Məhkəmə qərarları › İş №1(012)-895/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-895/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-895/2023 17.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1952-ci il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan, Abşeron rayonu, Atyalı qəsəbəsi, yeni yaşayış massivində qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı Abşeron rayonu, Atyalı qəsəbəsi, yeni yaşayış massivi, fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ondan xərcləmək üçün istədiyi pulu verməməsi, habelə onun şəxsi işlərinə müdaxilə etməsi səbəbindən ailə daxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək, həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən yumruqla sonuncunun sifət, baş, qol, bədəninin müxtəlif nahiyələrinə, təpiklə ayaq və bədəninin digər nahiyələrinə zərbələr vuraraq, Zərərçəkmiş şəxs sol alın gicgah nahiyəsinin hematoması (dərialtına qansızma), sol bazunun orta 1/3nin tış səthinin sol bud nahiyəsinin geniş sahəli qançırları, alt çənənin orta hissəsinin bir ədəd, sol çənə bucağı nahiyəsinin bir ədəd qançırları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü CM-in 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Əvvəllər münasibətləri yaxşı olsa da son zamanlar Aybəniz tez-tez yersiz danışdığından və hər axşam ondan pul istədiyindən aralarında mübahisələr yaranmağa başlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində yaşadıqları evdə olan zaman Aybəniz ona irad bildirərək, xərclik vermədiyini demişdir. O isə cavabında işləmədiyi üçün pulunun olmadığını bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır və baş vermiş mübahisə zamanı Aybəniz qışqıraraq onunla kobud tərzdə danışmışdır. Bundan əsəbləşib əvvəl yumruqla Aybənizin sifət və qol nahiyələrinə, davamında isə təpiklə ayaq nahiyəsinə zərbələr vurmuşdur. Hadisə yaşadıqları evdə baş vermiş və 3-4 dəqiqə davam etmişdir. Həmin vaxt evdə onlardan başqa kimsə olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır və Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 1984-cü il tarixdə ailə həyatı qurmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da son zamanlar Sərhəddin hər bir işə qarışaraq tez-tez mübahisələr yaratmağa başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadıqları evdə olan zaman Sərhəddin ondan işlərinə qarışmamasını və ümumiyyətlə ona söz deməməsini bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Sərhəddin üzərinə gələrək yumruqla onun çənə, baş və qol nahiyələrinə, təpiklə sağ bud nahiyəsinə zərbələr vuraraq ona xəsarət yetirmişdir. Bu barədə Qobu PB-nə ərizə ilə müraciət etmişdir. Hadisə yaşadıqları evdə baş vermişdir və təxminən 3-4 dəqiqə davam etmişdir. Həmin vaxt evdə onlardan başqa kimsə olmamışdır. Hazırda əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və hazırda ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 2060 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol alın gicgah nahiyəsinin hematoması ( dərialtına qansızma), sol bazunun orta 1/3-nin tış səthinin sol bud nahiyəsinin geniş sahəli qançırları, alt çənənin orta hissəsinin bir ədəd, sol çənə bucağı nahiyəsinin bir ədəd qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı yumruq təpik zərbələri təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aidddir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron rayon İHB-nın Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Abşeron rayon İHB-nın Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Atyalı qəsəbəsi, yeni yaşayış massivində qeydiyyatsız yaşayır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışmışdır və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin iş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar