Məhkəmə qərarları › İş №1(012)-84/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-84/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-84/2025 05.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1960-cı ildə Cəliabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Nəsimi rayon 31 saylı MKİS-də ictimai işçi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, nömrəsiz fərdi yaşayış evi ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat müqabilində 05 (beş) ədəd siqaretin gümüşü rəngli kağız bükümündə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (SİYAHİ İ) daxil olan ümumi çəkisi 0,690 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış ayrı-ayrılıqda çəkiləri 0,187 qram, 0,197 qram, 0,119 qram, 0,109 qram və 0,078 qram narkotik vasitə heroin və 01 (bir) ədəd siqaretin qırmızı rəngli kağız bükümündə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (SİYAHİ İİ) daxil olan 0,031 qram çəkidə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək, Abşeron rayonu, Qobu qəsəbəsi, K.Qasımov küçəsinə daşıyaraq üzərində saxlamış, 02 sentyabr 2023-cü il tarixdə saat 15:10 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsində olarkən Qobu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib, həmin gün saat 15:40-dan 15:54-dək olan müddət ərzində polis bölməsinin inzibati binasında xidməti otaqda aparılan şəxsi axtarışı zamanı həmin kustar üsulla hazırlanmış 05 (beş) ədəd bükümdə, ümumi 0,690 qram çəkidə narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə kustar üsulla hazırlanmış 0,031 qram çəkidə metamfetamin əynində olan göy rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, nömrəsiz fərdi yaşayış evi ünvanında yaşayır. Narkotik vasitə olan heroin istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində tanımadığı və adını bilmədəyi şəxsdən 20 manat dəyərində narkotik vasitə olan heroin almışdır və öz istifadəsi üçün həmin narkotik vasitəni üzərində saxlamışdır. Həmin gün saat 15 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində piyada gəzərkən 2 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, o uzaqlaşmaq istəsə də onlar onu saxlamışdırlar. Əvvəlcə özlərini təqdim etmiş, ondan üzərində qanunla qadağan olunmuş əşya və predmet olub olmamasını soruşmuşdur. O da üzərində heroin narkotik vasitəsinin olmasını onlara bildirmişdir. Bundan sonra onlar onu Abşeron RPİ-nin Qobu PB-nə aparmışlar. Qobu PB-də də üzərində narkotik vasitə olmasını demişdir. Abşeron RPİ-nin X4 xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O da əynində olan göy rəngli şalvarının sağ yan cibindən çıxardığı 1 ədəd şəffaf rəngli sellofanın içərisində olan 06 ədəd bükümü təqdim etmişdir. Həmin 06 ədəd bükümdən 05-i siqaretin gümüşü rəngli kağızına bükülmüş, biri isə siqaretin qırmızı rəngli kağızına bükülmüşdür. Həmin kütlələr şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O, həmçinin ifadəsində həmin kütlələrin ona məxsus olmasını, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20 manat pul qarşılığında almasını həmin 06 ədəd bükümü alarkən «kokos», yəni heroin narkotik vasitəsi olmasını soruşmasını, həmin tanımadığı şəxsin də heroin olmasını təsdiq etməsini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq məqsədinin narkotik vasitəni yalnız istifadə etmək olmasını, heç kimə satmaq məqsədinin olmamasını, təxminən 5-6 ildir ki, narkotik vasitə istifadə etməsini qeyd etmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Qobu PB-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayının 02-də Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsində xidmətdə olarkən «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edərək üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş bu məlumatın yoxlanılması məqsədilə Qobu PB-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı və onun rəhbərliyi ilə tərəfindən 02 sentyabr 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:10 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Abşeron rayonu, Hökməli qəsəbəsində olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs və bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətlərini dəqiqləşdirərək onun Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdirlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Qobu PB-nə dəvət etmişdir. O da onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqların birində Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Kənan Əmirli tərəfindən videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində 05 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroinə bənzər, 01 siqaretin qırmızı rəngli kağızına bükülmüş bükümdə isə psixotrop maddə olan metamfetmainə bənzər kütləni çıxardıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində əlavə baxış keçiriləcəyi ilə bağlı məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində 05 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroinə bənzər, 01 siqaretin qırmızı rəngli kağızına bükülmüş bükümdə isə psixotrop maddə olan metamfetmainə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində 05 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroinə bənzər, 01 siqaretin qırmızı rəngli kağızına bükülmüş bükümdə isə psixotrop maddə olan metamfetmainə bənzər kütlənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlələrin ona məxsus olmasını, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20 manata almasını, həmçinin həmin 06 ədəd bükümü alarkən “kokos”, yəni heroin olmasını soruşmuş, həmin tanımadığı şəxsin də heroin olmasını təsdiq etməsini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 şahid Xətai Şirinovun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/4673 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,187 qr, 0,197 qr, 0,119 qr, 0,109 qr, 0,078 qr ümumi təmiz çəkisi 0,690 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmışnarkotik vasitə olan heroindir və narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər (qalıq çəkisi 0,590 qram – 0,100 qram narkotik vasitə - heroin tədqiqata sərf edilmişdir). Bir ədəd bükümdə təmiz çəkisi 0,031 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir (qalıq çəkisi 0,021 qram – 0,010 qram psixotrop maddə olan metamfetamin tədqiqata sərf edilmişdir). Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 2-ci hissəsinə (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 2-ci hissəsinə (Siyahı İİ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5681 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANiYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,590 qram narkotik vasitə - heroin və 0,021 qram psixotrop maddə olan metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın çağrışından yayındığına görə onun barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxin könüllü gəlməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə könüllü olaraq Abşeron RPİ-nə gəlimiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd SD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli şalvarın sağ yan cibindən çıxardığı 01 ədəd şəfaff rəngli sellofanı, həmçinin 01 ədəd 5 manat pul əsginazını, 01 ədəd 3 qəpiklik dəmir pulu təqdim etməsi, həmin 01 ədəd şəfaff rəngli sellofanın içərisindən 05 ədəd siqaretin gümüşü rəngli kağızına və 01 ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş kütlə olması, sorğu zamanı həmin kütlələri Hökməli qəsəbəsində adını bilmədiyi şəxsdən 20 manata almasını, öz şəxsi istifadəsi üçün üzərində saxlamasını və satmaq niyyəti olmamasını bildirməsi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayon İHB-in 31 saylı MKİS-in xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasının yüngülləşdiriən halı, yaşını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,590 qram narkotik vasitə - heroin və 0,021 qram psixotrop maddə olan metamfetamin edilməlidir; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq üzərində 02 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 72 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,590 qram narkotik vasitə - heroin və 0,021 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar