Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-836/2023 28.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 iştirakları ilə, Barəsində şikayət verilmiş X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair xüsusi ittihamçı X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X1 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət təqibinin başlanmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2023-cü ıl tarixdə 2017-ci il təvəllüdlü qızı İbrahimova Dənizi müayinə ücun klinikaya gətirmiş, 250 manat ödəniş edərək tibbi müayinə olunmuşdur. Anasinın dediyinə görə uşaq 6 gündən bir bayira gedir tez-tez refluks olur, hər gecə boğulma həddinə qədər öskürək tutmaları və qusma ilə nəticələnən şikayətlərlə 5 ildən çoxdur ki, nəticəsiz müalicələr almışdır. Uşağın müayinə edildiyi günün axşamı hədə-qorxu gələrək “siz adam aldadırsız, deyirlər müayinələriniz səhfdi, pulumu qaytarin, qaytarmasaniz sizi biabir edəcəm, milyonluq baxışı olan internet səhifəmdə sizin saxta həkim, rüşvətxor, firildaqcı, adamlari aldadan olduğunuzu sübut edəcəm.” Bundan sonra Günel Məmmədova onu İnstaqram səhifəsində “hər kəs tanısın bu hekimi insanları aldadaraq USM aparatıyla guya mede bağırsaq yoxlayır zondsuz adi bildiyimiz USM aparatıyla aldadaraq 120 manat deyib klinikaya gedenə adamı soyurlar 250-350 pul oxuyurlar sonra müalicə belə yazmırlar ki, get başqa analizləridə ver ancaq bizim klinikada körpe xeste uşağın haqqını yiyən həkim sənin burnundan gətirəcəm mənim pulumu qaytar yoxsa sənə halal etməyəcəm” məzmunlu paylaşma etmişdir. Həmin məzmunlu paylaşmanı “Baboşun” səhifəsində, özünün “GüJİKa” @mamedova745‘ Tiktok səhifələrində də paylaşmışdır. Günel Məhərrəmova xx.xx.2023-cti il tarixdə Kanal 24.az internet TV-ni çəkiliş üçün klinikanın binası qarşısına dəvət edib, həmin TV-yə müsahibə vermiş və həmin müsahibəsində də onu, insanları aldadıb onları soyan bir həkim kimi təqdim etmiş, insanları klinikaya inanmamağa çağırış edib onun fəaliyyətini gözdən salmağa çalışmışdır. Həmin müsahibə aparıcının şərhi ilə birlikdə “X9 Mərkəzində xəstənin başına oyun açdılar. Klinikanın önündə etiraz var” başlığı və “X9 Mərkəzində özbaşnalıq" alt yazısı ilə yayımlanmışdır. Onun tövsiyyəsi ilə anası Seva adı altında Tiktok səhifəsində “girin kanal 24 online yaz.ın tiktokda qızı jurnalistlərə Davudun rüşvətxorluğundan danışır" şərhini paylaşmışdır. “Seva" həmçinin onun paylaşmalarına “yalandilli yaxşı həkim deyil soyullar soğan kimi düzgün müayinə edilmir, yalansa dədənə lənət”; “pula görə durun trasda ele”; “getmə yalandı soyullar hamını” şərhlərini yazmışdır. Həmin materiallarda onun “düzgün müayinə aparmayan”, “adamları aldadan", “soyğunçu", “rüşvətxor" həkim kimi təqdim etməklə, klinikanın qanuni fəaliyyətinə kölgə salan, klinikanın həkimlərinə və ona etimadsızlıq ifadə edən, xəstələri klinikada müalicədən çəkindirməyə çağıran məlumatlar vardır. Həmin hərəkətləri və videoları ilə X3 yalan olduğunu bilə-bilə ona böhtan ataraq şərəf və ləyaqətini ləkələyən, onu və klinikanı nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla, habelə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməklə Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Cinayət əməlinin X6 qizi tərəfindən törədilməsini təsdiq edən sübutlar: “GüJİKa” @mamedova745” Tiktok səhifəsində yayımlanan məlumatlar, “Baboşun" Tiktok səhifəsində yayımlanan eyni məzmunlu məlumatlar, Kanal24.az internet TV-nin internet səhifələrində (Tiktok. Facebok) xx.xx.2023-cü il tarixdə yayımlanan videomaterial, Tiktok səhifəmdə paylaşmalarıma yazılan şərhlər. Xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsi barədə qərar çıxarıb, işə mahiyyəti üzrə baxmaqla X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə təqsirli bilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı X7 şikayətinin dəlillərini müdafiə etmiş, şikayətinin məhkəmənin icraatına qəbul olunaraq mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasına şikayət verilmiş X3 şikayətdə göstərilənlərlə razılaşmayıb izahatında göstərmişdir ki, X5 tanıyır, azyaşlı qızını həkimi olmuşdur. Onun tərəfindən aparılmış səhv müayinə və müalicələrdən qızının vəziyyəti hem də yaxşı deyildir. Onun özü Davuda qarşı qanunsuz hərəkətə yol verməmiş, təhqir etməmiş, şəklini sosial şəbəkədə yaymamışdır. Əslində Davudun özü apardığı səhv müalicə və müayinələr nəticəsində ona maddi ziyan vurmuşdur. Şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni öyrənərək, hesab edir ki, xüsusi ittiham qaydasında şikayət kimi verilmiş şikayət ərizəsi üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə ilk növbədə şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq, qeyd edir ki, X7 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt törədilməsini, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləğini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 tərəfindən törədildiyini, bunun nə ilə, hansı sübutla təsdiq edildiyini, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Məhkəmə qeyd edir ki, şikayət ərizədə istinad olunan əməlin həqiqətdə baş verdiyini, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyini, şikayət ərizəsində istinad olunan əməlin məhz X3 tərəfindən törədildiyini təsdiq edəcək sübutlar təqdim edilməmiş və əsaslandırılmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim edilməsi, xüsusi ittiham qaydasında şikayətin müraciət edilmiş məhkəməyə aidiyyətini və ya işin ərazi aidiyyəti üzrə hansı məhkəməyə aid olmasını müəyyən edən haldır. Bu səbəbdən də, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim olunması mütləq şərtdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, bununla bağlı Azərbaycan Respublikası CPM-nin 293.3.2 və 299.3.1-ci maddələrinin tələbinə də əməl edilməmişdir. Şikayətin məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı nəzərə alınmalıdır ki, qanunvericilik məhz onu təsbit etmişdir ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə digər məlumatlarla yanaşı törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi (CPM-nin 293.3.2-ci maddəsi); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi (CPM-nin 293.3.3-cü maddəsi) göstərilməli, daha sonra isə buna dair sübutlar təqdim olunmalıdır. Hansı ki, X4 şikayət ərizəsində belə məlumatlar öz əksini tapmamışdır, sonuncunun istinad etdiyi əsasları nəzərə alaraq, təklif edilməsinə baxmayaraq, onun tərəfindən həmin sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X4 xüsusi ittiham qaydasında şikayət qaydasında verdiyi şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, həmin şikayət qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, xüsusi ittihamçı X4, X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasına dair şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və şikayət ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299, 302.1.8 və 302.2.3-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittihamçı X4, X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilərək cəzalandırılmasına dair şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və ərizənin icraata qəbul olunmasından imtina edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-836/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-836/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver