Məhkəmə qərarları › İş №1(012)-828/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-828/2025

01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-828/2025 01.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 13 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı Abşeron rayonu, Novxanı qəsəbəsi, Ə.Abuzərov küçəsində yerləşən həyətyanı sahədə onunla eyni həyətdə yaşayan qohum kimi həmişə sərbəst icazəsiz gəlib-getdiyi əmisi Zərərçəkmiş şəxs fərdi evinə daxil olub, evdə stolun üstündə qoyulmuş sonuncunun arvadı X1 üçün verdiyi qadın əl çantasında olan 3000 manat pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək əməlindən peşiman olduğunu və zərərçəkənlə aralarında razılıq olduğunu nəzərə alıb, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma əmisidir. O, Zərərçəkmiş şəxslə eyni həyətdə ayrı-ayrı evlərdə yaşayır, Kamil həyat yoldaşı Sevinc və oğlu Mahirlə birlikdə yaşayırlar. Əmisi Kamil və ailəsi ilə münasibəti yaxşıdır. Eyni həyətdə qaldığı üçün lazım olanda onların evinə gedib gəlir, aralarında heç bir ədavət olmamışdır. Çox vaxt əmisinin evində internet şəbəkəsi olduğu üçün onlara gedib internetə qoşulur. 13 sentyabr 2024-cü il tarixdə marketdən 5 ədəd “Go” enerji içkisi alıb həmin içkiləri içmiş, həmin içkinin tərkibində spirt olduğu üçün sərxoş vəziyyətdə olmuşdur. Saat təxminən 23 radələrində evdən çıxıb mobil telefonu ilə internetdən istifadə etmək üçün əmisi Kamilin evinə getmiş, qapını açıb görmüşdür ki, əmisi ilə arvadı Sevinc otaqda yoxdurlar. O, otaqdakı jurnal stolunun üstündə Sevincin əl çantasını görüb çantanın içərisinə baxmış və orada olan məbləğini dəqiq bilmədiyi pulları görüb ehtiyacı olduğu üçün götürmüş, sonra isə evdən çıxıb evinə qayıtmışdır. O evdə pulu sayanda 600 manat pul oduğunu görmüş, həmin pulu səhəri gün özünə lazım olan paltar və ayaqqabı almış qalanını isə şəxsi ehtiyaclarına xərcləmişdir. 2 gün sonra Saray polis bölməsinə dəvət edilmiş, orada məlum olmuşdur ki, Kamil əmisi evlərindən 3000 manat pul oğurlanması barədə şikayət ərizəsi yazmış və oğurluğun onun tərəfindən edilməsini göstərmişdir. O, isə polis bölməsində içkili vəziyyətdə əmisinin evinə getdiyini və onun arvadının çantasından 600 manat pulu götürdüyünü etiraf etmiş, əmisi isə pulun 3000 manat olduğunu bildirmiş, belə oluqda həmin pulu qaytarmağı söz vermişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 sentyabr 2024-cü il tarixdə saat təxminən 05 radələrində həyat yoldaşı Sevinc Seyidverdiyeva onu oyadıb çantasının içərisndə olan 3000 manat pulun oğurlanmasını bildirmişdir. Həmin çantanı yastığın altında olmasını, lakin kiminsə çantanı götürüb içərisindəki pulu götürdükdən sonra stolun üstünə qoyub getdiyi məlum olmuşdur. Yoldaşı xəstə olduğu üçün daimi evdə olur, aradabir həyətə çıxır. Oğlu isə gündəlik işə gedib gəlir. Onunla eyni həyətdə qardaşı Hatəmin ailəsi özlərinə məxsus evdə yaşayırlar. Hatəmin yoldaşı Gülnaz və oğlu Aqil onların evinə gəlib-gedir və sonunculara nəsə lazım olursada gəlib evdən götürürlər. 11 sentyabr 2024-cü il tarixdə qardaşı oğlu Aqil sərxoş vəziyyətdə onun evinə gəlib telefonu almış ki, kiminləsə danışmaq istəyir. Bir az telefonla oynayıb sonra çıxıb getmişdir. 13 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində o və həyat yoldaşı yatmış, yatanda evin qapısını bağlamamışlar. Həmin vaxt Aqilin sərxoş vəziyyətdə evin qabağında səsini eşitmiş, lakin yatağından qalxmamışdır. Səhər tezdən çantadan pulun oğurlanmasını aşkar etdikdən sonra ona məlum olmuşdur ki. Aqil həmin gecə onların yatmasından istifadə edib çantadan pulu oğurlamışdır. Oğlu da bu barədə eşidəndən sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları gəlib oğurluqla bağlı onun ərizəsini və izahatını almış, sonradan Aqil polis əməkdaşları tərəfindən dindirilərkən sərxoş olduğu və pula ehtiyacı olduğu üçün pulu götürdüyünü etiraf etmişdir. Göstərmişdir ki, çantadan oğurlanmış pul ona məxsusdur, həmin pulu həyat yoldaşına vermiş ki, çantasında saxlaısın.Hazırda ona dəyən ziyan ödənilib, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, dəyən ziyan ödənilmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 14 sentyabr 2024-cü il tarixdə saat təxminən 05 radələrində anası Sevinc Seyidverdiyeva atasını yuxudan oyadıb çantasının içərisndə olan 3000 manat pulun oğurlanmasını bildirmişdir. Belə ki, anası çantasını yastığın altında olmasını, lakin kiminsə çantanı götürüb içərisindəki pulu götürdükdən sonra stolun üstünə qoyub getdiyi məlum olmuşdur. Anası xəstə olduğu üçün daimi evdə olur və aradabir isə həyətə çıxır, o isə gündəlik işə gedib gəlir. Onlarla eyni həyətdə əmisi Hatəmin ailəsi özlərinə məxsus evdə yaşayırlar. Əmisi Hatəmin yoldaşı Gülnaz və oğlu Aqil onlara mütəmadi gəlib-gedirlər və sonunculara nəsə lazım olarsa evdən gəlib götürürlər. 13 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində anası və atası evdə yatmış və yatanda isə evin qapısı açıq olmuşdur. Həmin vaxt əmisi oğlu Aqil sərxoş vəziyyətdə onların evinin qarşısında olduğunu atası Kamil görmüş, lakin əhəmiyyət verməyib yatağından qalxmamışdır. Səhər tezdən isə anasının çantasından pulun oğurlanmasını aşkar etmişlər. Atası ona bu barədə bildirdikdə başa düşmüşdür ki, Aqil həmin gecə atasıgilin yatmasından istifadə edib çantadan pulu oğurlamışdır. O, bu barədə eşidəndən sonra DİN-nin 102 xidmətinə məlumat vermiş, polis əməkdaşları gəlib oğurluqla bağlı atasının ərizəsini və izahatını almışlar. Sonradan isə əmisi oğlu Aqil polis əməkdaşları tərəfindən dindirilərkən sonuncu sərxoş olduğunu və pula ehtiyacı olduğu üçün onların evinə girib çantadan pulu götürdüyünü təsdiq etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, aralarında barışıq olmasını CM-nin 59.1.13-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması, kimi cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Buna görədə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 20:00-dan səhər saat 06:00-dək tərk etməmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsibarədə əvvəlcədən məlumatlandırmaq vəzifələricəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki,xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, dur. xx.xx.2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilmiş,Abşeron rayonu Pİ-nin Saray PB-nin xx.xx.2025-ci il tarixli məktubundan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə axtarış işi açılmış və xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından onun 01 ay həbsdə olduğu və 02 gün şübhəli şəxs qismində tutulduğu cəmisi 01 ay 02 gün, 02 ay 04 gün müddət hesabı ilə təyin edilən cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalından həbsdən azad edilməli , barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 330 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaqda şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün və həbsdə olduğu 01ay müddət,CM-nin 68.1.1-2 maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 02 ay, 04 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, üzərində qəti olaraq 01(bir) il 03(üç)ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 20:00-dan səhər saat 06:00-dək tərk etməmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsibarədə əvvəlcədən məlumatlandırmaq vəzifələricəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar