Məhkəmə qərarları › İş №1(012)-866/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-866/2025

11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-866/2025 11.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs1 Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 2007-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Kürdəmir rayonu, Sor-sor kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədə saat 03 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 icarə müqaviləsi əsasında işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 28-ci məhəllədə yerləşən “X7” əyləncə mərkəzinin binasına pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin əyləncə mərkəzində yerləşən hər birinin dəyəri 450 manat olmaqla ümumi dəyəri 1350 manat olan 03 ədəd “Playstation 4” maraklı oyun konsolunu, hər birinin dəyəri 75 manat olan ümumi dəyəri 150 manat olan 2 ədəd səsgücləndiriciləri gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 manat məbləğind ə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 03 aprel 2025-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yanında yerləşən “Adress” mağazasının yaxınlığında yolda motosikletlə hərəkətdə olarkən qarşısında olan Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə onların hərəkətinə mane olduğunu bahənə gətirərək Zərərçəkmiş şəxs1 ilə mübahisə yaradaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ətrafdakı şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib digər şəxslərin gözü qarşısında zərərçəkmişə qarşı zor tətbiq etməklə heç bir əsaslı səbəb olmadan gödəkçəsinin cibində olan silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən bıçağı çıxardıb Zərərçəkmiş şəxs1 döş qəfəsinin ön nahiyəsinə bir dəfə vuraraq sonuncunun döş qəfəsinin ön səthinin sağ yanının kəsilmiş-deşilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuraraq, hərəkətləri ilə orada olan xeyli sayda şəxslərin rahatlığını və dincliyini pozaraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, Abşeron rayonunda yerləşən Oğuzxan restoranında icarəyə götürdüyü Tufan M50 markalı motosiklet ilə kuryer işləyirmiş. 03 aprel 2025-ci il tarixdə gunorta saatlarında Abşeron rayonu, H.Əliyev parkının yaxınlığından sifariş gəlmiş, lakin o, içkili olduğu üçün idarə etməsi üçün motosikleti Hüseyn adlı dostuna vermiş, özü isə arxa oturacaqda əyləşmişdir. Onlar motosiklletlə H.Əliyev parkının yaxınlığında yerləşən “Tamstore”nin yanında hərəkətdə olan zaman Hyundai i 30 markalı avtomobilin sürücüsü qəza şəraiti yaratmış və motosikleti sola sıxmışdır. O, həmin avtomobilin sürücüsünə iradını bildirmiş, sonuncu isə guya başqa avtomobil tərəfindən sıxışdırıldığı üçün sola çəkdiyini demiş, o, isə yalan danışdığını, həmin yerdə avtomobilin olmadığını demişdir. Bundan sonra sürücüdən avtomobili saxlamasını istəmiş, sonuncu avtomobili saxlayıb onun üzərinə gələrək əli ilə boğazından tutmuş, bu zaman o, əynində olan qara gödəkçəsinin yan cibindən qara rəngli bıçağı çıxardaraq həmin şəxsin sol yan hissəsinə bir dəfə zərbə endirmişdir. Bundan sonra ətrafda olan şəxslər onları aralaşdırmış və həmin şəxs avtomobilinə əyləşərək çıxıb getmiş, o isə sifarişi ünvana çatdırmış, daha sonra isə restorana qayıtmış və bıçağı təmizləmişdir. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə gecə saatlarında Xırdalan şəhərində yerləşən məhəllədə gəzərkən qarşısına çıxan “X10” a daxil olaraq yaranmış pula ehtiyacını ödəmək üçün oğurluq eləmək qərarına gəlmişdir. O, ətrafda kimsəinin olmamasından istifadə edərək, avtoyma məntəqəsinin dəmir jalüzünün üzərinə qalxmış, bilyard klubun dəmir barmaqlıları vasitəsi ilə həmin avtoyuma məntəqəsinin üszərinə, daha sonra isə “X10” un 3 mərtəbəsində olan pəncərəyə qalxmış, içəridə heçkəsin olmadığına əmin olduqdan sonra üzərindı olan dəmir parçası ilə pəncərəni açaraq içəri daxil olmuşdur. Bundan sonra ətrafa baxınan zaman orada olan oyun konsollarını oğurlayıb satmağa qərara gəlmiş və əlində olan alışqanın işığı ilə ilk olaraq 03 ədəd “Playstation” markalı oyun konsolunu və ona aid olan pultları, daha sonra isə 02 ədəd kiçik səsgücləndiriciləri tapdığı iri sellofan torbalara yığaraq pəncərədən avtoyuma məntəqəsinin damına qoymuş və gəldiyi yerdən çıxaraq, oradan uzaqlaşmışdır. O, oğurladığı «Playstation» oyun konsollarını və səsgücləndiriciləri yaşadığı mənzildə gizlədərək, növbəti gün «Lalafo.az» saytında elan paylaşaraq tanımadığı şəxslə Xırdalan şəhərində görüşərək, 350 manata satmışdır. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, oğurladığı malları alan şəxsi əvvəllər tanımamış, Playstation-3” maraklı oyun konsollarının özünə məxsus olduğunu, işlətdiyi salonun bağlanmasını, təcili pul lazım olduğunu deməklə onu inandırmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, oğurluq əməlini törədərkən tək olmuş və bu barədə heçkimə bildirməmişdir. Sonda törətdiyi əməldən peşman olmasını və hazırda zərər çəkmiş şəxslərə vurulmuş zərəri tam ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclaslnda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 03 aprel 2025-ci il tarixdə dostu Taleh ilə birlikdə ona məxsus “Hyundai i30” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili Xırdalan şəhəri, H.Əliyev parkı tərəfdə idarə etdiyi zaman qarşıdan gələn avtomobil dönərkən onun avtomobilinə yaxın keçdiyi üçün avtomobili sola çəkmiş, bu zaman arxadan gələn motosiklet sağından keçmiş və təhlükəli şərait yaranmışdır. Bundan sonra motosikletdə olan 2 nəfər şəxs ona iradların bildirdikdə, dostu Taleh üzür istəyib yaranmış vəziyyəti başa salmış, lakin şəxslər mübahisə etməyə davam etdikləri üçün o, avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmışdır. Bir qədər getdikdən sonra motosiklet sürücüsü avtomobilin arxasınca gələrək qarşısını kəsmiş və mübahisə etməyə başlamışdır. Motrosikletdə arxada oturan sonradan adını bildiyi Turan adlı şəxsin əlində spirtli içki olduğu üçün mübahisə etmək istəməmiş və daha sonra söhbət etməyi təklif etmiş, lakin sonuncu mübahisəni davam edib üzərinə gəldikdə onu əli ilə sinəsindən itələmişdir. Bundan sonra ətrafda olan şəxslər onları aralaşdırmış və o, dostu Taleh ilə birlikdə avtomobilə əyləşərək çıxıb getmiş, bir qədər getdikdən sonra dostu Taleh onun əynində olan ağ köynəyə qırmızı ləkə düşdüyünü görüb ona dedikdə o, köynəyi qaldırıb baxmış və kəsik yarası görüb bıçaqlandığını başa düşüb dərhal X1 getmişdir. Bundan əlavə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığını, barəsində çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmasını bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Abşeron Rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “X11”u icarəyə götürüb işlədir. Həmin yerin ikinci mərtəbəsində playstation oyun konsolu zalı və üçüncü mərtəbəsində isə bilyard oyunu zalı mövcuddur. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində icarə əsasında işlətdiyi “X7” a gəlmiş, oyun zalına daxil olduqda 03 ədəd hər birinin qiyməti 450 manat olan ümumilikdə qiyməti 1350 manat olan “Playstation-3” markalı oyun konsolunun, hər birinin dəyəri 75 manat olan ümumilikdə 150 manat dəyərində olan səsgücləndiricilərin, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Daha sonra obyekdə olan müşahidə kameralarına baxıb obyekdən oğurluq edən şəxsin kim olduğunu maraqlanmağa başlamış, müşahidə kameralarına baxan zaman naməlum şəxsin gecə saatlarında obyektə 3-cü mərtəbədə pəncərədən daxil olduğunu və oyun konsolları ilə səsgücləndiriciləri oğurladığını müşahidə etmişdir. Oğurluq nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə obyekdə oğurluq olması barədə məlumat vermişdir. Oğurluq nəticəsində əvvəllər də onun obyektindən oğurluq etmiş Turan adlı uşaqdan şübhələndiyini bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə dostu Zərərçəkmiş şəxs1 məxsus hyundai i30 markalı **-NC-*** d.q.n-lı avtomobil ilə Xırdalan şəhəri H.Əliyev parkı yaxınlığında hərəkətdə olarkən qarşıdan gələn avtomobil dönərkən Fəridin avtomobilinə yaxın keçdiyi üçün Fərid avtomobili sola çəkmiş, bu zaman arxadan gələn motosiklet sağından keçmiş və təhlükəli şərait yaranmışdır. Motosikletdə 2 nəfər şəxs olmuş, həmin şəxslər onlara iradların bildirdikdə, o, həmin şəxslərə danışaraq üzür istəyib yaranmış vəziyyəti başa salsa da, çotosikletdə arxa oturacaqda oturan Təqsirləndirilən şəxs mübahisə etdikləri üçün Fərid avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmışdır. Bir qədər getdikdən sonra motosiklet sürücüsü arxalarınca gələrək avtomobilin qarşısını kəsmiş və mübahisə etməyə başlamışlar. Motrosikletdə arxada oturan adının sonradan Turan olduğunu bildiyi şəxsin əlində spirtli içki olduğu üçün mübahisə etmək istəməmişlər və çıxıb getmələrini daha sonra söhbət etməyi təklif etmişlər. Lakin Turan mübahisəni davam edib Fəridin üzərinə gəldikdə Fərid Turanı sinəsindən əli ilə itələmişdir. Bundan sonra ətrafda olan şəxslər onları aralaşdırmış və avtomobilə əyləşərək çıxıb getmişlər. Bir qədər getdikdən sonra Fəridin əynində olan ağ köynəyin qırmızı ləkə düşdüyünü görüb Fəridə demiş, Fərid köynəyi qaldırıb baxdıqda bıçaq izi görərək Abşeron MRX-na getdiklərini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmiş, iş üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır;

2. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə həmin tarixdə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 25 dekabr 2024-cü il tarixıli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından icraat dayandırılmışdır;

4. “Cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi” haqqında 08 mart 2025-ci il tarixıli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə törədilmiş əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək, istintaqı davam etdirilmişdir;

5. “Yetkinlik yaşına çatmamış şəxsə qanuni nümayəndənin” təyin edilməsi haqqında 08 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Abşeron rayon İcra Hakimiyyəti Yetkinlik X4 Komissiyasından ayrılan şəxs X2 qanuni nümayəndə qismində təyin edilmişdir;

6. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 08 mart 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə, saat 13:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur;

7. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 10 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir;

8. “Yetkinlik yaşında çatmayanı nəzarət altına vermə və onun MSY-dən azad edilməsi haqqında qətimkan tədbirinin seçilməsi haqqında” 10 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin MSY-dən dərhal azad olunmuşdur;

9. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 19 mart 2025-ci il tarixıli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə barəsində axtarış verilmiş təqsirləndirilən şəxs istintaqa gətirilənədək icraat dayandırılmışdır;

10. “Axtarışda olan şəxsin tutulması haqqında” 01 aprel 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 01 aprel 2025-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə gətirilib, MSY-nə təhvil verilmişdir;

11. “Cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi” haqqında 01 aprel 2025-ci il tarixıli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxs istintaqa təqdim edildiyindən dayandırılmış icraat təzələnmişdir;

12. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinin nəzərə alınması” haqqında 01 aprel 2025-ci il tarixli qərardan məyyən olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsi nəzərdə tutulmuş cinayət törətməkdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır;

13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən silah qismində istifadə edilən əşya istifadə edib zor tətbiq etmə hədəsi ilə xuliqanlıq hərəkətləri etməsinə faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir;

14. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə həmin tarixdə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır;

15. “Qanuni nümayəndə qismində” tanınma haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Abşeron rayon İcra Hakimiyyəti Yetkinlik X4 Komissiyasının psixoloq aparıcı mütəxəssisi X5 şübhəli şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir;

16. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 05 aprel 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 05 aprel 2025-ci il tarixdə, saat 16:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur;

17. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona elan edilən ittihamın mahiyyəti izah olunmaqla, qərarın surəti təqdim edilmişdir;

18. Abşeron Rayon Məhkəməsinin 4(012)-173/2025 saylı, 07 aprel 2025-ci il tarixli qərarına əsasən həbsetmənin əvvəli 05 aprel 2025-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir;

19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 aprel 2025-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 yanvar 2025-ci il tarixdə Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam edilmişdir;

20. “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ********* nömrəli cinayət işinə birləşdirilərək, istintaqı aparılmışdır;

21. “Cinayət əməlinin tövsif olunması” haqqında 30 aprel 2025-ci il tarixli qərardan məyyən olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.3 və 221.3-ci maddələrinə tövsif olunmuş və istintaq davam etdirilmişdir;

22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 14 aprel 2023-cü il tarixli, 766 saylı rəyinə əlavəyə əsasən 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir;

23. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 25 aprel 2023-cü il tarixli, 741 saylı rəyinə əsasən 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin ön səthinin sağ yarısının kəsilmiş deşilmiş yarası iti deşici kəsici alətin təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı müxtəlif növ bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər;

24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 Abşeron rayon şöbəsinin 01 may 2025-ci il tarixli, 3/402 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hansısa bir dəyişiklik edilməmişdir;

25. “Cinayət işi üzrə maddi sübut kimi tanınma tanınma” haqqında 05 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq ekspertiza keçirildikdən sonra iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasımdan ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir;

26. “Sübutların qiymətləndirilməsi” haqqında 06 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs edilmiş ittihamda dəyişiklik olunduğundan cinayət işi zrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, ittihamı təstiq edən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi və digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanmıç digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: “Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 221.3-cü maddələrinin tərkib əlamətləri vardır. Belə ki, Təqsirləndirilən şəxs ilk olaraq Zərərçəkmiş şəxs2 məxsus əyləncə mərkəzindən ümumi dəyəri 1350 manat olan 03 ədəd “Playstation 4” maraklı oyun konsolunu, hər birinin dəyəri 75 manat olan ümumi dəyəri 150 manat olan 2 ədəd səsgücləndiriciləri gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, yolda motosikletlə hərəkətdə olarkən qarşısında olan Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə onların hərəkətinə mane olduğunu bahənə gətirərək mübahisə yaratmış, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətidnən üstün tutmaqla əxlaq normalarından kənara çıxmaqla cəmiyyətin narazıçılığı və narahatçılığına səbəb yaradan hərəkətlərə yol verməklə gödəkçəsinin cibində gəzdirdiyi bıçaqla sonuncunun döş qəfəsinin ön nahiyəsinə bir dəfə vuraraq kəsilmiş-deşilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Beləliklə təqsirləndirilən şəxs tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Beləliklə bu cinayətin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, ifadəsi ilə yanaşı məhkəmədə dindirilmiş və elan edilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin iş üzrə verilmiş ekspert rəyi və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməllərin törədilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əsasən müəyyən edilmişdir ki, hazırda yetkinlik yaşına çatmış olan Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamışdır. Məhkəmə hesab edir ki, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmçinin aşağıdakılar da nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən cəzanın təyin olunmasının ümumi əsasları ilə, yəni törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, yeniyetmənin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “ ... cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün inkişafına kömək etməkdir. Cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların islah olunması, daha ağır cəzaların tətbiqinin qarşısının alınması, onlar tərəfindən törədilən cinayətlərin residiv müəyyən edilərkən nəzərə alınmaması, yetkinlik yaşına çatmamanın cəzanı yüngülləşdirən hal olması kimi qaydalara əsaslanır. Yetkinlik yaşına çatmayan şəxsə təyin edilən cəzanın əsas məqsədi onun cəzalandırılması deyil, günahını dərk etməsi və gələcəkdə hüquqazidd əməllər törətməsinin qarşısının alınması, uşağın olduğu mühitdən çıxarılaraq qorunması, cinayət törətmənin həyat tərzinə çevrilməsinin qarşısının alınması, yəni uşağın sağlamlaşdırılmasıdır. Bu cür cəzalandırma hüquq və qanuni maraqlarının maksimum müdafiəsi və cəmiyyətə yenidən qazandırmaq məqsədi ilə onların fərdi profilaktik tərbiyəsinə yönəlmişdir. Belə vəziyyətdə dövlət, inancları tam formalaşmamış yetkinlik yaşına çatmayanların inkişafı və əməllərini vaxtında dərk etməsi, düzgün seçim etməsi və gələcəkdə düşünülməmiş hərəkət etməməsi üçün müvafiq tədbirlərdən istifadə edir. Bu yanaşma Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamından da irəli gəlir”. Göründüyü kimi yetkinlik yaşına çatmayanalara cəza təyin edilməsinin məqsədi cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün inkişafına kömək etməkdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, cinayəti törədən zaman yetkinlik yaşına çatmamasını və dəymiş zərərin qismən ödənilməklə zərərçəkmiş şəxslərdən birinin şikayətinin olmaması onun əməlində cəzanı yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunan halları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxslərdən birinə dəymiş zərərin qismən ödənilməklə barışıq əldə etməsini, həmçinin əməli törədən zaman yetkinlik yaşına çatmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Lakin cəza təyin edilərkən digər hallar da nəzərə alınaraq cəza həddi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni 05 aprel 2025-ci il tarixdən hesablanmalı, həmçinin sonuncunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon Polis İdarəsində saxlanılan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağı məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 220 (iki yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs 177.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ümumilikdə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzanın əvvəli 05 aprel 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi müzrə maddi sübut kimi tanınmış və Abşeron rayon Polis İdarəsində saxlanılan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağı məhv edilsin. Cinayət işi üzrə mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 220 (iki yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar