Məhkəmə qərarları › İş №1(012)-853/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-853/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-853/2023 01.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiay məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X6 iştirakları ilə xx xxx 1987-ci ildə Cəlilabad rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmayan, Abşeron rayonu, Mehdiabad qəsəbə Ərazi Dairəsi, Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsi, ev-6/2-2-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı1) daxil edilmiş bir ədəd gümüşü rəngli kağıza bükülmüş, təmiz çəkisi 0,599 qram olan ağ rəngli, kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 15 manat müqabilində əldə edib üzərində Abşeron rayonu Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsinə daşıyaraq saxlamış, 06 iyun 2023-cü il tarixdə saat 10:30 radələrində Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində şübhəli şəxs qismində saxlanılaraq Abşeron rayon polis idarəsinin X8 gətirilmiş, orada xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,599 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Heç bir yerdə işləmir. təxminən 3 aya yaxındır ki, psixotrop maddə olan metamfetmain istifadə etmişdir. Öz istifadəsi üçün psixotrop maddəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən almışdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 (on beş) manat qarşılığında 1(bir) bükümdən ibarət psixotrop maddə metamfetamin almışdır. Həmin gün saat 10:30 radələrində yaşadığı və Abşeron rayonu Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində iti yerişlərlə piyada gedərkən qarşıdan iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları olduqlarını, onun psixotrop maddə istifadə etməkdə şübhəli olduğunu bildirərək bu barədə onlarda əməliyyat məlumatlarının olduğunu, bu məqsədlə onlarla birlikdə Abşeron RPİ-nin X8 getməli olduğunu demişlər. O, isə polis əməkdaşlarına psixotrop maddə istifadəçisi olduğumu etiraf etmişdir. Heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra vəkili ilə arasında konfidensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra video çəkilişlə və müdafiəçinin iştirakı ilə üzərimə şəxsi axtarış keçirilmişdir. O da etirazı olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. O da əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd bükümünü təqdim etmişdir. Həmin bükümü 1 ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə olmuşdur. Bükümə polis əməkdaşları tərəfidən açılaraq baxış keçirilmiş və həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni həmin gün səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 15 (on beş) manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşı tərəfindən onun təqdim etdiyi bir ədəd bükülü kağız zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırma üzərində o, və iştirakçılar imza edərək təsdiq etmişlər. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuşdur, protokol bizə ucadan oxunmuş, bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəsifəsində işləyir, polis kapitanıdır. 06 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbə Ərazi Dairəsi, Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsi, ev-6/2-2-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra ondan, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşı ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər. Bölmədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, xx xxx 1987-ci ildə Cəlilabad rayonu, Təzəkənd kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmayan, Abşeron rayonu, Mehdiabad qəsəbə Ərazi Dairəsi, Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsi, ev-6/2-2-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Bölmə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X9 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 və prossesə dəvət edilmiş vəkil X3 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd gümüşü rəngli kağız bükümün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən çıxararq təqdim etdiyi bir ədəd gümüşü rəngli kağız bükümün içərisində olan psixotrop maddə metamfetamindir. O, təxminən üç aydır ki, psixotrop maddə qəbul edir”. Bildirmişdir ki, “təqdim etdiyi psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 15 manat müqabilində alıb əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyaraq özü ilə Abşeron rayonu Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsinə daşımaqla saxlamışdır. Onun narkotik vasitə və psixtrop maddə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü rəngli kağız bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 236 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar da həmin protokola imaza etmişlər. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 06 iyun 2023-cü il tarixli 6/3169 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflət üçün №56 saylı” dairəvi möhür əksi, olan “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyadlar və imzalar qeyd edilmiş zərfdəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,599 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq çəkisi 0,549 qram – 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 08 iyun 2023-cü il tarixli 3584 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs psixostimulyatorlarin qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,549 qram psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxararaq təqdim edərək, həmin bükümün içərisində olan psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 15 manat müqabilində alıb əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyaraq özü ilə Abşeron rayonu Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsinə daşımaqla saxladığını deməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini, o cümlədən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasının yüngülləşdiriən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 14 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,549 qram psixotrop maddə metamfetamin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 14 gün nəzərə alınsın, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 110 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,549 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayt şəhər Probasiya Şöbəsinə həvalə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar