Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-90/2022 28.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Verdikum” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1992-ci ildə Masallı rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunub və məhkumluğu ödənilmiş, işsiz, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin, həşiş qətranı və psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 50 manat müqabilində bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,656 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə həşiş qətranı, bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,605 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini, üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,365 qram, 0,020 qram, 0,434 qram ümumi təmiz çəkisi 0,819 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamini əldə edib daşıyaraq, bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin, bir ədəd bükümdə psixotrop maddə metamfetamini üzərində olan əl çantasında, bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə həşiş qətranı və iki ədəd bükümlərdə psixotrop maddə metamfetamini isə idarə etdiyi “BMV” markalı **-VX-*** nömrə nişanlı avtomobildə saxlamış, xx.xx.2021-ci il tarixdə 22 radələrində Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində saxlanılaraq Qobu polis bölməsinə gətirilib, polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki qara rəngli üzərində “Month Blanc” sözləri yazılmış əl çantasının içərisindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,605 qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,365 qram olan psixotrop maddə metamfetamin, “BMV” markalı **-VX-*** nömrə nişanlı avtomobilinə baxış zamanı avtomobilin salonunda arxa sol oturacağın ayaq altına qoyulan rezinin altındakı “Rothmans” markalı siqaret qutusunun içərisindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,656 qram olan narkotik vasitə həşiş qətranı, iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,020 qram, 0,434 qram ümumi təmiz çəkisi 0,454 qram olan psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd kağız borucuq və iki ədəd boş falqa kağız aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə deyil, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. İki azyaşlı övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Avtomobil ehtiyyat hissələri alqı-satqısı ilə məşğul olur. Təxminən 4 ay müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. Öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. xx.xx.2021-ci il tarixdə təxminən saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün 50 manat müqabilində bir büküm həşiş, bir büküm heroin və bir büküm metamfetamin almışdır. Aldığı heroin və metamfetamindən bir qədər çəkmək yolu ilə qəbul etmişdir. Qalan narkotik vasitə və psixotrop maddələri, yəni bir ədəd şəffaf rəngli sellofan bükümdə heroin və bir ədəd şəffaf rəngli sellofan bükümdə metamfetamini sonra özü istifadə etmək üçün özünə məxsus qara rəngli əl çantasının içərisinə qoymuşdur. Bir ədəd falqaya bükülmüş bükümdə metamfetamin, bir ədəd şəffaf rəngli sellofan bükümdə həşişi, narkotik vasitə və psixotrop maddə istifadə etdiyi iki ədəd falqanı “Rothmans” markalı siqaret qutusuna qoyaraq özünə məxsus BMV markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sol oturacağının ayaq altına qoyulan rezinin altında gizlətmişdir. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində özü üçün tikdirdiyi yarımtikili evimin qarşısında küçədə olan zaman mülki geyimdə olan sonradan özlərini təqdim etdikdən sonra bildiyi iki nəfər polis əməkdaşları ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onu Qobu polis bölməsinə dəvət etmişlər. O, da özünə məxsus BMV markalı avtomobili ilə polis əməkdaşları ilə birlikdə Qobu polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əlində olan qara rəngli əl çantasını açıb çantadan içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd şəffaf rəngli sellofan büküm və içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin bükümlər götürülmüşdür. Sorğu zamanı o, həmin narkotik vasitə və psixotrop maddəni xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi ərazisində tanımadığı şəxsdən 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd şəffaf rəngli sellofan büküm və içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli sellofan bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Bundan sonra ondan başqa yerdə hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da avtomobilində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Üzərinə şəxsi axtarış yekunlaşdıqdan sonra video çəkiliş ilə sözügedən avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı o, avtomobilinin arxa sol oturacağının ayaq altına qoyulan rezinin altında gizlətdiyi “Rothmans” markalı siqaret qutusunda saxladığı bir ədəd falqaya bükülmüş psixotrop maddə metamfetamin, bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə həşişi, iki ədəd narkotik vasitə və psixotrop maddəni qəbul edən zaman istifadə etdiyi gümüşü rəngli falqanı təqdim etmişdir. Sorğu zamanı o, həmin narkotik vasitə və psixotrop maddələri xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi ərazisində tanımadığı şəxsdən 50 manata aldığını və şəxsi istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. Avtomobilinə baxış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi psixotrop maddə və narkotik vasitəni zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Əlavə olaraq bildirmişdir ki, üzərindən və avtomobilindən aşkar olunmuş həmin narkotik vasitə və psixotrop maddələri özü istifadə etmək üçün üzərində və avtomobilində saxlamışdır. Onun narkotik vasitə və psixotrop maddələr əldə etməyi barədə bildiyinə görə heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Sonda himayəsində azyaşlı uşağının olmasını, qardaşı X1 2-ci Qarabağ müharibəsində iştirakı və medallarla təltif edilməsinin nəzərə alınmasını və yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə 2014-cü ildən kirayədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi qaydada iş olanda tikinti sahəsində usta işləyir. Təqsirləndirilən şəxs onun doğma oğludur. Dilqəm də ailəsi ilə birlikdə onun yaşadığı ünvanda onunla birlikdə yaşayırmış. Dilqəmin iki azyaşlı oğlan uşaqları vardır. Dilqəm 2016-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə tutularaq Masallı rayon Məhkəməsinin hökmü ilə barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 2018-ci ilin sentyabr ayında isə azadlığa çıxmışdır. Dilqəm son zamanlar avtomobil ehtiyyat hissələri alqı-satqısı ilə məşğul olurmuş. Təxminən 2-3 ay əvvəl Dilqəmin narkotik vasitə və psixotrop maddə istifadə etməsi barədə eşitmişdir. Bundan sonra Dilqəmdən narkotik vasitə və psixotrop maddə istifadə edib-etməməsini soruşduqda, Dilqəm ona narkotik vasitə və psixotrop maddə istifadə etmədiyini bildirmişdir. O, da başı işlərinə qarışdığı üçün Dilqəmdən bu barədə daha soruşmamışdır. Əlavə olaraq bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur, həmin nömrədən başqa nömrəsi olmamışdır, həmin mobil nömrəni də Dilqəm təxminən 3-4 il müddətdir ki, istifadə edir. Oğlu Təqsirləndirilən şəxs onun yanında heç vaxt narkotik vasitə və psixotrop maddə qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, DİO-da 2004-cü ildən, tutduğu vəzifədə, yəni Abşeron rayon Polis İdarəsinin Qobu Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində 2021-ci ildən polis kapitanı rütbəsi ilə xidmət edir. 30 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində narkotik vasitə və psixotrop maddə istifadə etməsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, yəni 30 avqust 2021-ci il tarixdə saat 21 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Abşeron RPİnin Qobu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Qobu qəsəbəsi, yeni məhəllədə Təqsirləndirilən şəxs tikdirdiyi yarımtikilinin yerləşdiyi küçəyə getmişlər. Qeyd olunan küçədə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Dilqəmə üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənədinin olub-olmamasını soruşmuşlar, sonra Dilqəmə narkotik vasitə və psixotrop maddə istifadə etməsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə məlumatları olduğunu deyərək Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə dəvət etmişlər. Dilqəm öz avtomobili ilə onlarla Qobu polis bölməsinə gəlmişdir. Polis bölməsinin inzibati binasında təhqiqatçı Fərman Rəhimov və müdafiəçi İsmayıl İmanovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Dilqəm üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Dilqəmdən üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, Dilqəm də əlində olan qara rəngli əl çantasını açıb çantadan içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd şəffaf rəngli sellofan büküm və içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Dilqəmin təqdim etdiyi həmin bükümlər götürülmüşdür. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra təhqiqatçı tərəfindən Dilqəmin təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd şəffaf rəngli sellofan büküm və içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli sellofan bükümü zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Dilqəmdən başqa yerdə hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olubolmamağı soruşulmuş, Dilqəm də avtomobilində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Dilqəmin üzərinə şəxsi axtarış yekunlaşdıqdan sonra video çəkiliş ilə Dilqəmin idarə etdiyi BMV markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Dilqəm özü avtomobilin arxa sol oturacağının ayaq altına qoyulan rezinin altında gizlətdiyi “Rothmans” markalı siqaret qutusunda saxladığı bir ədəd falqaya bükülmüş psixotrop maddə metamfetamin, bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə həşişi, iki ədəd gümüşü rəngli falqanı təqdim etmişdir. Avtomobilə baxış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra avtomobildən aşkar olunmuş həmin narkotik vasitə və psixotrop maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə aşkar olunmuş həmin narkotik vasitə və psixotrop maddələri xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi ərazisində tanımadığı şəxsdən 50 manata aldığını və şəxsi istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi tədqiq edilmiş Abşeron RPİ-nin Qobu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsi ilə yanaşı, törətdiyi cinayət əməli, şahidlərin ifadələri, 02 ədəd «CD» disklərdə olan video görüntülər, ekspert rəyləri, maddi sübut və digər sübut kimi istifadə edilə bilən istintaq hərəkətlərinin protokolları və sair iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, istintaq materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və Qobu PB-nin inzibati binasının həyətində avtomobilinə baxış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əlindəki qara rəngli üzərində “Month Blanc” sözləri yazılmış əl çantasının içərisindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin, bir ədəd bükümdə psixotrop maddə metamfetamin, avtomobilinə baxış zamanı avtomobilin salonunda arxa sol oturacağın ayaq altına qoyulan rezinin altındakı “Rothmans” markalı siqaret qutusunun içərisindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə həşiş qətranı və iki ədəd bükümlərdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş 0,605 qram narkotik vasitə heroin, 0,819 qram psixotrop maddə metamfetamin, 0,656 qram narkotik vasitə həşiş qətranı və bir ədəd DVD diski maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,555 qram narkotik vasitə heroin, 0,789 qram psixotrop maddə metamfetamin, 0,606 qram narkotik vasitə həşiş qətranı saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı təqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 6/3801 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 245” dairəvi möhür əksi olan iki ədəd kağız paketin içərisində olan: -1 №-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,605 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,365 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - 2 №-li zərfdə üzərində “Rothmans” göstəricisi olan bir ədəd siqaret qutusunda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,020 qram, 0,434 qram ümumi təmiz çəkisi 0,454 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. Bir ədəd alışqanda narkotik vasitələrə və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. İki ədəd kağız borucuqda və iki ədəd boş falqa kağızının içərisində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və digər bir ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş heroinin təmiz çəkisi 0,605 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 0,555 qram, metamfetaminin ümumi təmiz çəkisi 0,819 qram, tədqiqata sərf olunan miqdar 0,03 qram, qalıq 0,789 qram təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı təqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 7/857 nömrəli rəyində göstərilmişdir ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 245” dairəvi möhür əksi “Təqdim etdi 1) imza Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,656 qram maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır. Ekspertiza tədqiqatında tədqiq olunmuş həşiş qətranının təmiz çəkisi 0,656 qram, tədqiqata sərf olunan miqdar 0,12 qram, qalıq 0,606 qram təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/465 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 16-17-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli müdafiəçinin yardımından istifadə hüququnun təmin edilməsi haqqında protokolun 2-ci vərəqində “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı imza; 23-cü vərəqində olan xx.xx.2021-ci il tarixli müdafiəçinin təqdim edilməsi barədə protokolda “Vətəndaş.” qrafasındakı imza; 32-33-cü vərəqlərində olan xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun 2-ci vərəqində olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolun 3-cü vərəqində “təqsirləndirilən şəxs qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ” barədə İ hissəsinin 49-cu bəndində heroin, İİ hissəsinin 27-ci bəndində metamfetamin, və həmin hissənin 56-cı bəndində həşiş qətranı yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin və metametafin təmiz halda 0,15 qram və 0,4 qram həşiş qətranı ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı təqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Masallı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Masallı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində qeyd edilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Bu səbəbdən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab edilir. Masallı rayon İHB-nın Qızılağac kənd İƏDÜN-nin nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan vəsiqələrdən görünür ki, X5 2-ci Qarabağ müharibəsində iştirak etmiş və “Qubadlının azad edilməsi”nə, “Cəbrayılın azad edilməsi”nə, “Cəsur döyüşçü” görə medalları ilə təltif edilmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını, qardaşı X1 2-ci Qarabağ müharibəsində iştirakı və medallarla təltif edilməsini cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, onun məhkəmə zamanı özünü qismən təqsirli bilməsinə dair ifadəsi qeyri-səmimidir və özünümüdafiə xarakteri daşıyır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan olunmuş və xx.xx.2021-ci il tarixdə Abşeron rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı təqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4236 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,555 qram narkotik vasitə heroin, 0,789 qram psixotrop maddə metamfetamin, 0,606 qram maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 2 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 153,70 (yüz əlli üç manat yetmiş qəpik) məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 264 (iki yüz altmış dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,555 qram narkotik vasitə heroin, 0,789 qram psixotrop maddə metamfetamin, 0,606 qram maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 153,70 (yüz əlli üç manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 264 (iki yüz altmış dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabınaödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-90/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-90/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver