Məhkəmə qərarları › İş №1(012)-884/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-884/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-884/2025 23.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəsibov Fərid Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1992-cu ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Ağalarbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 30 mart 2025-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 2,540 qram və 4,704 qram, ümumi çəkisi 7,244 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 50 manat müqabilində əldə edib Abşeron rayonu, Hökməli qəsəbəsinə daşıyaraq üzərində saxlamış, xx.xx.2025-cü il tarixdə saat 02:00-da Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən «Megastore» mağazasının qarşısında saxlanılaraq Abşeron RPİ-nin Qobu polis bölməsinin inzibati binasına gətirilib, orada həmin gün saat 03:47-dən 03:57-yə kimi şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 2,540 qram və 4,704 qram, ümumi çəkisi 7,244 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, İbtidai istintaq zamanı verdiyi ifadədən imtina edir. Aşkar olunan narkotik maddə ona məxsus deyildir, ona görə də CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan onun müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 02:00-da Abşeron rayonu. Hökməli qəsəbəsidə yerləşən «Megastore» marketin yaxınlığında, Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları ona yaxınlaşmaq istədikdə o, qaçmağa başlamış, həmin vaxt polis əməkdaşları onu yaxalayıb nə üçün qaçdığını soruşduqda o, üzərində narkotik vasitə olduğunu bildirmiş və polis əməkdaşları onu Qobu PB-nə aparmışlar. Bölmədə onun üzərinə baxış zamanı onun əynində olan boz rəngli gödəkçəııin sol yan cibində saxladığı 2 ədəd kibrit qutusunda olan marixuananı könüllü olaraq təqdim etmişdir. Həmin maddə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. O, üzərində aşkar edilərək götürülmüş narkotik vasitəni 30 mart 2025-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən tanımadığı şəxsdən 50 (əlli) manata öz şəxsi istifadəsi üçün aldığım bildirmişdir. O, polis bölməsində müdafiəçi ilə təmin olunmuş,. ona hüquq vəzifələri izah olunmuşdur. O, küçədə saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki zor və ya psixoloji təsir göstərilməmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Qobu PB-nin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsi daşıyır. xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində Abşeron RPİ-nin Qobu PB-nin sahənin polis nəfəri, polis serjantı X1 ilə birlikdə ərazidə baş vermiş oğurluq hadisələri ilə əlaqədar xidmətdə olduğu zaman Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən «Megastore» marketin yaxınlığında, bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmək istədikdə həmin şəxs qaçmağa başlamış, həmin şəxsi saxlayaraq nə üçün qaçdığını soruşduqda o, üzərində narkotik vasitə olduğunu bildirmiş və onlar həmin şəxsi Qobu PB-nə apararaq NH-yə təhvil vermişdir. Bölmədə məlum olmuş ki, həmin şəxs xx.xx.1992-ci il təvəllüdlü Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağsu rayonu, Ağalarbəyli kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra 30 mart 2025-ci il tarixdə, saat 03:00 dəqiqədə Abşeron RPİ-nin izibati binasında TŞ-nin təhqiqatçısı, polis kapitanı X4 xidməti otağında, Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması soruşulmuş, olduğu halda onları könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin sol yan cibindən 2 ədəd kibrit qutusunu könüllü olaraq təqdim etmişdir. Həmin kibrit qutuları açıldıqda isə içərisində yaşıl rəngli ot şəklində spresifik iyə malik narkotik vasitə olan marixuanaya bənzəyən kütlə aşkar edilmiş və Təqsirləndirilən şəxs bildirmiş ki, özü narkotik vasitə istifadəçisidir, təqdim etdiyi 2 ədəd kibrit qutusunda olan vasitə narkotik vasitə hesab edilən marixuanadır. Həmin vasitəni xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində tanımadığı şəxsdən 50 (əlli) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə qarşı hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirmişdir. Buna görə Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən yoxlama aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı X5 üzərində dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya başqa qanunsuz hər hansı bir maddə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 2 ədəd kibrit qutusunun içərisində olan yaşıl rəngli ot şəklində spresifik iyə malik narkotik vasitə olan marixuana kütləsi götürülərək müvafiq qaydada kağız zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Qobu PB-nin sahənin polis nəfəri, polis serjantı vəzifəsində işləyən. Şahid2 şahid Ziyad Nuralıyevin ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 30 mart 2025-ci il tarixli 3-16-16/2-20/146/2025 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə../’ sözlər və imzalar olan 1 (bir) ədəd kağız paketdəki, 02 (iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda 2,540 qram, 4,704 qram, ümumi təmiz çəkisi 7,244 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (qalıq çəkisi 7,204 qram – l və 2 №-li obyektdən hər birindən 0,02 qram narkotik vasitə olan qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). Marixuana Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 2-ci hissəsinə (Siyahı İİ) daxildir. Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X12 verdiyi 02 aprel 2025-ci il tarixli 1807 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 7,204 qram narkotik vasitə olan qurudulmuş marixuana Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2025-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 03:00-da Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd SD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki boz rəngli gödəkçənin sol yan cibindən 2 ədəd kibrit qutusundan yaşıl rəngli ot şəklində spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzəyən kütlə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X8 adlı övladı vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ilkin ifadəsində verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, sonradan əməlini tam etiraf etmişdir, ona görə bununla bağlı əlavə hüquqi qiymətləndirmə aparılması zərurəti qalmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müdafiə tərəfinin işin faktiki hallarını və təqsirlilik məsələsini mübahisələndirməsinə baxmayaraq, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayətlərini törətmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X6 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasının yüngülləşdiriən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:00-dan xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,204 qram narkotik vasitə olan qurudulmuş marixuana edilməlidir; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:00-dan xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq üzərində 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 63 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 7,204 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar