Məhkəmə qərarları › İş №1(012)-859/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-859/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-859/2025 24.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəsibov Fərid Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Laçın rayonu, Leninkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Laçın rayonu, Qarakeçdi Ərazi Dairəsi, Qarakeçdi kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsi ev 117 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 may 2025-ci il gecə saat 23:30 radələrində yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs övladlarının tərbiyəsi ilə düzgün məşğul olmadığına və nəzarət etmədiyinə görə irad bildirərkən Zərərçəkmiş şəxs buna etiraz etməsi səbəbindən ailə daxili münasibətlər zəmnində aralarında yaranmış narazılıqla bağlı mübahisə baş verdikdə həmin mübahisə əsnasında həmin ünvanda əsəbiləşib Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən əvvəlcə əl, yumruq zərbələri ilə sonuncunun göz, ağız, sifət, baş, çiyin, bədənin müxtəlif nahiyələrinə ardıcıl vuraraq, ardınca onun həmin zərbə və hərəkətlərindən yerə yıxılmış Zərərçəkmiş şəxs kürək (bel) nahiyələrinə qəsdən təpik və yumruq zərbələri ilə vurmaqla Zərərçəkmiş şəxs sol alt vəüst göz qapaqlarının qançırı, sol gözün ağılı qişasına qansızma, üst və alt dodağın selikli qişasının əzilmiş-cırılmış yaraları, burunüstü nahiyənin, sol çiyin qurşağı, sol kürək nahiyəsinin sıyrıqları ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2015-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan 2016-cı il təvəllüdlü X2 və 2023-cü il təvəllüdlü X3 olmaqla iki azyaşlı övladı var. Münasibətləri daima yaxşı olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində arvadı Zərərçəkmiş şəxs ilə Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsi ev 117 ünvanında yerləşən yaşadığı evin qonaq otağında olan zaman Əfsanəyə uşaqların tərbiyəsi ilə yaxşı məşğul olmadığına görə sözləirad bildirmiş, lakin Əfsanə onun fikri ilə razılaşmamışdır. Bu səbəbdən o, əsəbiləşmiş və aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Əfsanə onunla kobud danışmış, o da əsəbi olduğu üçün yumruqla Əfsanənin sol və sağ göz nahiyyəsinə, başına, həmçinin də çiyninə zərbələr endirmişdir. Əfsanə aldığı zərbələrin təsirindən yerə yıxılmışdır. Bundan sonra o evin digər otağına keçmiş, Əfsanə isə evdən bayıra çıxmışdır. Bundan sonra Əfsanənin DİN-nin “102” xidmətinə zəng edərək məlumat verdiyi ona məlum olmuşdur. Baş vermiş münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, hadisə zamanı spirtli içki qəbul etməmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2015-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan 2016-cı il təvəllüdlü X2 və 2023-cü il təvəllüdlü X3 olmaqla 2 övladı var. xx.xx.2025-ci il tarixdə gecə saat 23:30 radələrində əri Təqsirləndirilən şəxs ilə ünvan 2 ünvanda yerləşən yaşadığı evin qonaq otağında olan zaman Pərviz uşaqlara yaxşı nəzarət etmədiyinə narazılığını bildirmiş, o isə Pərvizin dediyi ilə razılaşmamışdır. Bu səbəbdən Pərvizlə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Pərviz gözləmədiyi anda sifətinə, daha doğrusu, sağ və sol gözünə, dodaq, baş və həmçinin çiyninə bir neçə yumruq zərbələri endirmiş, o da almış olduğu zərbələrin təsirindən yerə yıxılmışdır. Yerdə olan zaman Pərviz yenidən üzərinə doğru gələrək belinə bir neçə yumruq və təpik zərbələri vurmağa başlamış, sonra isə ondan aralanıb evin digər otağına keçmişdir. O da dərhal evdən bayıra çıxıb telefonla DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 993 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol alt və üst göz qapaqlarının qançırı, sol gözün ağılı qişasına qansızma, üst və alt dodağın selikli qişasının əzilmiş-cırılmış yaraları, burunüstü nahiyənin, sol çiyin qurşağı, sol kürək nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı yumruq zərbələri ilə vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı hazırlıq iclasında işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aid olması, cinayət işi üzrə məhkəməyədək aparılmış araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, yekun protokolun prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizə vermişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır; 39.1 və 39.1.11 -ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.5, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət qanununun tələbləri baxımından hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut yoxdur, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar