona kömək etməsini xahiş etmişdir. İlkin Mətanətə söz vermişdir ki, Faili tapıb onun borcunu qaytarmasına kömək edəcəkdir. İlkin doğrudan da Faili tapıb, Mətanətlə əlaqələndirmişdir və Fail Mətanətə olan borcunu qaytarmışdır. Bundan sonra Mətanət İlkinə etibar edib, ondan mənzili ilə bağlı kredit məsələsinə kömək etməsini xahiş etmişdir. Kreditlə bağlı İlkinlə Mətanət arasında olan məsələdə onun iştirakı olmamışdır. Yusif Yusifov adlı şəxsi tanımır, onun haqqında heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs, Mətanətdən aldığı pulu Yusif Yusifova verməsi barədə onun yanında heç bir söhbət açmamış və o, bu barədə eşitməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Zərərçəkmiş şəxs kimi tanınmaq barədə” 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “İttiham elan etmək üçün təqsirləndirilən şəxsin tutulmasından ötrü barəsində axtarış elan edilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması ilə əlaqədar” 18 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2025-ci il tarixdə tutularaq aidiyyəti üzrə Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 19 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Mehman Novruzovun 19 mart 2025-ci il tarixli vəsatəti təmin edilməmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206,2, 234.1 və 66.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərar ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur,barışmışdır Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, barəsindəki iş üzrə icraata bəraətverici əsas olmadan xitam verilməsini xahiş etmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, digər istintaq hərəkətləri protokolları sübut növü kimi qiymətləndirilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-823/2025 saylı, 12 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 16 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2025-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalı və o məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə 20 iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-823/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-823/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver