Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-844/2025 18.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X8 hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx.xx.1977-ci ildə Yardımlı rayonu, Əsədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Sumqayıt STP zavodunda təmirçi çilingər işləyən, məhkum olunmayan, Yardımlı rayonunda qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yeni Y/M məhəllə 3-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü ildə saat 18:30 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrində 3 zolaqlı yolun sol zolağı ilə idarə etdiyi KİA CEED minik markalı 77PV761 dövlət qeydiyyat nişanlı avtomobillə faraların yaxın işıqlarında Quba rayonu istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «X14» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun sağ kənarından hərəkət hissəyə daxil olub adi qaçışla 8,4 metr məsafə qət etmiş 1973-cü il təvəllüdlü X10 avtomobilin qabaq sol tin hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Elxan Əliyevə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran travmatik, hemorragik şok, kəskin daxili qanaxma, sağdan İV,V,Vİ,Vİİ,Vİİİ,İX,X qabırğaların qapalı yerdəyişmiş sınıqları, sağ baldır sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sağ ağciyərin aşağı payının cırılmış yarası, qaraciyərin cırılmış yarası, sağ baldır sümüklərinin aşağı 1/3-nin yerdəyişən qapalı sınıqları, sol diz oynağının çıxığı, alının sol yarısının, burunun sağ hissəsinin sıyrığı, sağ əlin, sağ baldırın, sol diz oynağı nahiyəsinin, sol aşıq-baldır oynağının bayır səthinin sıyrıqlan, gövdənin döş və qarın nahiyələrinin qançırı və sıyrıqlan xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2019-cu ildə 23.01,2029-cu ilədək etibarlı olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Lizinq etibarnaməsi ilə özünə məxsus olan KİA CEED minik markalı 77PV761 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 15 noyabr 2024-cü ildə saat 18:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrində 3 zolaqlı yolun sol zolağı ilə faraların yaxın işıqlarında Quba rayonu istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən qarşıda yolun sağ zolağında ağ rəngdə X15 markalı qeydiyyat nişanlarına fikir vermədiyi avtomobilin dayanmış vəziyyətdə olduğunu və qəza işıqlarının yanıb-söndüyünü gönnüşdür. Özündən təxminən 5-6 metr arxada orta zolaqla marka və nömrəsini görə bilmədiyi sedan tipli minik avtomobili hərəkət etmişdir. Bu zaman yolun sağ kənarından iti qaçışla piyada kişi qaçaraq onun hərəkətdə olduğu zolağa daxil olmuşdur. Piyadanı vurmamaq üçün dərhal sürəti azaldıb sağa manevr etmiş, amma buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq sol tin hissəsi ilə piadanı vurmuşdur. Zərbənin təsirindən piyada fırlanıb avtomobilin sol yan güzgüsünə dəymişdir. Bundan sonra tormoz edib avtomobili piyadanı vurduğu yerdən təxminən 10 metr irəlidə yolun sağ kənarında dayandırmışdır. Avtomobildən düşüb piyadanı vurduğu yerə qayıtmışdır. Görmüşdür ki, piyada avtomobili ilə vurduğu yerdə deyil, yolun sağ zolağında uzanıqlı və hərəkətsiz vəziyyətdədir. Ona yaxınlaşıb ölüb- ölmədiyini müəyyən etmək üçün əli ilə nəbzini tutaraq hiss etmişdir ki, hələ ölməyib nəbzi vurur. Bu anda Quba rayonu istiqamətində hərəkətdə olan avtomobillər dayanmışdır. Avtomobillərdən düşən tanımadığı şəxslər vurulan piyada kişinin ətrafına toplaşmışlar. Vurulan piyadanın yanında olan şəxslərdən bir nəfər kişi demişdir ki, az əvvəl həmin kişi idarə etdiyi avtomobillə hərəkətdə olarkən avtomobilinin güzgüsü yolu keçən piyada qadına dəymiş və qadın yıxıldığına görə avtomobili dayandırıb qadına yaxınlaşmaq istədikdə həmin kişini avtomobillə vurmuş, özündən sonra isə başqa bir avtomobil onu vurmuşdur. Amma özü nə qadını, nə də avtomobili ilə vurduğu piyada kişinin başqa bir avtomobillə vurduğunu görməmişdir. Həmin kişi həmçinin ona avtomobili ilə vurduğu piyada kişinin qohumu olduğunu bildirmişdir. Dərhal 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə yerinə müstəntiq gəlib baxış keçirdikdə baxışda iştirak etmiş və piyadanın vurulduğu yeri müstəntiqə göstərmişdir. Hadisə zamanı sərxoş olmamış, idarə etdiyi avtomobildə isə yük və sərnişin olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 ilə barışmış, dəymiş ziyanı ödəmişdir. Himayəsində azyaşlı uşağı vardır. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 hüquqi varisi (mülki iddiaçı) X3 ifadəsində göstərmişdir ki, mərhum X13 onun əridir. Elxan 11.01 1973-cü ildə Bakı şəhərində doğulmuşdur, Siyəzən rayonunda qeydiyyatda olmaqla Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində fərdi evdə onunla birlikdə yaşamışdır. Elxan onunla evlənərək 10 noyabr 1993-cü ildə rəsmi nikahları bağlanmışdır. Elxanın özünə məxsus X15 111 CDİ minik markalı 50DT418 dövlət qeydiyyat nişanlı avtomobili vardır. 15 noyabr 2024-cü ildə saat 19 radələrində qardaşı Gülağa ona zəng edib bildirmişdir ki, Elxanı Bakı- Sumqayıt yolunda avtomobil vurub. Həmin gün Gülağa Elxanın meyitini morqdan təhvil aldıqdan sonra səhəri gün meyiti Siyəzən rayonunun Məşrif kənd qəbiristanlığında dəfn olunmuşdur. Hazırda ona məlumdur ki, Elxanı 15 noyabr 2024-cü ildə saat 18:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi K1A CEED minik markalı 77PV761 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən vurmuşdur. Həmçinin Elxanı avtomobil vurduqdan sonra başqa, yəni 2-ci avtomobildə vurmuşdur və Elxan hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 noyabr 2024-cü ildə saat 18:10 radələrində Masazır qəsəbəsi Qurtuluş yşayış massivi Zəngilan şəhərciyi adlanan ərazidə tanışı Elxan Əliyevin idarə etdiyi X15 markalı ağ rəngli nömrə nişanlarını bilmədiyi avtomobilə sərnişin qismində minib qabaq oturacaqda sürücünün yanında oturmuşdur. Az sonra Masazır körpüsünün altında bir nəfər tanımadığı kişi minib onun yanında qabaq oturacaqda oturmuş, 1 nəfər qadın, 1 nəfər cavan oğlan və 2 nəfər kişi də sərnişin qismində minib avtomobilin salonunda oturaraq yolu davam edib Sumqayıt şəhəri istiqamətində hərəkət etmişlər. Saat 18:30 radələrində sərnişini olduğu avtomobil Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində «VAZ-ın dairəsi» adlanan yerə az qalmış yolun sağ zolağı ilə hərəkətdə olarkən Elxan qarşıda qəza işıqlarını yandırıb dayanmış avtomobilin solundan keçmək üçün orta zolağa manevr edib hərəkəti dava etdiyi anda avtomobilin sol güzgüsü yolu keçən piyada qadına toxunmuş, güzgü qırılmış və qadın qaçaraq yolayrıcı dəmir səddin yanında dayanmışdır. Elxan avtomobili yolun sağına çəkib qəza işıqlarını yandıraraq avtomobili dayandırıb düşərək avtomobilin güzgüsü dəyən qadının arxasınca sol tərəfə adi yerişlə getmişdir. Sağ tərəfində oturmuş sərnişin kişidən xahiş etmişdir ki, qapını açsın və düşmək üçün ona yol versin. Həmin kişi qapını açıb yerə düşdükdən sonra özü də yerə düşüb sərnişini olduğu avtomobilin arxası tərəfdən Elxanın getdiyi istiqamətdə hərəkət etməyə başlamışdır. Elxan bu anda adi yerişlə yeriyərək yolun orta zolağını keçirmiş. Elxana tərəf arxadan hərəkətdə olan avtomobilləri görüb qışqıraraq Elxana xəbərdarlıq etmişdir ki, ehtiyatlı olsun. Bu anda bir minik avtomobili, yəni sonradan hadisə yerində gördüyü KİA CEED minik markalı 77PV761 dövlət qeydiyyat nişanlı avtomobil Elxanı vurmuşdur. Ani olaraq Elxanı görə bilməmiş və dərhal ardından gələn 2-ci minik avtomobil ilə Elxana 2-ci zərbə dəymiş, Elxan bundan sonra diyirlənib yolun sağına uzanıqlı vəziyyətdə düşmüşdür. Bundan sonra hərəkətdə olan avtomobillər dayanmağa başlamışlar. Hadisə yerinə toplaşmış şəxslərlə köməkləşib Elxanı uzandığı yerdən yolun sağ kənarına çəkib aparmışlar. Bundan sonra 103 xidmətinə və Elxanın qohumu Gülağaya zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə yerinə gəlmiş polis əməkdaşlarına hadisənin şahidi olduğunu demişdir. Hadisə yerinə təcili tibbi yardım avtomobili ilə həkim briqadası gəlmiş və həkim Elxanı müayinə edib onun öldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 noyabr 2024-cü ildə saat 18:30 radələrində idarə etdiyi HYUNDAİ SANTA FE minik markalı 77KS078 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrində 3 zolaqlı yolun sol zolağı ilə faraların yaxın işıqlarında Quba rayonu istiqamətində 70- 80 km/saat sürətlə hərəkətdə olarkən qarşıda hərəkətdə olan minik avtomobili qəflətən sola manevr etmiş və yolun ortasında yıxılmış formada insana bənzər qaraltı fırlana-fırlana sağ zolağa tərəfə düşmüşdür. Dərhal tormoz və azca sola manevr etmişdir ki, qarşıdakı minik avtomobili ilə toqquşmasın. Tormoz etdikdən sonra idarə etdiyi avtomobil tam dayanmışdır. Bu anda idarə etdiyi avtomobil arxadan vurulmuşdur. Düşüb görmüşdür ki, avtomobilin arxa hissəsi ilə minik avtomobili toqquşub və onun arxasındakı avtomobil də həmin avtomobilə dəyib. Həmin hadisəni Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru polis baş serjantı Şükür İskəndərov qeydə almışdır. Qarşıda baş vermiş yol nəqliyyat hadisəsinin idarə etdiyi avtomobildə quraşdırdığı videoregistratorun qeydə aldığını ehtimal etdiyi üçün həmin videoregistratorun yaddaş kartını inspektor Şükür İskəndərova təqdim etmişdir. Qarşıdakı yol nəqliyyat hadisəsinin nə ilə nəticələndiyini, avtomobillərin marka və nömrəsini bilməmişdir. Hadisə yerində məlum olmuşdur ki, özündən öndəki avtomobil piyadanı vurub, qaraltı kimi gördüyü məhz avtomobillə vurulmuş həmin piyada imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 15 noyabr 2024-cü ildə saat 18:00 radələrində Bakı şəhərindən Saray qəsəbəsinə getmək üçün etibarnamə əsasında idarə etdiyi Changan markalı 99BP039 nömrə nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun 15-ci kilometrində 80 km/saat sürətlə yolun sağdan sola 3 cü zolağı ilə hərəkət edərək Abşeron Xəstəxanasını keçəndən sonra qarşıda gedən açıq rəngli, markasını bilmədiyi avtomobil kəskin tormoz etdiyi üçün, sükanı sola manevr etmiş, bu zaman avtomaşınında tappıltı səsi gəldiyindən zənn etmişdir ki, idarə etdiyi avtomaşının sağ qabaq hissəsi tormoz edən avtomaşının arxa hissəsi ilə toqquşub. Bundan sonra özü maşınını yolun sol hərəkət hissəsində, digər avtomaşın isə sağ kənarda saxlamışdır. Maşından düşüb hadisə yerinə gəlib görmüşdür ki, yolun sağ hərəkət hissəsində adam uzanıb və bir qədər arxada isə hərəkət hissəsini ayıran orta zolaqda qolunu tutmuş qadın oturub. Orada məlum olmuşdur ki, qolunu tutan qadını ağ rəngli Mersedes Vito markalı avtomaşın güzgüsü ilə vurmuş və Vitonun sürücüsü yolu keçib qadına yaxınlaşmaq istəyərkən onu da maşın vurmuşdur. Elə həmin uzanıqlı adam da Mersedesin sürücüsüdür. Ardından ara qarışaraq insanlar toplaşdığından nə ilə toqquşduğunu müəyyən edə bilməmiş, orada olan YPX inspektoruna yaxınlaşıb hadisə törətdiyini, lakin hansı maşina dəydiyini bilmədiyini, açıq rəngli və yaxud ağ rəngli avtomaşınla toqquşduğunu düşündüyünü inspektora deyib sənədlərini ona təqdim etmişdir. YPX əməkdaşı ona demişdir ki, get narahat olma sürücünü tapıb məlumat verəcəyik. Sonra işlərinin dalınca çıxıb getmiş, səhəri gün günortadan sonra təxminən saat 3-4 radələrində Saray postuna gedib Şükür adlı inspektordan sənədlərini götürmüş, inspektor ona demişdir ki, onun avtomaşınının toqquşma hadisəsi ilə əlaqədar heç bir məlumat yoxdur. Piyadanı vurduğunu bilməmişdir, çünki piyada ayaq üstə olmadığından onu görə bilməmişdir. Zənn edir ki, piyada uzanıqlı vəziyyətdə olmuşdur. Buna görə də avtomobilinin sağ ön hissəsi deyil, sağ alt hissəsi zədələnmişdir. Piyadanı görsə belə, onu vurmamaq üçün məsafə olmadığına görə imkanı olmazdı. Hansı hadisənin iştirakçısı olduğunu bilmədiyi üçün sənədlərini polis əməkdaşına təqdim etmişdir ki, aydınlaşdıqda onunla əlaqə saxlasın. Həmin vaxt qarışıqlıq düşmüş və bir neçə hadisə eyni vaxtda baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, X5 ifadəsində göstərmişdir ki, 15 noyabr 2024-cü ildə saat 18:20 radələrində dislokasiya üzrə xidmət apardığı ərazidə Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrində üç avtomobilin toqquşması, xəsarət alan olmaması barədə məlumat alıb hadisə yerinə gedib hadisəni sənədləşdirərək toqquşan avtomobilləri evakuatrla cərimə meydançasına göndərmişdir. Həmin ərəfədə BDYPİ-dən ona məlumat vermişlər ki, bir az irəlidə piyada vurma hadisəsi var. Dərhal hadisə yerinə gedərək yolun sağında üstü örtülmüş kişi meyiti və hadisə yerində üzərində zədələr olan KİA CEED minik markalı 77PV761 dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Özünü ona Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs sənədlərini də təqdim edib həmin piyadanı idarə etdiyi KİA CEED minik markalı 77PV761 dövlət qeydiyyat nişanlı avtomobillə vurduğunu bildirmişdir. Hadisə yerində olan bir nəfər kişi ona demişdir ki, həmin kişini başqa bir avtomobil də vurmuşdur. Hadisə yerində olan başqa bir şəxs isə ona yaxınlaşıb özünü Şahid3 kimi təqdim edərək hadisə yerində olan Changan markalı 99BP039 nömrə nişanlı avtomobilin sahibi olduğunu və avtomobilinin hansısa avtomobilə dəyməsini ehtimal etdiyini bildirib öz sənədlərini ona təqdim etmişdir. Aydınlaşdırıb əlaqə saxlayacağını bildirmiş və Şahid3 çıxıb getmişdir. Changan markalı 99BP039 nömrə nişanlı avtomobillə toqquşma qeydə alınmadığından səhəri gün sürücü Şahid3 sənədlərini özünə qaytarmışdır. Ölüm baş vermiş hadisə yerində başqa xəsarətsiz xırda hadisələr də olmuşdur. Həmin hadisələri sənədləşdirmişdir. Hadisənin iştirakçısı olan bir nəfər sürücü yaxınlaşıb avtomobilində videoreqistatoru olduğunu, ola bilsin ki, ölüm hadisəsinin göryntüyə düşdüyünü deyib yaddaş kartını ona təqdim etmiş, özü isə həmin yaddaş kartını müstəntiqə təqdim etmişdir. Hadisə yerindən meyiti MTE-yə göndərmiş və hadisə yerinə baxışda iştirak etmişdir.Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 15 noyabr 2024-cü ildə saat 18:25 radələrində işdən öz evinə gedərkən Bakı-Sumqayıt şosesində Novxanı yoluna dönən istiqamətdən Xırdalan şəhəri tərəfə gedən istiqamətə getmək üçün yolun digər tərəfmə keçərkən iki yol ayrıcısında olan dəmir çəpərə çataraq dəmirin kənarı ilə piyada gedərkən sağ tərəfdən gələn avtomobil onu vurmuşdur. Qaranlıq olduğu üçün onu vuran avtomobili görə bilməmişdir. Tanımadığı şəxslərin köməyi ilə yolun kənarına çəkilmiş, bundan sonra tanımadığı bir şəxs onu evinə aparmışdır. Evdə olarkən təcili tibbi yardım çağırmış və ev şəraitində müalicə olunmuşdur. Onu vuran avtomobili görmədiyi üçün markasını, dövlət qeydiyyat nişanını və hadisə zamanı həmin avtomobili idarə edən şəxsin kim olduğunu bilmir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edlməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin fakta görə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işi üzrə icraat 15 yanvar 2025-ci ildə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 30 yanvar 2025-ci ildə icraat təzələnmiş və həmin tarixdə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi üzrə icraat 14 mart 2025-ci ildə təzələnmiş, həmin tarixdə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və 22 aprel 2025-ci ildə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs 23 aprel 2025-ci ildə Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Hadisə baş verən yerin, yəni Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrində hadisə zamanı hərəkətdə olan avtomobilin sürücüsünün idarə etdiyi avtomobildə quraşdırdığı videoreqistatorunda hadisəsinin göryntüyə düşdüyünü ehtimal edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru polis baş serjantı X4 təqdim etdiyi həmin videoreqistatorun yaddaş kartında hadisənin baş vermə mexanizmini əks etdirən və kartdan DVD diskinə köçürülmüş görüntüdə 15 noyabr 2024cü ildə saat 18:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrində yolun Quba rayonu istiqamətinə olan hissəsinin sol zolağı ilə hərəkətdə olan sedan tipli avtomobilin ani olaraq sola manevr etməsi və həmin anda avtomobilin sağ küncündən piyadanın asfalt üzərində fırlanaraq yolun sağ zolağına düşməsi görünür. Bundan başqa nömrəsi və markası məlum olmayan həmin avtomobilin yolun sol zolağında dayanaraq sürücünün avtomobildən düşməsi, həmçinin yolun sağ kənarında istintaqa məlum olan və piyadını birinci vuran KİA CEED minik markalı avtomobilin dayanması və sürücünün avtomobildən düşməsi görünür. Həmçinin diskə baxış zamanı hadisənin baş vermə anma qədər nəqliyyat axımını ayıran yolayrıcı dəmir konstruksiyanın qarşısında qara geyimli piyadanın oturaq vəziyyətdə olması görünür. Sürücü Şahid3 görüntüyə baxdıqdan sonra bildirmişdir ki, nömrəsi və markası görünməyən avtomobil hadisə zamanı onun idarə etdiyi Changan markalı 99BP039 nömrə nişanlı avtomobildir və həmin avtomobildən düşən şəxs isə özüdür. Sürücü Təqsirləndirilən şəxs görüntüyə baxdıqdan sonra bildirmişdir ki, yolun sağ kənarında dayanan KİA CEED minik markalı avtomobil hadisə zamanı onun idarə etdiyi KİA CEED minik markalı 77PV761 nömrə nişanlı avtomobildir və həmin avtomobildən düşən şəxs isə özüdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 167 №-li meyitin ekspertizası rəyinə əsasən X8 meyitində kəskin daxili qanaxma ilə nəticələnmiş sağ ciyərin aşağı payının və qaraciyərlərin cırılmış yaraları, sağdan 4-5-6-7-8-9-10-cu qabırğaların qapalı yerdəyişmiş sınıqları, sağ baldır sümüklərinin yerdəyişən qapalı sınıqları, sol diz oynağının çıxığı, alın nahiyəsinin sol tüksüz hissəsinin, burun nahiyəsinin, sağ əlin, döş və qarın nahiyələrinin, həmçinin sağ baldırın, sol diz oynağı nahiyəsinin, sol aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər həyati əlamətlərə malik olmaqla mərhumun ölümündən əvvəl, yəni xx.xx.2024-cü ildə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin hissələri ilə vurulması zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə insan həyatı üçün təhlükəli olan agır zərər vurmanın əlamətlərinə malikdirlər. X8 ölümünə səbəb travmatik-hemorragik şokla müşayiət olunan sağ ağciyərlərin və qaraciyərlərin travmatik yaralanması ilə nəticələnmiş kəskin daxili qanaxma olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 4-6 saat əvvəl baş vermişdir. X9 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu t.rəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Əlavə komisyon məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 14/MEŞ №-li meyitin ekspertizası rəyinə əsasən X8 meyitində travmatik, hemorragik şok, kəskin daxili qanaxma, sağdan İV,V,Vİ,Vİİ,Vİİİ,İX,X qabırğaların qapalı yerdəyişmiş sınıqları, sağ baldır sümüklərinin qapalı yerdəyişmiş sınıqları və sağ ağciyərin aşağı payının cırılmış yarası, qaraciyərin cırılmış yarası, sağ baldır sümüklərinin aşağı 1/3-nin yerdəyişən qapalı sınıqları, sol diz oynağının çıxığı, almın sol yarısının, burunun sağ hissəsinin sıyrığı, sağ əlin, sağ baldırın, sol diz oynağı nahiyəsinin, sol aşıq-baldır oynağının bayır səthinin sıyrıqları, gövdənin döş və qarın nahiyələrinin qançırı və sıyrıqları xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər ölümündən az əvvəl bərk küt əşya (əşyaların) təsirindən əmələ gəlmişlər, yol nəqliyyat hadisəsi nəticəsində şaquli və ya ona yaxın vəziyyətdə olan piyadanın hərəkətdə olan avtomobilin qabaq hissələri ilə vurulması nəticəsində yarana bilərdilər, dərəcəsinə görə həyatı üçün təhlükəli olan sağlamlığa agır zərər vurmanın əlamətlərinə malikdirlər və ölümlə birbaşa səbəli əlaqələri vardır. Xəsarətlərin xarakterini, lokalizasiyasını, əmələgəlmə mexanizmini, ardıcıllığını və cinayət işi materialında olan nəqliyyat vasitələrinin deformasiyaya uğramış hissələrinin xüsusatlarını nəzərə alaraq demək olar ki, X8 ölümünə bilavasitə səbəb olan «travmatik- hemorragik şok, kəskin daxili qanitirmə ilə müşayiət olunan sağ qabırğaların çoxsaylı sınıqları, sağ ağciyərin və qaraciyərin cırılmış yaraları, sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı sınıqları » hərəkətdə olan KİA CEED minik markalı 77PV761 dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qanadının piyada ilə toqquşması nəticəsində yarana bilərdilər. Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 6 mart 2025-ci il tarixli 8/03 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində KİA CEED minik markalı 77PV761 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X14» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (Aparılmış tədqiqatın dəyəri-128 manat) DİN BDYP Qİİ-nin verdiyi 28.11,2024-cü il tarixli 3-13-16/2-201431/24 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs 23.01,2019-cu ildə xx.xx.2029-cu il tarixədək müddətə etibarlı olan AE 044520 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Kİ A CEED minik markalı 77PV761 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmış, təqsirləndirilən şəxs, zərər çəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının, məhkəmə maddi sübutun ekspertizasının, məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs X8 hüquqi varisi X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 ilə barışmış, dəymiş ziyanı ödəmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X7 adlı azyaşlı övladı vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. "X14” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun İ hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1 -ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla) hərəkət etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. "X14” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "X14 və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 22-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351 -ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan mıhrum etmə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198-ci maddəsinə əsasən iş üzrə 128 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs idarə etdiyi Kİ A CEED minik markalı 77PV761 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs X8 hüquqi varisi X3 mülki iddia ilə bağlı məhkəməyə iddia ərizəsi verərək ona vurulmuş 14000 manat maddi ziyanın və 10000 manat mənəvi zərər ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyinə və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayəti olmadığına görə hazırki cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanmalıdır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə və Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 128 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi KİA CEED minik markalı 77PV761 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-844/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-844/2025
18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver