Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-877/2023 07.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim – Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi – Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 2002-ci il tarixdə Abşeron rayonunda doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində 08 avqust 2023- cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Bağlar Massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin qarşısında saxlanılmış sonuncunun etibarnamə əsasında idarə etdiyi “VAZ-21063” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq və açarının avtomobilin saxlanc yerində olmasından istifadə edib sükan arxasına əyləşib sürərək, talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırıb Mehdiabad-Pirşağı yolu ilə idarə edib müxtəlif maneələrə vurmaqla avtomobilin sahibi Zərərçəkmiş şəxs1 500 manat dəyərində ziyan vurmuş və yanacağın qurtarmasına görə Mehdiabad-Pirşağı avtomobil yolunun sağ kənarında saxlayıb hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə baxışında təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, psixi və ruhi cəhətcə sağlamdır, ona verilən sualları tam qavrayıb cavab vermək iqtidarındadır. Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan olunmuş ittihamın mahiyyəti ona aydındır, ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şirindil Həsənquliyev küçəsi ev 6-da qeydiyyatda olmaqla valideynləri və 3 qardaşı ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi olaraq işləyib özünü və ailəsini dolandırır. O, Zərərçəkmiş şəxs1 kənd camaatı kimi tanımış, Oqtayla münasibəti normal olmuşdur. Oqtayın Abşeron RPİ-nin Mehdiabad PB-nə verdiyi ərizə ilə tanış olub bildirmişdir ki, 08 avqust 2023-cü il tarixdə Mehdiabad qəsəbəsində “Dostlar” çay evində əyləşib tək bir neçə bokal pivə içmişdir. Həmin günü saat 16-17 radələrində sərxoş halda kafedən çıxıb piyada ev istiqamətdə getməyə başlamışdır. Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısından keçən zaman Oqtayın evinin qarşısında ağ rəngli VAZ-21063 markalı maşının dayandığını görmüşdür. Əvvəllər Oqtayın maşını olmadığına görə həmin maşının Oqtaya adi olubolmamasını bilməmişdir. Ona görə də maşının pəncərəsindən maşının içərisinə əlini salıb qapılarını açmışdır. Sükan arxasında əyləşdikdən sonra maşının motorunu işə salmaq üçün açarları axtarmağa başlamışdır. Maşının saxlanc yerindən maşının ehtiyyat açarını tapmışdır. Maşının motorunu işə saldıqdan sonra sürmək qərarına gəlmişdir. Maşını kəndin ara yolları ilə idarə etməyə başlamışdır. Daha sonra polislər maşını saxlatmasınlar deyə maşını bir qədər idarə etdikdən sonra kəndin içərisində saxlayıb yolda maşının hər iki dövlət qeydiyyat nişanlarını çıxartmışdır. Daha sonra maşını yenidən idarə etməyə başlamışdır. Kəndin qıraq hissəsində açıq sahədə maşını sürdükdən sonra maşının bəzi yerlərini maneələrə vurmuşdur. Bir neçə saat maşını sürdükdən sonra təxminən saat 19-20 radələrində Mehdiabad-Pirşağı yolunun kənarında maşını saxlayıb, marşurut avtobusuna minib yaşadığı evə qayıtmışdır. Bir neçə gündən sonra yəni, 12 avqust 2023-cü il tarixdə Mehdiabad PB-nin əməkdaşları avtomobil qaçırmaqda şübhəli bilib onu Mehdiabad qəsəbəsində saxlamışdılar. O, törətdiyi cinayət əməlindən peşman olmuş və gələcəkdə belə hallara yol verməyəcəyinə söz vermişdir. O, həmin cinayəti tək törətmişdir. Onun həmin maşını sürməkdə məqsədi oğurlamaq olmamışdır. O, sadəcə sərxoş olduğuna görə maşın idarə etmək istədiyi üçün maşını sürmək məqsədi ilə qaçırtmışdır. Maşından da başqa hər hansı əmlak oğurlamamışdır. O, ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncuya dəymiş ziyanın ödənildiyini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi olaraq PVC-də fəhləliklə məşğul olub ailəsini dolandırır. Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır, münasibəti yaxşıdır. Həmin şəxslə 2023-cü ilin iyun ayında birlikdə olan zaman icarə əsasında maşın götürmək istədiyini bildirmişdir. Hətta Sumqayıt şəhərində VAZ- 21063 markalı maşın bəyənib seçdiyini və qiymətinin 3000 manata olduğunu bildirmişdir. Oqtay həmin maşını icarə əsasında götürmək istədiyini, lakin faiz dərəcəsinin çox olduğunu bildirmişdir. Buna görə də Oqtaya həmin maşını özü alıb icarəyə verə biləcəyini təklif etmişdir. Aylıq 400 manat olmaqla 12 ay müddətinə ümumilikdə 4800 manata maşını alıb Oqtaya icarəyə verəcəyinə razılaşmışdılar. O, maşını 3000 manata alıb, 24 iyun 2023-cü il tarixdə sürmək üçün etibarnamə ilə Oqtaya vermişdir. Oqtay ona aylıq 400 manat olan ödənişləri vaxtında verməklə ümumilikdə 2 ayını vermişdir. Onun həmin maşına iddia və tələbi yoxdur. Həmin maşını icarə ilə Oqtaya satmışdır. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi olaraq taksi sürücüsü kimi işləyib ailəsini dolandırır. VAZ-21063 markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, lakin həmin avtomobili sürmək üçün etibarnamə ilə idarə edir. O, həmin avtomobili Zərərçəkmiş şəxs2 İnqilab oğlundan almışdır. Belə ki, həmin şəxs avtomobili 3000 manata sahibindən alaraq, 4800 manata aylıq 400 manat olmaqla 12 ay müddətinə ona satmışdır. Həmin avtomobil ilə də taksi fəaliyyəti ilə məşğul olur. 08 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizəni yazmışdır. O, həmin tarixdə taksi fəaliyyəti ilə məşğul olub, axşam saat 16 radələrində maşını yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evinin qarşısında saxlamışdır. O, evin qarşısında maşını saxladıqdan sonra avtomobilin qapılarını və şüşələrini bağlayıb evə daxil olmuşdur. Maşının ehtiyyat açarının biri maşının saxlanc yerində saxlamışdır. O, evə daxil olub bir neçə saat yatmışdır. Evdən çıxıb işə getmək istəyən zaman maşının evin qarşısında olmadığını görmüşdür. O, maşının qaçırıldığını gördüm. Ona görə də bu barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Polis əməkdaşları 12 avqust 2023-cü il tarixdə onun avtobilini Abşeron rayonu, Mehdiabad-Pirşağı avtomobil yolunun sağ tərəfində maşının üzərində dövlət qeydiyyat nişanı olmadan, ziyan vurulmuş formada tapmışdılar. Həmin hadisənin Mehdiabad kənd sakini əvvəllər tanıdığı Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olunmuşdur. Nihad onun maşınını qaçıraraq hər iki dövlət qeydiyyat nişanlarını maşının üzərindən çıxarmış, maşına təxminən 500 manat dəyərində ziyan yetirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, təqsirləndirlən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və ona qarşı hər hansı şikayəti, tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 iki) il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Onun cəzası Bakı şəhəri Suraxanı RM-nin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinn xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş və o, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. VAZ-21063 markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil təhlil edilən cinayətin predmetini təşkil etdiyi üçün maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 olması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında barışıq əldə olunması, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur və onlar məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edən ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189.1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs kimi zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət işinə xitam verilməlidir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və onun barəsində xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri -mümkünlüyü izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri- mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-877/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-877/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver