Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-87/2022 16.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndəsi qismində tanınmış Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Saatlı rayonunda anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, Abşeron rayonu. Xırdalan şəhəri H.Əliyev prospekti 6-da qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində yerləşən fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə əlbır olan, bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, qohumu Şahid2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 18.04.2021 -ci il tarixdə saat 23 radələrində Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayonu. Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən Mərkəzi kitabxanasının plastik pəncərəsini açmaqla qanunsuz binaya daxil olaraq oradan 01 dəst 950 manat dəyərində 2007-ci il istehsalı “Benq” markalı kompyuteri, 01 dəst 850 manat dəyərində 2009-cu il istehsalı “Benq” markalı kompyuteri, hər birinin dəyəri 1200 manat olan 2011-ci il istehsalı 02 dəst kompyuteri, 850 manat dəyərində 01 dəst 2015-ci il istehsalı “Benq” markalı kompyuteri. 01 ədəd 30 manat dəyərində klaviaturanı və 20 manat dəyərində şampunu gizli olaraq talayıb ümumilikdə 5100 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun əsl adı Vurğun olsada, tanışları və qohumları onu Anar deyə çağırırlar. Şahid2 onun əmisi oğludur. 19.04.2021-ci il tarixdə o, Xırdalan şəhəri, 27-ci məhəllədə yaşayan əmisi oğlu Samirgilə gəlmiş və həmin vaxtı Samirgilin həyətində arabada iki dəst kompyuter olduğunu görüb Samirdən bu barədə soruşduqda Samir həmin kompyuterləri Abşeron Mərkəzi kitabxanasından oğurladığını bildirmiş, o da həmin kompyuterdən bir dəstini ona verməsini Samirdən xahiş etmiş və Samirdə kompyuterin bir dəstini ona vermişdir. O, kompyuteri götürüb oradan çıxıb getmişdir. Həmin bir dəst kompyuteri Xırdalan şəhərində “Köhnə bazarın” yanında tanımadığı bir nəfər şəxsə 30 manata satmışdır. Samirin onunla birlikdə kitabxanadan kompyuter oğurlamasına dair ifadəsi yalandır. Kompyuterləri kitabxanadan Samir özü oğurlamışdır. O, oğurluq olan günü rayonda yaşayan xalasıgildə qonaq olmuşdur. Lakin onun xalası evində qonaq olmasını təsdiq edən sübutu yoxdur. Sonda o, onu cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndəsi qismində tanınmış Nümayəndə göstərdi ki, 2001-ci ildən Sumqayıt Regional Mədəniyyət idarəsinin nəzdində olan Abşeron rayon X1 müdiri vəzifəsində işləyir. Kitabxanaya məxsus olan kompyuter avadanlıqlarını kitabxanada ayrı bir otağa yığıb saxlamışlar. 16.04.2021-ci il tarixdə işin sonunda çıxıb getmiş, 19.04.2021-ci il tarixdə səhər saatlarında kitabxanaya gəlmiş və həmin vaxtı kitabxananın plastik pəncərəsinin açıq olduğunu və kompyuter avadanlıqlarının olduğu otağın və digər iki otağın qapılarının kilidinin qırıldığını, kompyuter avadanlıqları olan otaqdan 5 dəst ümumi dəyəri 4575,90 manat olan komyuterin, 30 manat dəyərində 01 ədəd klaviaturanın və 20 manat dəyərində şampunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. O, baş vermiş oğurluq nəticəsində kompyuter avadanlıqları olan otaqdan 950 manat dəyərində 2007-ci il istehsalı olan 1 dəst “Benq” markalı kompyuterin, 850 manat dəyərində 2009-cu il istehsalı olan 1 dəst “Benq” markalı kompyuterin, 2 dəst “Benq” markalı hər birinin dəyəri 1200 manat olan 2011 -ci il istehsalı olan kompyuterin, 850 manat dəyərində 2015-ci il istehsalı olan 1 dəst “Benq” markalı kompyuterin, 30 manat dəyərində 01 ədəd klaviaturanın və 20 manat dəyərində təsərüffat şampunun naməlum şəxs tərəfindən oğurlandığını, oğurluq nəticəsində kitabxanaya 5100 manat məbləğində maddi ziyan dəymişdir. İstintaqa verdiyi ilkin ifadəsində dəymiş ziyanı az göstərmiş, lakin sonradan Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən verilmiş İnventarizasiya siyahısında oğurlanmış 5 dəst kompyuterin dəyərinin 5050 manat olduğu göstərilmişdir. Odur ki, o, ekspertin rəyi ilə razı deyil və təqsirləndirilən şəxsə elan ediləcək ittihamda ekspertin rəyinin əsas götürülməməsini xahiş edərək o, vurulmuş ziyanın qismən ödənildiyini, yalnız bir dəst kompüter ona qaytarılmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, əmisi oğlu Həsənov X4 şəhərində yaşayır. 18.04.2021-ci il tarixdə saat 21 radələrində o, yaşadığı evində olarkən əmisi oğlu Vurğun onun evinə gəlmiş və Xırdalan şəhəri 27-ci məhəllədə kitabxanada kompyuterlər olduğunu, onunla birlikdə gedib həmin kompyuterləri oğurlamağı təklif etdikdə o, Vurğunun təklifi ilə razılaşmış və həmin vaxtı Xırdalan şəhəri 27-ci məhəllədə yaşayış binasının 1 -ci mərtəbəsində yerləşən kitabxananın yanına gəlmişlər. Kitabxananın qarşısında olan parkda əyləşib ətrafa nəzər salmış və insanların gediş-gəlişinin azalmasını gözləmişlər. Təxminən iki saat sonra Vurğunla kitabxananın sağ hissəsində yerləşən pəncərəyə yaxınlaşmışlar. Vurğun əli ilə kitabxananın plastik pəncərəsini açmış və içəri keçmişdir. O, da pəncərənin yanında gözləmişdir. Vurğun içəridən götürdüyü kompyuter dəstlərini pəncərədən ona vermiş o da kompyuterləri götürüb yerə yığmışdır. Vurğun kitabxanadan 3 dəst kompyuter və selofonda bir neçə ədəd saç şampunu çıxarmışdır. Oğurladıqları kompyuterləri və şampunları orada zibilxanadan tapdıqları arabaya yığıb oradan Nizami küçəsində yerləşən “Aytac” kafesinin yanına gəlmiş və orada bir dəst kompyuteri özünə götürmüş, qalan iki dəst kompyuteri və şampunları isə Vurğun özü ilə aparmışdır. O, kompyuter dəstini yaşadığı evin zirzəmisinə qoyub saxlamışdır. Hadisədən beş gün sonra oğurladığı kompyuter dəstini satmaq üçün Bakı şəhərində yaşayan qohumu Nəsimiyə zəng edib kompyuteri 50 manata satmaq istədiyini bildirmişdir. Nəsimi ondan kompyuteri haradan əldə etdiyini soruşmuş, o, da kompyuteri zibilxanadan tapdığını bildirmişdir. Nəsimi kompyuteri 40 manata alacağını bildirmiş və o, kompyuteri 40 manata satmağa razılaşıb kompyuteri Bakı şəhərinə beş mərtəbə deyilən ünvana apararaq orada Nəsimiyə verib 40 manat pul almış və 40 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Vurğun da oğurladıqları kompyuterləri satdığını bildirmiş, lakin kimə satdığını ona deməmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid3 göstərdi ki, Şahid2 onun oğludur. Samirin əmisi oğlu Təqsirləndirilən şəxs tez-tez onun evinə gəlib Samirlə birlikdə evdən çıxıb getmişlər. Vurğun yeni həbsdən çıxdığı və tüfeyli həyat tərzi keçirdiyi üçün o, Samirin Vurğunla münasibət saxlamasını istəməmiş və buna görə Samirə irad bildirmişdir. Samir hazırda Abşeron rayon Mərkəzi kitabxanasından kompyuter dəstlərini oğurladığı üçün həbsdədir. Samir həmin oğurluğu əmisi oğlu Vurğunla birlikdə etdiyini bildirmişdir. Vurğun demək olar ki, hər gün onun evinə gəlib Samiri çağırıb özü ilə aparmış, lakin hadisə olan gün Vurğunun Samiri çağırıb aparmasını dəqiq vaxtını xatırlamır. Samir həbs olunduqdan sonra onunla telefon əlaqəsi saxlayarkən Samir oğurluğu Vurğunla birlikdə etdiyini və oğurladıqları 3 dəst kompyuterin 1 dəstini özünün götürdüyünü, qalan 2 dəstini Vurğunun götürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid4 göstərdi ki, Şahid2 onun əridir. Samirin əmisi oğlu Vurğun tez-tez onun evinə gəlib Samirlə birlikdə evdən çıxıb getmişlər. Vurğun yeni həbsdən çıxdığı və tüfeyli həyat tərzi keçirdiyi üçün o və qayınanası X5 münasibət saxlamasını istəməmiş və buna görə Samirə irad bildirmişlər. Samir hazırda Abşeron rayon Mərkəzi kitabxanasından kompyuter dəstlərini oğurladığı üçün həbsdədir. Samir həbs olunduqdan sonra o, Samirlə telefon əlaqəsi saxlayan zaman Vurğunla birlikdə kitabxanadan 3 dəst kompyuter oğurladıqlarını, həmin 3 dəst kompyuterin 1 dəstini onun, 2 dəstini isə Vurğunun götürdüyünü bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, 2021-ci ilin aprel ayının sonlarında qohumu Şahid2 ona zəng edib 50 manata kompyuter dəstini satmaq istədiyini bildirmişdir. O, Samirdən kompyuterin kimə məxsus olduğunu soruşduqda o, kompyuterin özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, Samirə kompyuteri almaq istədiyini bildirdikdə Samir kompyuter dəstini yəni 1 ədəd manitoru, 1 ədəd prosessoru, 1 ədəd klaviaturanı və 1 ədəd yupesi Bakı şəhərinə yaşadığı ünvana gətirib ona vermiş, bunun müqabilində o, qohumu Samirə 50 manat pul vermişdir. O, həmin kompyuter dəstinin oğurluq olduğunu sonradan bilmişdir. İş materiallarında olan protokoldan görünür ki, Şahid1 istintaq orqanına təqdim etdiyi bir ədəd üzərində «E PRO» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuterin elektrik tənzimləyicisi (Yupes), bir ədəd üzərində markalanma yazıları olmayan, xarici görünüşünə görə əvvəllər uzun müddət istifadədə olmuş komyuter prosessoru, bir ədəd üzərində «Benq, model ET-0023-N, LCD monitor, september 2009» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuter manitoru, bir ədəd üzərində «Gigabyte GK- 7P» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuter klaviaturası ekspertizadan sonra maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü sahibinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 30 iyun 2020-ci il tarixli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində mağazalarda, eləcədə “World telecom” və “Kontakt home” şirkətlərinə məxsus ticarət şəbəkələrində (Bakı şəhəri, Səbail rayon, Nizami küçəsi; Nəsimi rayon, R. Behbudov kuçəsində köhnə işlənmiş və təzə vəziyyətdə kompyutor avadanlıqlarının satışı məntəqələrində mövt olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin hazırkı işləm vəziyyətdə, 2021-ci ilin aprel ayının sonu tarixinə, respublika daxili orta bazar pərakəndə qiymətləri təxminən bir ədəd üzərində “E PRO” markalanma yazıları olan, xarici görünüşünə görə, istifadədə olmuş kompytorun elektrik tənzimləyicisi (Yupes) 30,00 manat, bir ədəd üzərində markalanma yazıları olmayan, xarici görünüşünə görə əvvəllər müddət istifadədə olmuş kompyutor prosessoru 150,00 manat, bir ədəd üzərində “Benq, model ET-0023-N, LCD monitor, september, markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş kompüter manitoru 70,00 manat, bir ədəd üzərində “Gigabyte GK-7P” markalanma yazıları olan xarici görünüşünə görə əvvəllər istifadədə olmuş kompyuter klaviaturası 5,00 manat müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü təqsirli bilməməsinə dair ifadəsinə qiymət verərək hesab edir, o, törətdiyi əmələ görə cinayət məsuliyyətindən yayınmaq üçün bu cür ifadə vermişdir. Həmin ifadə ozünü müdafiə xarakteri daşıyır. Onun Şahid2 ilə birlikdə oğurluq cinayətini törətməsi Şahid2 və digər şəxslərin ifadələri, habelə iş materialları ilə tam sübuta yetirilir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır cinayətlər məhkəməsinin 18.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən 02 il 11 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Abşeron rayon məhkəməsinin 28.07.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 68.1.1- 1, 66.2, 66.5, 69.3-cü maddələrinə əsasən 03 il 01 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14.01.2021 -ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarı). Əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvihüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur (Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı). Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs tərəfindən əvvəllər törətmiş olduğu əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək cəzasını çəksə də, həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən yenidən qəsdən ictimai təhlükəli əməli törətməsi, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməməsi, zərərin məbləği və zərərçəkmiş şəxslərin şikayətçi olması onun əvvəlki cinayət əməlinə görə təyin edilmiş cəzanın onun islah etmədiyi qənaətini qaçılmaz etməklə onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir. Çünki cinayətə görə cəzasını çəkib qurtarmamış, yaxud çəkmiş olsa da, məhkumluğu götürülməmiş şəxsin yenidən cinayət etməsi onu göstərir ki, şəxsin barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyillərin və vərdişlərin təsirindən azad olmamışdır. Halbuki cəzanın ən mühüm və ən ümdə vəzifələrindən biri onun tərbiyəedici, islahedici funksiyasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. İş materiallarında olan Abşeron RİHB-nın Xırdalan şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 25.10.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Həsənov X4 şəhər H.Əliyev prospekti, PRİ-6 da qeydiyyatda olmaqla yaşadığı yer üzrə şikayət daxil olmamışdır. Məhkəmə zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21.08.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin 21.08.2021-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, həbs etmənin əvvəli həbs olunduğu 16.02.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməklə barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən götürmə barədə protokoldan görünür ki, Şahid1 istintaq orqanına təqdim etdiyi bir ədəd üzərində «E PRO» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuterin elektrik tənzimləyicisi (Yupes), bir ədəd üzərində markalanma yazıları olmayan, xarici görünüşünə görə əvvəllər uzun müddət istifadədə olmuş komyuter prosessoru, bir ədəd üzərində «Benq, model ET- 0023-N, LCD monitor, september 2009» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuter manitoru, bir ədəd üzərində «Gigabyte GK-7P» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuter klaviaturası ekspertizadan sonra maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü sahibinə qaytarılması nəzərə alınmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 75 (yetmiş beş) manatdır. İş üzrə 75 (yetmiş beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 07(yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin olunmuş cəzadan, həbsdə saxlamanın bir günün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, cəmi 01(bir) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbs olunduğu 16.02.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməklə barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cinayətin predmeti olan Şahid1 istintaq orqanına təqdim etdiyi bir ədəd üzərində «E PRO» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuterin elektrik tənzimləyicisi (Yupes), bir ədəd üzərində markalanma yazıları olmayan, xarici görünüşünə görə əvvəllər uzun müddət istifadədə olmuş komyuter prosessoru, bir ədəd üzərində «Benq, model ET-0023-N, LCD monitor, september 2009» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuter manitoru, bir ədəd üzərində «Gigabyte GK-7P» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuter klaviaturasının sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 75 (yetmiş beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi na Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-87/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-87/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver