Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-825/2023 02.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim – Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi –Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Gülgün küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 avqust 2023-cü il tarixdə saat 11 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsi Mədinə Gülgün küçəsində yerləşən fərdi yaşayış evində onun mobil telefon vasitəsi ilə başqa qadınla ünsiyyətdə olmasını eşidib ona irad bildirən arvadı Zərərçəkmiş şəxs ilə ailə məişət zəmnində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib sonuncunun sifət, baş, əl, diz, ayaq, bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpiklərlə ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs sol aşağı ətrafında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bud-çanaq oynağı və sol bud nahiyəsini əhatə edən iri ölçülü qançırşişkinliyi (hematoması), sol baldır nahiyəsinin iri ölçülü qançırı, sol gözaltı-almacıq, sağ diz oynağı və sağ baldır nahiyəsinin qançırları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışında cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ayşən onun həyat yoldaşıdır. O, 2009cu ildə Ayşən ilə ailə qurmuş, onların həmin nigahdan iki azyaşlı övladı, qızı Aysu Səmədzadənin 12 yaşı, oğlu Uğurun isə 10 yaşı vardır. O, Ayşən ilə ailə qurduqdan bir müddət sonra azyaşlı övladları ilə birlikdə Abşeron rayon Mehdiabad qəsəbəsi Mədinə Gülgün küçəsində yerləşən atasına məxsus evdə yaşamışlar. Onların əvvəllər ər-arvad münasibətləri normal olsada lakin son zamanlar həyat yoldaşı Ayşən ilə ailə məişət münasibətləri zəminində qısqanclıq üstündə münaqişələri olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yaşadıqları evdə olan zaman həyat yoldaşı Ayşən onun başqa qadınla telefonda danışdığını və ona xəyanət etdiyini deyərək qısqanclıq zəminində onunla münaqişə etmiş, həmin münaqişə zamanı həyat yoldaşı Ayşən onu təhqir etdiyi üçün əsəbləşib onun üzərinə hücüm çəkib sifətinə və bədəninin müxtəlif nahiyyələrinə qəsdən bir neçə yumruq zərbəsi vurmaqla Ayşəni döymüşdür. Səhəri gün yəni xx.xx.2023- cü il tarixdə Ayşən atası Azərə döyülməsi barədə məlumat verib onunla birlikdə azyaşlı övladlarını götürüb qaynatası Azərin evinə getmişlər. Bir neçə gündən sonra xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Ayşənin Mehdiabad polis bölməsinə gəlib onun barəsində ərizə yazıb şikayət etdiyini öyrənmişdir. O, izahatında həmin mübahisənin yaşadıqları evdə baş verdiyini, təxminən 5-10 dəqiqə davam etdiyini, evdə azyaşlı övladlarından başqa heç kimin olmadığını, həyat yoldaşı Ayşənin həmin mübahisə zamanı ona heç bir qarşılıq vermədiyni onu vurmadığını ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında şikayət vermiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. O, 2009-cu ildə Vüsal ilə ailə həyatı qurmuş, həmin nigahdan iki azyaşlı övladı, qızı Aysu Səmədzadənin 12 yaşı, oğlu Uğurun isə 10 yaşı vardır. Vüsal ilə ailə qurduqdan bir müddət sonra azyaşlı övladları ilə birlikdə Abşeron rayon Mehdiabad qəsəbəsi Mədinə Gülgün küçəsində yerləşən qaynatasına məxsus evdə yaşamışlar. Onların ilk əvvəllər ər-arvad münasibətləri normal olsada lakin son zamanlar təxminən iki ilə yaxındır ki, əri Vüsal tanımadığı başqa bir qadınla danışıb görüşdüyünü və onunla münasibətdə olduğunu öyrəndiyi üçün Vüsal ilə aralarında dəfələrlə ailə məişət münasibətləri zəminində qısqanclıq üstündə mübahisələr baş vermişdir. Lakin heç vaxtı bu barədə polisə şikayət etməmiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yaşadıqları evdə olan zaman o, həyat yoldaşı Vüsalın başqa bir qadınla telefonda danışdığını eşitmiş, otağa onun yanına keçəndə Vüsal ona heç bir əhəmiyyət verməyib telefonda danışdığı qadına onunla yaxın münasibət qurmaq istədiyini dediyi üçün əri Vüsala uşaqlarından utanmasını deyib onu təhqir etmiş, buna görə Vüsal ilə aralarında münaqişə baş vermiş, həmin münaqişə zamanı əri Vüsal onun üzərinə hücüm çəkib sifət, baş, əl, diz, ayaq və bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpiklərlə ardıcıl zərbələr vuraraq xəsarətlər yetirmişdir. Həmin vaxtı o, qorxusundan səsini çıxara bilməmiş, lakin səhəri gün yəni xx.xx.2023-cü il tarixdə o, atası ilə telefonda danışanda əri Vüsalın onu döyməsi barəsində atasına məlumat vermiş, atasıda bundan sonra gəlib onu özü ilə evlərinə aparmiş, bir neçə gün atası gildə qaldıqdan sonra yəni xx.xx.2023-cü il tarixdə o, Mehdiabad polis bölməsinə gəlib əri Vüsalın onu döyməsi barəsində ərizə yazıb şikayət etmişdir. Zərərçəkmiş şəxs izahatında verilən suallara cavab olaraq bildirmişdir ki, həmin hadisə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yaşadığı evdə baş vermiş, təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt evdə azyaşlı övladlarından başqa hər hansı bir kənar şəxslər olmamış, mübahisə zəmnində əri Vüsala heç bir qarşılıq verməmiş və ona xəsarət yetirməmişdir. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs şikayəti və tələbi olmadığını, aralarında barışıq olduğunu və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 1786 saylı ekspert rəyində qeyd olunmuşdur ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol aşağı ətrafında hərəkət məhdudluğu ilə müşayiət olunan sol budçanaq oynağı və sol bud nahiyəsini əhatə edən iri ölçülü qançır-şişkinliyi (hematoması), sol baldır nahiyəsinin iri ölçülü qançırı, sol gözaltı-almacıq, sağ diz oynağı və sağ baldır nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin əl, ayaq və s) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlağın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və məhkəməyədək sadələşdirilmiş icraat işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs ilə şikayət vermiş şəxs Təqsirləndirilən şəxs arasında barışıq əldə olunması, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmaması hər ikisinin məhkəməyə təqdim etdikləri ərizələri ilə təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri -mümkünlüyü izah edilməlidir. Məhkəmə belə hesab edir ki, cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri- mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-825/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-825/2023
02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver