Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-880/2024 14.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 23 mart 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan 0,615 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib Abşeron rayonu, Hökməli qəsəbəsinə daşımış və üzərində saxlamış, 23 mart 2024-cü il tarixdə saat 20 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində küçədə saxlanılıb, bölmənin inzibati binasına gətirildikdən sonra orada həmin gün saat 22:40-dan 22:50-ə kimi onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən həmin 01 ədəd şəffaf sellofana bükülmüş 0,615 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir-iki ay olar ki, psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır. 23 mart 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 (on) manata psixotrop maddə metamfetamin almışdır. Həmin psixotrop maddəni üzərinə geyindiyi cins şalvarın sağ yan cibinə qoyaraq gəzdirirmiş. Həmin gün yəni ki, 23 mart 2024-cü il tarixdə saat 20 radələrində öz şəxsi işləri ilə bağlı Abşeron rayonu, Hökməli qəsəbəsinə getmişdir. Hökməli qəsəbəsində olan zaman tanımadığı mülkü geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini ona təqdim etmiş və bildirmişlər ki, Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşlarıdırlar. Polis əməkdaşları onu narkotik vasitənin və psixotrop maddənin gəzdirilməsində şübhəli bildiklərini bildirmiş və Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Onlar birlikdə Qobu PB-nə gəlmişlər. Qobu PB-də hüquq və vəzifələri ona izah olunduqdan sonra müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. O şalvarının cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümü təqdim etmişdir. Üzərindən aşkar edilmiş, içərində olan kütlə zərfə qoyularaq üzəri möhürlənmiş və axtarış və götürmədə iştirak edən digər 2 nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçisi tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bütün izahatında qeyd etdiyi proses video çəkiliş vasitəsilə qeydə alınmışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aldığı metamfetamini də özü istifadə etmək üçün üzərində saxlamışdır. Psixotrop maddə olan metamfetamini aldığı şəxsin anket məlumatlarını və zahiri əlamətlərini bilməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Əməlindən səmimi peşmandır. Artıq narkotik vasitə istifadə etmir. İlk dəfə cinayət əməlini törətməsini,bir uşağı olmasını, uşağın ata qayğısına ehtiyacı olmasını nəzərə alınmasını və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Şahid1 dindirilərkən ifadəsində göstərmişdir ki, o, Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə baş əməliyyat müvəkkili olaraq fəaliyyət göstərir. Təqsirləndirilən şəxs adlı şəxsin Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində narkotik vasitələri və psixotrop maddələri üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakı ilə 23 mart 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 23 mart 2024-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı Abşeron rayonu, Hökməli Qəsəbəsi ərazisində olan zaman orada piyada şəkildə hərəkətlə olan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs şalvarının cibindən şəffaf sellofana bükülmüş bir büküm ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf sellofana bükülmüş kristal formalı bir büküm metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Əli həmin vaxtı sorğu-sual vaxtı bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki ağ rəngli, kristal formalı maddə psixotrop maddə olan metamfetamindir. Əli həmin psixotrop maddə olan metamfetamini xx.xx.2024cü il tarixdə Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Əlinin narkotik vasitə və psixotrop maddə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da Əlinin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşı Şahid2 oğlu digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2024cü il tarixdə raportla bölmə rəhbərliyinə məruzə edərək Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsində narkotik vasitəni əldə edərək üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat qrupunun yaradılmasına icazə verilməsini xahiş etmişdir. Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli 59-1/Ə- 58 saylı əmri ilə Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsində narkotik vasitəni üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 rəhbərliyi və həmin bölmənin CA üzrə əməliyyat müvəkkili polis kapitanı X3 üzvlüyü ilə əməliyyat qrupu yaradılmışdır. “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsində narkotik vasitəni üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10, 11, 12-ci maddələrinin və Azərbaycan Respublikası CPM-nin 86, 445-ci maddələri rəhbər tutlmaqla şəxsin ifşa edilməsi adi tədqiqat üsulları vasitəsi ilə qeyri mümkünlüyü nəzərə alınaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 raportla bölmə rəhbərliyinə məruzə edərək Təqsirləndirilən şəxs narkotik vasitəni gəzdirməsi və istifadəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında şəxsi Abşeron rayonu, Hökməli qəsəbəsində saxlanılaraq Abşeron RPİ-nin Qobu PB-yə gətirmişlər. Raport aidiyyəti üzrə araşdırılması üçün “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabı”nda 664 sıra sayı altında qeydiyyata alınmışdı. - “Şübhəli şəxsin tutulması haqqında” 23 mart 2024-cü il tarixli protokoldan görünür ki, 23 mart 2024-cü il tarixdə, saat 21:20-də Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/1632 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №245” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəksii 0,615 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,615 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,565 qramdır. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir; - “Cinayət işinin başlanması haqqında və icraata qəbul edilməsi haqqında” 24 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılmasından ötrü icraata götürülmüşdür. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 25 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməməsi barədə vəsatətin təmin edilməməsi haqqında” və “qətimkan tədbirinin seçilməsi” barədə 25 mart 2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Məcid Məcidli 25 mart 2024-cü il tarixli vəsatəti təmin edilməmiş, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Abşeron RPİ-nin X4 dərhal azad olunması qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 iyun 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X2 haqqında 27 mart 2024-cü il tarixli, 1917 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1(bir) ədəd şəffaf polietilen bükümdə sonuncuya məxsus tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,565 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. - 13 iyun 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,565 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 23 mart 2024cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə olunmuş, həmçinin iş üzrə təqsirləndirilən şəxsin etirafedici və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, diskə baxış protokolu, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının ekspert rəyləri, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə 23 mart 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində kristal formada psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək, həmin kütlələrin psixotrop maddə metamfetamin olmasını, öz şəxsi istifadəsi üçün xx.xx.2024 tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 (on) manata alıb üzərində saxladığını bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya qanunsuz hər hansı bir maddə aşkar olunmadı. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metafetamin əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, həmçinin məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını bildirsə də, bu halı təsdiq edən müvafiq sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 1 ünvanındaki evini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyul, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X2 haqqında 27 mart 2024-cü il tarixli, 1917 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,565 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla, cəmi 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 1 ünvanındaki evini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Abşeron RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından qalan ümumi çəkisi 0,565 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İşdə olan 114 (bir yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. İş üzrə 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-880/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-880/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver