Məhkəmə qərarları › İş №1(012)-824/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-824/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-824/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə Tərcüməçi: Zülfüqarova (Hüseynova) Könül Sabir qızının iştirakı ilə 28 avqust 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixdə saat 00:30 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Dacia Logan” markalı ** KE *** dövlət qeydiyyat nişanlı minik avtomobili Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Narzan” adlı kafenin qarşısında dayandığı yerdən hərəkətə gətirərkən, “X3” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 5-ci hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, yəni nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsinin qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətmək və onun hərəkəti zamanı qapıları açmaq qadağan olduğu, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək, qapıları bağlamadan avtomobili irəliyə doğru hərəkət etdirmiş, nəticədə avtomobildə sərnişin qismində arxa oturacaqda sağda əyləşən Zərərçəkmiş şəxs açıq vəziyyətdə olan arxa sağ qapıdan düşərkən yerə yıxılaraq, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol saidin mil sümüyünün aşağı ucunun qapalı az yerdəyişən sınığı, sol diz oynağı nahiyəsinin qançırı ilə nəticələnən, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq dövründə verdiyi ifadəsini təstiq edərək ifadəsində göstərdi ki, baş vermiş hadisəyədək Zərərçəkmiş şəxs tanımamış, onunla hər hansı münasibəti olmamışdır. Belə ki, o, baş vermiş hadisəyədək "B, C" kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə texniki cəhətdən saz vəziyyətdə olan “Dacia Logan" markalı, ** KE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. O, 24 sentyabr 2024-cü il tarixdə gecə saatlarında idarə etdiyi "Dacia Logan" markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında 3 nəfər sərnişin götürdükdən sonra Abşeron rayonu, Xırdalan şəhəri istiqamətində hərəkət etmiş, oraya çatdıqda sonradan adını bildiyi Zərərçəkmiş şəxs sərnişin qismində avtomobilə minərək, arxa sağ oturacaqda əyləşmişdir. O, sərnişinlərdən birini Abşeron rayonu, Xırdalan şəhəri, “Nazlı Petrol” yanacaq doldurma məntəqəsində, növbəti sərnişini isə “Köhnə Bazar” adlanan ərazidə düşürtmüş, qalan iki nəfər sərnişinin isə “Narzan” kafesinin qarşısında düşəcəyini bildiyi üçün ele həmin yerə çatdıqda saxlamışdır. Avtomobildə arxa sağ oturacaqda əyləşən Zərərçəkmiş şəxs və avtomobildə sağ ön oturacaqda əyləşən tanımadığı müştərinin düşmək üçün avtomobilin qapılarını açdığını görmüş, bundan sonra diqqətini həmin şəxslərdən yayındıraraq hərəkətə başlamaq üçün ətrafa baxmış, avtomobil irəliyə doğru hərəkətə başlamış, bu zaman arxa tərəfdən “saxla” sözünün deyildiyini eşitmiş, buna görə də avtomobili tam dayanıqlı vəziyyətə gətirmişdir. O, arxa tərəfə baxdıqda isə Zərərçəkmiş şəxs yerdə oturmuş vəziyyətdə olduğunu gördükdə təcili olaraq avtomobildən düşüb həmin qadına yaxınlaşmış və onu avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, baş vermiş hadisə zamanı istifadəsində olan avtomobilin surət həddinin çox az olmadığını, həmin vaxt spirtli içki və ya narkotik vasitə qəbul etmədiyini, həmin avtomobilin texniki cəhətdən saz olduğunu, həmin vaxt idarə etdiyi avtomobildə yük olmadığını göstərmişdir. Sonda zərərçəkmiş şəxslə barışıq əldə edərək, şikayətçi olmamasını, bundan başqa ailəli olmaqla himayəsində onun maddi və mənəvi dəstəyinə ehtiyacı olan övladlarının olduğunu bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Sonda törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və sonuncunun şikayətinin olmadığını bildirməklə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, 24 sentyabr 2024-cü il tarixdə gecə saatlarında işlədiyi Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən kafedən çıxan zaman tanımadığı taksi avtomobilinə əyləşib ilk olaraq Xırdalan dairəsinə gəlmiş, daha sonra isə əvvəllər tanımadığı, adı sonradan məlum olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi "Dacia Logan" markalı, ** KE *** dövlət qeydiyyat nişanlı digər “manatlıq” taksiyə əyləşmişdir. O, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 120 nömrəli avtobusların sonuncu dayanacağında çatdıqda taksidən düşmək istəyən zaman o, bir ayağını asfalta qoyub digər ayağını isə avtomobilin içərisində olan vəziyyətdə sürücü qəflətən avtomobili hərəkətə gətirmiş, o, bu səbəbdən sol qol nahiyəsinin üstü ilə asfalta yıxılaraq xəsarət almışdır. Onun yıxıldığını görən sürücü Roman avtomobili saxlayaraq digər sərnişinlə birlikdə ona yerdən qalxmağa köməklik edərək, onu X2 çatdırmış və orada ona tibbi yardım göstərilməsi üçün sol qolu rentgenə salınmış və sınıq xəsarət alması məlum olduqdan sonra xəstəxanada qoluna gips sarğısı qoyulmuş və dərman resepti yazılmışdır. Onun sürücü barəsində şikayət etməsinin səbəbi sonuncunun qəzadan sonra ona hər hansı bir yardım göstərməməsi olmuşdur. Baş vermiş hadisə zamanı avtomobildə sükanın yanında olan oturacaqda əyləşən sərnişindən başqa heçkəs olmamışdır. Sonda məhkəməyə ərizə təqdim edərək, baş vermiş nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, barışdığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:  “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə vətəndaş Zərərçəkmiş şəxs kimi tanınmış və qərar ona elan olunmuşdur;  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxsin “canlı şəxsin ekspertizası” 24 sentyabr 2024-cü il tarixli 2256 saylı rəyindən görünür ki,

1. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol saidin mil sümüyünün aşağı ucunun qapalı az yerdəyişən sınığı, sol diz oynağı nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən onun KTM-ə müraciət etdiyi və qərarda göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə törənmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər;

2. Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər;  “Məhkəməyədək sadələşdirilmiş icraat işi açılması və icraata qəbul edilməsi barədə” 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat işi açılmış və araşdırılma aparılması üçün icraata qəbul edilmişdir;  “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi” haqqında 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir;  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2025-ci il tarixli 3-16-16/2-8/3511 saylı yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Dacia Logan markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X3” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 5-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır;  “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur;  “Qətimkan tədbirinin seçilməsi barədə” 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir;  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair 19 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;  Sübutların qiymətləndirilməsi haqqında” 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, 11 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxse Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ile elan edilmiş ittiham və barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, idarə etdiyi "Dacia Logan" markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınmasını, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 24 sentyabr 2024-cü il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Narzan" adlı kafenin qarşısında baş vermiş yol-nəqliyyat hadisəsinə dair qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilməsi, ittihamı təsdiq edən zərər çəkmiş və təqsirləndirilən şəxslərin ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və sxem, digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi ekspertizası, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyləri və toplanmış digər rəsmi sənədlər iş üzrə sübut kimi qiymətləndirilməklə, sonuncunun cinayət əməlini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət etmiş hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, sonuncunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir; Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxsə dəymiş ödəyərək, onunla barışıq əldə etmişdir. Ona görə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı, tədqiq olunmuş zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla, barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış "Dacia Logan" markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən baş vermiş yol-nəqliyyat hadisəsinə dair qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD disk maddi sübut qismində tanınmaqla, cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “X3” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Abşeron Rayon Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 165 (bir yüz altmış beş) manat məbləğində vəsait müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış "Dacia Logan" markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs istifadəsində saxlanılması nəzərə alınsın. İş üzrə baş vermiş yol-nəqliyyat hadisəsinə dair qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD disk maddi sübut qismində tanınmaqla, cinayət işinin materiallarına saxlanılsın. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Abşeron rayon Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar