Məhkəmə qərarları › İş №1(012)-899/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-899/2025

27.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-899/2025 27.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2 Zərərçəkmiş şəxs: X4 Zərərçəkmiş şəxsin hüquqi varisi: X5 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Müdafiəçi3 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:14:35-də etibarnamə əsasında idarə etdiyi «VAZ 2107» markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu Yeni Saray yolu ilə Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Qayo İnşaat» mağazasının qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələbləri yerinə yetirməyərək hərəkətini davam etdirmiş və bu zaman avtomobil yolunu sağ tərəfdən sol tərəfə keçən piyadalar -Zərərçəkmiş şəxs və X3 vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol budunun burmalarından keçən qapalı yerdəyişmə ilə sınığı, sol baldır sümüklərinin orta-aşağı 1/3-nin açıq qəlpəli yerdəyişən sınığı, sağ iç topuğun qapalı yerdəyişən sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığına AĞİR zərər vurulmasına, Könül Seydalıyevanın isə beyninin qişaları altına beyin toxumasına qansızmalar, kəllə tağı sümüklərinin sınığı, başın ənsə-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol baldırın travmatik amputasiyası, sağ baldır sümüklərinin qapalı deformasiya olunmuş sınıqları, sağ baldırın orta 1/3-nin ön-iç səthinin, sol baldırın orta 1/3-nin ön səthinin geniş sahəli əzilmiş-cırılmış yaraları, sağ əlin ön səthinin sıyrığı, burun nahiyəsinin, sağ alt və üst göz qapaqlarının nahiyəsinin qançırları kimi həyat üçün təhlükəli olan sağlamlığına AĞİR zərər vurulmasına, sonuncunun sol baldır sümüklərinin orta 1/3-nin amputasiyası, sağ baldır sümüklərinin orta 1/3-nin qapalı deformasiya olunmuş sınıqlarından törənən travmatik hemorragik şok fonunda baş vermiş beyinin qişaları altına beyin toxumasına qansızmalar, kəllə tağı sümüyünün sınığı nəticəsində ölümünə səbəb olmuşdur. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı özünü təqsirli bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi «VAZ 2107» markalı, **-UN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Yeni Saray yolu Novxanı qəsəbəsi istiqamətində, «Qayə İnşaat» mağazasının yaxınlığında hərəkət etdiyi vaxt avtomobildə iş yoldaşı Ramil olmuşdur. O, avtomaşını yolun hərəkət hissəsində təxminən 90 km/saat surətlə idarə etmiş, yolun hərəkət hissəsi 3 hərəkət zolağından ibarət olmuşdur. O, orta zolaqda hərəkət etmişdir. «Qayə İnşaat» mağazasına bir qədər qalmış, iki nəfər şəxsin yolun qırağında dayndığını görmüş, lakin onların yolu keçməyəcəklərini düşündüyü üçün sürəti azaltmamışdır. Mağazanın yaxınlığına çatdıqda həmin şəxslər yolu sağdan sola keçmək istəmiş, sonra irəli yaxud geriyə getməyə tərəddüd etməklə, onu çaşdırmışlar. O, sükanı sola döndərmiş, əyləcə basmış, lakin maşının ön sağ hissəsi həmin şəxslərə dəymişdir. Qadın zərbənin təsirindən nəqliyyat vasitəsinin ön şüşəsinə dəymişdir. Sonra idarə etdiyi maşının irəli hissəsinə 2-3 metr məsafədə yerə düşmüşlər. O, maşından enərək həmin şəxslərin yaralı olmasını görmüşdür. O, həmin vaxt hadisənin təsirindən özündə olmadığı üçün, ətrafda olan şəxslər X15 çağırmışlar. Həmin zərərçəkənləri Sumqayıt TTY-yə xəstəxanasına aparmışlar. O, da hadisə yerində qalıb polislərin gəlməsini gözləmişdir. Nəqliyyat vasitəsini, sənədlərini polis əməkdaşlarına təqdim etmiş, hadisə barədə məlumat vermişdir. Sumqayıt TTY-də qadına tibbi yardım göstərilməsinə baxmayaraq həmin şəxsin ölməsi xəbərini eşitmişdir. Hadisə anında hava küləksiz və yağmursuz, yol örtüyü isə asfalt olmaqla quru vəziyyətdə olmuşdur. Piyadaları təxminən 90-100 metr məsafədə yolun qırağında dayandığını görüb hərəkət surətini azaltmadan yoluna davam etmişdir. Lakin, piyadaların toqquşma yerindən təxminən 50-60 metr qalmış, yolun sağından soluna qaçmağa başladıqlarını görmüşdür. Sükanı sola döndərsə də onları vurmaqdan yayına bilməmişdir. Hadisə baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə heç bir spirtli içki və ya digər vasitə qəbul etməmişdir. Hadisə baş verən vaxtı avtomobili təxminən 90 km/saat surətlə idarə etmişdir. Həmin vaxt idarə etdiyi avtomaşın texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomaşında yük olmamış, baş vermiş hadisə zamanı yanında iş yoldaşı Ramil əyləşmiş və heç bir xəsarət almamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə müstəntiqin göstərdiyi mexanizimlə baş verməmişdir.Belə ki, həmin iki nəfər şəxs yolu adi yerişlə deyil, qaçaraq keçməyə çalışmışlar. Hadisənin qarşısını almaq üçün onun vaxtı kifayt etməmişdir. Sonda o, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və ya tələbinin olmaması üçün cəhd etdiyini, lakin onların tələb etdiyi məbləğin yüksək olmasını, həmin məbləği ödəməyə imkanının olmamasını və təqsirsiz olduğunu bildirməklə barəsində bəraət verilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağı hissədə olan ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində həyat yoldaşı mərhum X6 ilə mağazanın sağ tinindən yola daxil olmuşlar və hər ikisinin əlində sellofan torba olduğu, eyni zamanda sol tərəflərdən hərəkət edən avtomobillər onlardan təxminən 100-120 metr aralı məsafədə, yəni “Qayə İnşaat” mağazasından çox uzaqda, yolun sağ hərəkət zolağı ilə hərəkətdə olmasını görüb həmin avtomobil gəlib çıxana kimi yolu əks tərəfə keçə biləcəklərinə əmin olub yolun hərəkət hissəsinə daxil olmuşlar, avtomobil yolunun birinci hərəkət zolağını iri addımlarla keçib, ikinci hərəkət zolağının ortasında olan zaman Novxanı istiqamətində hərəkətdə olan bir VAZ-21074 markalı avtomobilin yüksək sürətlə gəldiyini görmüşlər, bu zaman həmin avtomobilin sürücüsü avtomobili sola tərəf istiqamətləndirib avtomobilin qabaq ortası ilə əvvəlcə onu, daha sonra isə avtomobilin qabaq sağ hissəsi ilə həyat yoldaşı Könülü vurmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar mağazadan alış veriş edərək qayıtdıqları üçün əllərində yük olduğundan yolu qaçaraq deyil, ehtiyatlı formada hərəkət edən maşınlara nəzər salaraq addımla keçməyə cəhd etmişlər. Onlar yolu nə çox yavaş, nə də çox sürətlə adi addımlarla keçməyə cəhd etmişlər. Sonda hadisə ilə bağlı sürücüdən şikayətiçi olmasını, aralarında barışığın olmadığını, məhkəmədən ona ağır cəza təyin edilməməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək mərhum zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərdi ki, mərhum X6 doğma anası, Zərərçəkmiş şəxs isə atasıdır. «VAZ 2107» markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində iş yerində olan zaman ona tanımadığı şəxs atasının mobil telefonundan zəng edərək atası ilə anasını Saray-Novxanı yolunda avtomobilin vurduğunu, anasının vəziyyətinin ağır olduğunu, halhazırda hadisə yerində olduqlarını bildirmişdir. Sonradan ona zəng gəlmiş və bildirmişlər ki, atası ilə anasını Sumqayıt şəhər xəstəxanasına aparmışlar. O da Sumqayıt şəhər xəstəxanasına getmiş və xəstəxanada bilmişdir ki, anasıhadisə nəticəsində vəfat etdiyini öyrənmişdir. Bu günədək atası Zərərçəkmiş şəxs aldığı xəsarətlərə görə yataq xəstəsi olmuşdur. Fəaliyyət qabiliyyətini tam itirmişdir. Həmçinin, hadisə baş verdikdən bu günədək həmin şəxs azadlıqdadır. Onun anasını itirməyinə və atasının ağır xəsarət almağına səbəb olan bu şəxsin tutulmaması onu narahat edir. Onun dərhal həbs edilməsini xahiş və tələb edir. Əsasən ona görə şikayətçidir ki, hadisəni törədən şəxs özünü təqsirli bilmir, üzrxaqlıq edib barışıq üçün müraciət etmək əvəzinə günahsız şəxsləri təqsirli hesab edir. Həmçinin şahidlərdən eşitmişdir ki, hadisə vaxtı da etinasızlıq göstərmiş, nə tibbi yardım çağırmış, nə də xəsarət alanları özü xəstəxanaya çatdırmağa cəhd etmişdir. Başqa şəxslər tərəfindən çağırılmış təcili yardım biriqadası gələnə qədər yaralılar köməksiz vəziyyətdə qalmışlar. Məhkəmə iclasına şahid qismində dəvət edilərək dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək bildirmişdir ki, hadisə zamanı o, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində olmaqla, öndə sağda sərnişin kimi əyləşmişdir. Saray yolu, Novxanı qəsəbəsi istiqamətində iki nəfər şəxs birdən yola çıxaraq qarşı tərəfə keçmək istədiyi vaxt Zair sükanı sola şəkərək nəqliyyat vasitəsini saxlamağa çalışsa da, nəqliyyat vasitəsini saxlaya bilməyərək həmin iki nəfər şəxsi maşınla vurmuşdur.Sonradan hadisə yerinə gələn TTY maşını ilə həmin şəxslər Sumqayıt xəstəxanasına aparılmışlar. Hadisə zamanı nəqliyat vasitəsini sürəti 90 km/saat olmuşdur. Həmin vaxt sürücü tam ayıq vəziyyətdə olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. 03 iyun 2023-cu il tarixli, BC seriyalı, 031800 saylı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “B1, B, C1, C,” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir;

2. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 04 dekabr 2024-ci il tarixli protokoldan, protokola əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, hadisə Abşeron rayonu, Saray qəsəbəsi, “Qaya İnşaat” mağazasının qarşısında baş vermişdir. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi düz olmaqla asfalt beton örtüklü və qurudur. Hərəkət ikitərəfli olmaqla hərəkət hissəsinin eni 18 metrdir. Hadisə yerində əks istiqamətli nəqliyyat axınını ayıran 1.5 nişanlanma xətti vardır. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet götürülməmişdir;

3. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 dekabr 2024-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla icraata götürülmüşdür;

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 04 dekabr 2024-ci il tarixli, 2/67466 №-li protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur

5. “Zərərçəkmiş şəxsin kimi tanınma haqqında” 11 dekabr 2024-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;

6. “Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında” 11 dekabr 2024-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X1 ölməsi faktı üzrə oğlu X9 hüquqi varis qismində tanınmışdır;

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 Publik Hüquqi şəxsinin Abşeron rayon şöbəsindən verilən 30 dekabr 2024-ci il tarixli 181 nömrəli rəyindən görünür ki, 1972-cü il təvəllüdlü mərhum X1 meyitinin məhkəmə tibbi müayinəsi zamanı - aşağıdakı xəsarətlər aşkar edilmişdir: -beyinin qişaları altına beyin toxumasına qansızmalar, kəllə tağı sümüklərinin sınığı, başın ənsə-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, -sol baldırın travmatik amputasiyası, sağ baldır sümüklərinin qapalı deformasiya olunmuş sınıqları, sağ baldırın orta 1/3-nin ön-iç səthinin, sol baldırın orta 1/3-nin ön səthinin geniş sahəli əzilmiş-cırılmış yaraları, -sağ əlin ön səthinin sıyrığı, -burun nahiyəsinin, sağ alt və üst göz qapaqlarının nahiyəsinin qançırları qeyd edilən xəsarətlər həyatidirlər, X1 ölümündən az əvvəl, bərk küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. - X1 ölümünün səbəbi – sol baldır sümüklərinin orta 1/3-nin amputasiyası, sağ baldır sümüklərinin orta 1/3-nin qapalı deformasiya olunmuş sınıqlarından törənən travmatik hemorragik şok fonunda baş vermiş beyinin qişaları altına beyin toxumasına qansızmalar, kəllə tağı sümüyünün sınığı olmuşdur. - X1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2024-cü il tarixdə saat 23:30-dan) 4-6 saat əvvəl baş vermişdir. - X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 Publik Hüquqi şəxsinin 30 aprel 2025-ci il tarixli 29 TS nömrəli rəyindən görünür ki, 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs - aşağıdakı xəsarətlər aşkar edilmişdir; – sol budun burmalarından keçən qapalı yerdəyişmə ilə sınığı, sol baldır sümüklərinin orta aşağı 1/3-nin açıq qəlpəli yerdəyişən sınığı, sağ iç topuğun qapalı yerdəyişən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. sümüyünün orta 1/3-nin qapalı az yerdəyişən sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddir;

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 04 aprel 2025-ci il tarixli, 8/119 saylı “yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” rəyinə əsasən: -İstintaq tərəfindən verilən məlumatlara əsasən : “VAZ-21074” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa tüxniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın xərci 85 manat təşkil edir;

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 13 dekabr 2024-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;

11. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 05 may 2025ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, “VAZ-21074” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və sahiblərinə qaytarılması nəzərə alınmış,təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, məhkəmə tibbi ekspertizasının və məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri, hadisə yerinə baxış protokolu və digər istintaq hərəkəti protokolları onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr omadığından cinayət işi üzrə sübut kimiqəbul edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir.

12. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;

13. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 09 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;

14. İş materiallarına əlavə edilmiş DVD-R formatlı diskə məhkəmə iclası zamanı baxış keçirilmiş, xx.xx.2024-cü il tarixdə sat 18:14:35-də Abşeron rayonu Yeni Saray yolu Novxanı qəsəbəsi istiqamətində, “Qayo İnşaat” mağazasının sol tərəf başlanğıcında bir avtomobil işıqlardan istifadə etməklə hərəkətdə olur, bu zaman avtomobil qarşısında hərəkətdə olub avtomobil yolunu sağ tərəfdən sol tərəfə keçən piyadaları görüb onları vurmamaq üçün avtomobilin sükanını sola çəkir, lakin hadisənin qarşısını almaq mümkün olmur

15. “X7”nin 17 oktyabr 358 nömrəli mütəxəssis rəyinə əsasən tədqiqata təqdim edilmiş videogörüntüyə əsasən piyadanın yolun hərəkət hissəsinə daxil olduğu andan avtomobil ilə vurulduğu anadək keçən müddət 2.543 saniyə təşkil etmişdir.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan ( tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir. Qeyd olunan Məcəllənin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi hadisə ilə bağlı olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, travmvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün həmin Məcəllənin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Bu cinayətin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilərək başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır cinayətlər kateqoriyasına aid edilir. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib qanunvericiliyin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına xəsarət vurulması və digər zərərçəkmiş şəxsin ölümünə səbəb olması halı onun tərəfindən məhkəmə iclaslarında verdiyi ifadə ilə inkar edilsə də, lakin hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri, zərərçəkmiş şəxs və şahid ifadələri və digər sənədlərlə kifayət qədər sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs öz ifadəsində də, qeyd etmişdir ki, həmin vaxt idarə etdiyi nəqliyyat vasitəsinin surəti 90 km saat olmuş, yolun kənarında iki nəfər şəxsin yolu keçmək üçün dayandığını görmüş, onların yolu kecəcəklərinə ehtimal vermədiyi üçün nəqliyyat vasitəsinin surətini azaltmadan hərəkəti davam etdirmiş, onların yolu keçəyə cəhd etdiyini gördükdə isə artıq gec olmuş, nəqliyyat vasitəsini dayanma anına gətirənədək hadisə baş vermişdir. Bu hal digər sübutlarla o cümlədən ekspertiza rəyi ilə təsdiqini tapmışdır. “X7”nin 17 oktyabr 358 nömrəli mütəxəssis rəyinə əsasən tədqiqata təqdim edilmiş videogörüntüyə əsasən piyadanın yolun hərəkət hissəsinə daxil olduğu andan avtomobil ilə vurulduğu anadək keçən müddət 2.543 saniyə təşkil etməsi qeyd edilsə də, digər ekspert rəyi şahid ifadələri və hətta təqsirləndirilən şəxsin öz ifadəsindən müəyyən olunur ki, o, yolu keçməyə cəhd edən şəxsləri 100-120 metr məsafədən görmüşdür. Beləlikə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 04 aprel 2025-ci il tarixli, 8/119 saylı “yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” rəyi mötəbər hesab edilməli, həmin rəti şübhə altına alan halların müəyyən edilmədiyi qeyd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin hərəkətlərində ittiham olunduğu maddədə nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, qanunvericiliyin tələbləri baxımından hesab edir ki, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə zərərçəkmiş şəxs və digər zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsini, ona qarşı şikayətin olmasını və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. İstinad olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və həmin cəza əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə qeyd edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “VAZ 21074» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1- ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin 27 oktyabr 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının bütün müddətinə şamil edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülsün İş üzrə maddi sübut kimi tanınmış «VAZ 2107» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Maddi sübut kimi tanınmış hadisənin görüntüsünün əks etdirildiyi DVD disk iş materiallarında saxanılsın. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar