Məhkəmə qərarları › İş №1(012)-894/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-894/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-894/2023 21.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü ildə Şamaxı rayonu, Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Bağırlı Ərazi Dairəsi, Bağırlı kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində onun Şamaxı rayonu, Bağırlı Ərazi Dairəsi, Bağırlı kəndindəki atası evindən qayıtmaq istəməyən arvadı Zərərçəkmiş şəxs valideynlərinin yaşadıqları ünvan 1 ünvanına gələrək həmin evin həyətində Zərərçəkmiş şəxs onunla bərabər Şamaxı rayonu, Bağırlı Ərazi Dairəsi, Bağırlı kəndindəki atası evinə qayıtmağı təkid etdikdə sonuncunun buna etiraz etməsi səbəbindən aralarında ailə məişət zəmnində yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib yumruğu ilə qəsdən sonuncunun sol qol, çiyin, bədəninin müxtəlif nahiyələrindən ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs həmin zərbələrdən yerə yıxılaraq başının həyətdəki taxta materialdan olan masanın kənarına bərk dəyib xəsarət almasına səbəb olmaqla Zərərçəkmiş şəxs başın, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sol çiyin qurşağının ön səthinin qançırı, hərəkət məhdudluğu ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. O, 2017-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nigahdan 3 övladları olmuşdur. Ailə həyatı qurandan sonra Şamaxı rayonu, Bağırlı kəndində valideynlərinə məxsus evdə yaşamışlar. O, peşə fəaliyyəti ilə bağlı işləmək üçün Bakı şəhərinə gedib-gəlmişdir. Yaşadıqları ünvanda arvadı Qönçələrlə aralarında heç vaxt hər hansı bir mübahisə və münaqişə baş verməmişdir. Ancaq bir neçə dəfə Qönçələrlə atası Dostumalı arasında mübahisələr baş vermişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Şamaxı rayonunda olarkən arvadı Qönçələr xəmir yoğurub bişirməsi üçün qonşuya getmişdir. Bunu bilən atası Dostumalı arvadı Qönçələrə irad bildirmiş və nəticədə aralarında sözlə mübahisələri baş vermişdir. Lakin həmin vaxt atası Dostumalı arvadı Qönçələri döyməmişdir. xx.xx.2023-cü il tarixdə qaynanası Aynur yaşadıqları Şamaxı rayonuna gəlib həyat yoldaşı Qönçələri yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki evinə aparmışdır. O, bu barədə biləndən sonra 2 dəfə Qönçələrin yaşadığı Müşfiqabad qəsəbəsindəki valideynlərinin evinə gedib onunla görüşməklə ondan evinə qayıtmasını xahiş etmişdir. Lakin arvadı Qönçələr Abşeron rayonunda ev kirayə tutmayacağı təqdirdə onunla birlikdə yaşamayacağını demişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Qönçələrin yaşadığı valideyinlərinin evinə gedib onunla söhbət etmək istədiyini demiş, lakin Qönçələr həyətin qapısını açmamışdır. O, da məcbur qalıb daş hasarın üstünə çıxmaqla həyətə daxil olmuş, Qönçələrdən yaşadıqları evə qayıtmağını xahiş etmişdir. Lakin Qönçələr onunla razılaşmamış, Abşeron rayonunda ev kirayə tutub onunla yaşamağını demişdir. O, da evin tək oğlu olduğunu, valideynləri ilə birlikdə yaşamalı olduğunu bildirmişdir. Həmin vaxt aralarında sözlə mübahisə baş vermiş və həmin mübahisə münaqişəyə çevrilmişdir. O, əsəbləşdiyindən yumruqla Qönçələrin qollarından və çiynindən zərbələr vurmuş, zərbələrin təsirindən Qönçələr müvazinətini itirdiyindən yerə yıxılmış, başı həyətdə olan stolun kənarına dəyərək xəsarət almışdır. O, Qönçələrin halının pisləşdiyini görüb həyətdən çıxıb getmişdir. Həmin gün axşam arvadı Qönçələrin onu döyməsi barədə polisə şikayət etdiyini bilmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və 3 azyaşlı övladları var. Ailə həyatı qurandan sonra qayınatası onunla qayınanasını Şamaxıdakı evlərində təhqir edib incitdiyindən o, bütün bunlardan bezib 09 avqust 2023-cü il tarixdə uşaqlarından böyüyünü götürüb Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, S.Ə.Şirvani küçəsində yerləşən atası evinə gəlib orada qalmağa başlamışdır. Əri ilə uşaqlarından ikisi isə Şamaxıda Bağırlı kəndində qalmaqda davam etmişlər. 09 avqust 2023-cü il tarixdən döyülənə qədər Nazim iki dəfə onu atası evinə gəlib onu söyüb təhqir etmişdür. Lakin o, Nazimnən rayondakı evə qayıtmamış, yalnız valideynlərinin yaxınlığında ev kirayələcəyi təqdirdə onunla qala biləcəyini bildirmişdir. Əvvəllər o, Nazimdən şikayət etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində atasının evində həyətdə iş görərkən həyat yoldaşı Nazim qəfldən daş hasarın üstündən həyətə tullanmış, onu nalayiq ifadələrlə təhqir etmiş, ondan Şamaxı rayonu, Bağırlı kəndindəki atası evinə qayıtmağını tələb etmişdir. O, da Nazimə atasının təhqirlərindən və əzablarından bezdiyini, istədiyi halda Abşeron rayonunda ev kirayə tutmağını və onunla birlikdə həmin evdə yaşamağını demişdir. Lakin Nazim onun təklifi ilə razılaşmamış, yumruqla onun sol qolundan və çiynindən zərbələr vuraraq onu döymüşdür. Nəticədə o, Nazimin zərbəsindən müvazinətini itirərək yerə yıxılmış və başı həyətdə olan stolun kənarına dəydiyindən xəsarət almışdır. Bundan sonra halı pisləşdiyindən Nazim onu həmin vəziyyətdə qoyaraq çıxıb getmişdir. Bundan təxminən 4-5 saat sonra toy məclisindən gələn valideynləri həyat yoldaşı Nazimin onu artıq döyərək xəsarət yetirdiklərini görmüşlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 1998 nömrəli rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – başın, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sol çiyin qurşağının ön səthinin qançırı, hərəkət məhdudluğu ilə-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı stul və yumruq zərbələri ilə əmələ gələ bilməsi istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı hazırlıq iclasında işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aid olması, sadələşdirilmiş icraat materialı üzrə məhkəməyədək aparılmış araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, yekun protokolun prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyib onunla barışdığını göstərmiş, cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizə vermişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini və barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır; 39.1 və 39.1.11 -ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət qanununun tələbləri baxımından hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar