Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-89/2022 04.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, xüsusi ittihamçı X3 və onun nümayəndəsi vəkil X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və onun müdafiəçisi Şirvan Regional Vəkil bürosunun vəkili X21 oğlunun iştirakı ilə, 26 avqust 1950-ci ildə il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, X14 15.10.2021-ci il tarixdə, saat 16 radələrində, atasının təsisçisi olduğu "xxxx" MMC-nin Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində fəaliyyət göstərdiyi zavoduna gələrək zavodun işçiəri X18, X12 və digər işçilərin yanında onun şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltmışdır. Belə ki, X14 zavodun qapısı ağzına gələrək işçilərdən onu soruşmuş, xalası olduğunu bildirərək, onun və anasının telefon nömrəsini öyrənməyə cəhd etmiş, işçilər onun qohumu olmadığını duyub telefon nömrəsini verməkdən imtina etmişlər. Bundan sonra X14 zavodun ərazisinə girməyə cəhd edərkən, lakin işçilər onu ora buraxmamışlar. Bundan sonra X14 işçilərin yanında onun “oğraş”, “nakişi” olduğunu, 2 uşağını atdığını, onlardan xəbəri olmadığını bildirmiş, onunla işlərinin bitmədiyi və başına oyun açacaqları ilə hədə-qorxu gəlmişdir. Boşadığı həyat yoldaşının ailəsi ilə münaqişədə olduğu üçün həmin hədəni real sayır. Ona görə də məhkəmədən 1950-ci ildə il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununda göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də xüsusi ittihamçının, şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X8 şikayətini müdafiə edərək X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi vəkil X15 şikayəti müdafiə edərək, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi tamamilə əsassızdır, ona görə də təmin edilməməlidir. Belə ki, X4 əvvəllər tanımamışdır. Tanımadığı qadının müraciəti əsasında 15.10.2021-ci il tarixdə, saat 16 radələrində, "xxxx" MMC-nin Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində fəaliyyət göstərdiyi zavoda gəlmişdir. Ona müraciət edən qadınla binaların qarşısında görüşmüş, həmin qadın orada ona 20 manat yol pulu verərək, ailənin dağılmaması üçün Şamxalla görüşüb, söhbət etməsini xahiş etmişdir. Ona görə də qeyd etdiyi zavoda taksi ilə getmişdir. Zavodun işçilərindən X1, sonuncunun zavoddan çıxdığını bildirmişlər. İşçilər ondan soruşduqda Şamxalın xalası olduğunu bildirmişdir. Həmin vaxt zavodun işçiləri ona Şamxalın qohumu olduğu halda, Şamxalın evinə niyə getmədiyini soruşmuşlar. İşçilərə telefona cavab vermədiyini bəhanə edərək, öz mobil telefonunu zavodun işçisinə vermişdir. Daha sonra oradan uzaqlaşmışdır. Axşam çağı istifadəsində olan mobil nömrəyə zəng gəlmiş, açdıqda zəng edən şəxs Şamxal olduğunu bildirmişdir. Şamxala görüşməyi təklif edərək, “nənə bala” söhbət etməyi bildirmişdir. Daha sonra Şamxaldan Nigar xanımın yoldaşı olduğunu soruşduqda, Şamxal telefonda onu və Nigar xanımı təhqir etmişdir. Daha sonra polis idarəsinə dəvət edilmiş, orada izahatı alınarkən də Nigar xanımı tanımadığını bildirmişdir. Şamxalı heç vaxt təhqir etməmiş, onların ailə münasibətlərinə qarışdığına görə Şamxal hər vasitə ilə onu şərləyir. Şamxalla görüşməkdə məqsədi ailənin dağlmamısına nail olmaq olmuşdur. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi vəkil Abbas-zadə Rəhim İsaq oğlu şikayətlə razılaşmayaraq X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan əsaslara görə onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadığı və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdiyi üçün X14 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləyən X16 ifadəsində göstərmişdir ki, 15.10.2021-ci il tarixdə, saat 16 radələrində, "xxxx" MMC-də işdə olarkən bir qadın ona yaxınlaşaraq, X3 mobil telefon nömrəsini istəmişdir. Sonuncunun onda mobil nömrəsinin olmadığını bildirdikdə, həmin qadın onda Şamxalın mobil nömrəsini burda kimnən öyrənmək olduğunu soruşduqda, sexə məlumat verdiyini bildirərək, həmin qadına gözləməsini demişdir. Sexdən ona həmin qadını içəri buraxılmasını bildirildiyinə görə qadını içəri buraxmışdır. Aradan bir müddət keçdikdən sonra aşağıdan səs-küy gəldiyini eşitmiş, dərhal həmin yerə yaxınlaşmış, həmin qadının Şamxal barəsində ucadan “ailəsindən xəbərsiz”, “nakişi” və “biqeyrət” sözləri işlətmişdir. Qadın çıxdıqda ona Şamxala “gizlənməsin, nəyin bahasına olur-olsun onu tapacam” deməsini bildirmişdir. Həmin vaxt zavodun işçiləri orada olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 oğlu şahid Əfqan Xanlarovun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, X14 əvvəllər məhkum edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs X14 özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli olması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, iş materiallarında olan və digər iş materialları ilə tam sübuta yetirilmişdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, təqsirləndirilən şəxs X6 törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri və digər iş materialları ilə X6 "xxxx" MMC-nin Abşeron rayonu Bakı-Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində fəaliyyət göstərdiyi zavoduna gələrək zavodun işçiərin yanında X3 barəsində böhtan xarakterli yalan məlumatlar yaymaqla şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməsi cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Bununla da, X6 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi aşağıdakılarla təsdiq edilir: Məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 15.10.2021-ci il tarixdə, saat 16 radələrində, "xxxx" MMC-nin Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində fəaliyyət göstərdiyi zavoda gələrək zavodun işçiərinin yanında xüsusi ittihamçının şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltmışdır. Təqsirləndirilən şəxs X14 məhkəmə iclasında 15.10.2021-ci il tarixdə, saat 16 radələrində, "xxxx" MMC-nin Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində fəaliyyət göstərən zavoda gələrək zavodun işçiərindən xüsusi ittihamçını soruşduğunu, lakin orada X4 heç vaxt təhqir etmədiyini, onların ailə münasibətlərinə qarışdığına görə Şamxalın hər vasitə ilə onu şərlədiyini, Şamxalla görüşməkdə məqsədi ailənin dağlmamısına nail olmaq olmasını bildirsə də iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlər X6 ifadəsində göstərdiklərini təkzib edərək, onu ifşa edərək, 15.10.2021-ci il tarixdə, saat 16 radələrində, X6 Şamxal barəsində ucadan “ailəsindən xəbərsiz”, “nakişi” və “biqeyrət” sözləri işlətdiyini, sonda Şamxala “gizlənməsin, nəyin bahasına olur-olsun onu tapacam” deməsini bildirmişlər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CM-in 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltmadır. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nəlayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nəlayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətləri subyektiv cəhətdən yalnız bir-başa qəsdlə törədilə bilər. Azərbaycan Respublikası CM-in 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət bir başa qəsdlə törədilmiş hesab edilir. Xüsusi ittihamçı tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin düzünə qəsdini, şərəf və ya ləyaqətini ləkələyən məlumatları yaymasını dərk etməsini və bunu arzu etməsinə dair məhkəməyə yetərincə sübutlar təqdim etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarının 6-cı hissəsində qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax,Jerusalem Avstriyaya qarşı, §43). Həmin Qərarın 7-ci hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65).. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Eləcədə oxşar mövqeni paylaşan Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X13 haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən mühafizə və müdafiə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli Plenumunun 2-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İqtibas edilmiş Plenum qərarının 5-ci bəndində daha sonra göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 148-ci maddənin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X13 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının tövsiyyəsinə əsasən şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüş, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddir. İnsanın şəxsi həyatı, şəxsi və ailə sirri, şərəf və təmiz adı qanunun müdafiəsi altındadır. Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bodroşıçin Serbiyaya qarşı işi üzrə” 23 iyun 2009-cu il tarixli 32550/05 saylı qərarında qeyd edilmişdir ki, məhkəmə demokratik cəmiyyətdə mətbuatın yerinə yetirdiyi mühüm funksiyanı xüsusi olaraq qeyd edir. Baxmayaraq ki, mətbuat üçün də müəyyən sərhədlər vardır. Xüsusilə, başqalarının reputasiyası və hüquqlarına münasibətdə, mətbuat həmin sərhədləri aşmamalıdır. Mətbuatın vəzifəsi hər bir halda ictimai maraq kəsb edən bütün məlumatları özünün hüquq və vəzifələri ilə bir araya sığan tərzdə ötürməkdir. Jurnalist azadlığı həmçinin şişirtmə və ya təxribatın da müəyyən həddə mümkünlüyünü əhatə edir. Yəni, təqsirləndirilən şəxs X6 15.10.2021-ci il tarixdə, saat 16 radələrində, "xxxx" MMC-nin Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində fəaliyyət göstərən zavoda xüsusi ittihamçı barəsində zavodu işçilərinin gözləri qarşısında ucadan dediyi sözlər sonuncunun özünün iddia etdiyi kimi tənqid deyil, birbaşa təhqir xarakterli olmuş, yəni ünvanlandığı şəxsin şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzunu ləkələmək, onu nüfuzdan salan böhtan xarakterli yalan məlumatlar yaymaq xarakteri daşımışdır. Təqsirləndirilən şəxs X14 böhtan xarakterli yalan məlumatlar yaymaqla onun aid olduğu şəxsin cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi, mədəni keyfiyyətlərini alçaltmış, onun cəmiyyətdə tutduğu mövqeyini ləkələmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X14 xüsusi ittihamçı barəsində təhqir xarakterli həmin sözləri zavodun həyətində ucadan söyləmiş, onlarla zavodun işçiləri həmin sözləri eşitmiş və qavramışdır. Göründüyü kimi təqsirləndirilən şəxs X14 tərəfindən xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələr zavodun həyətində ucadan yayılmışdır. Kütləvi çıxış Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum qərarından göründüyü kimi hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə hesab edilir və kütləvi nümayiş etdirildiyi halda onlarla şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibini yaradır. Yəni, təqsirləndirilən şəxs X14 xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələri işlətdiyi qəsdən bildirməklə, Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlini törətmiş, yəni, cəmiyyətdə əxlaqi və mənəvi baxımdan sonuncu barəsində mənfi rəy yaradan, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Bundan əlavə, Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru Arif X2 müraciəti əsasında aparılan araşdırmaya dair arayışdan görünür X6 verdiyi izahatının məzmununda 25 manat pul müqabilində Şamxal adlı şəxslə söhbət etmək üçün sonuncunun istifadəsində olan mobil nömrəyə bir neçə dəfə zəng etməsi, həmin nömrəyə cavab verən olmadığından səhəri gün bu iş üçün ona pul verən qadının ona verdiyi Şamxal adlı şəxsin işlədiyi, Binəqədi rayonu ərazisində yerləşən ünvana getməsi, qapıda onu qarşılayan mühafizəçidən Şamxal adlı şəxsi soruşması ona dəlalət verir ki, 24.09.2021-ci il tarixdən 15.10.2021-ci il tarixdə, saat 16 radələrində, "xxxx" MMC-nin Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində fəaliyyət göstərdiyi zavoda gələrək zavodun işçiərinin yanında xüsusi ittihamçının şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltması məhz X14 tərəfindən törədilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X14 xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan əməlin törədilməsində təqsirini boynuna almasa da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş “təhqir” cinayət hadisəsinin baş verməsi faktı özü-özlüyündə mübahisə doğurmamaqla yanaşı, həmin əməlin məhz X14 tərəfindən törədilməsi iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə dindirilmiş şahidlərin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bununla da, məhkəmə təqsirləndirilən şəxs X14 tərəfindən məhkəmə iclasında verilmiş ifadələrə qiymət verərək hesab edir ki, həmin ifadələr mötəbər hesab edilə bilməz, özünü müdafiə xarakteri daşıyır, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X14 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə X6 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə X10 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, X11 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təyin olunmuş cərimə cəzası hökm qanuni qüvvəsini aldığı gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X10 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə cəzası hökm qanuni qüvvəsini aldığı gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hökm ondan apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlikedən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-89/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-89/2022
04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver