Məhkəmə qərarları › İş №1(012)-86/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-86/2020

26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-86/2020 26.02.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi vəkil X3, Təqsirləndirilən şəxs və müdafiəçiləri, vəkil Müdafiəçi2, X2 və vəkil Müdafiəçi4 iştirakı ilə xx.xx.1992-ci ildə Zəngilən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Veysəloğlu Holdinq”-də sürücü işləyən, məhkum olunmamış, Zəngilan şəhəri, Rəsulzadə küçəsi ev 1-də qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını açıq talamaq məqdsədlə xx xxxxx 2019-cu il tarixdə saat 14:20 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yeroləşən avtobus dayanacağının yaxınlığında anası Zərərçəkmiş şəxs uşaq arabasını almaq üçün yaxınlaşdıqda sonuncunun əlində olan pul kisəsini dartıb əlindən alaraq, pul kisəsinin içərisində saxlanılan 1128 manat pulu ələ keçirib pul kisəsini həmin ərazidə yerə atmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 117 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs anasıdır. Hazırda anası Raya ilə arasında ədavəti vardır, belə ki, yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən ev ona məxsus olduğu halda anası onu Abşeron Rayon Məhkəməsinə verərək evdən çıxartdırmaq istəyir. Bundan başqa atasını 1997-ci ildə itirmiş, anası həmişə ona atasının yerini soruşduqda deməmiş, atasının harada olduğunu öyrənmək istəsə də, sonuncu demədiyindən anası ilə arasında ədavət vardır. xx.xx.2019-cu il tarixdə günorta saat 14 radələrində anası yaşadığı evin qapısını döyərək onu qapıya çağırmış, qapıya çıxmış və anasından nə istədiyini soruşmuşdur. Anası ondan nəvəsi Həsənin arabasını istədikdə, ona «araba Həsənin deyil, özüm pulunu verib almışam, əgər arabanı istəyirsənsə, sən mənə çörək pulu kartını ver, məndə sənə arabanı verim». Eyni zamanda bildirmişdir ki, «çıx yola məni dayanacaqda gözlə». Bundan sonra arabanı paketə qoyub yola çıxarmış və yolu keçərək anasını dayanacaqda gözləməyə başlamışdır. Bu zaman anasının ona tərəf gəldiyini görmüş və iki əli arabadan yapışaraq qışqırmış ki, «qoymayın məni öldürür». Belə olduqda arabanı buraxmış və mobil telefonunu çıxarıb onu çəkmək istəmiş, lakin anası telefonu əli ilə sıxmış və elə başa düşmüşdür ki, telefonu sındırmışdır. Bu zaman telefonunu çıxararaq ekranına baxmış və ekranın üzərində olan antiudarın sındığını görmüş, həmin antiudarı telefonun ekranından qopararaq anasının üzərinə atmış və qışqıraraq demişdir ki, «bəsdi məni şərlədin». Sonra yolu qaçaraq evə doğru getmiş, sonradan ona məlum olmuşdur ki, anası Raya onun barəsində Mehdiabad PB-nə ərizə ilə şikayət etmişdir. Hadisə vaxtı Mehdiabad qəsəbəsi 28 may küçəsində dayanacaqda olarkən anası Zərərçəkmiş şəxs əlindən hər hansı bir əşya və ya pul qabı almamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Elşənlə arasında məhkəmə mübahisəsi vardır. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində anasına məxsus ev vardır, həmin evdə oğlu Elşənlə birlikdə yaşamış, hazırda evdə oğlu Elşən ailəsi ilə yaşayır. Elşənlə münasibəti cox pisdir, belə ki, oğlu onun evdə yaşamasına imkan verməyib mütəmadi olaraq evdən qovur, bu səbəbdən də işləri Abşeron Rayon Məhkəməsindədir. xx.xx.2019-cu il tarixdə saat 14 radələrində Mehdiabad qəsəbəsində, hazırda Elşən yaşadığı evin qonşuluğunda olan Kəmalə adlı qadına gül və cücəyə yem tökmək üçün dəmir verdikdən sonra Kəmalə ilə sağollaşıb onlardan çıxdıqda Elşən onu görmüş və nalayiq söyüşlərllə söyərək məhəlləyə nə səbəbə gəlməsini bildirmişdir. Həmin vaxtı Kəmalə Elşənin onunla mübahisəsini və söyüldüyünü görüb öz evinə çağırmış, 15-20 dəqiqə Kəmaləgildə gözlədikdən sonra yanacaqdoldurma məntəqəsinin yanından öz cücələri üçün dən almış və orada tikinti materialları mağazasında işləyən Etibardan həyətdə olan su turbalarını Elşənin ona satıb-satmadığını soruşmuşdur. Etibar isə bildirmişdir ki, Elşən ona dəmir turba təklif edib, lakin bundan imtina etmişdir. Bu zaman yolu keçən Elşəni görmüş, sonuncunun əlində göy rəngli nəvəsi Həsənə məxsus araba olduğunu görmüş, fikirləşmişdir ki, Elşən həmin arabanı satmağa aparır. Ona görə də tələsik yolu keçmiş və Elşəndən arabanı almağa cəhd etmiş, qışqıraraq bildirmişdir ki, arabanı sənə hec vaxt verməyəcəkdir. Uşaq arabasını iki əli ilə tutaraq Elşəndən almağa cəhd etmiş, həmin vaxtı sol əlində pul kisəsi olmuş və 3-cü barmağı sarıqlı olmuşdur. Bu zaman Elşən pul qabını əlindən zorla dartaraq almış və pul qabını açaraq içərisində olan 1128 manat pulu götürmüş, pulu götürdükdən sonra ona tərəf bir addım atmış, pul qabını ona tərəf yerə ataraq qaçıb yolu keçib getmişdir. Pul qabını yerdən götürdü içərisində olan pulun olmadığını görmüş, sonra qışqıraraq həmin pulun işin və müalicəsinin pulu olduğunu bildirərək, Elşəndən pulunu geri istəmişdir. Elşən yolun digər tərəfindən onu hədələyərək “Səni öldürüb hər seyi batiracam”sözlərini demiş, sonra qaçaraq yaşadığı evə tərəf getmişdir. Belə olduqda DİN-nin 102 xidmətinə zəng edərək, hadisə ilə bağlı məlumat vermişdir. Elşən pul qabını əlindən çəkərək almış, sonradan içərisində olan pulları götürmüşdür. Onun Elşənə borcu olmamış, həmin vaxtı ətrafda kənar şəxslər olmuşdur. Həmin vaxtı əmək haqqılarını və veteran pulunu yığaraq müalicəsi üçün 1000 manat pul toplamış, Stutqart şirkətində xadiməçi işləyir, ofis üçün təmizlik dərmanlarını, çayı və digər ləvazimatları özü aldığından 128 manat pul isə işlədiyi yerdən bazarlıq üçün müdiriyyət tərəfindən verilmişdir. Elşən tərəfindən açıq talanmış pulun 128 manatını işlədiyi şirkətdən almasına baxmayaraq, sonradan şirkətin pulunu özü qaytarmış, hazırda talanmış 1128 manat tamlığı ilə özünə məxsus puldur. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı evdən kənarda yolun qırağında olan kafeyə nahar etmək üçün getmiş, yolu keçərkən bir nəfər qadınla bir nəfər orta yaşlı oğlanın mübahisə etdiyini görmüşdür. Baxarkən yerdə uşaq arabası olduğunu görmüş və oğlanın möhkəm danışdığını eşitmişdir. Həmin oğlan qəflətən qadının əlində olan pul qabını dartdığını və qadından bir iki addım aralanaraq pul qabını açdığını, pulqabını açıb içərisində olan pulu götürərək cibinə qoyduğunu görmüşdür. Həmin şəxs bundan sonra qadına tərəf yaxınlaşaraq pul qabını ona tərəf atmış və qaçaraq yolu keçmişdir. Həmin vaxtı qadın qışqıraraq pulu geri istəmiş və həmin pulun onun müalicə pulu olmasını bildirmişdir. Pulu götürən şəxs qadının qışqırıqlarına əhəmiyyət verməmiş və yolu keçəndən sonra onu əli ilə hədələyərək qışqıraraq, «bu söhbət burda da batdı, nə bacarırsan get elə». Bundan sonra isə nalayıq sözlər işlədərək həmin yerdən qaçaraq uzaqlaşmış, bundan sonra isə nahar etmək üçün kafeyə girmiş, kafedə nahar edən zaman bu barədə orada ofsiant işləyən, lakin adını bilmədiyi qadına bu hadisə barədə danışmışdır. 01 iyul və ya xx xxxx 2019-cu il tarixdə saat 07 radələrində 108B saylı avtobusa hadisə baş verən yerdə minmiş, avtobusda pulu talanan qadın, sonradan adını bildiyi Raya orada olmuşdur. Həmin qadını hadisədən əvvəl də görmüş, qadına yaxınlaşmış və pulunu qaçıran şəxsin həmin pulu geri qaytarıbqaytarmadığını soruşduqda, Raya xanım həmin hadisəni görüb-görmədiyini ondan soruşmuşdur. Hadisə zamanı orada olduğunu və hadisəni gördüyünü dedikdə, Raya xanım ona avtobusda yalvarmışdır ki, ona şahidlik etsin. Əvvəl razı olmasa da, sonradan razılaşmış və bu barədə istintaqa ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2011-ci ildən onlardan torpaq alaraq ev tikmişdir. Həmin vaxtdan Raya ilə qonşudur, təxminən 6-7 ay olar ki, Raya həmin evdən köçmüşdür. Hazırda həmin evdə oğlu Elşən ailəsi ilə yaşayır, onun məlumatına görə Rayanın oğlu Elşənlə ədavəti vardır, bu səbəbdən Raya həmin ünvanda yaşamır. Qonşu olduğu müddətdə onunla arasında hər hansı bir mübahisə olmamışdır. xx.xx.2019-cu ul tarixdə Raya onun evinə gəlmiş və ondan cücə yemləməsi üçün qab istəmişdir. Həmin qabları Rayaya vermiş, təxminən 10 dəqiqə həyətdə dayanmış və ona gül vermiş, sonra Raya onunla sagollaşıb getmiş, Rayanın oğlu Elşən onunla hasar qonşusudur və həmin günü hər hansı bir səs küy eşitməmiş, həmin günü axşam radələrində Elşənlə Raya arasında mübahisə baş verməsini eşitmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, Mehdiabad-Fatmayi küçəsinin kənarında yerləşən kafedə ofisant işləyir. Şahid2 həmin kafeyə mütəmadi gəlib yemək yediyi üçün tanımışdır. 2019-cu ilin aprel ayında ofisant işlədiyi kafedə olarkən Elvar həmişə olduğu kimi kafeyə gəlmiş və çay sifariş vermiş, Elvara çay verdikdə sonuncunun həyəcanlı olduğunu görüb nə baş verdiyini soruşmuş, Elvar ona bir nəfər oğlanın yaşlı qadının əlindən pul kisəsini alıb qaçdığını ona demişdir. Elvar həmin qadının və oğlanın şəxsiyyəti, adı, soyadı barədə ona heç bir məlumat verməmişdir. Cinayət işində olan Sənədlərin texniki ekspertizasının xx.xx.2019-cu il tarixli, 13221 saylı rəydən görünür ki, təqdim edilmiş 1 ədəd «VVhatsApp» Video 2019-04-04 at 15.48.54 mp4» adlı faylda əks olunmuş görüntüdə hadisələr mümkün qədər aydınlaşdırılaraq, baş vermiş hadisələr tətlil edildi və əldə olunmuş nəticələr rəyə əlavə edilmiş fotocədvəldə qeyd edildi. Rəqəmsal emal və təmizlənmə əməliyyatlar nəticəsində əldə edilmiş aydınlaşdırılmış videogörüntü bir ədəd rəqəmsal dəlillərin saxlanması üçün istifadə olunmuş «DVD» tipli optik diskə köçürülmüş və maddi sübut qismində rəyə əlavə edilmişdir. Cinayət işində olan xx xxxxxx 2018-ci il tarixli protokoludan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinə əlavə olunmuş Abşeron rayon İHB-in Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə olunmuş, subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Baksell MMC-dən daxil olmuş BKC/LGL-15911/19 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla daxil olmuş bir ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təqsirləndirilən şəxs ona Azərbaycan Resplublikası Cinayət Məcələsinin 180.1-ci maddəsi ilə verilmiş ittihamlar üzrə özünü təqsirli bilməsə də, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi 28 may küçəsindəki dayanacaqda olarkən anası Zərərçəkmiş şəxs əlindən hər hansı bir əşya və ya pul qabını almadığını bildirərək, anasının onu evdən çıxartmaq məqsədilə onu şərlədiyini demişdir. Azərbaycan Respublikası CPM-in 91.5.17-ci maddəsinə əsasən təqsirli olduğunu və ya təqsirli olmadığını bildirmək təqsirləndirilən şəxsin hüquqlarından biridir. Lakin onun təqsirli olmadığını bildirməsi onun göstərilən cinayət əməllərini törətməkdə təqsirli olmaması kimi qiymətləndirilə bilməz. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin üzləşdirilməsi zamanı Zərərçəkmiş şəxs bir daha ifadəsində göstərdiklərini təsdiq etmiş, Təqsirləndirilən şəxs yolun kənarında onunla mübahisə etdiyini, daha sonra onun əlindəki pulqabına dartıb aldığını və içərisindəki pulu götürüb cibinə qoyduğunu, sonra pul qabını onun üstünə ataraq oradan qaçıb uzaqlaşdığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində təqsirləndirilən şəxsin dediklərini təkzib etmiş, onu ifşa edərək, xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində bir nəfər qadınla Təqsirləndirilən şəxs mübahisə etdiyini gördüyünü, Elşən qəflətən qadının əlində olan pul qabını dartdığını və qadından bir iki addım aralanaraq pul qabını açdığını, pulqabını açıb içərisində olan pulu götürərək cibinə qoyduğunu, Elşən bundan sonra qadına tərəf yaxınlaşaraq pul qabını ona tərəf atdığını və qaçaraq yolu keçdiyini, həmin vaxtı qadının qışqıraraq pulu geri istədiyini, Elşənin yolu keçəndən sonra qadını əli ilə hədələdiyini bildirərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlarla onun ifadəsində göstərilənlər təkzib olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ziddiyyətli ifadələr verməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. Yuxarıda göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin, şahid ifadələri, baxış protokolu, istintaq hərəkətlərinə dair digər protokollar və iş materiallarına əlavə edilmiş sənədlər, digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrlə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin 8 müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məcəllənin 59.1.4, 59.1.13 və 59.1.14-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyini zamanı törətdiyi əməldən peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxsna təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 67 manat 17 qəpik təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı və məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş, Abşeron rayon vəkil bürosunun və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 13 saat hüquqi yardıma görə 80 (səksən) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməli, eyni zamanda məhkəmə stintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat məbləğdə pul, vəkil Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 67 manat 17 qəpik təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 13 saat hüquqi yardıma görə 80 (səksən) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaq zamanı müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat məbləğdə pul, vəkil Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar