Məhkəmə qərarları › İş №1(012)-896/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-896/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-896/2023 14.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.2004-cü ildə Lənkəran rayonu, Boladi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı Neft Energetika Kolleci, 4-cü kurs tələbəsi, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Boladi ərazi dairəsi, Boladi kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK, 2-ci bina, mənzil 45 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində yaşadığı ünvan 1 ünvanda bacısı Zərərçəkmiş şəxs ilə birgə yaşayış qaydalarını pozmaqla bağlı, yəni sonuncunun mobil telefonu ilə izlədiyi videonun səsinin ucadan eşidilməsi, səslərdən narahat olması səbəbindən aralarında ailə daxili münasibətlər zəmnində yaranmış narazılıq üstündə əsəbləşib mübahisə edərkən həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edərək əvvəlcə qəsdən sonuncunun göz, sifət, baş, bel, kürək, əl, ayaq, bədəninin müxtəlif nahiyyələrindən əl, yumruq, təpik zərbələri vurub yerə yıxmaqla Zərərçəkmiş şəxs sağ gözün bayır kənarının, üst dodağın, sağ bazu nahiyəsinin, sol əlin İV barmağının, sol bud nahiyəsinin sıyrıqları, sağ gözaltı, boyun nahiyələrinin qançırları ilə müşayiət olunan, ardınca ayağa qalxıb ondan aralanmaq üçün mənzilin mətbəxinə qaçan Zərərçəkmiş şəxs mətbəxə qədər təqib edib mətbəxdə saxlanılan soyuq silah hesab edilməyən təsərrüfat təyinatlı mətbəx bıçağını götürüb həmin bıçaqla əllərini bıçaqdan qorunmaq üçün qarşıya vermiş Zərərçəkmiş şəxs sol əlinin barmağını qəsdən yaralayıb kəsməklə ona sol əlin İİİ barmağının kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 1999cu il təvəllüdlü Zərərçəkmiş şəxs onun bacısıdır, sonuncu 2018-ci ildə ailə həyatı qurubdur, 2020-ci il təvəllüdlü Onur adlı oğlu var. Hal-hazırda Günelin yaşadığı evində təmir işləri aparıldığından təxminən 2 həftə əvvəl ailəsi ilə birlikdə müvəqqəti olaraq onun qaldığı evinə köçübdür. 22 sentyabr 2023-cü il tarixdə, saat 08 radələrində yaşadığı evdə otağda yatan zaman Günelin otağında mobil telefonundan səs gəldiyindən yuxudan oyanıb ona iradını bildirərək telefonun səsini kəsməyi ona bildirib otağının qapısının kilidini bağlamışdır. Bir müddət sonra Günelin uşağı yuxadan oyanıb ağlamağa başladığından, ondan qapının kilidinin açılmasını tələb etmişdir, qapını açıb Günelə bir daha irad tutaraq mobil telefonunda baxdığı videonun səsini azaltmağı xahiş etsədə, lakin Günel sözünə baxmayıb onunla mübahisə etməyə başladığından əsəbləşib qapını açıb ona bir daha irad tutub əl və təpik zərbələri ilə onu baş, sifət, bel və kürək nahiyəsinə zərbələr endirməyə başlamışdır, eləcədə bir dəfə onu qaldırıb yerə buraxmışdır, Günel bir təhər ayaq üstə qalxıb mətbəxə qaçmışdır, o, isə onun dalınca mətbəxə daxil olaraq mətbəx bıçağını götürüb ona tərəf tuşlamışdır, Günel qorxaraq bıçağı əlindən almaq istətikdə bıçaqın tiyəsi onun barmağını kəsmişdir. Bundan sonra bıçağı yerə atmış, Günel isə bıçağı yerdən qaldırıb 102 xidmətinə zəng edərək polisə məlumat vermiş və bıçağı özündə saxlayaraq bildiyinə görə sonra harasa atmışdır. Bir müddət sonra Abşeron RPİ-nin əməkdaşları gələrək onu polis idarəsinə aparmışlar, Güneldə həmin vaxtı polis idarəsinə gəlmişdir. Orada hər ikisi hadisə ilə bağlı izahatlarını yazmışlar və Günel tibbi müayinədən keçirilməsi üçün göndəriş almışdır. Bacısı Günelə xəsarət yetirdiyi bacağın mətbəxdə istifadə olunan balaca ölçülü bıçaq olduğunu, hadisədən sonra Günel bıçağı götürərək harasa atdığını, münaqişənin konkret olaraq yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK-da, mənzilin içərisində baş verdiyini, münaqişənin ümumilikdə 4-5 dəqiqə ərzində davam edərək tez bir zamanda bitdiyini, hadisə zamanı evdə Günelin azyaşlı oğlu, o və Günelin olduğunu, münaqişə zamanı Günel ona heç bir xəsarət yetirmədiyini və Güneli söymədiyini qeyd etmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, sonuncu valideyinləri ilə birlikdə ipoteka ilə onun adına alınmış Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK-da yaşayır, Bakı Neft Energetika Kollecinin 4-cü kurs tələbəsidir. Ailəsi ilə birlikdə yaşadığı mənzildə aparılan təmir işləri iləəlaqədar olaraq müvəqqəti olaraq valideyinlərinin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK, 2-ci bina, mənzil 45-ə köçübdür. 22 sentyabr 2023-cü il tarixdə, saat 08 radələrindəöz otağında övladı ilə birlikdə olarkən mobil telefonunda tibbi aid verilişə baxdığı zaman, Elcan yuxadan oyanaraq yüksək səslə ona irad tutub telefonun səsini kəsməyi ona bildirib otağının qapısının kilidini bağlamışdır. Bir müddət sonra oğlu yuxadan oyanıb ağlamağa başladığından, qapının kilidinin açılmasını Elcandan tələb etmişdir, ilk öncə qapını açmasada bir müddət sonra qapını açaraq yüksək səsləüstünə qışğıraraq əl və ayaq zərbələri ilə baş nahiyəsinə, sifət, bel, kürək nahiyəsinə zərbələr endirməyə başlamışdır, eləcədə onu havaya qaldıraraq yerə atmışdır, bir təhər ayaq üstə qalxıb mətbəxə qaçmış, Elcan isə onun dalımca mətbəxə daxil olaraq mətbəx bıçağınıəlinə alıb üstünə tuşlamışdır, qorxduğundan həmin bıçağı onun əlindən almaq istədikdə bıçaqın tiyəsi sol əlinin 3-cü barmağını kəsmişdir. Bundan sonra Elcan bıçağı yerə atmış, o, isə hər ehtimala qarşı həmin bıçağı yerdən qaldırıb 102 xidmətinə zəng edərək polisə məlumat vermiş və polislər gəlib Elcanı aparandan sonra, uşağını atasına təhvil verərək özüdə polis idarəsinə gəlmişdir, həyacanlı olduğundan bıçağı küçədə yadında qalmayan yerə atmışdır. Orada hər ikisi hadisə ilə bağlı izahatlarını yazmış və o, tibbi müayinədən keçirilməsi üçün göndəriş almışdır. Elcanın ona xəsarət yetirdiyi qısa ölçülü mətbəxdə istifadə edilən bıçağı tələsik evdən çıxarkən özü ilə götürərək hal-hazırda xatırlamadığı yerə yolda atdığını, həmin vaxtı həyacanlı olduğundan bıçağı atdığı yeri yadına sala bilmədiyini, münaqişənin konkret olaraq valideyinlərinin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK-da, mənzilin içərisində baş verdiyinin, ümumilikdə 4-5 dəqiqəərzində davam edərək tez bir zamanda bitdiyini, hadisə zamanı evdə azyaşlı oğlu və qardaşının olduğunu, həmin vaxtı valideyinləri və yoldaşı evdə olmadığını, münaqişə zamanı Elcana heç bir xəsarət yetirmədiyini və Elcanı söymədiyini qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 2075 nömrəli rəyindən görünür ki, G.R. İbadovanın bədən səthində aşkar edilmiş xəsarətlər – sağ gözün bayır kənarının, üst dodağın, sağ bazu nahiyəsinin, sol əlin İV barmağının, sol bud nahiyəsinin sıyrıqları, sağ gözaltı, boyun nahiyələrinin qançırları, küt əşyanın təsirindən, sol əlin İİİ barmağının kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən törənmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. G.R. İbadovanın bədən səthində aşkar edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərdən qərarda göstərilən şəraitdə, yəni sol əlin İİİ barmağının kəsilmiş yarası bıçağın tiyəsinin təsirindən, sağ gözün bayır kənarının, üst dodağın, sağ bazu nahiyəsinin, sol əlin İV barmağının, sol bud nahiyəsinin sıyrıqları, sağ gözaltı, boyun nahiyələrinin qançırları isə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı hazırlıq iclasında işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aid olması, sadələşdirilmiş icraat materialı üzrə məhkəməyədək aparılmış araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, yekun protokolun prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyib onunla barışdığını göstərmiş, cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizə vermişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini və barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır; 39.1 və 39.1.11 -ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət qanununun tələbləri baxımından hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar