Məhkəmə qərarları › İş №1(012)-844/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-844/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-844/2024 17.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Kürdəmir rayonu, Qaramahmudlu kəndində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Qaramahmudlu kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonu Atakişili kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 326.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 noyabr 2024-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır kəndində usta kimi işlədiyi tikintisi tamamlanmamış fərdi yaşayış evindəki gödəkçəsinin iç sol yan cibindən içərisində 50 manat nağd pul, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-yə aid 4169 7388 2167 8806 nömrəli və "xxxx" ASC-yə aid 4098 5844 6854 6849 nömrəli plastik bank kartlar olan 3 manat dəyərində pul qabını götürüb ələ keçirdikdən sonra həmin gün elektron məlumat daşıyıcısından istifadə etməklə Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən “Araz” süpermarketin qarşısındakı bankomat vasitəsi ilə "xxxx" ASC-yə aid 4169 7388 2167 8806 nömrəli plastik kartının bank hesabında olan 647 manat pulu çıxarmaqla gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 700 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 02 noyabr 2023-cü il tarixdə fəhlə işləmək üçün yaşadığı Kürdəmir rayonundan Abşeron rayonuna gəlmiş və həmin gecəni Abşeron rayonu, Hökməli qəsəbəsi “At-yalı” yaşayış massivində yaşayan qardaşının evində qalmış, ertəsi günü nahardan sonra iş axtarmaq üçün Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yeni inşa edilən evlərin yerləşdiyi məhəlləyə getmiş, saat təxminən 16 radələrində Masazır qəsəbəsində “Köhnə Bələdiyyənin yanı” adlanan məhəllədə gəzərkən iki mərtəbəli fərdi yaşayış evinin tikildiyini görüb həmin evi inşa edən ustalarla görüşüb özünə iş tapmaq niyyəti ilə həmin evə daxil olmuş, lakin ustaların evdə olmadığını, onlara məxsus paltarların isə oradakı təmirsiz otaqda divara vurulmuş taxtadakı mıxlardan asıldığını görüb, həmin paltarların cibindən oğurluq etmək qərarına gəlmiş və paltarlara yaxınlaşıb ciblərini axtarmağa başlamışdır. Həmin vaxtı orada asılmış şalvarın yan cibində qara rəngli pul qabının içərisində 50 manat nağd pul, 2 ədəd bank kartı və İmişli rayon sakini Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi olduğunu görüb həmin pul qabını götürüb, tez cibinə qoyub oradan uzaqlaşıb mərkəzi yola çıxmış və sonra pul qabını açıb içərisindəki 50 manat nağd pulu götürüb cibinə qoyub bank kartlarında pul olubolmamasını yoxlamaq üçün Masazır qəsəbəsindəki “Araz” supermarketin qarşısına getmiş, əvvəlcə pul qabında olan "xxxx" kartını oradakı bankomata salmış və kartın şifrəsinin həmin kartın sahibinin doğum tarixinin olmasını düşünərək oğurladığı pul qabında olan şəxsiyyət vəsiqəsini çıxarıb həmin adamın doğum tarixinə baxdıqdan sonra bankomatda həmin rəqəmlərin olduğu düymələri basmış, kartın şifrəsi həmin rəqəmlər olsa da kartda pul olmadığını görmüş və bunun ardınca pul qabında olan “Kapital banka” aid kartı bankomata salaraq həmin şifrə ilə kartdakı məlumatları yoxlamış, kartda 647 manat pul olduğunu görüb həmin məbləğdə pulun hamısını 3 dəfəyə olmaqla çıxarıb cibinə qoyub piyada oradan uzaqlaşmışdır. Piyada gedərkən pul qabını içərisindəki bank kartları və şəxsiyyət vəsiqəsi ilə birlikdə hazırda xatırlamadığı yerdə yolun kənarına tullayıb yaxınlıqdakı avtobus dayanacağına, oradan 525 nömrəli marşrut avtobusuna minib Xırdalan dairəsinə getmişdir. Bundan sonra taksi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lokbatan dairəsinə gedib, oradan da Kürdəmir rayonuna gedən taksilərə minib yaşadığı evə getmişdir. Oğurluqdan əldə etdiyi 697 manat pulu bir neçə gün ərzində evimizə ərzaq almağa və şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o bir neçə il əvvəldən usta kimi tikinti-təmir işləri ilə məşğul olur. 2023-cü ilin oktyabr ayından həmkəndlisi Teymurun xahişi ilə sonuncunun Abşeron rayonu Masazır qəsəbəsində “Köhnə Bələdiyyənin yanı” adlanan ərazidəki iki mərtəbəli fərdi yaşayış evinin tikinti-təmir işləri ilə məşğul olmağa başlamış, xx.xx.2023-cü il tarixdə işlədiyi vaxt üzərində olan üst geyimlərini dəyişib, evin 1-ci mərtəbəsindəki otaqda olan asılqana asaraq təmir işlərinə başlamış, nahar fasiləsi vaxtı yenidən həmin otağa gəlib yeməyini yedikdən sonra yenə evin arxa divarına quraşdırılmış dayaqların üstünə çıxaraq 2-ci mərtəbənin fasadının təmir işlərini etməyə başlamışdır. Bundan təxminən 1 saat sonra, yəni saat 16 radələrində həmin evdə təmir işləri ilə məşğul olduğu vaxt cibində olan mobil telefonuna gələn müsajdan ona məxsus "xxxx" kart hesabından Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketdə quraşdırılmış bankomatdan 3 dəfəyə olmaqla cəmi 647 manat pulunun çıxarıldığını görüb tez həmin evdə asılqandan asdığı şalvarının cibində olan bank kartlarının yerində olub olmadığını yoxlamış, həmin vaxtı şalvarının cibində saxladığı içərisində 50 manat nağd pul, şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-yə aid 4169 7388 2167 8806 nömrəli və "xxxx" ASCyə aid 4098 5844 6854 6849 nömrəli plastik bank kartları olan 3 manat dəyərindəki pul qabının yerində olmadığını görüb, kiminsə ondan xəbərsiz həmin pul qabını oğurlayıb bank kartında olan pulunu çıxardığını yəqin edib, mobil telefonu ilə DİN-nin 102 zəng xidmətinə bu barədə məlumat vermişdir. Daha sonra müəyyən edilmişdir ki, oğurluq edən şəxs Təqsirləndirilən şəxsdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlama və icraata götürülməsi” barədə 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1 maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, istintaqı aparılmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə saat 20:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 326.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır. - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmiş və o Abşeron RPİ-nin Müvəqqətii saxlama yerindən azad olunmuşdur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 03 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Rzayev X2 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasl 01 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Məhkumluq ödənilmişdir. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması haqqında” 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 326.2-ci maddəsi maddələri ilə tövsif olunmuş, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin etirafedici ifadələri və "xxxx" ASC-dən alınmış video görüntülər olan bir ədəd DVD formatlı kompakt disk iş materialları maddi sübut kimi tanınmışdır. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3- 1 və 326.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. - "xxxx" ASC-nin istintaq materiallarına əlavə edilmiş 12 yanvar 2024-cü il tarixli 2024/111/582 nömrəli məktubuna əlavə edilmiş DVD formatlı diskdəki görüntüdən görünür ki, Rzayev X2 rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən “Araz” supermarketin qarşısında quraşdırılmış bankomat aparatı vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid 4169 7388 2167 8806 nömrəli plastik kartının bank hesabından xx.xx.2023-cü il tarixdə saat 16:01-də 297 manat, saat 15:57-də 50 manat, saat 15:58-də 300 manat, ümumilikdə 647 manat pul vəsaitini nağdılaşdırmaqla ələ keçirmişdir. - Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 14 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Şikayət və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd) “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 326.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1 və 326.2-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1 və 326.2-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-1 və 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəyərək barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, Məhkumluq götürülmüş və ya ödənmişsə, hökmün giriş hissəsində əvvəlki məhkumluq barədə məlumat əks etdirilməməlidir. Məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini və zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirərək, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 326.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza, 326.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Kürdəmir rayonu, Atakişili kəndində yerləşən nömrəsiz fərdi ünvanını tərk etməmək, , elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 326.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək,ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilən cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən toplanılsın və üzərində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması və 1500 (bir min beş yüz) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddətinin 01 günü 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən ona təyin olunmuş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonu, Atakişili kəndi ünvanındaki yaşayış evini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Kürdəmir Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar