Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-852/2024 19.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 2002-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Əyrəvəng kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında tanışı Zərərçəkmiş şəxs ilə özünün yüksək səslə nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs döş boşluğu nahiyəsindən bir dəfə masanın üzərindən götürdüyü bıçaqla qəsdən vuraraq ona döş qəfəsinin sol yarısının ön səthinin boşluğa keçməyən deşilmiş - kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 1 ildir ki, tanıyır. Samirlə sosial şəbəkədə tanış olmuşdur. Samir onun həmyerlisi olduğu üçün Samirlə görüşüb münasibət saxlamışlar. Aralarında heç vaxt mübahisə və düşmənçilik olmamışdır. 28 fevral 2024-cü il tarixdə axşam üstü saat 18 radələrində Samirlə telefon əlaqəsi saxlayıb görüşmək istədiyini bildirmişdir. Samir ona Abşeron rayonu, Saray qəsəbəsində işlədiyi avtosalonda olduğunu və ora gəlməyini demişdir. O da Samirin iş yerinə gedib Samirlə görüşmüşdür. Samirin saat 18-də işi bitdiyi üçün o, Samirlə birlikdə sonuncunun yaşadığı evə getmişdir. Samir marketdən alış-veriş etmişdir ki, evdə çörək yeyib içsinlər. Samirlə yaşadığı mənzilə gəldikdən sonra onlar çörək yeyib spirtli içki qəbul etmişlər. O həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün tanışı ilə mobil telefonla danışarkən tanışının ünvanına nalayiq söyüşlər söydüyü üçün Samir ona irad tutmuşdur ki, evdə söyüş söyməsin, qonşular eşidir. O isə həmin vaxt əsəbi olduğu üçün Samirin sözləri ona xoş gəlməmişdir. Bundan sonra o Samirlə mübahisə etmiş və masanın üzərindəki mətbəx bıçağını götürüb özündən aslı olmadan Samirin döş qəfəsinə bir dəfə yavaşdan zərbə endirmişdir. O, Samirin xəsarət aldığını görüb etdiyi hərəkətdən peşman olmuş və Samirə xəstəxanaya getmələrini demişdir. Samir isə xəsarət aldığı üçün əsəbləşərək ona evini tərk etməyini bildirmişdir. O, Samiri bu vəziyyətdə tək qoymaq istəməsə də, Samir onu məcburi mənzilindən çıxanb qapını bağlamışdır. O da daha sonra liftə minib aşağı enmişdir. Binanın həyətinə çıxanda Samirə xəsarət yetirdiyi üçün özünü pis hiss etmiş, bir anlığa özübdə olmamışdır. Sonra isə özünə gəlib oradan taksi ilə evinə getmişdir. Samirlə aralarındakı mübahisə onun başqası ilə telefonla danışarkən ucadan söyüş işlətməyinə irad bildirdiyi üçün yaranmışdır. Mübahisə Samirin mənzilində baş vermiş və təxminən 2-3 dəqiqə davam etmişdir. Həmin hadisə vaxtı mənzildə Samirlə ondan başqa kənar şəxs olmamışdır. Mübahisə zamanı Samir onu vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Həmin hadisədən bir neçə gün sonra o, Samirlə əlaqə saxlayıb üzürxahlıq edib halını soruşmuşdur. Samir isə ona ciddi bir şey olmadığını bildirmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin əvvələrindən ortaq tanışları vasitəsi ilə tanımışdır. Elşənlə münasibəti yaxşı olmuşdur. 28 fevral 2024-cü il tarixdə işdən çıxan zaman Elşən ona zəng vurub harada olduğunu soruşmuşdur. O isə Elşənə işdən çıxıb evə getdiyini bildirmişdir. Yolda Elşənlə görüşüb kirayə yaşadığı evə getmişlər. O, Elşənlə evdə çörək yeyərək spirtli içki qəbul etmişdir. Axşam saat təxminən 23 radələrində Elşən sərxoş vəziyyətdə telefonda danışarkən söyüş işlətdiyi üçün Elşənə iradını bildirmişdir ki, söyüşlə danışmasın. Bu vaxt Elşən onunla mübahisə edərək gözləmədiyi halda masanın üzərində olan mətbəx bıçağını götürüb döş qəfəsinin sol aşağı qarın nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. O xəsarət aldığı üçün yaradan qan axmağa başlamışdır. Elşən onun yaralandığımı görüb yardım göstərmək istədikdə o, Elşənə evindən çıxıb getməsini bildirib Elşəni evdən çıxarmışdır. Özü evdə yaranın üstünə əski ilə bağlayıb, sonra taksi ilə Sumqayıt şəhər xəstəxanasına getmişdir. Orada bildirmişdir ki, yıxılaraq xəsarət almışdır. O, Elşəndən şikayətçi olmaq istəmədiyi üçün xəstəxanada Elşənin onu vurması barədə deməmişdir. Sumqayıt şəhər 4-cü polis bölməsində olarkən hadisəni necə baş verməsini olduğu kimi təhqiqatçıya bildirmiş və bu barədə ərizə və izahatı alınmışdır. Mübahisə Saray qəsəbəsində kirayə yaşadığı mənzildə baş vermişdir. Həmin vaxt evdə onunla Elşən olmuşdur. Başqa kənar şəxslər olmamışdır. O, Elşənə telefonla danışarkən tanımadığı şəxslə söyüşlə danışmasına irad bildirdiyi üçün Elşən onun sözündən əsəbləşib sərxoş vəziyyətdə olduğu üçün mübahisə edərək mətbəx bıçağı ilə bir dəfə döş qəfəsinin aşağı hissəsinə qəsdən vuraraq ona xəsarət yetirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs onu vurmamışdır. Həmçinin o da Elşəni vurmamışdır. Yalnız Elşənin qolundan tutub evindən çıxarmışdır. Elşənin onu vurduğu mətbəx bıçağını isə zibilliyə tullamışdır. Həmin hadisədən sonra o, Elşəni görməmiş və Elşənlə heç bir əlaqəsi olmamışdır. Hazırda təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X5 Şəxsin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza üzrə xx.xx.2024-cü il tarixli, 364 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakıı xəsarət vardır: Döş qəfəsinin sol yarısının ön səthinin boşluğa keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin ola bilsinki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 07 ay 05 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən cinayət əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliyin tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməli; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-852/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-852/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver