Məhkəmə qərarları › İş №1(012)-85/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-85/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-85/2021 04.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs oğlunun, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafəiçisi– Xırdalan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Tovuz rayonu, Çatax kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Çatax kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 14 radələrində birlikdə yaşadıqları ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailə-məişət münasibətləri zəmnindəki mübahisə zamanı yumruq və daş parçası ilə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə zərbə vurmaqla sonuncuya alın nahiyəsinin geniş ölçülü dərialtı hematoması, sağ əlin 4-cü barmağının açma və bükmə hərəkətlərinin məhdudlaşması ilə nəticələnən əsas və orta falanqasının əsas falanqa oynağı nahiyəsi də əhatə olunmaqla qançır-şişkinliyi, boyun və sol bazu nahiyələrinin qançırları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar 2005-ci ildə ailə həyatı qurmuş və bu nigahdan 3 övladları vardır. Ailədaxili münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə olan zaman Röyyə evə gəlmiş, evdə olan zaman Röyyənin telefon vasitəsilə iş yoldaşı ilə danışmasını və iş yoldaşına təkidlə harasa getmələrini deməsini eşitmişdir. Röyyəyə həmin şəxsə israrla getməsini dediyinə görə ona irad bildirmiş, Röyyə isə ona kobud cavab qaytarmış və ona qarşı nalayiq ifadə işlətmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, o, aralarındakı mübahisənin daha da böyüməməsi üçün evin həyətinə çıxmış, Röyyə isə arxasınca gələrək ona qarşı nalayiq ifadə işlətməkdə davam etmişdir. Buna görə də o, əsəbiləşərək yumruqla bir dəfə Röyyənin baş nahiyəsinə zərbə vurmuş, bundan sonra evdən çıxıb getmiş, sonradan isə Röyyənin onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. O, ifadəsində əlavə olaraq xx.xx.2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evin həyətində mübahisə zamanı yumruqla bir dəfə Röyyənin baş nahiyəsinə zərbə vurmasını, aralarındakı mübahisələrinin təxminən 10 dəqiqə davam etməsini, həmin zaman orada övladlarının olmasını, mübahisənin yaranmasına səbəb Röyyənin ona kobud cavab qaytarması və ona qarşı nalayiq ifadə işlətməsinin olmasını, Röyyə ilə aralarında olan mübahisənin yaşadıqları evin həyətində qısa müddət ərzində baş verməsini, buna görə də səs-küy yaranmadığını, oraya kənardan yaxınlaşan olmadığını, mübahisə zamanı Röyyənin onu vurmadığını bildirdi. Sonda o, Zərərçəkmiş şəxs oğlu ilə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə baxışında Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət təqibinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. Onlar 2005-ci ildə ailə həyatı qurmuş və bu nigahdan 3 övladları vardır. Ailədaxili münasibətləri əvvəllər yaxşı olsa da, son zamanlar pisləşmişdir. Münasibətlərinin pisləşməsinə səbəb Təqsirləndirilən şəxs başqa qadınla münasibətinin olması və son zamanlar daha çox spirtli içki qəbul etməsidir. O, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evə gəldikdə Təqsirləndirilən şəxs yenə də spirtli içki qəbul etməsini görmüş, evdə olan zaman Elmana iş yoldaşı ilə birlikdə Qobu qəsəbəsində yerləşən iş yerinə gedəcəyini demiş, Elman isə iş yoldaşı ilə yox, tək getməsini demiş, həmçinin nalayiq ifadələr işlədərək onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı əvvəlcə yumruqla kürək nahiyəsinə zərbə vurmuş, o, bundan sonra evin həyətinə çıxmış, evin həyətində olan zaman isə Təqsirləndirilən şəxs həyətdə olan daş parçası ilə baş nahiyəsinə zərbə vurmuş, o, huşunu itirərək yerə yıxılmış, özünə gəldikdən sonra isə Təqsirləndirilən şəxs barəsində şikayət etmək qərarına gəlmişdir. O, ifadəsində aralarındakı mübahisənin təxminən 10-15 dəqiqə davam etməsini, həmin zaman orada övladlarının olmasını, mübahisənin yaranmasına səbəb Təqsirləndirilən şəxs spirtli içki qəbul edərək onunla mübahisə etməsinin olmasını, mübahisə zamanı səs-küy yaranmadığını və oraya kənardan yaxınlaşan olmadığını, mübahisə zamanı Elmana müqavimət göstərmədiyini və mübahisə zamanı ona heç bir maddi ziyan dəymədiyini göstərdi. Hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq olduğu üçün ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Bundan əlavə, məhkəmə baxışında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını göstərərək, sonuncunun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Təhqiqat zamanı şahid qismində qanuni nümayəndənin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə atasıdır. Son zamanlar atası Təqsirləndirilən şəxs spirtli içki qəbul edərək tez-tez anası Zərərçəkmiş şəxs ilə mübahisələr edir. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində atası Elman yenə də yaşadıqları evdə spirtli qəbul etmiş, bu zaman anası Röyyə də yaşadıqları evə gəlmiş, evdə olan zaman anası Röyyə Elmana iş yoldaşı ilə birlikdə Qobu qəsəbəsində yerləşən iş yerinə gedəcəyini demişdir. Atası Elman isə Röyyəyə iş yoldaşı ilə yox, tək getməsini deyərək mübahisə etməyə başlamış, mübahisə zamanı atası Elman əvvəlcə evin içərisində yumruqla anası Röyyənin kürək nahiyəsinə vurmuşdur. Bundan sonra anası Röyyə evin həyətinə çıxmış, həmçinin atası Elman da Röyyənin arxasınca çıxmış, evin həyətində isə yerdə olan daş parçası ilə anası Röyyənin baş nahiyəsinə zərbə vurmuş, anası Röyyə zərbənin təsirindən huşunu itirərək yerə yıxılmış, bundan sonra o, qardaşları Röyal və Ramal atasını aralaşdırmış, atası Elman da evin həyətindən çıxıb getmişdir. O, mübahisənin təxminən 10 dəqiqə davam etməsini, həmin zaman orada özü və qardaşlarının olmasını, mübahisə zamanı anası Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs vurmadığını göstərmişdir. Təhqiqat zamanı şahid qismində qanuni nümayəndənin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 və Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onlar da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadələr vermişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və X2 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 1794 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- alın nahiyyəsinin geniş ölçülü dərialtı hematoması, sağ əlin İV barmağının açma və bükmə hərəkətlərinin məhdudlaşması ilə nəticələnən əsas və orta falanqasının əsas falanqa oynağı nahiyəsi də əhatə olunmaqla qançır-şişkinliyi, boyun və sol bazu nahiyyələrinin qançırları bərk-küt əşya(əşyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və məhkəməyədək sadələşdirilmiş icraat materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən təqdim edilmiş məhkumluq barədə xx.xx.2020-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hazırki cinayət təqibi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbirinin seçilməsi yolverilməzdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-347, 356, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qəradan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar