Məhkəmə qərarları › İş №1(012)-91/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-91/2021

25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-91/2021 25.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, işləməyən, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi, bina 84, mənzil 65-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu xx xxx 2020-ci il tarixdə, saat 00:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, F.Həsənov küçəsində yerləşən “Abşeron City” yaşayış kompleksinin ərazisində tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun xx.xx.2020-ci il tarixdə günorta saatlarında idarə etdiyi “Tofaş” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobildə Mərtubə adlı qızla Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində hərəkətdə olarkən yanından ötən zaman avtomobili onun idarə etdiyi “Niva” markalı avtomobilin üstünə sürməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs burun və sifət nahiyyəsindən qəsdən bir neçə dəfə vuraraq, sonuncuya burun sümüyünün aşağı 1/3-nin qapalı, yerini dəyişməyən sınığı, burun nahiyəsinin qançır-şişkinlik halında əzilmiş yarası, sol gözaltı nahiyənin qançırından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi, bina 84, mənzil 65də yaşayır. Şamillə bir neçə ildir dostluq etmiş, münasibətləri yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdə günorta saatlarında o, “Niva” markalı avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində gedərkən Şamil yanında tanışları olan Mərtubə adlı qızla “Tofaş” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yanından ötən zaman avtomobili onun avtomobilin üzərinə sürmüş və o, avtomobili kənara çəkmişdir. Şamilin belə hərəkətinə görə həmin vaxtı Şamilə zəng edib görüşmək istədiyini bildirmişdir. Şamil evə gedəcəyini deyib ona zəng edəcəyini bildirmişdir. Həmin gün saat 23:30 radələrində Şamil ona zəng edib Abşeron rayonu, Masazır qəsəbəsində Qubadlı məktəbinin yanında olduğunu deyib oraya gəlməsini bildirdi. Həmin vaxtı evdən çıxıb Şamilin yanına yollanmış və Abşeron rayonu, Masazır qəsəbəsində “Romi” otelinin yanında Fəqan adlı tanışını evə gedəcəyini deyib maşınla Fəqanı evlərinə düşürməsini bildirmişdir. Fəqanla birlikdə Şamilin yanına getmiş və Şamil “Tofaş” markalı maşından düşüb ona yaxınlaşmış və o, Şamildən nə üçün maşını onun üstünə sürdüyünü soruşmuşdur. Şamilin onunla nə üçün qız söhbət etdiyini deyib mübahisə etməyə başlamış və aralarında mübahisə olmuşdur. Mübahisə zamanı Şamil söyüş söydüyü üçün Şamilin burnuna yumruqla vurmuş və Şamilin yanında olan Kamran adlı şəxs onun üstünə cummuşdur. Bu zaman Fəqan və Şamilin qardaşı Babək onları aralaşdırmışdır. Şamil maşına əyləşib ona söyüş söyməsini davam etdirdiyi üçün o, təpiklə Şamilin avtomobilinin ön sol qapısına vurmuşdur. Bundan sonra o, oradan çıxıb getmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmədə ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi “Abşeron City” yaşayış kompleksi, ev 54-də yaşayır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs oğlu ilə 2 ilə yaxındır tanıyır, tanışlıq münasibəti olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində Sənan ona zəng edib onunla görüşmək istədiyini bildirmişdir. Sənana Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığı evin qarşısında olduğunu demişdir. Bundan bir neçə dəqiqə sonra Sənan yanında bir nəfər tanımadığı şəxslə yaşadığı küçəyə gəlmişdir. Sənan həmin vaxtı ona Mərtubə adlı qızla dostluq etdiyinə görə irad bildirib, Mərtubə ilə əlaqələrinə son qoymasını demişdir. Sənana Mərtubə adlı qızla dostluq edəcəyimi bildirmiş və buna görə aralarında mübahisə olmuşdur. Mübahisə zamanı Sənanın yanında olan şəxs qəflətən sifətinə şillə vurmuş və o, həmin şəxslə tutaqlaşan zaman Sənan yumruqla burnuna və sifətinin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Həmin vaxtı “Tofaş” markalı avtomobilinə əyləşmişdir. Sənan bu zaman avtomobili təpikləyərək ziyan vurmuşdur. Bundan sonra Sənan və yanında olan şəxs “Niva” markalı avtomobilə əyləşib oradan getmişlər. Səhəri gün qardaşı Babək bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra ərizə ilə Abşeron RPİ-nə müraciət etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Masazır qəsəbəsi, F.Həsənov küçəsi ev 17-də ailə üzvüləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qardaşıdır. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində evdə qardaşı Şamilin döyülmüş vəziyyətdə olduğunu və burun nahiyəsində xəsarət olduğunu görüb Şamildən kim tərəfindən döyüldüyünü soruşmuşdur. Şamil xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığı evin yaxınlığında F.Həsənov küçəsində Sənan adlı tanışı tərəfindən döyüldüyünü bildirmişdir. Şamil həmçinin mübahisə zamanı Sənanın ona məxsus “Tofaş” markalı avtomobili təpikləyərək əzdiyini bildirmişdir. Buna görə DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Mübahisə zamanı Şamillə Sənanın yanında olmamış, ona bu barədə qardaşı Şamil bildirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Müşviqabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə ailə üzvüləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yaşayan dostu gildən gələn zaman küçədə tanışları Təqsirləndirilən şəxs oğlu ilə Zərərçəkmiş şəxs mübahisə etdiklərini görüb onlara yaxınlaşmışdır. Mübahisə zamanı Sənanla Şamil dava edərkən Şamillə Sənanı aralaşdırmışdır. Bundan sonra Sənan avtomobilinə minib oradan çıxıb getmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə valideynləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə Sənanla dostu Zərərçəkmiş şəxs arasında olan dava-dalaş zamanı o, orada olmamış və hadisədən xəbəri olmamışdır. Sənan yalan deyir, Sənanı heç vaxt vurmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 861 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-burun sümüyünün aşağı 1/3-nin qapalı, yerini dəyişməyən sınığı, burun nahiyəsinin qançır-şişkinlik halında əzilmiş yarası, sol gözaltı nahiyənin qançırı, bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Abşeron rayon İHB-nın Masazır kənd İƏD-si üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərarın sürəti Abşeron rayon Pİ-in İTŞ-nə göndərilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlunun göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyini zamanı əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cinayət törədildikdən sonrakı davranışını, onun cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar