Məhkəmə qərarları › İş №1(012)-834/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-834/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-834/2024 28.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 08 avqust 1991-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2023-cü il tarixdə saat 11:20 radələrində ailədaxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə həyat yoldaşı Zərərçəkmiş şəxs Eynulla qızının üzərinə hücum edib qolundan dişləyib əli ilə saçından tutub dartmaqla yerə yıxıb, yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs sifət baş və bədəninin müxtəlif nahiyyələrinə ardıcıl zərbələr vuraraq sonuncuya təpə nahiyyəsinin və döş qəfəsinin sol yarısının dərialtı hematomaları, sol almacıq nahiyyəsinin və sol kürək nahiyyəsinin qançırları, sol saidin əzilmiş yarası, sol körpücük nahiyyəsinin və sol süd vəzinin sıyrıqları ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurduqdan sonra zərərçəkmişə qarşı zorakı hərəkətlərini davam etdirərək xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs Eynulla qızını yaşadıqları ünvan 2 ünvanında yerləşən mənzildə döyərək ona güclü fiziki ağrı və psixi istirablar verdikdən sonra bir biri ilə daxili vəhdət təşkil edən əməllərini davam etdirərək 14 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında yerləşən “Absheron City” yaşayış kompleksi blok “F” mənzil 216 ünvanında 10 yanvar 2024-cü il tarixdə rəsmi qaydada boşandığı keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı dabankeşlə Zərərçəkmiş şəxs sol baldır və digər nahiyyələrindən qəsdən çoxsaylı zərbələr vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sol baldırın və sol budun qançırları xəsarətləri yetirib döydükdən sonra Zərərçəkmiş şəxs qarşı zorakılıq hərəkətlərini davam etdirərək, 01 mart 2024-cü il tarixdə saat 20:00 radələrində “Absheron City” yaşayış kompleksinin qarşısına gəlib orada dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı “Az **-RY-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinin sağ qabaq oturacağına əyləşib avtomobilin salonunda qısqanclıq zəminində yaratdığı növbəti mübahisə zamanı avtomobilin arxa oturacağında əyləşmiş 07 aprel 2019-cu il təvəllüdlü azyaşlı qızları X2 gözləri qarşısında xüsusi amansızlıq və rəhmsizlik nümayiş etdirərək əlləri ilə Zərərçəkmiş şəxs əvvəlcə ağzından sonra isə boyun nahiyəsindən qəsdən tutub bərk sıxaraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid hər iki gözün ağıl qişasına qansızma ilə müşayiət olunan hər iki gözətrafı yumşaq toxumaların hematoması, sol almacıq nahiyəsinin, boyun nahiyəsinin və sol kürəkaltı nahiyənin qançırları xəsarətlərini yetirib mütəmadi olaraq döyərək işgəncə verməklə güclü fiziki ağrılar və psixi iztirablar verib əzab vermə cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə rəsmi qaydada Həcərlə ailə qurmuş, 10 yanvar 2024-cü il tarixdə rəsmi qaydada boşanmış, birgə nikahdan bir övladları olmuşdır. 01 mart 2024-cü il tarixdə yaşadığı Həcər ona zəng edib axşam işdə olacağını və Gülayı onun yanında qoymaq istədiyini bildirmişdir. Bu danışıqdan bir neçə dəqiqə sonra binanın həyətinə düşən zaman Həcərin özünə məxsus “Chevrolet Cruz” markalı “**-RY-***” dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşıb qabaq sağ oturacaqda əyləşmişdir. Həmin vaxt azyaşlı qızı Gülay maşında olmuşdur. Avtomobilə əyləşdikdən sonra Həcərin əynindəki geyimlərinə irad bildirdiyi üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı Həcərin bədəninin müxtəlif yerlərinə bir neçə dəfə vurmuşdur. Həmin vaxt mühafizəçinin avtomobilə yaxınlaşdığını görmüş, mühafizəçi ondan nə baş verdiyini soruşan zaman ailə məsələsi olduğunu və narahat olmamasını bildirmişdir. Mühafizəçi çıxıb getdikdən sonra qızını avtomobildən düşürüb özü ilə birlikdə yaşadığı mənzilə aparmış, Həcər isə avtomobili idarə edərək oradan getmişdir. Hər ailədə olduğu kimi onlarda da mübahisələr olmuşdur. Bununla bağlı barəsində cinayət işi başlanıb istintaq aparılmış 24 yanvar 2024-cü il tarixdə məhkəmə barışıq əsasında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. 14 fevral 2024-cü il tarixdə Həcərə heç bir xəsarət yetirməmişdir. Bu səbəbdən keçmiş arvadı barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş sol baldırın və sol budun qançırları xəsarətlərinin kim tərəfindən, harada və hansı şəraitdə yetirildiklərini bilmir. Son olaraq səhvini başa düşərək, etdiyi əməldən peşman olmasını, ailəni bərpa etmək üçün yenidən zərərçəkmiş şəxslə nikaha daxil olmaq niyyətində olduğunu və aralarında barışıq əldə olunmasını bidirərək, ittiham olunduğu əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-cı maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə iclasında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham üzrə həmin cinayət əməlinin törədilməsində onun təqsirinin olması iş üzrə zərərçəkmiş şəxsin və şahidin ifadələri, digər istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2018-ci ildə rəsmi qaydada ailə qurmuş və həmin nikahdan 2019-cu ildə Gülay adlı qızları dünyaya gəlmişdir. Son zamanlar Turalla ailəməişət zəminində münaqişələri yaranmış, bir neçə dəfə Tural onu döydüyü üçün 10 yanvar 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsində Turaldan boşanmış və azyaşlı qızı onun himayəsində saxlanılmışdır. İşləri ilə bağlı Gülaya baxa bilmədiyi üçün bəzən uşağı keçmiş əri Turalın yanına qoymuşdur. Sonuncu dəfə 01 mart 2024-cü il tarixdə Turalın yaşadığı “Absheron City” yaşayış kompleksindəki binanın qarşısına aparmış və mobil telefon vasitəsilə onunla əlaqə yaradaraq aşağı düşüb Gülayı götürməsini istəmişdir. Tural gəldikdən sonra onun maşınına oturmuş heç bir əsaslı səbəb olmadan geyimimə irad bildirərək onunla mübahisə etməyə başlamış, sağ əli ilə onun ağız nahiyəsindən, ardınca isə boyun nahiyəsindən tutaraq var gücü ilə sıxmaqla onu boğmağa başlamış və onu bir neçə dəfə vurmuşdur. Həmçinin Tural onu boğarkən yaranan səs-küyə yaşayış kompleksində mühafizəçi işləyən, adını bilmədiyi şəxs avtomobilə yaxınlaşıb nə baş verdiyini soruşmuş, Tural isə avtomobildən düşüb mühafizəçiyə “ailə məsələsidir” sözlərini demişdir. Bundan sonra Tural çıxıb getmiş, o da özünə gəldikdən sonra oradan qayıtmışdır. Verilən suallara cavabında bildirdi ki, Tural onu əvvəllər də bir neçə dəfə döymüşdür. Belə ki, onun bu barədə müraciətləri əsasında Tural barəsində cinayət işi başlanmış, lakin sonradan o, sonuncunu bağışladığı üçün iş üzrə icraata xitam verilmişdir. Bundan başqa 14 fevral 2024-cü il tarixdə yaşadıqları mənzildə Tural tərəfindən dabankeş ilə döyülərək, bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirmişdir. Bir neçə dəfə də ya o polis orqanıarına müraciət etməmiş, ya da hadisədən sonra Turalı bağışladığı üçün müraciətinin ardı ilə getməmiş, nəticəsi ilə maraqlanmamış, ekspertizadan keçməkdən yayınmışdır. Sonda zərərçəkmiş şəxs bütün olanlara baxmayaraq yenə də onu bağışlayaraq, aralarındakı münasibətləri bərpa etməsini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2021-ci ildən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 240 ünvanında yerləşən “Absheron City” yaşayış kompleksində mühafizəçi işləyir. 01 mart 2024-cü il tarixdə saat 20:00 radələrində yaşayış kompleksinin giriş postunda əyləşib xidmət aparan zaman bina sakinlərindən birinin mühafizə çağırdığını görmüşdür. Dərhal həmin sakinə yaxınlaşıb nə baş verdiyini soruşduqda həmin sakin ona əli ilə “F” blokunun qarşısında avtomobilin içərisində bir nəfər qadının döyüldüyünü işarə etmişdir. O, həmin yerə yaxınlaşanda ağ rəngli, markası və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin salonunda biri qadın, digəri kişi olmaqla 2 nəfər şəxsin əyləşdiyini görmüşdür. Avtomobilin pəncərəsindən içəri baxan zaman sükan arxasında oturan sarı saçlı qadının sifətinin qan olduğunu şahidi olmuş və əli sağ qapının pəncərəsini döyməyə başlamışdır. Bu zaman avtomobildə əyləşən kişi şüşəni aşağı endirib “Ailə məsələsidir, qarışma” sözlərini işlətmişdir. O, ərazinin mühafizəçisi olduğunu, buna görə də məsələni aydınlaşdırmaq məqsədilə yaxınlaşıb pəncərəni döydüyünü izah etmişdir. Daha sonra həmin oğlan avtomobildən düşərək ona “Ailə məsələsidir. Gedirəm, narahat olma” demişdir. O, həmin oğlana bir daha belə halların yaşanmamasına dair məsləhət vermiş və bina sakinlərinin narahat olduğunu demiş, oğlan isə ona “Yoldaşımdı, xəyanət eləyib, tutmuşam” cümləsi ilə cavab vermişdir. Bundan sonra o, avtomobilin ətrafında 5 dəqiqə gözlədikdən sonra oradan uzaqlaşmışdır. Avtomobilin ətrafında gözləyərkən oğlanın qızı vurduğunu və boğduğunu görməmiş, onların avtomobilin salonunda sözlə mübahisə etdiklərinin şahidi olmuş, yaxınlaşıb pəncərəni döyən kimi oğlan əlini qızdan çəkib avtomobildən düşmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir;

2. Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 1(012)-465/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə, barəsində olan cinayət təqibinə xitam verilmişdir;

3. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması” haqqında 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdə, saat 21:45 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur;

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 Abşeron rayon şöbəsinin 12 mart 2024-cü il tarixli 435 nömrəli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, onun adına olan tibbi sənədlərdə qeyd olunanlara əsasən, hadisə haqqında olan məlumatları nəzərə alaraq belə nəticəyə gəlinmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-hər iki gözün ağlı qişasına total qansızma ilə müşayiət olunan hər iki gözətrafı yumşaq toxumaların hematoması, sol almacıq nahiyəsinin, boyun nahiyəsinin, sol kürəkaltı nahiyənin, sol baldırın və sol budun qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qeyd olunan xəsarətlərdən: hər iki gözün ağlı qişasına total qansızma ilə müşayiət olunan hər iki gözətrafı yumşaq toxumaların hematoması, sol almacıq nahiyəsinin, boyun nahiyəsinin, sol kürəkaltı nahiyənin qançırları kənar şəxsin bədən hissəsinin təsirindən, o cümlədən kənar şəxs tərəfindən boyun üzvlərinin əl ilə sıxılması nəticəsində yarana bilərdilər, göstərilən müddətdə və şəraitdə, yəni 01 mart 2024-cü il tarixdə yaranmağa uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, sol baldırın və sol budun qançırları müayinədən 9-16 gün əvvəl olmaqla zərərçəkənin qeyd etdiyi 14 fevral 2024-cü il tarixdə yarana bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir;

5. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 13 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurulması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla, istintaqı aparılması üçün icraata qəbul edilmişdir;

6. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 13 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

7. Abşeron Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 4(012)-238/2024 saylı qərarına əsasən əvvəli 11 mart 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barədə 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir;

8. “Zərərçəkmiş şəxs qismində tanınması” haqqında 17 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;

9. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

10. “Götürmə aparılması və götürülmüş əşyaya baxış keçirilməsi haqqında 17 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 01 mart 2024-cü il tarixdə baş vermiş hadisədən sonra gözlərinin ağlı qişalarında əmələ gəlmiş qansızmaları əks etdirən fotoşəkilləri istintaqa təqdim etmiş və həmin fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs təqdim etdiyi fotoşəkillərdə gözlərinin ağlı qişalarında əmələ gəlmiş qansızma xəsarətlərinin 01 mart 2024-cü il tarixdə keçmiş əri Təqsirləndirilən şəxs onu özünə məxsus olan “Chevrolet Cruze” markalı avtomobilin içərisində əlləri ilə boyun nahiyəsindən tutaraq boğması nəticəsində əmələ gəldiyini və hadisədən sonra yaşadığı evdə mobil telefon vasitəsilə çəkdiyini göstərmişdir

11. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

12. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 27 may 2024-cü il tarixdən görünür ki, istintaq zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli qadın paltarı və 1 ədəd dabanı qırılmış qısaboğaz qış ayaqqabısı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına verilmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində əsasən bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə işgəncə verməklə törədildikdə - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Cinayət Məcəlləsinin 293-cü maddəsinin qeydində göstərilir ki, bu maddədə, habelə bu Məcəllənin digər maddələrində “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür. Cinayət hüququnda işgəncənin mövcud olması üçün göstərilən hərəkət və hərəkətsizliyin aşağıdakı məqsəd və ya səbəbdən törədilməsi zəruridir: zərərçəkmiş şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq məqsədilə; zərərçəkmiş şəxsi və ya digər şəxsi qorxutmaq məqsədilə; -zərərçəkmiş şəxsi və ya digər şəxsi törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq məqsədilə; - zərərçəkmiş şəxsi və ya digər şəxsi öz iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə; - ayrı-seçkiliyə əsaslanan hər hansı başqa səbəbdən. “İşgəncələrə qarşı” 1984-cü il tarixli BMT Konvensiyasında işgəncə anlayışı aşağıdakı kimi müəyyən olunur: “Bu Konvensiyanın məqsədləri üçün “işgəncə” istənilən elə hərəkəti bildirir ki, həmin hərəkətlə hər hansı şəxsdən və ya üçüncü şəxsdən məlumatlar və ya etiraflar almaq, onun və ya üçüncü şəxsin etdiyi və ya etməkdə şübhəli bilindiyi hərəkətə görə onu cəzalandırmaq, habelə onu və ya üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud istənilən xarakterli ayrı-seçkiliyə əsaslanan hər hansı başqa səbəbə görə belə ağrı və ya əzab dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs qismində çıxış edən digər şəxs tərəfindən və ya onların təhriki ilə, yaxud xəbərdar olmaları və ya susmaqla razılaşmaları ilə verilməklə, hər hansı şəxsə qəsdən fiziki və ya mənəvi cəhətdən güclü ağrı və ya əzab verilir.” “İşgəncələrin qadağan olunmasına dair” İnsan Hüquqları Haqqında Avropa Konvensiyasında işgəncə ilə bağlı qeyd edilmişdir ki, “Verilən əzabın intensivlik dərəcəsindəki fərq” əsasında işgəncə ilə digər rəftar növləri arasında fərq qoyulmalıdır. Verilən əzabın ağırılığı və intensivliyi bir sıra amillər olan “rəftarın müddəti; fiziki və mənəvi nəticələri; qurbanın cinsi; yaşı, və sağlamlıq durumu; onun törədilmə üsulu və metodu” ilə müəyyən edilə bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi mütamadi olaraq döymədiyini, ittihamda qeyd olunmuş 14 fevral 2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs heç bir xəsarət yetirmədiyini, sonuncunun bədəni üzərində aşkar edilmiş sol baldırın və sol budun qançırları xəsarətlərinin kim tərəfindən, harada və hansı şəraitdə yaranmaları ilə bağlı verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, iş üzrə ekspert tərəfindən 12 mart 2024-cü il tarixdə verilmiş rəydən görünür ki, Zərərçəkmiş şəxs xəsarətləri 01 mart 2024-cü il tarixdə və 14 fevral 2024-cü il tarixdə yarana bilərdilər. Bundan əlavə təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin olması, xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin xidmət mərkəzinə Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə əlaqədar məlumat verməsi, zərərçəkmişin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində döyülmə faktının bir neçə dəfə təkrarlanmasını bildirməsi ilə bir daha mütəmaddilik əlamətlərinin olması sübut olunur. Yəni, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs mütəmadi olaraq keçmiş arvadı Zərərçəkmiş şəxs həm ayrılıqda, həmdə azyaşlı övladının gözü qarşısında döymüş, onun bu kimi hərəkətləri bir neçə dəfə təkrarlanmışdır ki, bu da döymə aktlarının bir-biri ilə daxili vəhdət təşkil etdiyini və təqsirkarın müəyyən ardıcıllıqla birləşmiş davranışını yaratdığını göstərmişdir. Həmçinin zərərçəkmiş şəxsin ifadəsi məhkəmədə tədqiq olunarkən onun dediklərinin səmimi olması şübhə yaratmamışdır. O, ifadəsində təqsirləndirilən şəxslə barışdığını, yebidən ailə olaraq münasibətlərini davam etdirmək istəməsini, ondan şikayətçi olmamasını bildirməklə ona qarşı qərəzli olmamasını göstərmiş, verilən suallara cavabında isə döyülmə faktının mütamaddi olaraq təkrarlanmasını bildirmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs döyüldüyü zaman hüquq mühafizə orqanlarına müraciət etməsinə baxmayaraq təqsirkar öz əməllərinin ictimai təhlükəli olduğunu dərk etsədə və zərərçəkmiş şəxsə qarşı fiziki zor tətbiq etməyəcəyinə dair yalan vədlər versədə zərərçəkmiş şəxsə qarşı fiziki zor tətbiq edib güclü fiziki ağrılar və ya psixi iztirablar verməkdə davam etmiş və buna şüurlu surətdə mütəmadi olaraq yol vermişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni zərərçəkmiş şəxsə CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirərək işgəncə verməklə əzab verməsi iş üzrə keçirilmiş bir neçə ekspertiza rəyləri, zərərçəkmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ayrı ayrı vaxtlarda mütəmadi olaraq döyülməsi və sair zorakı hərəkətlərlə məruz qalması ilə bağlı bir neçə dəfə polis orqanlarına müraciət etməsi, bununla bağlı müvafiq qərarların qəbul edilməsi, iş materiallarına əlavə olunan fotoşəkillər və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmçinin cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 11 mart 2024-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətdə azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 11 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli qadın paltarı və 01 ədəd dabanı qırılmış qısaboğaz qış ayaqqabısı hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılsın. İş üzrə mülki iddianın, xüsusi müsadirə edilməli əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar