Məhkəmə qərarları › İş №1(012)-849/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-849/2024

12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-849/2024 12.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 14 avqust 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2təsinin əhatə etdiyi ərazidə yerləşən № 576 ev ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəffaf sellofan kəsiyinə bükülmüş, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxil edilmiş bir ədəd bükümdə çəkisi 0,744 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manat müqabilində əldə edib Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə daşımış və üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində xidmətdə olduqları zaman, Duz gölünün yaxınlığında özünü şübhəli apardığına görə saxlanılaraq Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə gətirilib, orada həmin gün saat 02:30-dən saat 02:50-yə kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı həmin bir ədəd bükümdə 0,744 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 11 mart 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manat müqabilində bir büküm psixotrop maddə olan metamfetamin alaraq cibində saxlamışdır. 12 mart 2024-cü il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində, Duz gölünün yaxınlığında olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışaraq, Saray PB-nin CA üzrə əməliyyat müvəkkilləri olduqlarını bildirib, şəxsiyyət vəsiqəsini tələb etmişdirlər. Polis əməkdaşları ona narkotok vasitələrin və psixotrop maddələrin qəbulu ilə məşğul olmağından, həmçinin üzərində narkotik vasitə və ya psixotrop maddə saxladığından şübhələndiklərini bildirib, bölməyə dəvət etdikdə o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Bölmədə dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində ona hüquq və vəzifələri izah olunmuş, daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkiliş vaitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl təklif əsasında könüllü olaraq üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirərək, əynində olan cins şalvarının cibindən 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu, bir neçə saat əvvəl, yəni 11 mart 2024-cü il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsdən istifadə etmək məqsədilə 10 manat müqabilində əldə edərək, üzərində saxladığını etiraf etmişdir. Onun üzərindən aşkar olunmuş həmin büküm olan psixotrop maddə ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və protokolun doğruluğu da imzaları ilə təsdiq edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilən zaman əlavə olaraq bildirdi ki, o, 12 mart 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman və polis bölməsinə gətirildikdən sonra ona polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təsir olmamış, həmçinin o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamış, istifadəsini dayandırmış, 3 aya yaxındır ki, istifadə etmir. Həmçinin o, etdiyi əməldən peşman olmasını bildirməklə, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Abşeron rayon polis idarəsinin Saray PB-nin Cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, hazırda Abşeron rayon polis idarəsinin Saray PB-nin Cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və rütbəsi polis kapitanıdır. 12 mart 2024-cü il tarixdə Abşeron rayon polis idarəsinin Saray PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində xidmətdə olarkən təxminən saat 00:30 radələrində bir nəfər şəxsin “Duz gölü”nün yaxınlığında piyada hərəkət etdiyini və onları görən kimi özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim etdikdən sonra ondan harada yaşadığını və Saray qəsəbəsi ərazisinə hansı səbəbdən gəldiyini soruşarkən o, verilən sullara qeyri-səmimi cavablar verərək, həmin yerə səbəbsiz yerə gəldiyini bildirib onlardan aralaşıb yayınmağa çalışmışdır. Bundan sonra onlar həmin şəxsin üzərində narkotik vasitə və ya psixotrop maddə olduğundan şübhələnib, onu saxlayaraq onlarla birlikdə Saray PB-nə gəlməsini bildirib, onu Saray PB-nə gətirmişlər və sonradan adının Təqsirləndirilən şəxs olduğu onlara məlum olan həmin şəxsin üzərinə şəxsi axtarış keçirilməsinə aidiyyatı üzrə göstəriş verilməsi üçün rəisinə raportla müraciət etmişlər. Bundan sonra bölmənin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs üzərində öz istifadəsi üçün əldə edib saxladığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb, stolun üstünə qoyaraq içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Videoçəkilişlə Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, baxış zamanı həmin bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd bükümdəki psixotrop maddə metamfetamini 11 mart 2024-cü il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsdən 10 manat müqabilində alaraq sonra istifadə ecəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdəki psixotrop maddə olan metamfetaminə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılıb, üzəri imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray polis bölməsinin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 12 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə, saat 02:10 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-6/1457 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan bir ədəd bükümdə təmiz çəkisi 0,744 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,744 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,694 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir; - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 13 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi barədə” 13 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Alqayıd Mikayılovun 13 mart 2024-cü il tarixli vəsatəti təmin edilməmiş, o, Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 haqqında 14 mart 2024-cü il tarixli, 1716 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X4 14 mart 2024-cü il tarixli, 731 saylı rəyinə əsasən cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan “Emosional davamsiz şəxsiyyət pozuntusu" onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur.Təqsirləndirilən şəxs əqli inkişafına və fərdi psixi xüsusiyyətlərinə görə etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən hərəkətini idarə etmək iqtidarında olmuşdur. - “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,744 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmş 0,694 qram psixotrop maddə - metamfetamin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 aprel 2024-cü il tarixli arayışına görə sonuncu dəfə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-456/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməklə məsuliyyətdən azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-cıi il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməklə məsuliyyətdən azad edilmişdir “Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellefona bükülmüş içərisində kristal formalı psixotrop maddə olan metafetaminə bənzər kütləni təqdim edərək, həmin kütlənin metafetamin olduğunu, Sumqayıt şəhərində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsini özünün etirafı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin yüngülləşdirici və ya ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilən narkotik vasitə şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla əməlin ictimai təhlükəliliyinə təsir edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə iki günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən saat 00:30-dan xx.xx.2024-cü il tarixədək saxlanıldığı - 2 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 12 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1716 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,694 qram qalıq qalmış psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 12 avqust 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,694 qram psixotrop maddə olan metafetamin məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar