Məhkəmə qərarları › İş №1(012)-842/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-842/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-842/2025 17.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Sakit Muradovun iştirakları ilə, Barəsində şikayət verilmiş Sakit Muradovun Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair xüsusi ittihamçı X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sakit Muradovun barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət təqibinin başlanmasını xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Şikayət ərizəsini X4 onunla əsaslandırılmışdır ki, o 03 aprel 1987-ci ildə Qərbi Azərbaycanda ,Göyçə Mahalında yerləşən Basarkeçər (Vardenis) rayonunun Yuxarı Şorca kəndində anadan olmuşdur. Hazırda da Mingəçevir şəhəri,X8 küçəsi 1,mənzil 55 yaşayıram və həmin ünvanda qeydiyyatdadır. 2010-cu ildən 2024-cü ilin sentyabrın ayının 17-kimi Ucar rayonu,X9 tam orta məktəbində tarix və coğrafiya müəllimi işləyib. 18 sentyabr 2024-cü il tarixində Direktorların İşə qəbulu müsabiqəsində uğur qazandığı üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəhbəri cənab Eşqi Bağırovun müvafiq əmri ilə Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbinə direktor təyin olunmuşdur. İşlədiyi bütün dövrlərdə daim öz işgüzarlığı və peşəkarlığı ilə seçilmiş, hər zaman öz işinə vicdanla yanaşmışdır. Kollektiv arasında hər zaman hörmət qazanmış, rəhbər şəxslərin tapşırıqlarını layiqincə icra etmişdir. Onun öz şikayətində qeyd edir ki: “X1 adlı şəxs tiktok sosial şəbəkəsində öz @thsilmedia səhifəsində, Sakit Muradov adına açılmış facebook səhifəsində və müxtəlif sosial şəbəkə səhifə hesablarında onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yazaraq mənim soyumu,kökümü təhqir edən yazılar dərc etmiş, mənim işgüzar nüfuzuna, şəxsiyyətinə şərəf və ləyaqətinə böyük zərbələr vurmuşdur. Belə ki, o öz sosial şəbəkə hesablarında guyakı Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbinin qarşısında kənd bələdiyyəsi tərəfindən ianə edilmiş bayraq dirəyinə asılmış, Azərbaycan Respublikasının üçrəngli bayrağının dalğalanmasına icazə verməmişəm. Məlumat üçün qeyd edirəm ki,Yevlax rayon Qaraməmmədli kənd bələdiyyəsinin yeni seçilmiş sədri Quliyev Əhliman,Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbinə mənim müraciətim əsasında xx.xx.2025-ci il tarixində 1 ədəd bayraq dirəyi ianə etmişdir.Həmin tarixdə mən məktəbin qarşısında həmin bayraq dirəyinin ucaldılması üçün göstəriş vermişəm. Bayraq dirəyi həmin vaxt məktəbin qarşısında ucaldılmışdır. Həmin vaxt güclü küləkli hava olduğu üçün və bayraq dirəyinin sementlənmiş dib hissəsi qurumadığı üçün,bayraq dirəyinin güclü külək nəticəsində yıxılacağından ehtiyyat edərək, bayrağımız müəyyən vaxt ərzində bükülmüş formada saxlanmışdır.Bayraq dirəyinin sementlənmiş dib hissəsi bərkidikdən sonra bayrağımız Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbinin qarşısında bayraq dirəyi üzərində dalğalanmaqdadır. Bir sözlə həmin sosial şəbəkə hesablarında Sakit Muradov tərəfindən yayılan məlumatlar şər və böhtandan ibarətdir. Bundan başqa və ən əsası təqsirləndirilən şəxs Sakit Muradov özünün yaratdığı və «Sakit Muradov» niki ilə istifadə etdiyi facebook sosial şəbəkəsində və tiktok sosial şəbəkə hesabında @thsilmedia səhifəsində Sakit Muradova məxsus olan profili ilə saxta xəbər paylaşaraq bildirmişdir ki, «Xəyal Zeynalovun özü,atası,bir sözlə ata-babası ermənidi».Həmçinin həmin səhifələrin şərh bölmələrində mənim haqqımda təhqiramiz yazıların yazılmasına şarit yaratmışdır və həmin yazıları həmin səhifələrdə yüzlərlə insan görmüş, oxumuşdur.Bundan əlavə Sakit Muradov öz tiktok sosial şəbəkə @thsilmedia səhifəsində yazmışdırki, «Yevlax rayon məhkəməsi məktəbin direktoru Zeynalov Xəyaldan iki dəfə direktorluğunu təsdiq edən sənədi istəsədə direktor həmin sənədi verməyib». Həmçinin mənim özümün şəxsən tanıdığım qohumlarım, iş yoldaşlarım, dostlarım bu statusu oxuyaraq bu barədə mənimlə maraqlanmışlar. Bu isə mənim şərəf və ləyaqətimi ləkələmiş, həmin şəxslər arasında məni nüfuzdan salmışdır. Mən hər mənlə maraqlanan şəxsə bu məlumatların yalan, şər-böhtan olması barədə izah verməyə məcbur olmuşam (tiktok sosial şəbəkəsi @thsilmedia səhifəsindən və facebook sosial şəbəkəsindən çıxarışlar şikayətə əlavə edilir). Göründüyü kimi, Sakit Muradov geniş əhatə dairəsi olan kütləvi informasiya ehtiyatında (tiktok sosial şəbəkəsi @thsilmedia səhifəsində facebook sosial şəbəkəsində) mənə böhtan atmış, məni ağır cinayət əməlində ittiham etmişdir”. O, xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsi barədə qərar çıxarıb, işə mahiyyəti üzrə baxmaqla Sakit Muradovu Azərbaycan Respublikası CMnin 147.2 və 148-ci maddələri ilə təqsirli bilərək cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı X4 şikayətinin dəlillərini müdafiə etmiş, şikayətinin məhkəmənin icraatına qəbul olunaraq mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında barəsində xüsusi ittiham qaydasına şikayət verilmiş Sakit Muradov şikayətdə göstərilənlərlə razılaşmayıb izahatında göstərmişdir ki, göstərilən ifadələr oxucu tərəfindən işlədilmişdir. Şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni öyrənərək, hesab edir ki, xüsusi ittiham qaydasında şikayət kimi verilmiş şikayət ərizəsi üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə ilk növbədə şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq, qeyd edir ki, X4 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt, kim tərəfindən törədilməsini (barəsində şikayət verilən şəxsin ata adı qeyd ediləyib), bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləğini göstərməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim edilməsi, xüsusi ittiham qaydasında şikayətin müraciət edilmiş məhkəməyə aidiyyətini və ya işin ərazi aidiyyəti üzrə hansı məhkəməyə aid olmasını müəyyən edən haldır. Bu səbəbdən də, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim olunması mütləq şərtdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, bununla bağlı Azərbaycan Respublikası CPM-nin 293.3.2 və 299.3.1-ci maddələrinin tələbinə də əməl edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147.1 və 147.2-ci maddələrinin mənasına görə, şəxs ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X2 xüsusi ittiham qaydasında şikayət qaydasında verdiyi şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, həmin şikayət qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) və ehtimal olunan cinayət əməllərinin törədən şəxs barəsində məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsi, öz əksini tapmalıdır. Əlavə olaraq xüsusi ittiham qaydasında verilmiş şikayətdə X4 özünü xüsusi ittihamçı, X5 isə təqsirləndirilən şəxs statusunda qeyd etmişdir. Qeyd edilməlidir ki, məhkəmə şikayəti icraata qəbul etdikdən sonra xüsusi ittham qaydasında şikayət vermiş şəxs “xüsusi ittihamçı”, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs isə “təqsirləndirilən şəxs” qismində tanınır. Gələcəkdə xüsusi ittiham qaydasında şikayət verilərkən bu hal nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, xüsusi ittihamçı X2, Sakit Muradovun Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasına dair şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və şikayət ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299, 302.1.8 və 302.2.3-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittihamçı X3, Sakit Muradovun Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilərək cəzalandırılmasına dair şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və ərizənin icraata qəbul olunmasından imtina edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar