Məhkəmə qərarları › İş №1(012)-85/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-85/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-85/2023 25.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Biləsuvar rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olan və Abşeron rayonu Müşfiqabad qəsəbəsi, 28 may yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, 13 may 2022-ci il tarixdə, saat 16 radələrində fəhlə kimi işlədiyi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Xırdalan qəbirstanlığına gəlib barəsində qəbirstanlıq rəhbərliyinə yalan məlumat verildiyini bəhanə edərək sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarını və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmiş şəxsin fövqündə qoyub nümayişkəranə olaraq, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan ictimai yerdə ucadan nalayiq ifadələr işlədib həmin qəbirstanlıqda bağban işləyən Zərərçəkmiş şəxs əvvəlcə yumruqla sifətinə, sonra isə silah qismində istifadə etdiyi daşla başına və qoluna iki dəfə qəsdlə vuraraq ona başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın, sol gözaltı nahiyələrin və sol əlin arxa səthinin qançırları, sol qaşüstü nahiyənin sıyrığı kimi xəsarətlər yetirməklə, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla qərəzli hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Xırdalan qəbirstanlığında təxminən 10 ildir fəhlə işləyir və orada işlədiyi vaxtdan Zərərçəkmiş şəxs tanımış, aralarında heç vaxt narazılıq və ədavət olmamışdır. 13 may 2022-ci il tarixdə, saat 16 radələrində iş yoldaşları ilə yemək yeyərkən spirtli içki qəbul etmiş, bundan sonra qəbirstanlığa gəlib onun haqqında müdiriyyətə yalan məlumat çatdıran şəxslərin ünvanına söyüş söymüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs onun üstünə gəlmiş və ağzının üstünə bir sillə vurmuşdur. O da Dilqəmi özündən kənarlaşdırmaq üçün itələmişdir. Sonradan o, Dilqəmin xəsarət aldığını və polisə ərizə yazdığını eşitmişdir. Bundan sonra oradan uzaqaşaraq yoldan keçən taksi ilə evinə getmişdir. Hadisə təxminən 2-3 dəqiqə davam etmiş, hadisəni Şahid3, taksi sürücüsü Şahid2 Adil oğlu və orada molla kimi fəaliyyət göstərən Şahid1 görmüşdür. Əməlindən peşmançılıq çəkir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, xahiş edir əməlinə düzgün qiymət verilsin və cəzadan azad edilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qəbirstanlıqda təxminən 8 ildir bağban işləyir. Həmin qəbirstanlıqda fəhlə işləyən Təqsirləndirilən şəxs ilə aralarında normal münasibət olmuşdur. 13 may 2022-ci il tarixdə, saat 16 radələrində Eldənizin qəbirstanlıqda nalayiq ifadələr işlətdiyini görüb ona iradını bildirmiş, bundan sonra Eldəniz onu söydükdə bir böyük kimi əlinin içərisi ilə Eldənizin ağzına yavaşdan vurmuşdur ki, sakit qalsın. Həmin vaxt oradakı adamlar onları ayırmışlar. Eldəniz ondan aralandıqdan təxminən 5 metr məsafədən yerdən götürdüyü daşlar ilə onu vurmaq üçün, ona atmağa başlamışdır. Eldənizin ona atdığı daşlardan biri sol biləyinə, digəri başına dəymişdir. Başına dəyən daşdan sonra başından qan gəlmiş və səhətti pisləşdiyinə görə yerə yıxılmış, sonra ayağa duraraq Abşeron rayon Polis İdarəsinə gedib hadisə barədə ərizə ilə müraciət etmişdir. Hadisə zamanı qəbirstanlıqda tanımadığı şəxslər, Şakit adlı molla, bələdiyyənin nümayəndəsi Azər, adını bilmədiyi sürücüsu olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda yaşayır. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Xırdalan qəbirstanlığında molla kimi fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində həmin qəbirstanlıqda olduğu vaxt Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə mübahisə etdiklərini və bir-birilərini nalayiq ifadələr ilə söydüklərini, mübahisə zamanı Zərərçəkmiş şəxs sillə ilə bir dəfə Təqsirləndirilən şəxs sifətindən vurduğunu görmüşdür. Sonra onların əlbəyaxa olub süpürləşdiklərini və yerə yıxıldıqlarını gördükdə, oradan uzaqlaşıb getmiş, buna görə Təqsirləndirilən şəxs daşla Zərərçəkmiş şəxs daşla vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, istifadəsində olan “Azsamand” markalı, **-UF-*** dövlət nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Xırdalan qəbirstanlığına gedən yolda yəni, Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən gül dükanın qarşısında avtomobilini saxlayıb, dayandığı vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onu qəbirstanlığın içərisinə aparmasını xahiş etmiş və 1-2 dəqiqəyə geri qayıdacağını demişdir. Bundan sonra Eldənizi dəfələrlə çağıramasına baxmayaraq onun gəlmədiyini gördükdə, idarə etdiyi avtomobili ilə oradan uzaqlaşmışdır. Ondan sonra nə baş verdiyini, Təqsirləndirilən şəxs daşla Zərərçəkmiş şəxs başından vurduğunu görməmişdir. Səhəri günü yəni, xx.xx.2022-ci il tarixdə həmin hadisə zamanı Zərərçəkmiş şəxs başından xəsarət aldığını və bu barədə Abşeron rayon Polis İdarəsinə müraciət etdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan bələdiyyəsində mərasim xidməti ağenti vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində qəbirstanlıqda olduğu vaxt Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə mübahisə etdiklərini, mübahisə zamanı birbirilərini söydüklərini görmüşdür. Aralarındakı münaqişə zamanı Zərərçəkmiş şəxs sillə ilə bir dəfə Təqsirləndirilən şəxs sifətinə vurduğunu, qarşlığında Təqsirləndirilən şəxs isə yumruqla Zərərçəkmiş şəxs sifətindən vurmuş, sonra onlar əlbəyaxa olaraq süpürrəşmiş və hər ikisi yerə yixilmişdir. Onları aralamış və Eldənizi kənara aparmışdır. Bundan sonra onların sakitləşdiklərini güman edərək, oradan uzaqlaşaraq qəbirstanlıqda olan təsərrüfat əşyaların yığıldığı otağa getmişdir. Səhəri gün yəni, xx.xx.2022-ci il tarixdə həmin hadisə vaxtı Zərərçəkmiş şəxs başından xəsarət aldığını və bu barədə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etdiyini eşitmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “MTE və PA Birliyi” PHŞ-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 984 nömrəli ekspert rəyindən görünür ki, 1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni səthində aşkar edilmiş xəsarətlər - başın ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası, alın, sol gözaltı nahiyələrin və sol əlin arxa səthinin qançırları, sol qaşüstü nahiyyənin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə insan bədənin hissələrinin (əl, baş və s.) təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Şəxsin ittiham elan olunması üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilərək, tutulduğu Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməməsi kimi hallar sübut edilməmişdir. Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı verilən ifadələrdən və işin faktiki vəziyyətindən bir daha müəyyən edilir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə əvvəl mübahisə etmiş, sonra isə Zərərçəkmiş şəxs E.Əzimovun ağzından sillə ilə vurmuşdur. Göstərilən hallarla əlaqədar tərəflər arasında mübahisəli vəziyyət həmin vaxt hadisələrin təsadüfi axını nəticəsində yaranmış və münaqişəyə çevrilmişdir. Beləliklə faktiki olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə zərərçəkmiş şəxsin onun haqqında qəbirstanlıq rəhbərliyinə yalan məlumat verməsi ilə bağlı yaranmış ziddiyətli şəxsi münasibətlər zəminində baş vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı- ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Araşdırılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxsin davranışı belə tələbatlarla bağlı, həm də səbəbsiz olmamış, konkret səbəbdən – zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə əl qaldırılması ilə əlaqədar olaraq aralarında davam edən münaqişəli münasibətlər zəminində təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirməsi, formalaşmış qisas motivindən (zərərçəkmiş şəxsin ilk olaraq təqsirləndirilən şəxsə əl qaldırılması) və anidən formalaşan şəraitdən qaynaqlanmışdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirməsi, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə əl qaldırması ilə əlaqədar olaraq aralarındakı münaqişəli münasibətlər zəminində baş verdiyindən həmin əməl xuliqanlıq cinayəti kimi tövsif oluna bilməz. Çünki, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxsə istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı aldığı xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət olduğundan bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurmaya görə məsuliyyət nəzərdə tutan 128-ci maddəsi ilə də tövsif olunmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülməsinin səbəbi onun məhz hadisəni Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Xırdalan qəbirstanlığında və silah qismində istifadə etdiyi yerdən götürdüyü daş ilə zərərçəkmiş şəxsə xəsarət yetirməklə törədilməsi olmuşdur. Məhkəmə yuxarıda qeyd edilənlərə münasibətdə araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı ittiham üzrə təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. Mübahisənin kim tərəfindən başlanması, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Xırdalan qəbirstanlığında kənar şəxslərin bu hadəsini görmək imkanı yoxlanılmamış, ibtidai istintaqda hadisə yerinə baxış keçirilməsi protokolunda bu hallar qiymətləndirilməyərək istintaqın yekunlaşdırılması ilə kifayətlənilmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə ittihamda “hər kəsin gözü qarşısında” zərərçəkmiş şəxsə silah qismində istifadə etdiyi daşla vurmaqla ictimai qaydanı pozması qeyd olunduğu halda, ibtidai istintaq orqanı dindirdiyi şəxslərin dairəsini müstəsna olaraq zərərçəkmiş şəxsin özü, təqsirləndirilən şəxs və hadisənin şahidi olmayan ümumi tanışları ilə (şahid) məhdudlaşdırmış, həmin “hər kəs”dən bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. Həmçinin, ittihamda istinad olunan silah qismində istifadə olunan daş da maddi sübut kimi götürülməmiş, onun mövcudluğunu göstərən digər sübutlar məhkəməyə təqdim olunmamışdır. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Zərərçəkmiş şəxs sağlamlıqlarına yüngül zərər vurulması ilə nəticələnən hadisə ilə bağlı məhkəmə qeyd edir ki, həmin hadisə təqsirləndirilən şəxsin deyil, məhz qisas zəminində zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və dalaşma gedişində, ümumilikdə zərərçəkmiş şəxsin qanunazidd davranışının təsiri, belə münasibətlərin pozulması nəticəsində yəni təqsirləndirilən şəxsə əl qaldırmasına görə təqsirləndirilən şəxs qisas zəmnində hazırki iş üzrə əməli törətmişdir. Eyni zamanda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurması, yəni xəsarətin yetirilmə anı qısa zaman kəsiyində baş verdiyindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Xırdalan qəbirstanlığında ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi, qəbirstanlıqda hansısa narahatçılığına səbəb olması, hadisə baş verən əraziyə kənar şəxslərin toplaşması aparılmış ibtidai istintaq və məhkəmə istintaqı zamanı hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, yəni formalaşmış qisas motivindən (zərərçəkmiş şəxsin ilk olaraq təqsirləndirilən şəxsə əl qaldırmasına görə) və anidən formalaşan şəraitdən qaynaqlanmış və habelə Təqsirləndirilən şəxs tərəfindən silah qismində daşdan və ya digər əşyadan istifadə etməsi cinayətin tövsifinə təsir etmədiyindən, həm də zərəçəkmiş şəxsin ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.3-cü maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinəəsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuşəməli törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanı tamamiləödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinəəsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsin əəsasən cinayət qanunu müddəalarının qüvvəsinə görəşəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinəəsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarıçıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İşüzrə mülki iddia və maddi sübut yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37, 321, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar