Məhkəmə qərarları › İş №1(012)-905/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-905/2025

12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-905/2025 12.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Şamaxı rayonu, Şamaxı şəhəri, X5 küçəsi, ev 57 ünvanında qeydiyyatda olan, ünvan 2ərdi həyət evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, hazırda Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində istintaqa məlum olmayan mənbədən satışı məqsədi olmadan, öz şəxsi istifadəsi üçün 20 manat pul müqabiləndə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarına” (Siyahı İ) daxil edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümdə, xeyli miqdarda 0,255 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşımış və saxlamış, qanunsuz olaraq psixotrop maddələr əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 11:26 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Əvəz Şəfiyev küçəsində saxlanılaraq orada həmin gün saat ll:26-dan 11:31 -ə kimi üzəri yoxlanılarkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli sellofan bükümdə 0,255 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o,metamfetamini tanımadığı müxtəlif şəxslərdən alır. 13 mart 2025-ci il tarixdə saat 16:00 radələrində Abşeron rayonu, «Quşçuluq» yaşayış massivində küçədə təsadüfən qarşısına çıxan orta yaşlı, orta boylu, sarışın, təxminən 35 yaşlı kişinin narkoman olmasından şübhələnərək ona psixotrop maddə metamfetamin istifadəçisi olduğunu, özü qəbul etmək üçün psixotrop maddə metamfetamin almaq istədiyini bildirmişdir. Həmin şəxs bir «çetini», yəni bir dəfə istifadə miqdarında bir bükümdə psixotrop maddə metamfetamini 20 manat müqabilində sata biləcəyini ona bildirmişdir. Tanımadığı həmin şəxsə 20 manat pul verərərək bir ədəd sellofan bükümdə psixotrop maddə meamfetamin almış və əynində olan qara rəngli şalvarının sağ cibinə qoyaraq saxlamışdır ki, sonradan həmin metamfetamini özü qəbul etməklə istifadə etsin. 14 mart 2025-ci il tarixdə, təxminən saat 12-nin yarısında yaşadığı evin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, S. Şəfiyev küçəsi ilə piyda gelərkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb saxlamışlar. Onu saxlayan şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları onun şəxsiyyətini müəyyən edib, üzərində dövriyyəsi qadağan edilmiş əşya və ya predmet olub-olmamasını soruşduqda o, üzərində “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu polis əməkdaşlarına bildirmiş və əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının şifahi sorğusuna cavab olaraq həmin psixotrop maddə metamfetamini bir gün əvvəl Xırdalan şəhəri, «Quşçuluq» yaşayış masivində tanımadığı şəxsdən 20 manat pul verməklə özü istifadə etmək üçün aldığını bildirmişdir. Polis əməkdaşları onu saxladıqları andan psixotrop maddənin aşkar edilməsi, götürülməsi, üzərinin yoxlanılması və ondan aşkar olunan əşyaların qablaşdırılmasının mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışlar. Ondan aşkar olunmuş içərisində psixotrop maddə metafetamin olan büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərində iştirakçılar barədə qeydiyyat aparılaraq onlar tərəlindən imzalar çəkimişdir. Həmçinin onun üzərindən özünə məxsus olan «Redmi» markalı mobil telefon da aşkar edilmiş, mobil telefon da zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərində iştirakçılar barədə qeydiyyat aparılaraq onlar tərəfindən imzalar çəkimişdir. Bundan sonra o, üzərindən aşkar edilmiş maddi sübutlarla birlikdə polis əməkdaşları tərəfindən Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada o, müdafiəçi ilə təmin edilmişdir. Ondan psixotrop maddə metamfetamin aşkar edilməsi barədə sənədləşmə aparılmış və protokol tərtib edilmişdir. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Altı aydır ki, narkotik vasitədən istifadə etmir. Reabilitasiya mərkəzində müalicə alır. Məhkəmədən bağışlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. Abşeron rayon polis idarəsinə xx xxxxxxxx 1992-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4ndə fərdi həyət evində yaşayan,əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəlri və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması, Abşeron rayonu ərazisində daşıması, istifadə etməsi barədə daxil olmuş məlumatları yoxlamaq, Təqsirləndirilən şəxs cinayət başında yaxlayaraq ifşa etmək məqsədi ilə əməliyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü xx.xx.2025-ci il tarixdə raportla rəhbərliyə müraciətetmişdir. Rəhbərliyinin razılığı ilə əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat-axtarış tədbiri həyata keçirilərək Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə, saat 11:26 radələrində onlar tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Əvəz Şəfiyev küçəsində piyda hərəkət edən zaman narkotik vasitələr və psixotrop maddələr qanunsuz əldə etməkdə,saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılmışdır. Özlərini polis əməkdaşları olaraq təqdim etdikdən sonra Təqsirləndirilən şəxs şəxsiyətini müəyyən edib, üzərində dövriyyəsi qadağan edilmiş əşya və predmet olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs, üzərimdə “patı”, yəni psixotrop maddə metamfetamin saxladığını bildirmiş və əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddəni 13 mart 2025-ci il tarixdə Abşeron rayonu,Xırdlan şəhəri. Quşçuluq yaşayış massivində tanımadığı şəxsdən 20 (iyirmi) manat pul verməklə özü istifadə etmək üçün aldığını bildirmişdir. Əməliyyat-axtarış tədbirin keçirilməsini mobil telefonla videoya çəkmişlər. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin içərisində psixotrop maddə metamfetamin olan büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılarkan o, əynindəki şalvarının cibindən bir ədəd qara rəngli, “Redmi” markalı mobil telefonu da təqdim etmiş və həmin mobil telefon da bir ədəd zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən digər əşya və predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş maddi sübutla birlikdə Abşeron rayon polis idarəsinin inzibati binasına gətirmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin və bir ədəd “Redmi” markalı mobil telefon aşkar olunması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunulduqdan sonra imzalarla təsdiq olunmuşdur. Şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, ondan psixotrop maddə-metamfetamin aşkar olunması ilə əlaqədar sənədləşmə aparılmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı çəklimiş videogörüntülərə dair disk və maddi sübut təhqiqatçıya təqdim olunmuş və təhqiqatçı tərəfindən maddi sübuta və diskə baxış keçirilib maddi sübut qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunulduqdan sonra imzalanmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələr əldə edərək qəbul etməsi barədə məlumatlar daxil olmuş, lakin onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin CAŞ-nin əməliyyat müvəkkili,polis baş leytenantı Şahid2 şahid qismində dindirilmiş Şahid1 Miirvət oğlu ilə eyni məzmunlu ifadə verərək sonuncunun şahid kimi ifadəsində göstərdiyi xüsusatlartı öz ifadəsində təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlama və aidiyyyatı üzrə göndərilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/84 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs..” sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,255 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi-0,255 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,205 qram. (Aparılmış tədqiqatın dəyəri-63 manat) xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:26-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 1801 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon polis idarəsinin tərəfndən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2021 -ci ildə Azərbaycan Respublikası CPM-nin 40.3 maddəsi, CM-nin 73.2ci maddələrinə əsasən cinayət işinin icraatına xitam verilmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzası təyin edilmiş və xx.xx.2013-cü ildə cəriməni tam ödəmiş, xx.xx.2013-cü ildə Rusiya Federasiyası Moskva Vilayəti, Zaraysk şəhər məhkəməsinin 06.05. 2019-cu il tarixli hökmü ilə RF CM-nin 158 maddəsinin 2-ci hissəsinin V bəndi, 72-ci maddəsinin 5-ci hissəsi ilə təqsirli bilinib 300000 rubl cərimə olunmuş, həbsdə saxlanıldığı müddət nəzərə alınaraq hökm icra edilmiş hesab olunaraq cəzadan azad edilmişdir. O, xx.xx.2020-ci ildə Şamaxı rayon polis şöbəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2020-ci ildə Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə ekspertiza tədqiqatından qalıq qalmış 0,205 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut əhəmiyyəti daşıdığı üçün maddi sübut kimi tanınmış və Abşeron Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-905/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış verilmiş və həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində saxlanılmış Bakı İstintaq Təcridxanasına göndərilməsi üçün Abşeron RPİ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-905/2025 saylı qərarından görünür ki, iş üzrə icraata təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən hal, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək həbs olunduğu 21 gün, ümumilikdə 23 gün müddət bir günə iki gün hesabı ilə 46 (qırx altı) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi Abşeron Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,205 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə 63 manat məhkəmə ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon vəkil bürosunun müdafiəçisi Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi 15 saata görə 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək həbs olunduğu 21 gün, ümumilikdə 23 gün müddət bir günə iki gün hesabı ilə 46 (qırx altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhər və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron Rayon Polis İdarəsində maddi sübutların saxlanması otağında maddi sübut kimi saxlanılan qalıq 0,205 qram psixotrop maddə metamfetamin məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 63 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon vəkil bürosunun müdafiəçisi Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi 15 saata görə 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar