Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-873/2023 24.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şirvan şəhəri, N. Nərimanov küçəsi, ev 9, mənzil 10-da qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.B.Zərdabi küçəsi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 09 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X8 küçəsi, fərdi yaşayış evinin həyətinin giriş qapısını qonşuluqda yaşayan Zərərçəkmiş şəxs alkoqol sərxoşluğunda möhkəm döydüyünü görüb bundan narahat olaraq həmin qapını açıb evinin qarşısında sonuncuya buna görə irad bildirərkən həmin səbəbdən aralarında şəxsi münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən sonuncunun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə yumruq, ayaq nahiyələrinə isə təpiklə zərbələr vuraraq sonuncuya sol bud çanaq oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol sağrı nahiyəsinin geniş ölçülü dərialtı hematoması, döş qəfəsinin ön səthinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə ümumlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü CM-in 128-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində qonşuluqda yaşayan Qəhrəman adlı şəxs sərxoş halda qapını sərt şəkildə döyərək onları narahat etdiyi üçün o, da evdən çıxıb ondan niyə belə hərəkət etdiyini soruşmuşdur. Sonra isə məhləyə çıxıb onu uzaqlaşdırmaq istəyən zaman səbəbsiz olaraq Qəhrəman adlı şəxs nəlayiq ifadələr ilə onu təhqir edərək mübahisə etməyə başlamışdır. Daha sonra Qəhrəman onu və ailə üzvlərimi təhqir etdiyi və sakitləşmədiyi üçün bu hərəkətlərdən əsəbləşib əli ilə onun sifət nahiyəsindən itələmiş və yerə yıxmışdır. Bundan sonra isə onun yanından uzaqlaşmış və bundan sonra olanlardan məlumatı olmadığını bildirmişdir. Qəhrəman ilə aralarında baş verənlərinin təxminən 3-5 dəqiqə davam etmiş və həmin zaman orada ikisindən başqa heç kimin olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır və Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qızına elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və hazırda ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai təhqiqat zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Mehdiabad qəsəbəsində əlində əşya olduğu üçün həmin əşyanı kürəkəninin evinə aparmaq istəmişdir. Lakin kürəkəni evdə olmadığı üçün qonşusu Tahirin qapısını döymüş və Tahirin kürəkəni qapını açmışdır. Daha sonra Tahir adlı şəxsin kürəkəni ondan niyə qapını möhkəm döydüyünü soruşub buna irad bildirərək onun baş nahiyəsinə, sinəsinə bir neçə zərbə yumruqla, ayağına təpiklə zərbə vurmağa başlamışdır. O, huşunu itirdiyi üçün yerə yıxılmış və bir müddətdən sonra ayılanda ətrafda heç kimin olmadığını aşkar etmişdir. Buna görə də telefonla DİN-in "102" xidmətinə zəng vurub bu barədə məlumat vermişdir və hadisə nəticəsində ona heç bir maddi ziyan dəymədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü i il tarixli qərardan görünür ki, fakta görə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. xx.xx.2023-cü il tarixli, 1980 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 rəyindən görünür ki, 1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər-sol bud çanaq oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol sağrı nahiyəsinin geniş ölçülü dərialtı hematoması, döş qəfəsinin ön səthinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Abşeron rayon İHB-nın Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Abşeron rayon İHB-nın Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü Aygün və 2020-ci il təvəllüdlü Dəniz adlı iki azyaşlı uşağı var. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materilaı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışmışdır və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin iş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-873/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-873/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver