Məhkəmə qərarları › İş №1(012)-869/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-869/2024

16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-869/2024 16.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Nizami küçəsi-19C, məhəllə-6 ün vanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 13-cü mikrorayon, bina- 36, mənzil 50-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri ərazisində olarkən istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində şəffaf sellofan kəsiyi bükümündə, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş 0,344 qram çəkidə, xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, Abşeron rayonu, Novxanı kəndinə daşımış və saxlamış, Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayonu, Novxanı kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri zamanı Şəbiyev X4 rayonu, Novxanı kəndi ərazisindəki “Duz” gölünün yaxınlığında küçədə saxlanılaraq, Abşeron RPİ-nin Saray PB-nin inzibati binasına aparılmış və orada həmin günü saat 01:30-dən saat 01:40-dək üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir büküm 0,344 qram çəkidə, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilir, belə ki, bir neçə il əvvəldən psixotrop maddə olan metamfetamindən istifadə edir. 27 mart 2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhərində olarkən tanımadığı şəxsdən 10 manat pul müqabilində şəffaf selofanda, 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamin alıb, əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyub, şəxsi istifadəsi üçün saxlamış, həmin günü gecə saatlarında Abşeron rayonu, Novxanı kəndi ərazisindəki “Duz” gölünün yaxınlığılnda olrkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirib, anket məlumatlarını öyrəndikdən sonra onun psixotrop maddə gəzdirməkdə şübhəli olması ilə bağlı məlumatları olduğunu söyləmişlər. O da üzərində bir büküm metamfetamin olduğunu bildirdikdən sonra polislər onun üzərində şəxsi axtarış keçirləcəyini deyib, onlarla birlikdə Abşeron rayon Polis idarəsinin Saray polis bölməsinə getməsini söyləmişlər. O da polislərlə Saray polis bölməsinə getmişdir. Orada otaqların birində polislər ona müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını söyləmişlər. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş, həmçinin üzərində qanunla saxalanılması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. O da əynindəki göy rəngli, cins şalvarının sağ yan cibində olan 1 ədəd şəffaf sellofana bükülmüş metamfetamini çıxarıb onlara təqdim etmişdir. Bundan sonra polislər videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirmişlər. Lakin heç nə tapmayıb, onun təqdim etdiyi bir bükümə baxış keçirmişlər. Bükümdə ağ kristallik maddə aşkar olunmuş, polislər ondan həmin kütləni haradan və nə vaxt aldığını soruşmuşlar. O da bir büküm metamfetamini həmin gün səhər saatlarında Sumqayıt şəhərində olarkən tanımadığı şəxsdən 10 manat pul müqabilində özü istifadə etmək üçün alıb cibində saxladığını bildirmiş, bundan sonra polislər onun təqdim etdiyi həmin bir büküm metamfetamini zərfə qoyaraq qablaşdırıb bu barədə protokol tərtib etmişlər. O da orada olan digər iştirakçılar kimi həmin zərflə protokolu imzalamışdır. Aldığı həmin metamfetamindən heç kimə satmamış və hədiyyə etməmiş, metamfetamini özü istifadə etmək üçün cibində saxlamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək bildirmişdir ki, narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Belə ki, o, tutulan günü kafedə bir nəfər tanışı ilə oturmuş, qeyd etmək istəyir ki, həmin tanışı polisin özünün adamı olub, o bu barədə daha sonra məlumat almışdır. Daha sonra kafedə oturarkən onun telefonlarından birinə zəng gəlmiş və o,zəngə cavab vermək üçün çölə çıxmışdır. Daha sonra kafedən çıxıb gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır və üzərində axtarış keçirilərək telefonun üzlüyündə narkotik vasitə olan büküm aşkar etmişlər. Qeyd etmək istəyir ki, kafedə olarkən onun tanışı onun üzərinə narkotik vasitəni qoyduğundan şübhələnir. Daha sonra polis idarəsinə gəlmişlər və polislər onu dilə tutmuşlar ki, o,narkotik vasitənin onun olduğunu bildirsin. Lakin polis əməkdaşları tərəfindən ona hər hansı bir işgəncə və ya hədə qorxu olmamışdır. Sadəcə olaraq polis əməkdaşları ona bildirmişlər ki, əgər o, cinayəti üzərinə götürərsə, ilk dəfə olduğu üçün azadlıqdan məhrum edilməyəcəkdir. O da öz növbəsində polislərə aldanmış və narkotik vasitənin onun olduğunu bildirmişdir. O,heç vaxt narkotik vasitə istifadə etməmişdir. 16 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək,törətdiyi əməli etiraf edərək bildirdi ki, əməlindən peşmandır, narkotik vasitə istifadə etsə də, hazırda istifadə etmir. Cavan olmasını, bir səhvdir etdiyini bildirdi. Odur ki, barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə, təqsirləndirilən şəxsin daha öncəki məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, təqsirləndirilən şəxsin ibtidai istintaqda və son məhkəmə baxışında verdiyi ifadə ilə və aşağıdakı sübutlarla tam təkzib olunur. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Şahid1 dindirilərkən ifadəsində göstərmişdir ki, o, Abşeron RPİ-nin Saray PB-də CA üzrə əməliyyat müvəkkili olaraq fəaliyyət göstərir. 27 mart 2024-cü il tarixdə saat təxminən 23 radələrində Sumqayıt şəhəri, Nizami küçəsi-19C, məhəllə-6 ün vanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 13-cü mikrorayon, bina-36, mənzil 50-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi, üzərində gəzdirməsi, həmçinin az sonra Abşeron rayonu Novxanı kəndi ərazisindəki “Düz gölü”nün yaxınlığında olacağı barədə məlumat alıb, həmin məlumatı polis bölməsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşdirmə işləri apardıqdan sonra Abşeron RPİ-nin Saray PB-nin polis nəfəri, polis serjant Şahid2 ilə birlikdə həmin ünvana gedib gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs Abşeron rayonu Novxanı kəndi ərazisindəki “Düz gölü”nün yaxınlığında asfalt yolun kənarında piyada getdiyini görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitə və psixotrop maddə istifadəçisi olması barədə məlumatlarının olduğunu bildirib, üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Saray PB-nə getməsini söyləmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən polis bölməsinin inzibati binasına getmiş, onlar bu barədə raportla polis bölməsinin rəhbərliyinə məruzə etdikdən sonra xidməti otaqların birinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edib, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunduqdan sonra sonuncuya üzərində qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya varsa təqdim etməси təklif olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs də əynindəki şalvarının cibində bir büküm metamfetamin olduğunu söyləyib, həmin bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onlar videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirsələr də heç nə tapmayib, təqdim etdiyi həmin bir bükümə baxış keçirmişlər. Bükümdə ağ kristallik maddə aşkar olunduqdan sonra onlar Təqsirləndirilən şəxs həmin kütləni haradan və nə vaxt aldığını soruşmuşlar. Elnur da təqdim etdiyi bir büküm metamfetamini 27 mart 2024-cü il tarixdə səhər saatlarında yaşadığı Sumqayıt şəhərində tanımadığı şəxsdən 10 manata özü istifadə etmək üçün alıb cibində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir büküm metamfetamin təhqiqatçı tərəfindən zərfə qoyaraq qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O da digər iştirakçılar kimi həmin zərflə protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunun həmin psixotrop maddəni haradan və nə məqsədlə əldə etdiyini bilmir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfəri, Şahid2 digər Şahid1 İsa oğlunun ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixdə raportla bölmə rəhbərliyinə məruzə edərək Təqsirləndirilən şəxs Abşeron rayonu, Novxanı kəndində narkotik vasitəni üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat qrupunun yaradılmasına icazə verilməsini xahiş etmişdir. Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin xx.xx.2024-cü il tarixli müvafiq əmri ilə Təqsirləndirilən şəxs Abşeron rayonu, Novxanı kəndi ərazisində narkotik vasitəni üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 rəhbərliyi və həmin bölmənin polis sahə nəfəri polis serjantı Şahid2 üzvlüyü ilə əməliyyat qrupu yaradılmışdır. “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda Təqsirləndirilən şəxs Abşeron rayonu, Novxanı kəndi ərazisində narkotik vasitəni üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10, 11, 12-ci maddələrinin və Azərbaycan Respublikası CPM-nin 86, 445-ci maddələri rəhbər tutlmaqla şəxsin ifşa edilməsi adi tədqiqat üsulları vasitəsi ilə qeyri mümkünlüyü nəzərə alınaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 raportla bölmə rəhbərliyinə məruzə edərək Təqsirləndirilən şəxs narkotik vasitəni gəzdirməsi və istifadəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında şəxsi Abşeron rayonu, Novxanı kəndində saxlanılaraq Abşeron RPİ-nin Saray PB-yə gətirmişlər. Raport aidiyyəti üzrə araşdırılması üçün “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabı”nda 451 sıra sayı altında qeydiyyata alınmışdır - “Şübhəli şəxsin tutulması haqqında” 28 mart 2024-cü il tarixli protokoldan görünür ki, 28 mart 2024-cü il tarixdə, saat 01:10 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2024-cü il tarixli 3-16-16/2-6/1680 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,344 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,344 qram, tədqiqata sərf edildi - 0,5 qram, qalıq – 0,294 qramdır. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir; - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməməsi barədə vəsatətin təmin edilməməsi və barəsində digər qətimkan tədbirinin seçilməsi haqqında ” 29 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Fuad Nəsirovun 29 mart 2024-cü il tarixli vəsatəti təmin edilməmiş, onun Abşeron RPİ-nin MSY-dən azad edilməsi qərara alınmış və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Abşeron RPİ-nin X3 dərhal azad olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 may 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X2 haqqında 15 may 2024-cü il tarixli, 3318 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,344 qram olan psixotrop maddə metamfetamin, ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,294 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. - 10 iyun 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzrəindən aşkar edilərək götürülmüş sonuncuya məxsus tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,294 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 28 mart 2024cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə olunmuş, həmçinin iş üzrə təqsirləndirilən şəxsin etirafedici və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, diskə baxış protokolu, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının ekspert rəyləri, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə 28 mart 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli, cins şalvarının sağ yan cibində olan 1 ədəd şəffaf sellofana bükülmüş metamfetaminə bənzər kütləni təqdim edərək, həmin kütlələrin psixotrop maddə metamfetamin olmasını, öz şəxsi istifadəsi üçün xx.xx.2024 tarixdə Sumqayıt şəhəri ərazisindən tanımadığı şəxsdən hər bükümü 10 manat müqabilində alıb üzərində saxladığını bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya qanunsuz hər hansı bir maddə aşkar olunmadı. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metafetamin əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, həmçinin məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon, bina 36, mənzil 50-də yerləşən fərdi yaşayış evini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyul, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X2 haqqında 15 may 2024-cü il tarixli, 3318 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,294 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla, cəmi 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon, bina 36, mənzil 50-də yerləşən fərdi yaşayış evini saat 23:00-dan saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Abşeron RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından qalan ümumi çəkisi 0,294 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İşdə olan 89 (səksən doqquz) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. İş üzrə 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar