Məhkəmə qərarları › İş №1(012)-84/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-84/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-84/2024 29.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 18-ci mikrorayon ev 35, mənzil 35-də qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda, siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil edilən, çəkisi 0,628 qram olan ağ rəngli kristaldan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manat müqabilində qanunsuz olaraq əldə edib əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxlayaraq özü ilə Abşeron rayonu, Saray qəsəbəsinə daşımış, 24 fevral 2023-cü il tarixdə saat 23 radələrində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Saray Bələdiyyəsi binasının yaxınlığında şübhəli şəxs qimində saxlanılıb Abşeron RPİ-nin Saray polis bölməsinə gətirilərək, polis bölməsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı həmin bir ədəd bükümdə 0,628 qram çəkidə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, buna görə də əvvəllər həbs olunmuşdur. Həbsdən azad olduqdan sonra da, hərdən bir tanımadığı şəxslərdən psixotrop maddələr alıb, qəbul etmişdir. Bu səbəbdən narkotik vasitələrdən istifadə edən və onun təsirində olan insanları asanlıqla tanıya bilir. xx.xx.2023-cü il tarixində Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən bir nəfər şəxsin də narkotik istifadəçisi olduğunu hiss etmiş, həmin şəxsə yaxınlaşaraq ağrıları olduğunu bildirmiş və ona psixotrop maddə və ya narkotik tapmasını xahiş etmişdir. Bundan sonra həmin şəxsdən 10 manat qarşılığında 1 bükümdə metanfetamin almışdır. Sonra həmin günü Abşeron rayonu, Saray qəsəbəsində Bələdiyyənin yaxınlığından yaşadığı evə tərəf piyada gedən zaman iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmişlər və üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya predmet və ya narkotik vasitə və ya psixotrop maddə olub olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına üzərində psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ona birlikdə Abşeron RPİ-nin Saray PB-nə getməli olduğunu söyləmişlər. Bu səbəbdən o, polis əməkdaşlarının idarə etdiyi avtomaşına əyləşmiş, Saray PB-nə gətirildikdən sonra onun üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər üzərində belə bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən içərisində 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş ağ rəngli,kristalik formalı, spesifik iyə malik psixotrop maddə metamfetamin olan bükümü masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqdan sonra onun içərisinə baxış keçirilmişdir. Üzərindən aşkar edilmiş içərisində metamfetamin olan 1 ədəd siqaretin gümüşü kağızında olan büküm zərfə qoyulmuş, üzəri möhürlənmiş və axtarış və götürmədə iştirak edən digər 2 nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçisi Pərvanə Hüseynova tərəfindən imzalanaraq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Bildirmişdir ki, 24 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra ondan, Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə polis nəfəri polis kiçik serjantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşları ilə bir yerdə əməliyyat tədbirləri keçirmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Saray Bələdiyyəsi binasının yaxınlığında məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Bölmədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, 18-ci mikrorayon ev 35, mənzil 35-də qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur. Bölmə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Abşeron RPİ-nin Saray PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun, Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə polis nəfəri polis kiçik serjantı Şahid2 və prossesə dəvət edilmiş vəkil X2 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kristalşəkilli maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən çıxararq təqdim etdiyi bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində olan psixotrop maddə metamfetamindir”. Bildirmişdir ki, “uzun müddət olar ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir”. “Təqdim etdiyi psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata alıb əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyaraq özü ilə Abşeron rayonu, Saray qəsəbəsinə daşıdığını bildirmişdir. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin gümüş kağızı bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar da həmin protokola imaza etmişlər. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 25 fevral 2023-cü il tarixli 6/1143 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “DİN-nin Zərflət üçün №246 saylı” dairəvi möhür əksi, “Ataşov E; imza: dörd imza, təhqiqatçı B.Bəşirli-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,628 qram olan ağ rəngli kristaldan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq 0,578 qram - 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Republikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil (Siyahı 1) daxildir”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserini 27 aprel 2023-cü il tarixli 2466 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,578 qram psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Ataşov X5 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin qərarı ilə 04 ay 01 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. xx.xx.2019-cu il tarixdə cəzanı çəkib qurtardıqdan sonra qeydiyyatdan çıxarılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı həmin bir ədəd bükümün içərisində ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,578 qram psixotrop maddə metamfetamin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 92 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,578 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar