Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-834/2025 11.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kürdəmir rayonu, Qağacılı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, “20 Yanvar” küçəsi nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 20 manat müqabilində 1 ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”na daxil edilmiş 0,794 qram çəkidə xeyli miqdarda ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayıb, Abşeron rayonu, Saray qəsəbəsinə daşımış və Abşeron RPŞ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 21:09-da Abşeron rayonu, Saray qəsəbəsi, “Duz gölü”nün yaxınlığında saxlanılaraq orada həmin gün saat 21:09-dan 21:16-a kimi üzərinə yoxlama keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə çəkisi 0,794 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, əməlindən peşiman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu, Qağacılı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsi nömrəsiz fərdi yaşayış evində yaşayır. Subaydır,rəsmi olaraq işləmir. Təxmini 1 aydır ki, psixotrop maddə aludəçisidir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman küçədə tanımadığı bir nəfər şəxsin psixotrop maddə metamfetamin istifadə etdiyini görmüş və həmin şəxsə yaxınlaşaraq həmin maddədən istəmişdir. Bu zaman həmin şəxs 01 ədəd psixotrop maddə metamfetamin bükümünü ona 20 manat müqabilində satmışdır. O, həmin bükümü alıb gün ərzində üzərində gəzdirmişdir. Bəzi işlərini görüb evə qayıdan zaman həmin tarixdə saat 21 radələrində mülki geyimli polis əməkdaşları onu saxlamışlar və ona üzərində narkotik vasitə və ya psixotrop maddə gəzdirməyində şübhəli olduğunu və üzərinə yoxlama keçirəcəklərini bildirmişlər. Daha sonra isə həmin polis əməkdaşları ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmetin olub-olmadığını soruşmuşlar. Bu zaman o,polis əməkdaşlarına üzərində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd metamfetamin bükümünü təqdim etmişdir. Bundan sonra üzərinə əlavə yoxlama aparılmış və başqa bir şey aşkar edilməmişdir. Həmin büküm polis əməkdaşları və onun iştirakı ilə bir ədəd zərfdə qablaşdırılmışdır. Qeyd olunan hadisə isə digər polis əməkdaşı tərəfində videogörüntüyə alınmışdır. Daha sonra isə polis əməkdaşları onu Abşeron RPİ-nin Saray polis bölməsinə gətirmişlər. Orada təhqiqatçı tərəfindən ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Qeyd olunan sənədlərdəki bütün imzalar ona məxsusdur. Narkotik vasitə və psixotrop maddə istifadəçisi olsa da, satışı ilə məşğul olmadığını, polis bölməsinə gətirilərkən və polis bölməsində ona hər hansı fiziki və ya psixi zorakılıq edilmədiyini, məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etdiyini və aşkar olunan 0,794 qram psixotrop maddə metamfetaminin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu, Qağacılı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsi nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 17 yanvar 2025ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə yəni, xx.xx.2025-ci il tarixdə Saray PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Saray PB-nin polis nəfəri polis serjantı Şahid3 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Duz gölünün yaxınlığında olduqları vaxt videoçəkilişlə Təqsirləndirilən şəxs müşahidə edərək yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğunu deyib onun üzərinə yoxlama keçirəcəyimizi bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxsa qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmetin üzərində olub-olmaması soruşulanda Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd büküm təqdim etmiş və içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra təqdim edilmiş büküm qablaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzəri yoxlanılsa da başqa predmet aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs Saray PB-nə gətirilmiş və Təqsirləndirilən şəxs barəsində raport tərtib olunmuşdur. Həmin raportun icrası təhqiqatçı polis kapitanı Murad Bəşirovə tapşırılmışdır. X3 tərəfindən aşkar edilmiş bükümə və videoçəkilişə baxış keçirilmişdir. Daha sonra isə Təqsirləndirilən şəxsa dövlət hesabına müdafiəçi təyin olunaraq barəsində tutma protokolu tərtib edilmişdir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olması ilə bağlı məlumat daxil olmadığını və Təqsirləndirilən şəxsa hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Cinayət işində olan əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması haqqında 17 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlama aparılan zaman onun əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş üzrə təyin olunmuş məhkəmə kimyəvi ekspertizasının 18 yanvar 2025-ci il tarixli, 6/236 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” möhür əksləri olan, “Təqsirləndirilən şəxs” soyad və imzalar qeyd edilmiş əl yazıları olan bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,794 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,794 qram, təhqiqata sərf edildi 0,05 qram, qalıq 0,744 qram. Məhkəmə-narkoloji ekspertizasının 25 fevral 2025-ci il tarixli, 1082 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə 17 yanvar 2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, “Duz” gölünün yaxınlığında Təqsirləndirilən şəxs üzərində aparılan yoxlama zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə məhkəmədə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində həəmin tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, “Duz” gölünün yaxınlığında сахланылараг orada saat 21:09-dan 21:16-a kimi üzərinə yoxlama keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə çəkisi 0,794 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. Diskə baxış zamanı videogörüntüdə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin psixotrop maddə olan metamfetamini Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən almış, üzərində daşımış və öz şəxsi istifadəsi üçün üzərində saxlamış və satmaq niyyəti olmamışdır. Cinayət işi üzrə 17 yanvar 2025-ci il tarixdə Abşeron RPİ-nin Saray PB-də təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitanı Murad Bəşirov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə yoxlama keçirilməsi anlarını əks etdirən 01 ədəd DVD diskə və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümün olduğu 01 ədəd zərfə baxıış keçirilmişdir. Həmçinin qeyd olunan zərf yenidən qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş,19 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanmışdır. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasının yüngülləşdiriən və ağırlaşdıran halın olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəza çəkdiyi müddətdə üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, “20 yanvar” küçəsi, fərdi yaşayış evini saat 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət CM-nin 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmalıdır. Müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi qalıq çəkisi 0,744 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-nin 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin 1 (bir) gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi daltı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, “20 yanvar” küçəsi, fərdi yaşayış evini saat 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 65 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,744 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə və Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Şəfiyeva
Məhkəmə qərarları › İş №1(012)-834/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-834/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver