Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-855/2024 16.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 26 avqust 1982-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxsdən 10 manata müqabilində satış məqsədi olmadan 01 ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş « Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına daxil edilmiş qanunsuz olaraq 0,285 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla həmin narkotik vasitəni Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 22:30 radələrində Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Qobu qəsəbəsi Məmmədyarov küçəsində yerləşən “Yurd market” ərzaq mağazasının yaxınlığında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilib həmin gün saat 23:50-dən 23:57-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,285 qram xeyli miqdarda olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, təxmini 01 ildir ki, narkotik vasitə istifadə edir. O, 16 mart 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə yaşadığı ev üçün bazarlıq etməyə getmişdir. O, küçədə gəzən zaman tanımadığı şəxsin əhval-ruhiyyəsindən narkotik vasitə istifadəçisi olduğunu anlamış və həmin şəxsə ona heroin satmasını təklif etmişdir. Həmin şəxs ona qəhvəyi rəngli narkotik vasitə heroini bir ədəd bükümdə 10 manat müqabilində satmışdır. O, həmin narkotik vasitəni istifadıə etmək üçün cibinə qoyaraq, yaşadığı evə tərəf gəlmişdir. Həmin günü axşam təxminən saat 22:30 radələrində yaşadığı küçədə piyada irəliləyən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını, onun üzərində narkotik vasitə olması ilə bağlı onlarda məlumat olmasını və həmin məlumatın yoxlanılması məqsədi ilə birlikdə Abşeron RPİ-nin Qobu PB-nə getməli olduğunu bildirmişlər. Bölmənin xidməti otaqlarının birində ilk olaraq təhqiqatçının, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa təqdim etməsi təklif edilmişdir. O, könüllü olaraq əynindəki cins şalvarın yan cibindən bir ədəd bükümdə olan qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroini çıxarıb təqdim edərək, həmin maddəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi deyilən ərazidən tanımadığı şəxsdən 10 manata aldığını etiraf etmişdir. Onun təqdim etdiyi həmin büküm təhqiqatçı tərəfindən onun, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq, ekspertiza təyin edilməsi üçün götürülmüşdür. Sonda polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki güc və zorakılıq tətbiq olunmadığını, isintaq zamanı barəsində tərtib edilmiş prosessual sənədlərdəki imzaların özünə məxsus olmasını, etdiyi əməldən peşmançılıq çəkməsini, uzun müddətdir ki, narkotik vasitə qəbul istifadə etmədiyini və himayəsində azyaşlı övladlarının olmasını bildirməklə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin Qobu PB-nin Cinayət axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 16 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində daşıması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə həmin tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, bu barədə qərar Abşeron RPİ-nin Qobu PB-nin rəisi, polis mayoru Zaur Babazadə tərəfindən təsdiq olunduqdan sonra əməliyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş və həmin qrupa rəhbər o və qrup üzvü isə Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 təyin olunmuşdur. Həmin günü yəni, xx.xx.2024-cü il tarixdə qrup üzvü Şahid2lə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Məmmədyarov küçəsində olduqları vaxt Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğunu bildirib, Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasına dəvət etmişlər. Şübhəli şəxs onlara etiraz etməyərək,birlikdə polis bölməsinə gəlmiş, bölmənin inzibati binasının xidməti otaqlarının birində ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmiş və ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili dəvət olunduqdan sonra şübhəli şəxslə onunla arasında konfidensial görüş təmin edilmişdir. Daha sonra müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şübhəlinin üzərinə şəxsi axtarış keçirilmişdir. İlk öncə şübhəli şəxsə hüquq və vəzifələri elan olunmuş, daha sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmət olub-olmamağı soruşulduqda Təqsirləndirilən şəxs əynində olan cins şalvarının yan cibində olan bir ədəd şəfaf rəngli sellafon bükümü çıxarıb təqdim etmişdir. Təqdim edilmiş bükülüyə keçirilən baxışda içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Şübhəli şəxsin üzərinə keçirilmiş şəxsi axtarış davam etdirilmiş və əhəmiyyət kəsb edəcək heç bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş 01 ədəd bükümdə olan qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər kütlə bir ədəd kağız zərfdə qablaşdırılaraq, möhürlənmiş və üzəri oradakı şəxslər tərəfindən imzalandıqdan sonra təhqiqtaçı tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Daha sonra təhqiqatçı Vüsal Hidayətzadə tərəfindən bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ilə bağlı daxil olmuş məlumat narkotik vasitə heroini istifadəsi üçün əldə edərək üzərində saxlaması barədə olmuşdur. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat mövcud deyildir. Təqsirləndirilən şəxs tərəfinizdən saxlanılan zaman və Abşeron RPİ-nin Qobu polis bölməsinə aparılan zaman ona qarşı hər hansı fiziki və ya mənəvi təziq olmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı X4 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;
2. Şübhəli şəxsin tutulması haqqında” 16 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur;
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 18 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1583 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 245” dairəvi möhür əksi və “...Şübhəli şəxs: Xankərəmov-imza...üç imza, Təhqiqatçı: Hidayətzadə Vüsal-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,285 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,285 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,235 qramdır. Aparılmış tədqiqatın dəyəri 92 manat təşkil edir;
4. “Cinayət işinin başlanması” haqqında 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə barəsində qeyd olunan maddə ilə ********* nömrəli cinayət işi başlanmışdır;
5. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
6. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi” haqqında 18 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməyətək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;
7. “Maddi sübut kimi tanıma” haqqında 22 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,285 qram narkotik vasitə olan heroin cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə maddi sübut hesab olunmuş və tədqiqatdan sonra qalıq 0,235 qram heroin saxlanmasl üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir;
8. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan sonra Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(057)-504/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cəzası xx.xx.2024-cü il tarixdə başa çatdığından barəsində olan şəxsi işi qeydiyyatdan çıxarılmışdır.
9. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X13 Ambulator X2 haqqında 15 may 2024-cü il tarixli, 3342 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiycı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
10. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 223734 saylı məktubundan görünür ki, Abşeron rayon Məhkəməsinin 1(012)-417/2022 saylı, 17 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasna məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 7(057)-504/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və onun cəzası xx.xx.2024cü il tarixdə başa çatdığından barəsində olan şəxsi iş qeydiyyatdan çıxarılmışdır.
11. “Sübutların qiymətləndirilməsi” haqqında 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokol, diskə baxış protokol, məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2024-cü il tarixli, 3-16-16/2-6/11583 nömrəli ekspert rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3342 №-li ekspert rəyi, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmiş, şəxsin üzərindən aşkar edilərək, götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,285 qram xeyli miqdarda olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi, həmçinin şəxsin üzərində aparılmış şəxsi axtarış və götürülmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır.
12. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26 avqust 2015-ci il təvəllüdlü X3, 15 sentyabr 2016-cı il təvəllüdlü X5 və 07 iyul 2019-cu il təvəllüdlü X6 adlı uşaqları vardır.
Şəxsi axtarış və götürmə aparılması barədə 16 mart 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və maddə olub-olmaması, olduğu halda könüllü təqdim edilməsi təklif edildikdə o, üzərində narkotik vasitə olmasını bildirərək, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd 01 (bir) büküm şəffaf rəngli sellofana bükülü qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və həmin maddəni xx.xx.2024-cü il tarixdə, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat pul müqabilində alıb, üzərində saxladığını bildirmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinıol yaşına çatmayan uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, Abşeron rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 1(012)-417/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs hökmlərin məcmusu ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasna məhkum edilmiş və Salyan rayon Məhkəməsinin 07 sentyabr 2023cü il tarixli, 7(057)-504/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş 06 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin cəzanı çəkib qurtardığı gündən iki il keçmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlərin törətməsini, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 16 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə iki günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək saxlanıldığı - 2 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 haqqında xx.xx.2024-cü il tarixli, 3342 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,235 qram narkotik vasitə-heroin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkəməyədək icraat dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutularaq saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polsiin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,235 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 92 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov