Məhkəmə qərarları › İş №1(012)-86/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-86/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-86/2021 05.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakı ilə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində qonşusu Zərərçəkmiş şəxs işlətdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aşıq küçəsində yerləşən tikinti materialları mağazasında olarkən, ona atasının mağazadan 476 manat dəyərində götürdüyü tikinti materiallarının pulunu verməməsi üçün ünvanına “atan onsuzda heç kimə lazım deyil” sözlərini dediyinə görə aralarında yaranmış mübahisə zamanı yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq, ona başın alın-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, burun, boyun sağ və sol yanlarının, sol bazu, sol said və sağ said nahiyyələrinin sıyrıqlarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında valideynləri ilə ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşayır. Həmidlə münasibətləri bir qonşu kimi həmişə normal olmuşdur. Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazir qəsəbəsi S.Ə.Şirvani küçəsində tikinti materiallarının alışı və satışı ilə məşğul olur. X4 çox vaxt nisyə materiallar götürür. Həmid bir neçə vaxtdır ki, atasın ona olan 220 manat borcu olduğunu ona bildirmiş və onunla yersiz zarafatlar etmişdir. Hər dəfə gəlib atasına bu barədə məlumat vermişdir. Atası Həmidə bir neçə dəfə qeyd olunan hərəkətləri etməməsini bildirmişdir. Lakin buna baxmayaraq Həmid onun yersiz zarafatlar etməyə davam etmişdir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Həmidə məxsus mağazaya sement almaqa getmişdr. Həmin zaman onun Həmidlə aralarında sözlü mübahisə baş vermişdir. Bundan sonra sementi götürüb evə gələn zaman yolda atası ilə qarşılaşmışdır. Yolda atasına baş vermiş mübahisəni danışmış və Həmidin ona “atan onsuzda heç kimə lazım deyil” sözlərini dediyini bildirmişdir. Bundan sonra atası Həmidin yanna gəlmiş və Həmidə yaxın günlərdə ona borcunu qaytaracağını, bir daha zarafat etməməsini bildirmişdir. Həmin zaman oraya gəlmiş və Həmiddən atası barəsində dediyi sözləri təkrar etməsini söyləmişdir. Həmid isə zarafat etdiyini və yaxşı etdiyini bildirmişdir. Bu zaman onunla Həmid arasında mübahisə başlamış və onlar bir-birini itələməyə başlamışdır. Mübahisə zamanı Həmidi vurmuşdur. Bundan sonra atası onları ayırmışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Kəlbəcər rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Fərdi Sahibkarlıqla məşğul olur. Abşeron rayonu, Masazır qəsəbəsi S.Ə.Şirvani küçəsində yerləşən tikinti materialları mağazasını işlədir. Şahid onun qonşusudur. Xanoğlanla münasibətləri bir qonşu kimi həmişə normal olmuşdur. Təxminən 2020-ci ilin yanvar ayında qonşusu Xanoğlan ona məxsus olan Tikinti Materialları mağazasından 476 manat dəyərində tikinti materiallarını götürmüşdür. Xanoğlan tikinti materiallarının pulunu yaxın vaxtlarda ödəyəcəyini bildirsədə lakin üstündən bir neçə ay keçməsinə baxmayaraq Xanoğlan pulu gətirib vermmişdir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində mağazada olarkən bu zaman Xanoğlanın oğlu Azər onun mağzasına gələrək sement istəmişdir. Sement verərəkən bu zaman Azərə demişdir ki, atan Xanoğlanın da borcunu ver. Aralarında sözlə mübahisə baş vermişdir. Bundan sonra Azər getmişdir. Təxminən 20 dəqiqədən sonra Azər ilə atası Xanoğlan ilə onun mağazasına gəlmişlər. Həmin vaxtı Xanaoğlan ona demişdir ki, “nəyə görə mənim sənə olan borcumu oğlum Xəyaldan istəmisən”. Həmin vaxt “borcun var verdə”demişdir. Elə bunun üstündə Xanoğlan ilə cümldən Azər ilə aralarında mübahisə baş vermişdir. Mübahizə zamanı Azər onun üzərinə gəldiyinə görə Azərin boğazından tutmuşdur ki, Azər onu vurmasın. Elə bu anda Azər polkadan götürdüyü dəmir parçaı ilə onun baş nahiyyəsindən vurmuşdur. Sonra isə atası Xanoğlan onları ayırmışdır. Bundan sonra Azər onu vurduqdan sonra atası Xanoğlan ilə birlikdə çıxıb getmişlər. Hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinəz zəng vuraraq məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşayır. Həmidlə münasibətləri bir qonşu kimi həmişə normal olmuşdur. Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazir qəsəbəsi, S.Ə.Şirvani küçəsində tikinti materiallarının alışı və satışı ilə məşğul olur. Həmiddən 476 manat dəyərində tikinti materialları nisyə almışdır. Həmiddən həmişə nisyə mal götürərək sonradan hissə-hissə pulunu vermişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələrində oğlu Azər yolda onunla qarşılaşaraq demişdir ki, “Həmid onunla mənim barəmdə zarafat edib mənə onun pulunu verməsini bildirib mənim barəmdə xoşagəlməz sözlər demişdir”. Həmin günün saat təxminən 20 radələrində oğlu Azərlə birlikdə Həmidə məxsus mağazaya getmişdir ki, nəyə görə Həmid oğlu Azərə belə sözlər demişdir. Həmid də ondan pulunu verməsini deyəndə aralarında Həmidlə sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı oğlu Azərlə Həmid bir-birini itələməyə başlamışlar. Sonra isə bir birinə yumruq atmışlar. Həmidlə Azəri ayırmışdır. Bundan sonradan Həmid onların barəsində Abşeron rayon polis idarəsinə şikayət etmişdir. Hadisə vaxtı orada Həmiddən, özündən, və oğlu Azərdən başqa heç kəs olmamışdır. Azərlə Həmidin arasında olan mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1265 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - alın-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, burun, boyun sağ və sol yanlarının, sol bazu, sol said və sağ said nahiyyələrinin sıyrıqları, bərk-küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə davadalaş nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi subut və mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar