Məhkəmə qərarları › İş №1(012)-907/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-907/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-907/2025 08.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Barəsində şikayət verilmiş X5 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair xüsusi ittihamçı X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasını xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Füzuli rayon İcra Hakimiyyəti başçısı X9 kəndi üzrə nümayəndəliyinin (bundan sonra nümayəndə) sədri vəzifəsində çalışır. Füzuli rayon Böyük Bəhmənli kənd sakini X10 xx.xx.2019-cu il tarixdə (bildiriş nömrəsi 5HS92L5000103) müddətli əmək müqaviləsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə işə qəbul edilmiş və onun fəaliyyət göstərdiyi inzibati ərazi Füzuli rayon Böyük Bəhmənli kəndi olmuşdur. "xxxx" MMC-n xx.xx.2022-ci il tarixli, **********4 nömrəli əmri ilə X4 əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Yuxarıda qeyd olunanlar rəsmi və qeyri rəsmi formada dəfələrlə X7 izah edilsədə o, işdən çıxarılmasında nümayəndəliyin sədri olaraq onu təqsirli bilmişdir. Şəxsən tərəfindən və Rayon İcra Hakimiyyəti Aparatı tərəfindən onun işdən azad edilməsi barədə əmrdən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsədə o, təkidlə bu işdə onu təqsirləndirmişdir. X10 ilə qohumluq əlaqəsi olan Tik Tok sosial şəbəkəsində “Qazi Qadir” adı ilə qeydiyyatdan keçən, ünvan 1 ünvanda qeydiyyatda olan X11, öz Tik-Tok səhifəsində mütəmadi olaraq X6 barəsində çəkilmiş videolar paylaşır. Belə ki, Qadir Cəfərov özünə məxsus Tik-Tok səhifəsində çıxış edərək kütləvi yayımlamışdır ki, “respublikada olan qanunsuz işlərlə əlaqədar X3 yazılı, şifahi və video formatda müraciət edə bilərsiz, köməkçilərinə və müavinlərinə tapşırmışdır ki, vətəndaş müraciətləri araşdırılsın təqsirli şəxslər barəsində tədbirlər görsün”. İlk öncə belə bir sual yaranır Qadir Cəfərov hansı səlahiyyətə və vəzifəyə sahibdir ki, onun köməkçiləri və müavinləri vətəndaş müraciətləri qəbul edir, araşdıraraq təqsirli şəxsləri müəyyən edərək onların barələrində tədbirlər görülür. Hesab edir ki, məhkəmə onun hansı fəaliyyətlə məşğul olması barədə araşdırma aparılması üçün xüsusi qərardad çıxarmalıdır. Həmin videoda daha sonra Qadir Cəfərov bildirir ki, guya Asəf Hüseynov vəzifə səlahiyyətlərindən suiistifadə edərək ölkənin digər şəhərlərində yaşayan şəxsləri rüşvət müqabilində işə götürüb onların maaşlarını mənimsəyir. Yerli icra hakimiyyətləri və ona tabe olan ərazi icra nümayəndəliklərinin fəaliyyəti Azərbaycan Respublikası “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”si ilə tənzimlənir. Həmin əsasnamədə ərazi icra nümayəndəliyinin şəxsləri işə götürmək kimi bir səlahiyyəti yoxdur, bu baxımdan Qadir Cəfərovun dediklərinin şər və böhtandan ibarət olmasını qeyd etmişdir. Qadir X1 işə bərpa edilənə kimi onun barəsində bu cür video paylaşımların davam etdiriləcəyini bəyan etdirmişdir. Bundan əlavə barəsində şikayət verildiyi Qadir Cəfərov onu sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda günahlandıraraq Asəf Hüseynovun hansısa lisenziyasız aptekinin olmasını iddia edir, bu isə onun dövlət qulluqçusu kimi fəaliyyətinə kölgə salmaqla yanaşı onu korrupsiyada təqsirləndirir. Yuxarıda qeyd olunanlara əsaslanaraq Asəf Hüseynov bildirir ki, Qadir Cəfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir. Yayılmış məlumatlar heç bir sübuta söykənməyərək açıqaşkar böhtan xarakterli olmaqla, onun şəxsi və ictimai həyatına, işgüzar fəaliyyətinə kobud müdaxilədir. Xüsusi ittiham qaydasında şikayətini icraata qəbul edilərək, onun xüsusi ittihamçı kimi tanınmağı, X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması və işin məhkəmə baxışına təyin edilməsi barədə qərar çıxarılmasını, X11 tərəfindən video paylaşımları etdiyi Tik Tok səhifəsində məhkəmədə sübuta edə bilmədiyi bütün məlumatları təkzib edərək məndən üzr istəməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini, X5 Azərbaycan Respublikası Cinayat Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı X6 şikayətinin əsaslı olduğunu bildirib, şikayətinin məhkəmənin icraatına qəbul olunaraq mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasına şikayət verilmiş X11 şikayətdə göstərilənlərlə razılaşmayıb şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasına şikayət verilmiş X5 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi X5 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair xüsusi ittihamçı X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından icraata qəbulundan imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayət ərizəsini öyrənərək, hesab edir ki, xüsusi ittiham qaydasında şikayət kimi verilmiş şikayət ərizəsi üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə qeyd edir ki, xüsusi ittihamçı şikayətin əsaslandırıcı hissəsində əməlin məhz X11 barəsində məlumatlar tam qeyd edilməmiş, hadisənin nə vaxt vaxt törədilməsini, habelə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı sübutlarla təsdiq edildiyini göstərməmişdir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən CPMin 293-cü maddəsinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilməli, xüsusi ittiham qaydasında şikayətdə göstərilməli olan məlumatların sonradan digər ərizə ilə əlavə edilməsi və yaxud qeyd edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət işi üzrə müəyyən edilmiş halları özündə əks etdirən çox mühüm prosessual sənəd olmaqla şəxs barəsində yekun nəticəyə gəlməyə əsas verdiyinə görə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib edilməlidir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2- 302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, xüsusi ittihamçı X2 X5 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasına dair şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və şikayət ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299, 302.1.8 və 302.2.3-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittihamçı X2 X5 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilərək cəzalandırılmasına dair şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və ərizənin icraata qəbul olunmasından imtina edilsin. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar