Məhkəmə qərarları › İş №1(012)-847/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-847/2024

23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-847/2024 23.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirlənirilən şəxsin qanuni nümayəndəsi: X2 iştirakı ilə xx xxx 2008-ci il tarixdə Şamaxı rayonunun Sabir qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 11-ci sinif şagirdi, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Mərzəndiyə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, «Gəncələr Şəhərciyi» yaşayış kompleksində yerləşən «Dost» mərkəzinin yaxınlığından Zərərçəkmiş şəxs məxsus balansında 268,58 manat pul olan “Kapital Bank» ASC-nə aid “Birbank” bank kartını tapdıqdan sonra elektron məlumat daşıyıcılarından istifadə edib 23 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, «Gənclər Şəhərciyi» yaşayış kompleksində yerləşən «Al», “Oba”,«Araz» və «Şans» marketlərindən hissə-hissə olmaqla ümumilikdə 266,37 manat dəyərində müxtəlif ərzaq və enerji içkiləri alaraq həmin kartdan ödəniş etməklə vahid niyyətlə əhatə olunan qəsdlə 266,37 manatını gizli olaraq talamaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 23 oktyabr 2023-cü il tarixdə saat 19:00 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron Gənclər Şəhərciyinin qarşısında həmyaşıdları olan dostları Nihad Tağıyev, Nihad Vəliyev, Ruslan və Məna adlı şəxslə birlikdə gəzərkən Yaşayış kompleksində yerləşən «Dost» mərkəzinin yaxınlığında iki daşın arasından "xxxx"- ASC-nə aid «Birbank» kartı tapmış və həmin kartda pul olmasını yoxlamaq üçün mağazadan alış-veriş etmək qərarına gəlmişdir. Bu məqsədlə dostları ilə birlikdə «Gənclər Şəhərciyi» yaşayış kompleksində yerləşən «Al» marketə gəlmiş və oradan 01 ədəd «Bizon» içkisi alaraq, ödənişi həmin kart vasitəsi ilə etmiş və kartdan pul çıxmışdır. Bundan sonra o, kartı tanışı Nihad Vəliyevə vermiş və sonuncu yaxınlıqda yerləşən «Araz», «Oba» və «Şans» marketə gedərək, orada elektron siqaret, çips, enerji içkilər və yadında qalmayan azuqələr almışlar. Daha sonra Nihad Tağıyev yenidən «Araz» marketdən alış-veriş etmiş və ödəniş üçün kassaya yaxınlaşdıqda kartdan çıxmamış və sonuncu kartı ona qaytarmışdır. O, həmin kartı qıraraq, binanın zirzəmisinə atmışdır. O və dostları təxminən həmin kartdan 266 manat dəyərində alış-veriş etmişlər. O, yalnız bir ədəd "xxxx"- ASC-nə aid qara rəngli «Birbank» kartı tapmış və həmin kart vasitəsi ilə mağazalardan müxtəlif azuqələr almışdır. Onun içərisində 150 manat pul olan pul kisəsinin hansı şəraitdə itməsindən məlumatı olmamışdır. Sonda törətdiyi əməldən peşman olduğunu və hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəməsini, yaşını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, onun özünə məxsus "xxxx" ASC-nə aid 4169 7388 7840 6275 nömrəli «Birbank» Cashbac bank kartı vardır və alış-veriş etmək üçün həmin karta müxtəlif vaxtlarda müəyyən məbləqdə pul köçürmüşdür. 23 oktyabr 2023-cü il tarixdə axşam saatlarında yaşadığı evə gəldikdən sonra bir qədər yatmışdır. Bir neçə saatdan sonra, təxminən 20 radələrində yuxudan ayıldıqda onun mobil telefonuna 23 oktyabr 2023-cü il tarixdə mobil Birbank tətbiqindən özünə məxsus "xxxx" ASC-nə aid 4169 7388 7840 6275 nömrəli bank kartından «Al», «Oba», «Araz» və «Şans» marketlərdən müxtəlif məbləğlərdə alış-veriş edilməsinə dair bildirişlər gəlmişdir. O, bu haldan şübhələndiyi üçün cibinə baxmış və içərisində 10 manat dəyərində pul kisəsində olan 150 manat pulun və "xxxx" ASC-nə məxsus 4169 7388 7840 6275 nömrəli 268,58 manat pul olan «Birbank» Cashbac kartının cibində olmadığını müəyyən etmişdir. Bundan sonra o yaşadığı evə gələrkən yolda pul kisəsini naməlum şəraitdə itirdiyini və tapan şəxsin bank kartı vasitəsi ilə alış-veriş etməsini anlamışdır. Mobil telefonuna baxan zaman ilkin alış-verişin «Gənclər Şəhərciyi» yaşayış kompleksində olan «Al» marketdən etməsini müəyyən etdikdən sonra o, «Al» marketə gedib orada olan görüntüyə baxış keçirmiş və bir neçə nəfər azyaşlı uşaqların alış-veriş etmələrini müəyyən edərək, həmin görütüntünü marketdən telefonuna köçürmüşdür. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək, özünəməxsus kartdan pul oğurlanması barədə məlumat vermişdir. Onun "xxxx" ASC-nə məxsus 4169 7388 7840 6275 nömrəli «Birbank» Cashbac bank kartında ümumilikdə 268,58 manat pul olmuş və həmin pulun 266,37 manat pulu isə alış-veriş edilməklə oğurlanmışdır. Bundan başqa onun 10 manat dəyərində olan pul kisəsinin içərisində də 150 manat pul olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 426,37 manat maddi zərər dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* cinayət işi həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanılaraq icraata qəbul edilib istintaqı aparılmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə həmin tarixdə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - "xxxx" ASC tərəfindən təqdim olunmuş 18 dekabr 2024-cü il tarixli çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus **********406275 nömrəli kartdan xx.xx.2023-cü il tarixdə Abşeron rayonu «Gənclər Şəhərciyi» yaşayış kompleksində yerləşən «Al»,«Oba», «Araz» və «Şans» marketlərdən "xxxx" ASC-nə məxsus 4169 7388 7840 6275 nömrəli «Birbank» Cashbac bank kartında ümumilikdə 266,37 manat pulun xərclənməsi müəyyən edilmişdir. - “Qanuni nümayəndə qismində” tanınma haqqında 25 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmaması və onunla zəruri istintaq hərəkətlərinin aparılacağı nəzərə alınaraq X1 qanuni nümayəndəsi qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. - “Təqsirləndirilən şəxs barəsində nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 02 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Sübutların qiymətləndirilməsi” haqqında 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs içərisində 150 manat pul olan 10 manat dəyərində pul kisəsinin oğurlanması faktı cinayət hadisəsi olmadığından həmin fakt üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxsin bank kartından oğurlanmış pulun məbləği 266,37 manat pul kimi qəbul olunması qərara alınmışdır. - Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 23 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənildiyindən sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. “Elektron məlumatların əks olunduğu” xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 23 oktyabr 2023-cü il tarixdə mağazanın kassa hissəsində dayanıb alış veriş edən üç nəfər şəxsin kartla ödəniş etdikdən sonra ərzaq məhsullarının alıb mağazanı tərk etmələri müəyyən olunur.Baxışda iştirak edən yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə əks olunan üç nəfər şəxs həmyaşıdları Nihad Tağıyev, Nihad Vəliyev və Məna adlı şəxslərdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd) “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X4 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamışdır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan olduğundan cəza təyin edilərkən həmçinin aşağıdakılar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən cəzanın təyin olunmasının ümumi əsasları ilə, yəni törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, yeniyetmənin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ münasibətdə ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi ilə şəxsin islah olunması mümkündür. Qeyd olunduğu kimi yetkinlik yaşına çatmayanalara münasibətdə azadlıqdan məhrum etmə ağır cinayət törətməsi və ya zor tətbiq etməklə cinayət törətməsi halları olduğu təqdirdə təyin edilə biləcək cəza olaraq nəzərə alınmışdır. Hazırki halda isə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş olan əməl az ağır cinayətlər kateqoriyasına aiddir. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “ ... cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün inkişafına kömək etməkdir. Cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların islah olunması, daha ağır cəzaların tətbiqinin qarşısının alınması, onlar tərəfindən törədilən cinayətlərin residiv müəyyən edilərkən nəzərə alınmaması, yetkinlik yaşına çatmamanın cəzanı yüngülləşdirən hal olması kimi qaydalara əsaslanır. Yetkinlik yaşına çatmayan şəxsə təyin edilən cəzanın əsas məqsədi onun cəzalandırılması deyil, günahını dərk etməsi və gələcəkdə hüquqazidd əməllər törətməsinin qarşısının alınması, uşağın olduğu mühitdən çıxarılaraq qorunması, cinayət törətmənin həyat tərzinə çevrilməsinin qarşısının alınması, yəni uşağın sağlamlaşdırılmasıdır. Bu cür cəzalandırma hüquq və qanuni maraqlarının maksimum müdafiəsi və cəmiyyətə yenidən qazandırmaq məqsədi ilə onların fərdi profilaktik tərbiyəsinə yönəlmişdir. Belə vəziyyətdə dövlət, inancları tam formalaşmamış yetkinlik yaşına çatmayanların inkişafı və əməllərini vaxtında dərk etməsi, düzgün seçim etməsi və gələcəkdə düşünülməmiş hərəkət etməməsi üçün müvafiq tədbirlərdən istifadə edir. Bu yanaşma Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamından da irəli gəlir”. Göründüyü kimi yetkinlik yaşına çatmayanalara cəza təyin edilməsinin məqsədi cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün inkişafına kömək etməkdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədə müvafiq deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. CM-nin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, yuxarıda sadalananları nəzərə alaraq, onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar