Məhkəmə qərarları › İş №1(012)-870/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-870/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-870/2025 12.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respubilkasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olmuş, subay, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda bir bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına» (Siyahı İİ) daxil olan 0,402 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 35 manat müqabilində əldə edib əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibinə qoyaraq Abşeron rayonu, Saray qəsəbəsi, şəhid T.Rəhimli küçəsinə daşımış və saxlamış, 20 fevral 2025-ci il tarixdə saat 16:51-də Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, şəhid T.Rəhimli küçəsində saxlanılaraq, orada həmin gün saat 16:51-dən saat 16:55-ə kimi üzəri yoxlanılan zaman əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən həmin bir ədəd bükümdə 0,402 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun üzərində narkotik vasitə olmamışdır. O, narkotik vasitəni əldə etməyə gedən zaman əməliyyatçılar tərəfindən saxlanılmışdır. Polis əməkdaşlarının göstərişi ilə narkotik vasitəni onun cibinə qoymuşlar. Aşkar olunan narkotik maddə ona məxsus deyildir, ona görə də CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Məhkəmə iclasının gedişində təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadə arasında əhəmiyyətli zidiyyət olması səbəbindən Təqsirləndirilən şəxs ifadəsi elan edilərək bildirilmişdir ki, o, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş, törətdiyi əmələ görə peşman olduğunu etiraf etmişdir. O bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi, T.Rəhimli küçəsində polis əməkdaşları tərəfindən saxlanılmış və özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşulduqda əynində olan qəhvəyi rəngli gödəkçənin qabaq sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin psixotrop maddə kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərini iştirakçılarla birlikdə imzalamış və polis əməkdaşı tərəfindən götürülmüşdür. Həmin psixotrop maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasın yaxınlığında tanımadığı şəxsdən 35 manata özü qəbul etmək üçün almış və öz şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən Abşeron RPİ-yə aparılmış, orada hüquq və vəzifələrim izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda Abşeron rayon Polis İdarəsində CAŞ-də əməliyyat müvəkkili vəzifəsində çalışır. Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 39, 2-ci giriş, mənzil 25-da qeydiyyatda olan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin istifadəsi və üzərində daşıması ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə tərəfindən Abşeron RPİ-nin rəisinə raportla müraciət etmişdir. Rəhbərlik tərəfindən əməliyyat qrupu yaradılmış və özü ilə bərabər həmin qrupa Şahid2 daxil edilmişdir. Bundan sonra həmin gün Şahid2la birlikdə qeyd edilən tədbiri keçirərkən 20 fevral 2025-ci il tarixdə saat 16:51 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi, T.Rəhimov adına küçədə piyada hərəkətdə olduğunu görüb yaxınlaşıb onu saxlayıb özlərini polis əməkdaşı olduğlarını bildirməklə ona təqdim edib və narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğunu ona bildirib və üzərində qanunla qadağan edilmiş hər hansı maddə varsa təqdim etsməsini bildirmişlər. Həmin vaxt o, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, psixatrik maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Ondan təqdim edilən kütlənin nə olduğunu soruşduqda o, həmin kütlə psixotrop maddə metamfetamin olduğunu və həmin gün Bakı şəhəri Yasamal rayonunda tanımadığı şəxsdən 35 manata özü qəbul etmək üçün aldığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşka edilmiş kütlə qablaşdırılaraq onunla birlikdə Abşeron RPİ-nə gətirilmiş və bu barədə rəhbərliyə raportla məruzə etmişlər. Həmin psixotrop maddə təhqiqatçı tərəfindən götürülərək, baxış keçirilməklə ekspertizaya təqdim edilməsi üçün yenidən qablaşdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə iclasında baxış keçirilmiş, birinci DVD diskdən görünür ki, diskdə olan video görüntü xx.xx.2025-ci il tarixdə saat 16:51-dan saat 16:55-ə kimi olan müddətdə Təqsirləndirilən şəxs üzərində aparılarkən qeydə alınmışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşır və özlərini təqdim edirlər və bildirirlər ki, qanunsuz olaraq narkotik vasitə və ya psixotrop madəlləri qanunsuz yollarla əldə edib üzərində saxlayıb daşımaqda şübhəlidir, ona görə də üzərində qanunsuz hər hansı əşya varsa, təqdim etməsi istənilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edir, həmin kütlənin nə olduğu soruşulduqda o, həmin kütlənin psixatrop maddə olan metamfetamin olduğunu və öz şəxsi istifadəsi üçün həmin gün Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 35 manata aldığını bildirmişdir. Polis əməkdaşı tərəfindən həmin kütlə zərfə qoyulraq qablaşdırılmışdır və zərfin üzəri polis əməkdaşı və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan ikinci DVD-diskə baxış keçirilərkən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə mettamfetaminə bənzər kütlə zərfdə təhqiqatçıya təqdim edilir və təhqiqatcı Sabutay Musayev həmin zərfi açır və içərisində olan metamfetaminə bənzər kütləyə baxış keçirir və ekspertizaya göndərilməsi üçün yenidən qablaşdırılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2025-ci il tarixli 3-16-16/2-6/829/2025 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 56 nömrəli dairəvi möhür ıksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,402 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr"in siyahısına daxildir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2019 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt ND-də (F19 X2) diaqnozu ilə dispanser qeydiyyatındadır. Sumqayıt şəhər Probasiya İdarəsinə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-152/025 nömrəli xx.xx.2025-ci il tarixli hökmü ilə təyin olunmuş cəzasını çəkməmiş və 02 il 03 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzası çəkilməmiş qalmışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkliş ilə keçirilmiş baxış qeydə alınan iki ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,352 qram psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Şübhəli şəxsi tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:50-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə məhkəmə qərarı ilə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir, hazırda həbsdədir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə yuxarıda qeyd olunanlar baxımından, iş materialları ilə təkzib olunduğundan əsassız hesab olunmalıdır.Omnun ifadəsi özünümüdafiə kimi qiymətləndirilməlidir. Eyni zamanda, təqsirləndirilən şəxs ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o bu hüquq və imkanlardan istifadə etməmişdir. Ona istinad olunan əməlin törədilməsində təqsirsiz olduğunu düşündüyü halda məhkəmə istintaqından yayınmış, məhkəmənin çağırışlarına məhəl qoymayaraq məhkəmə iclaslarına gəlməmiş, ədalət mühakiməsinin səmərəli şəkildə həyata keçirilməsinə mane törətmiş, bu səbəbdən onun barəsində məhkəmə qərarı ilə həbs nəzərdə tutulmaqla axtarış elan edilmişdir. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxsə ümumilikdə ittiham üzrə bəraət verilməsi barədə məhkəmə çıxışlarına münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir, əməldə cinayət tərkibi vardır, müvafiq cinayətin törədilməsinə məhz təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin “Qeyd”inin 1ci hissəsinə əsasən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda əksini tapan narkotik vasitəni təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, könüllü surətdə təhvil verməmiş, bu barədə daxil olmuş məlumat əsasında Abşeron RPİ-in polis əməkdaşları tərəfindən aşkar edilərək ondan götürülmüşdür. Belə olan halda təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin “Qeyd”-ində nəzərdə tutulduğu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün də əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslandırılmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.2-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X3 cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X3 cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu, daha əvvəl də anoloji cinayət törətməsini və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbayca Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 03 ay 26 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə iki günə bir gün hesabı ilə həmin müddət 01 il 02 ay 11 gün azadlıqdan məhrum etməyə bərabər tutularaq həmin müddət hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılmalı,cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmaldır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının videogörüntüsünün əks olunduğu iki ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,352 qram psixotrop maddə metamfetamin məhv edilməlidir; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci 114 manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbayca Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 03 ay 26 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə iki günə bir gün hesabı ilə həmin müddət 01 il 02 ay 11 gün azadlıqdan məhrum etməyə bərabər tutularaq, həmin müddət hökmlə təyin olunan cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 01 (bir) il 08(səkkiz) ay azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01(bir) il 07(yeddi) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,352 psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 114 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar